İran ayətullahı Türkiyəyə qarşı çıxır... - ŞƏRH
24 avqust 2011 13:20 (UTC +04:00)

İran ayətullahı Türkiyəyə qarşı çıxır... - ŞƏRH

Tehran hakimiyyətinin tanınmış nümayəndələri zaman-zaman Azərbaycan və Türkiyəyə qarşı çıxışlar edir.

İslam Respublikasının rəsmi informasiya vasitələrindən biri, «tabnak.ir»-in məlumatına əsasən, ayətullah Nasir Məkarim Şirazi Türkiyə hökumətinə qarşı sərt çıxış edərək, onu Suriyaya yönəlik siyasətinə görə tənqid edib.

«Biz Türkiyənin Suriyaya qarşı belə lovğa, özündən razı fəaliyyət göstərəcəyinə inanmırdıq. Türkiyə bilməlidir ki, Suriyaya vurulan zərbə bir gün ona qarşı da olacaq. Lovğa davrananlar adətən rahat yatır, olayların tərs üzünü görmürlər. Ancaq onlar bilməlidir Ki, bir gün bədbəxtlik onların da qapısını döyə bilər» - deyə, ayətullah Türkiyəyə «qarğış edib».

Ötən il bu din xadiminin Azərbaycan Respublikasına qarşı açıq hədə dolu çıxışı yayılmışdı.

İranın dini-ideoloji mərkəzi sayılan Qum şəhərindəki tələblərə islam hüququndan («fiqh»dən) məruzə oxuyan zaman Bakıdakı sökülməsi barəsində məhkəmə qərarı çıxarılmış məsciddən danışıb: «Son vaxtlar Azərbaycan Respublikasından şiə məscidlərinin yıxılması və başqa məscidlərin də söküləcəyi haqda xəbərlər gəlməkdədir.
...Biz burada açıq-aşkar bildiririk ki, Azərbaycanda məscidlərin sökülməsi davam etsə, cihad haqda hökm verəcəyik. Bu yolda ölənlər isə şəhid sayılacaq.
Dövlətarası münasibətlər bizim üçün önməli deyil. Azərbaycan hakimiyyəti bilməlidir ki, oradakı şiələr din alimlərinin fitvaların gözləyir...»

Hər iki çıxışdan göründüyü kimi, Tehran təmsilçiləri istər din xadimi, istərsə də mülki şəxs olsun, hər iki türk dövlətinə qarşı eyni münasibət bəsləyir. Bu sayaq çıxışın şərhə o dərəcədə də ehtiyacı yoxdur. Çünki din pərdəsi altında gizlənən bu ayətullahlar Azərbaycan və Türkiyəyə münasibətdə iç üzlərini çoxdan tanıdıblar. Bölgədə vəziyyət ağırlaşdıqca belələrinin sifəti daha aydın görünür.
Bu yaxınlarda İran İnqilab Keşikçiləri Qvardiyasının rəsmi saytına adı çəkilməyən qurumun yüksək rütbəli hərbçisi demişdi ki, Türkiyə Suriyanın daxili işlərinə qarışarsa, o zaman «İranın müqavimətinə tuş gələcək» .Onun sözlərinə görə, ABŞ və Türkiyə Suriyanın iç işlərinə qarışarsa, o halda İraqın Şimalında yeni Əfqanıstan yaranacaq: «Biz Amerika və Türkiyənin oradakı ticarət mərkəzlərinə, eləcə də kürdlərin hərbi bazalarına hərbi zərbələr endirəcəyik. Türkiyə Suriyaya ordu yeridərsə, onda biz Türkiyəyə savaş elan edib, bütün gücümüzlə Suriyanı dəstəkləyəcəyik».

M.Şirazi və İran İnqlab Keşikçiləri Qvardiyasının təmsilçisi Türkiyəyə qarşı hədyanlar danışırlar. Ancaq nə qədər təzadlı olsa da İran prezidenti Mahmud Əhmədinejad NATO və Qərb dövlətlərinin dəstəyi ilə Liviyada Müəmmər Qəddafi rejiminin devrilməsini alqışlayır.

«əl-Əhram»-ın bildirdiyinə görə, o, Liviya xalqını Qəddafi rejimi üzərində qələbəsi münasibəti ilə təbrik edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Liviyanın ikinci böyük şəhərinə, Benqaziyə gedib. O, bildirib ki, ölkənin bütövlüyü təmin olunmayanadək, NATO bu hərbi əməliyyatları davam etdirməlidir. O, liviyalı üsyançılara 300 milyon dollar məbləğində yardım edəcəklərini boyun olub.

Şirazi və onun kimi düşünənləri rahatsız edən nədir? Tehran hakimiyyəti özünün əsas bazası sayılan Suriyada mövcud rejimin dəyişdirilməsindən rahatsızdır. Çünki Bəşər Əsədin hakimiyyətdən getməsi İslam Respublikasının bölgədə nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, dünyanın gündəliyində onun növbəsinin çatması ehtimalını artırır. Rəsmi Dəməşqlə Tehranı birləşdirən bir dəyər də hər ikisinin «beynəlxalq terrorçuluğun himayədarlarından» olmasıdır. Belə bir hakimiyyətin təmsilçisi M.Şiraz və onun kimi düşünənlərdən bundan artığını gözləmək də sadəlövhlükdür. Axı, rejim nümayəndələri yaxşı bilir ki, İran əhalisi onlara qarşı gələcəkdə dinc etiraz aksiyası keçirən zaman əvvəlki illərdə (2006-cı ilin mayında Güney Azərbaycan türklərinin «İran» qəzetindəki materiala qarşı etiraz aksiyası və 2009-cu ilin yayında prezident seçkisinin rəsmi nəticəsinə etiraz nümayişləri) olduğu kimi, öz vətəndaşlarını açıq-aşkar gülləbaran edə bilməyəcək. Nəzərə almaq lazımdır ki, xarakter və mahiyyətcə Müəmmər Qəddafi İrandakı hakimiyyətdən o dərəcədə fərqlənmir. Hər ikisinin inqilab nəticəsində hakimiyyət qurduğuna diqqət yetirsək, onların arasında çoxsaylı oxşarlıq olduğunu da görmək olar. Belələrinin sonu da oxşar olur. Odur ki, Məkarim Şirazinin çıxışını Türkiyəni hədələməkdən daha çox öz gələcəklərini ağlaması kimi də dəyərləndirmək olar.

Sədrəddin Soltan
# 428

Oxşar yazılar