Sirli türk ruhunun gizləndiyi əfsanəvi məmləkət
30 mart 2011 14:52 (UTC +04:00)

Sirli türk ruhunun gizləndiyi əfsanəvi məmləkət

Avropa Şurası Parlament Assambleyasının seçkiöncəsi missiyası tərkibində Albaniyaya gedəndə bu ölkəni bu qədər də maraqlı təsəvvür etmirdim. Düzdür, Balkanlarda yerləşən bu ölkənin nə üçün Albaniya adlandırılması məni həmişə ciddi maraqlandıran bir mövzu olmuşdu və bununla bağlı mənim öz mülahizələrim var, ancaq bu mövzunu başqa ayrıca araşdırma mövzusu kimi düşünürəm.

Tiranaya uçarkən təyyarədə Haluk Dursunun “Nildən Tunaya Osmanlı Yazıları” adlı kitabından Albaniya ilə bağlı hissəni yenidən oxuyur, türklərinin fəth etdiyi və 500 il hökm etdiyi Rumeli torpaqlarını təyyarədən seyr etməyə başlayıram.

Albaniya şimalda Qaradağ (Çernoqoriya), şimal-şərqdə Kosovo, şərqdə Makedoniya, cənubda Yunanıstanla sərhəddir. Balkanların bir parçası olan Albaniya dağlarla zəngin bir ölkədir.

Balkanların ən qərbdəki hissəsi olan və Adriatik dənizinə böyük sahili olan Albaniyanı (hər nə qədər dağlarla zəngin bir coğrafiya olsa da) göllər və çaylar ölkəsi adlandırsam, yanılmaram. Əsrarəngiz təbiəti, yaşıllıqları, sahilləri, istiqanlı insanları ilə insanı özünə çəkir Albaniya…

Albaniyanın Adriatik dənizi ilə yanaşı İon dənizinə doğru da sərhədi var. İtaliyadan isə 100 kilometrlik Otranto Boğazı ilə ayrılır. Məncə, artıq təbii gözəlliyi hiss etməyə başladınız. Ölkənin ən hündür nöqtəsi Korab dağı, ən böyük çayı Drinlə yanaşı Mati, Şkumbini, Vyosa və Semani kimi digər çayları ilə sözün əsil mənasında görülməyə dəyər Albaniya!

Balkan yarımadasının üç ən böyük gölü də hissəvi olaraq Albaniyada yerləşir. Skadar və Prespa gölü öz yerində, amma zəngin flora və faunası olduğu üçün YUNESKO tərəfindən qorunan Oxrid gölü gözəlliyi ilə insanı valeh edir.

Təyyarəmiz rahibə Terezanın adını daşıyan Tirana hava limanına enir. Pasport yoxlanış məntəqəsi əməkdaşının pasportuma baxdıqdan sonra türkcə danışması ilk dəfə gəldiyim bu ölkədə mənə xüsusi hisslər bəxş etdi. Türkiyədə təhsil aldığını deyən gənc, türklərə xoş münasibətini vurğulamağı da yaddan çıxarmadı… Və mən Albaniyaya belə bir xoş əhval-ruhiyyə ilə daxil oldum.

Tiranada yerləşən otelimizə gedənə qədər ölkə paytaxtını yol boyunca müşahidə etmək imkanı da əldə edirəm. Bu şəhərə yolunuz düşsə, yol boyunca Osmanlının Adriatik sahillərində buraxdığı (yaratdığı!) böyük tarix və mədəniyyət izlərini, doya bilmədiyiniz təbiət mənzərələrini görəcəksiniz. Yol boyunca, 1990-cı illərdə sosialist düşərgəsindən çıxan Albaniyada iqtisadi-sosial problemlərin hələ də kifayət qədər qaldığını görmək çətin deyil. Bunu ölkənin paytaxtında qısa bir müşahidə ilə də görmək mümkündür. Amma bir çox yeni tikililər göstərir ki, sosialist düşərgəsindən çıxan Albaniya, bütün çətinliklərinə baxmayaraq, inkişaf edir. Yol boyu gözümə bir neçə bina üzərində qoyulan çoxlu sayda ox işarəsi sataşır. Bələdçimdən bunun nə anlama gəldiyini soruşuram. Bunun Tirana bələdiyyəsi tərəfindən qoyulduğunu deyir. Açımını dəqiqliyi ilə bilməsə də eşitdiklərini deyir: “Bu oxlar üzü Avropayadır. Albaniyanın hansı istiqamətdə inteqrasiya edəcəyini göstərir”. İlginc cavabdır, deyilmi?

Bələdçim isə yol boyunca öz ölkəsi, ölkəsinin gözəllikləri haqqında danışır. Beləliklə, gəlin birlikdə tanış olaq...

Osmanlı bu torpaqlardan getdi, amma yaddaşlardan getmədi...

Əslində Balkan sözünün anlamı da “Dağlıq” deməkdir. Torpaqlarının 75 faizi dağ və təpələr olan Albaniyanın möhtəşəm dağları öz qartalları ilə ün qazanıb. Azərbaycanlılar da daxil olmaqla dünyanın əksər ölkələri buraya Albaniya, Türkiyə isə Arnavutluq desə də albanların öz ölkələrinə verdiyi ad Şipri – yəni Qartallar Yurdudur. Özlərinə isə “şiptar” deyirlər. Bu söz qartal anlamına gələn şip sözündən əmələ gəlib. Albaniya bayrağında da məhz qartal rəsmi həkk olunub. Adını igidlik, azadlıq və güc simvolu olan qartaldan alan bu ölkə möhtəşəm dağları, əl dəyməmiş təbiəti, muzey şəhərləri və maraqlı, zəngin gələnəkləri ilə insanı valeh edir. Bu torpaqlar zaman-zaman əldən-ələ keçsə də, qəribədir (və xoşdur) ki, buralar bakir bir məmləkət kimi gəldi mənə...

Bələdçim danışdıqca cəmi 132 il öncəki tarixdə Osmanlı üçün (türklər üçün!) bu torpaqların nələr ifadə etdiyini xatırlayıram yol boyunca….

1877-1878-ci illərdə Osmanlı-Rus savaşından öncə Qaradağlılar (Çernoqoriya) ilə sərhədin müəyyənləşməsi ilə bağlı müzakirələrdə Osmanlı təmsilçisi qarşı tərəfin istədiyi Nikşik nahiyəsi üçün çox şiddətlə etiraz edərək, istehza ilə “Yox daha nələr! İstəyirsiniz Ədirnəni də verək” deyir. Təxminən 132 il öncə Osmanlı dövləti üçün Albaniyadakı bir kəndin Ədirnədən fərqi yox idi! 1912-ci ildə Balkan savaşı zamanı Albaniyanın quzeyindəki İşkodra ilə güneyindəki Yanya şəhərlərində Ədirnədə olduğu kimi müqavimət o qədər güclü idi ki, İşkodra (23 aprel 1913) Ədirnədən (26 mart 1913) sonra düşmən əlinə keçmişdi. Məhz elə buna görə də İşkodranı müdafiə edən Həsən Rza Paşanın qəhrəmanlıqları bu gün də Türk tarixində özəl yerə sahibdir. Onu da vurğulayaq ki, Albaniya Osmanlıdan ayrılan ən son Balkan torpağıdır...

Bələdçim yol boyunca mənə Albaniyanın tarixindən danışmağa başlayır. O, Albaniya tarixinin miladdan öncə (m.ö.) 2000-ci illərə uzanmasından; yaşadıqları torpaqların Roma və Bizans imperatorluqlarının, İtaliyanın əlinə keçməsindən; bunun ardından 500 il Osmanlı dövlətinin tərkibində yaşamalarından; komunist rejimindən və Ənvər Xoca dövründə yaşadıqları faciələrdən söz açır.

Bugünkü albanların ataları sayılan İllyrianların m.ö. 2000-ci illərdə indiki Albaniya torpaqlarına ilk gələnlər olduğu deyilir. Albanlar 4000 ildən artıqdır ki, bu torpaqlarda yaşayırlar. Roma dönəminin iki önəmli şəhəri İstanbul və Roma arasında uzanan ana ticarət yolunun bu torpaqlardan keçməsi Albaniyadakı bir çox şəhərin ticari anlamda inkişafına səbəb olub. Xüsusilə Durres, İşkodra, Akçahisar (Kurca) və bir çox digər şəhərlər bu zənginlikdən və inkişafdan geniş yararlanıb. Əlverişli coğrafi durumdan öz nəsibini alan bu qədim şəhərlər zaman-zaman ölkənin paytaxtı olublar. Osmanlı dövləti Albaniya torpaqlarını 1417-ci ildə fəth edib. Təxminən 500 il boyunca Osmanlı imperiyasının idarəsində yaşayan Albaniya Türk mədəniyyətinin təsiri ilə şəkillənib və inkişaf edib. Övliya Çələbinin “Səyahətnamə”sinin Albaniya ilə bağlı bölümündə XVIII əsrdə Anadolu ilə Albaniya arasında sosio-mədəni yöndən çox böyük fərqliliklərin olmadığı görülür. “Səyahətnamə”də adı keçən çox sayda Osmanlı əsərləri iki millət arasındakı tarixi və mədəni bağları açıqca ortaya qoyur. Bu ölkədə, 500 il birlikdə yaşamanın, Anadolulular demiş, çoxlu sayda meyvələrini görürük. Son Osmanlı alimlərindən olan Albaniyanın ünlü müftisi Sabri Koçinin vəfat etməsindən sonra Albaniyada artıq Osmanlı dönəmini xatırlayan nəsildən demək olar ki, çox nadir insanlar qalıb. Ancaq başda Berat olmaqla bir çox şəhərdə türk memarlığının örnəklərini görmək hələ də (inşallah, həmişəlik olar!) mümkündür. Tiranada Qazi Ethem Bəy Camisi, Akçahisardakı (Kurca) Bektaşi dərgahı, Beratdakı Xəlvəti təkkəsi və Kurt Ahmet Paşa körpüsü (1775) bu gün də öz mistikasını, əsrarını, gözəllik və əzəmətini saxlamaqdadır!

Albaniyada türk adət-ənənələrinin, mədəniyyətinin izlərinin daha yaxşı göründüyü (saxlandığı) Tirana, Berat, Durres, İşkodra, Elbasan və digər şəhərlər Albaniyanın öndə gələn şəhərlərindəndir.

Albaniya Osmanlı dönəmində daim inkişafda olub. Məsələn, 1614-cü ildə Osmanlı Paşası Süleyman Bəy tərəfindən qurulan Tirananın qısa zamanda əl sənətlərinin geniş yayıldığı canlı bir ticarət şəhəri kimi inkişaf etdiyi qaynaqlardan məlumdur. Maraqlıdır ki, şəhər qurulan zaman ona verilən ilk ad Tahrandır. Zaman keçdikcə bu söz Tiranaya çevrilib. 1612 metrlik Datci dağının qərbindən uzanan Tirana 1920-ci ildə ölkənin paytaxtına çevrilib.

Türk-İslam mədəniyyətinin Albaniyadakı daşıyıcıları olan albanların sayı bu ölkədə 3 milyondan çoxdur. Albaniyanın təxminən 3,5 milyonluq əhalisinin 95%-ni albanlar təşkil edir. Digər 5% isə qaraçı, yunan, makedon, türk və digər millətlərin nümayəndələridir. Albaniya ilə yanaşı Makedoniya və Kosovada da çoxlu sayda alban yaşayır. Albaniya əhalisinin 70%-i müsəlmandır. Əhalinin qalan kəsimini isə ortodoks və katolik xristianlar təşkil edir. Dövlət dili olan alban dili, Hind-Avropa dil ailəsində xüsusi bir qrup təşkil edir. Alban dilində türk dilindən keçmə (ortaq keçmişdən qalma) yüzlərlə sözlər var. Alban dilinin 2 dialekti mövcuddur: qeq və tosk dialektləri. Çağdaş ədəbi alban dili XIX əsrin sonunda hər iki dialektin əsasında formalaşıb. Ancaq tosk dialekti daha geniş formada yayılıb və 1945-ci ildən etibarən rəsmi dil elan edilib.

Albanlar, Osmanlının Balkanlara gəlişindən sonra Balkan-Ortodoks mədəniyyətindən çıxıb türk-islam mədəniyyəti dairəsinə giriblər. Albaniyada Osmanlı dövründən qalma bir sıra tikililərə (məscidlərə, mindən artıq tarixi körpüyə, təkkəyə, hana (karvansaralara, ticarət mərkəzlərinə), hamam və s.) bu gün də rast gəlindiyini deyərkən, bu mədəni-tarixi mirasların Osmanlını xatırlatması ilə bərabər, Albaniyaya xüsusi gözəllik və əzəmət verdiyini də vurğulamalıyıq!

Sultan II Əbdülhəmidin ən uzun sədrəzəmliyini edən Avloniyalı Fərid Paşa da daxil olmaqla uzun illər Osmanlıya xidmət edən sədrəzəmlər, Osmanlı sarayında böyük vəzifələr tutan albanlar çox olub. Aralarında Qara Davud, Gədik Əhməd Paşa, Qara Murad kimi otuzdan çox sədrəzəm yetişdirməsi ilə də ün qazanıb Albaniya… Necə deyərlər, bu torpaqların oğulları zamanının ən böyük imperiyasının ikinci şəxsi mövqeyinə, Padşahlığın bircə addımlığına qədər yüksəliblər! Ayrıca, Əhməd Zoqo kimi İstanbulda yetişib Albaniya kralı olanlar da olub, Şəmsəddin Sammit, Əbdül Fraşeri Kardeşlər kimi Osmanlı imperatorluğunun mərkəzində xidmət edib Albaniya dövlətinin qurulmasında önəmli rol oynayanlar da…

Osmanlı İmperatorluğunun paytaxtı İstanbul albanlar üçün yüzillər boyu mənəvi paytaxt olub. Və albanların İstanbul tutqusu inersiya ilə bu gün də sürür.

Zaman-zaman bəzi albanlar üsyana qalxsalar da bu bölgənin inkişafında Osmanlının böyük rolu olduğu danılmaz faktdır.

1913-cü ildə Həsən Paşanın şəhid edilməsi ilə, yəni təxminən 500 illik hakimiyyətdən sonra Osmanlı Albaniyanı tərk edir... Albanlar 1912-ci ilin 28 noyabrında Avlonya (Vlora) da müstəqilliklərini elan ediblər. İsmayıl Kamal Vlora ilk hökumətin başçısı olur. Elə bundan sonra Albaniyanın çətin və gərgin günləri başlayır. Serblərin quzey Albaniya torpaqlarında irəliləməsi Avstriya-Macarıstan imperatorluğunu, Yunanıstanın Vlora (Avloniya) daxil güney Albaniyasını işğal etmək istəməsi də İtaliyanı narahat edir. Bu məqamda qarşıdurmanın bütün Avropanı içərisinə alacaq bir döyüşə çevriləcəyindən ehtiyatlanan İngiltərənin çağırışı ilə Londonda Balkan ölkələrinin də qatıldığı bir yığıncaq təşkil edilir. Müzakirələrin sonunda albanların əksəriyyət təşkil etdiyi Kosova Serbiyaya verilir. Albaniyanın Yunanıstan sərhədi isə 1913-cü ildə beynəlxalq bir komissiya tərəfindən təyin olunur. 1924-cü ildə ölkədə qalxan qiyam nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan baş nazir Zoqo 6 ay sonra Yuqoslaviyanın dəstəyi ilə geri dönərək bir diktatura rejimi qurur. Zoqo öncə respublika başçısı (1925-1928), sonra isə Kral (1928-1939) olur.

Albaniyanın çəkdiyi ağır günlər çox olub. Sadə insanlar Osmanlı dövrünü axtarmağa başlayıb. (Bu axtarış hüzur, barış, rifah axtarışı deməkdi. Osmanlı nisgili mərdliyin, qardaşlığın nisgili idi. Osmanlı eşqin, sevdanın, həsrətin, böyüklüyün adı idi...) 1939-43-cü illərdə italyanlar, 1943-44-cü illərdə almanlar tərəfindən işğal edilən Albaniya işğaldan azad olunduqdan sonra, bu dəfə də kommunistlərin (sovetyanlı hakimiyyətin) cənginə keçir. Ənvər Xoca və Məmməd Şehunun rəhbərliyi ilə ölkə 1946-cı ildə Xalq Respublikası olur (daha doğrusu, adlanır) və sosializmə yönəlir. Bundan sonra qurulan rejimin adı xalqçılıqla daban-dabana ziddiyyət təşkil edən diktatura olur.

Sosialist inqilabından sonra Albaniyanın qapıları 45 il boyu demokratik dünyaya bağlı qalır. Albaniya bu dövrdə özünün ağır günlərini yaşayıb və ölkənin həmin dövrdə yaşadığı üzüntülərin izlərinə bu gün də rast gəlinir. Demək lazımdır ki, Ənvər Xoca dövründə hətta sosialist ölkələri ilə də əlaqələr kəsilir, 1948-ci ildə Yuqoslaviya, 1961-ci ildə hətta Sovet İttifaqı ilə, 1978-ci ildə Çinlə bağlarını qoparan Albaniya təcrid edilmiş ölkə halına gəlir; ölkə bütün sahələrdə inkişafdan geri qalır. Qorxu imperiyası hökm sürür. Ənvər Xocanın ölümündən sonra yerinə 1985-ci ildə Ramiz Alia keçir. 90-cı illərdə sosialist sistemlərin dağılmağa başlaması Albaniyaya da təsirsiz ötüşmür. 1990-cı ildən çoxpartiyalı sistemə keçmə prosesi sürətlənir. Albanlar 1991-ci ildə çoxpartiyalı sistemə keçiblər və bundan 1 il sonra Kommunist Partiyası iqtidardan uzaqlaşdırılıb. Ancaq bu hakimiyyət dəyişikliyindən sonra Albaniyanın qapıları yenidən dünyaya açılmış olur.

Albanların Ənvər Xoca dövründə yaşadıqları dəhşətləri saymaqla bitməz. 1967-ci ildə bu ölkədə hətta dinin olmadığı da rəsmən bəyan edilib. Kommunizm dövründə ölkədə çoxlu sayda məscid yerlə yeksan edilib. Bu siyasətdən bir çox kilsələr də zərər çəkiblər. Amma Ənvər Xocanın Allaha münasibəti ona sözün həqiqi anlamında baha başa gəlib. Albaniyada Ənvər Xocanın ölümündən və kommunist rejiminin çökməsindən sonra ölkədə demək olar ki, Ənvər Xocadan bir şey qalmayıb – acı xatirələrdən başqa… Onun bütün heykəlləri yığışdırılıb, hətta qəbri belə şəhərin mərkəzindəki möhtəşəm yerindən xalq qəbiristanlığına köçürülüb. Ənvər Xocanın evi isə bu gün dövlət qonaq evi kimi istifadə olunur.

Albaniyanın hər yerində ən çox gözə dəyən tikililərdən biri də beton bunkerlərdir. Ölkə ərazisində 100 minlərlə belə bunkerin olduğu söylənilir. Hamısı Ənvər Xoca dövründə düşməndən qorunmaq məqsədilə inşa edilib. Bunkerlərin bəzilərinin içərisinə baxırıq. Bunkerlərin çox sağlam olduqları adi gözlə baxan kimi sezilir. Tikintidə dəmirdən çox istifadə olunub. Bunkerlərin bir çoxlarının üzərlərini otlar basıb. Bəzi evlərin həyətlərində də bunkerlərə rast gəlinir. Bir sözlə, Albaniyada dağ-daş hər yer bunkerlərlə doludur. İnsanlar on illərlə çətinliklərlə yaşamasına baxmayaraq bu bunkerlərin tikintisi dayanmadan davam etdirilmişdir. Hesablamalara görə, hər bunkerə sərf olunan pula mükəmməl bir mənzil almaq olarmış. Ancaq albanların pulları boş işlərə xərclənib. Bu bunkerlər nə tikildiyi dövrdə bir işə yarayıb, nə də indi istifadə olunur. (Adın (soyadın) xoca ola, işində xocalıqdan əsər-əlamət olmaya, rejimin bitə, dərdin-bəlan bitməyə; özün gedəsən, qurarkən yıxdıqların heç cür getməyə - dəmir kimi, beton kimi, dəmir-beton kimi qala; ölkəni bunkerə çevirəsən, bu qədər bunkerə ehtiyacı gərəkdirən əməllərdə bulunasan...)

***

1991-ci ildə keçirilən ilk seçkiləri qazanan Əmək Partiyası hökuməti iyunda partlayan tətilin sonunda istefa vermək məcburiyyətində qalır. Əmək Partiyası daha sonra adını Sosialist Partiyası ilə dəyişir. Qurulan koalisiya hökuməti isə uzunömürlü olmur. 1992-ci ildə keçirilən seçkilərdə indiki baş nazir Salia Berişa rəhbərliyindəki Demokratik Partiya qələbə qazanır. 1992-ci ildə Ramiz Alia istefa verir və yerinə dövlət başçısı seçilən Berişa gəlir. 1997-ci ildə Rəcəb Meydani, 2002-ci ildə Alfred Moisiu dövlət başçısı olur. Ölkənin indiki prezident isə Bamir Topidir.

Avropa Şurasının seçkiöncəsi missiyasının üzvləri olaraq baş nazir Sali Berişa ilə görüşürük. Ölkəsində görülən işlərdən, son dövrlər gedən inkişafdan və demokratikləşmə prosesindən danışan Sali Berişa söhbət əsnasında nümayəndə heyəti tərkibində bir Azərbaycanlı (Türk) olduğumu bilir. Türkiyə ilə münasibətlərin surətli inkişafından danışır və Azərbaycanla münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyir. Cənab Berişa dərhal xüsusi vurğu ilə əlavə edir: “ölkəmizi yaxından tanıyacağınız təqdirdə sevəcəksiniz”.

Mən işdən sonrakı saatlarda bir çox yerlərə baş çəkmək niyyətində olduğumu deyirəm. Özəlliklə, Bektaşiliyin mərkəzi olan Albaniyada Bektaşi təkkələrini ziyarət edəcəyimi və Dədə ilə görüşmək niyyətində olduğumu söyləyirəm. Sali Berişa, yenidən “...inanıram ki, Albaniyanı sevəcəksiniz” deyir! Onun bu inamı sirayətedici və xoş idi.

Gərgin görüşlər və iş qrafikinin bir gününü başa vururuq. Tirananı yaxından tanımağa tələsirəm və yoldaşlarımdan ayrılıb bələdçi ilə yola düşürəm…

Çay boyunca uzanan şəhər: Tirana

Bələdçim yol boyunca Ənvər Xoca rejimi dövründə üzləşdikləri dəhşətli faciələrdən danışır. Danışdıqları heç də inanılmaz gəlmir mənə. Təxminən buna oxşar dəhşətləri biz də yaşamışdıq SSRİ dövründə - totalitar rejimdə...

Tirana 1617 metr yüksəklikdəki Dacti dağlarının ətəyində dümdüz bir şəhərdir. Paytaxtı öz qoynuna almış Dacti dağı sanki Tirananın qoruyucusu vəzifəsini yerinə yetirir.
Tirananın içərisindən şərq-qərb istiqamətində Lana çayı keçir. Bu şəhərdə ən xoşuma gələn, boyu bəzən binalardan da yüksək olan ağacların, yaşıllığın çoxluğudur. Bu, Tirananın çox gözəl havasına da öz təsirini göstərir, daha doğrusu, yaşıllığın hesabına gözəl olur Tirana havası. İkinci xoşuma gələn isə şəhərin mərkəzində parkların və təbii sahələrin bolluğudur. Parklar hər saat dolub boşalır. Şəhəri rahatlıqla piyada gəzə bilər, qarşınıza çıxacaq kafelərdə qısa dincələ bilərsiniz. İstəsəniz ləzzətli qəhvə də içə bilərsiniz. Burda qəhvənin (ləzzətin) bir adı var: türk qəhvəsi!

Əvvəllər kiçik bir kənd olan Tirana Osmanlı paşası Süleyman Bəy tərəfindən 1614-cü ildə qurulub və onun zamanında surətlə inkişaf edib. Süleyman Paşa bu şəhərdə iki məscid də tikdirib. Paytaxt Tirana hazırda ölkənin ən böyük şəhərlərindən biridir. Şəhər son 18 ildə sürətli əhali artımı ilə simasını önəmli dərəcədə dəyişib. 1990-cı ildəki rejim dəyişikliyindən sonra əhalisi 230 mindən 1 milyona qədər artıb. Əhali artımında bölgələrdən paytaxta müxtəlif səbəblərdən baş verən axın da böyük rol oynayıb. Lakin elə paytaxtdan Albaniyanın hələ də sosial-iqtisadi çətinliklərdən əziyyət çəkdiyini hiss etmək çətin deyil. İşsizlik ölkədə əsas problemlərdən biridir.

İsgəndər bəy Meydanı

Şəhərin geniş küçə və bulvarları İsgəndər Bəy Meydanında birləşir. Və Tiranaya səfəriniz zamanı görməli olduğunuz yerlərdən biridir bu böyük və ünlü meydan…

Meydan Albaniya tarixinin qısa hekayəsini memarlığın dili ilə anladır: insan susur, daş danışır... Meydanın bir tərəfindən Osmanlı imperatorluğu dövründə inşa edilən Ethem Bəy məscidi və saat qülləsi, onun qarşısında isə muzey və opera yerləşir. Meydanda ilk gözə çarpan İsgəndər bəyin (Kastrioti Skanderbeq) heykəlidir. Onun maraqlı bir hekayəsi var. Alban kökənli İsgəndər bəy və qardaşları Ədirnə sarayına devşirmə (Osmanlı ordusunda xidmət edən, sonradan müsəlmanlığı qəbul etmiş yadelli, xristian hərbçi, bürokrat) olaraq gətirilib. Yetişdirilərək 1430-dan sonra Albaniyaya idarəçi təyin edilib. Lakin Osmanlının yetişdirdiyi İsgəndər bəy ta ölümünə qədər – 25 il boyu Osmanlı hakimiyyətinə qarşı vuruşur (?!). Albaniyanın müstəqilliyindən öncə qoyulmuş bu heykəli Tirana mərkəzində görmək təbii ki, bir türk olaraq mənə xoş gəlməsə də bu da bir tarixdir… Tarixin adı istər İsgəndər olsun, istərsə də Böyük və ya Kiçik İsgəndər, tarix elə tarixdir...

Tarixə meydan oxuyan Ədhəm (Etem) bəy camisi!

Meydanda yerləşən tarixi Ədhəm (Ethem) Bəy Camisi və Saat Qülləsi meydanın gözəlliyini daha da artırır. Şəhərin mərkəzində yerləşən bu cami Tiranadakı ən önəmli Osmanlı əsərlərindəndir. Bu tarixi camini ziyarətə başlayırıq.

Məscid

XVIII əsrdə inşa edilmişdir təkgünbəzli və təkminarəli bu tarixi cami hər gün ibadətə gələn müsəlmanlarla dolub-boşalır. Mübaliğə olmasın, yalnız Ədhəm bəy Camisinin möhtəşəm bər-bəzəyini görmək üçün belə Tiranada olmağa dəyər. Cami islam sənətini (xəttatlığı) əks etdirən divar rəsmləri ilə mükəmməl bəzədilib.

Caminin imamı Azərbaycandan gəldiyimizi eşidib çox sevinir və özü bizə cami ilə bağlı ətraflı bilgilər verir. Ənvər Xoca dövründə ölkədə dinin rəsmən qadağan edildiyini, din və din xadimlərinə qarşı amansız mübarizə aparıldığını deyən imam bunun heç bir nəticəsi olmadığını, insanların daima allaha inanmaqdan əl çəkmədiklərini deyir. Ənvər Xoca dövründə ölkədə çoxlu sayda caminin dağıdıldığını deyən imam bu caminin də uzun illər muzey olaraq istifadə edildiyini, insanlara burada ibadət etməyə icazə verilmədiyini deyir. Camidə yerli sakinlərlə yanaşı bu ölkədə yaşayan və işləyən türklərə də rast gəlirik və onlarla söhbətimiz ekspromt olsa da maraqlı keçir...

...Əhalisinin çoxu müsəlman olan Albaniyada insanların çoxu Bektaşidir (Bektaşi təriqətinə bağlıdırlar). Ölkənin müxtəlif yerlərində Bektaşi təkkələri fəaliyyət göstərir. Bu barədə bir az sonra…

Ədhəm bəy Camisinin imamı deyir ki, 90-cı illərdə cami qarşısına toplanan izdiham göstərdi ki, Ənvər Xoca və onun allahsız rejimi istəyinə nail ola bilməyib: “Minlərlə insan cami qarşısına toplaşmışdı. Yer yox idi. Siz təsəvvür edirsinizmi ki, hətta meydan da insanlarla dolu idi” deyir caminin imamı…

Kommunizm dönəmində bağlanan cami 1991-ci ildə yenidən xalqın xidmətinə verilib. Bu gün minlərlə insan bu tarixi camidə namaz qılır.

Caminin qarşısında onu inşa etdirən Ədhəm bəy və xanımının məzarları yerləşir. Camidə dualarımızı oxuyub, gözündə və sözündə allah sevgisi olan imamdan ayrılıq …

Ədhəm bəy Camisinin yanında yüksələn və 1830-cu ildə inşa edilən tarixi saat qülləsinə baş çəkirik. İnşa tarixi bir-birinə çox yaxın olan cami və saat qülləsi Tirana meydanında yan-yana duraraq əslində bizə bir hekayə anladır. Zaman və Məkanın hekayətini! O günədək namaz vaxtları ilə şəkillənən günlük həyat modernləşmə ilə birlikdə artıq dəyişib, saatlara görə yenidən şəkillənib. 35 metr yüksəklikdəki saat qülləsinə çıxırıq. Qədim şəkillərin asıldığı saat qülləsindən baxmaq paytaxtı daha yaxşı görmək imkanı verir.

Meydanda həmçinin teatr, sənət qalereyası, kafe, milli kitabxana yerləşir. Burada ölkə tarixi ilə bağlı kitablar tapa bilərsiniz. Eyni zamanda, Albaniya və albanları daim xatırlayacağınız və yaxınlarınıza vermək üçün maraqlı hədiyyələr alacağınız yer də burasıdır. Albaniyaya xas hədiyyələrimizi alıb Tirananın görməli yerlərdən biri olan Milli Tarix Muzeyinə baş çəkirik. Muzeyin girişində böyük bir mozaikdə Albaniya tarixinin önəmli şəxsləri təsvir edilmişdir. Muzeyi gəzdiyiniz zaman Albaniyanın tarixi müxtəlif bölmələrdə addım-addım göstərilir və izah edilir. Bu muzey Albaniya (ümumən Balkanlar) tarixinin bir binaya sığdırılması cəhdi, tarixin şəkillənməsidir, sanki... Bu sənətin, mədəniyyətin dili ilə anladılan Albaniyadır!

Muzeyin yeni açılan bölümündə II dünya müharibəsi zamanı albanların müqavimət hərəkatları, yan salonda isə Ənvər Xocanın rəhbərlik etdiyi İşçi Partiyasının fəhlə düşərgələrinin tükürpədən görüntüləri ilə birlikdə Albaniya tarixinin faciəvi yaşam örnəkləri sərgilənir. Qəribədir ...illər uzunu bir an öncə bitməsini istədiyin istibdadı qoruyub saxlamağa məcbursan – bunun adına tarix deyirlər!

Tirananın güney tərəfində qalan “Parku Kombetar”da – yəni Milli Parkda böyük bir amfiteatr və süni göl var. Sidr, sərv, şam kimi uca ağaclarla çevrələnmiş, Tirana gölü adlandırılan bu göl və onun bir tərəfində yerləşən və çoxlu sayda yaşıllığın olduğu təpələr öz füsunkarlığı, valehediciliyi ilə seçilir. Həmişə qələbəlik olan bu parkda iki yüzdən çox bitki çeşidi olduğunu öyrənirik.

Göl(qırağı) yerli sakinlərin ən çox dincəldiyi yerlərdən biridir. İnsanlar səhərlər göl qırağında idman etməyi gələnək halına gətiriblər. (Burada idman etməyə gələn hər kəsin özündən öncəkilərə “mirminciyes” dediyini görərsiz, bu yerli dildə sabah salamlamasıdır (“sabahın xeyir”).)

Tiranada onu da müşahidə etdik ki, albanlar canlı rəngləri, özəlliklə də bayraqlarında öz əksini tapan qırmızı rəngi çox sevirlər və bu, onların geyimlərində də öz əksini tapır. Geyimlərində, ayaqqabılarında, aksessuarlarında qırmızı rəng, ən azı, qızaran bir element görəcəksiniz.

Şəhərin tam ortasından başlayıb təxminən 4 km boyunca uzanan "Şəhidlər Bulvarı" Tirananın ən geniş və uzun prospektidir. Prospekt İsgəndər Bəy heykəlinin arxasından, nazirlik binalarıyla başlayıb, Lana çayını keçərək 4 kilometr öndəki Tirana Universiteti ilə bitir.

Bulvar boyunca sıralanan sarı, yaşıl, qırmızı, bir sözlə, canlı rənglərlə boyanmış binalar Tirananın sanki makiyajlı üzüdür. Çoxu 1950-ci illərdə inşa edilən binaların baxımsızlıqdan köhnələn üzləri boyanmış və şəhərin ticarət mərkəzi olan bu hissə zahirən gözəlləşdirilmişdir. Burada çoxlu sayda restoran, dükan, bank, bar və başqa iaşə obyektləri yerləşir. Əhalinin xeyli hissəsi hələ də 200 dollarlıq aylıqla yaşasa da, bu durum ölkənin zənginləşmək yolunda irəlilədiyini deməməyə əsas vermir.

***

Parlamentin spikeri Cozefina Topalli ilə görüşürük. Gözəl, ağıllı və savadlı xanım spikerlə ölkədə seçkiqabağı durum, missiyamızın mandatımıza uyğun olaraq qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı söhbət etdikdən sonra, qeyri-rəsmi söhbət zamanı Azərbaycanlı olduğumu deyirəm. Xanım spiker Azərbaycanla bağlı bəzi suallar verir. Ona qısa da olsa Azərbaycandan, Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsindən, 1 milyon Azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasından danışır, zəruri bilgilər verirəm. Azərbaycanın inkişafı ilə maraqlanan xanım spikerin digər suallarını da cavablandırdıqdan sonra ona (Albaniya baş nazirinin bir gün öncə bizə dediyi üslubda) belə deyirəm: “Sizi ölkəmizdə görməkdən böyük məmnunluq duyarıq və əminik ki, Azərbaycanı gördükdən, yaxından tanıdıqdan sonra sevəcəksiniz”. Gülümsəyərək, “mütləq gəlmək istəyirəm” deyir. (Qeyd edək ki, xanım Topalli bir müddət sonra Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə ölkəmizə səfər etdi və istər Bakıda, istərsə də Tiranaya döndükdən sonra ölkəmiz haqqında yüksək fikirlər söylədi). O da mənə “Albaniyanı yaxşı gəzin, əminəm ki, siz də bizim ölkəmizi sevəcəksiniz” deyir. Elə də edirik. İkinci iş günü başa çatan kimi Tiranada görmək istədiyim digər yerlərə baş çəkirəm. İlk növbədə, Bektaşiliyin mərkəzi olan Albaniya paytaxtında Bektaşi təkkəsini ziyarət edirəm.

Bektaşiliyin mərkəzi

Albaniya dünya bektaşilərinin mərkəzi olaraq tanınır. Maraqlıdır, hansısa Şərq ölkəsi yox, İslamla daha sonralar tanışmış bir Avropa ölkəsi, önəmli İslam təriqətlərindən birinə ev sahibliyi edir, yiyə durur!

Görək, Mahzuni Şərif – Hacı Bektaş Şeirində nə deyilir:

Biz acıyı bal eyləriz
Haqqımız halal eyləriz
Bizə Bektaşi Can derlər
Gedərsək, Haqqa gedəriz,
dost.

Mahzuni ünümüz bizim,
Bulunmaz kinimiz bizim,
Cahil bizə dinsiz demiş,
Sevgidir dinimiz bizim, dost.

***

Ölkənin başqa bir bölgəsində səfərdə olan Bektaşi Dədəsi lütfkarlıq edib, görüşmək üçün mənim xahişimlə paytaxt Tiranaya qayıtmışdı…

Nurani, üz gözündən sevgi və səmimiyyət yağan Dədə bizi çox mehribanlıqla qarşıladı… Sizə deyim, dünyanın bir çox ölkələrində olsam da, olmadığım ölkələrlə maraqlansam da mən heç yerdə bu qədər əzəmətli və möhtəşəm Bektaşi Təkkələri görməmişdim.

Təkkəni Əhli-Beytin şəkilləri bəzəyir. İmam Əli, İmam Hüseyn və Həsənin möhtəşəm heykəlləri və şəkilləri, eyni zamanda Bektaşi dədələrinin şəkilləri təkkənin divarlarını bəzəyir.

Dədə bizə Bektaşiliyin tarixindən, onun Azərbaycana qədər uzanan köklərindən, fəlsəfəsindən danışır.

Dədə Ənvər Xoca dövründə yaşadıqları dəhşətlərdən danışır, gənc nəslin düzgün tərbiyə olunmasının vacibliyi ilə bağlı fikirlərini bölüşür.

Ona Azərbaycanla bağlı geniş bilgilər verirəm. Bu arada təkkənin divarlarında dünyanın bir çox ölkələrindən göndərilən hədiyyələr diqqətimi cəlb edir. Dədə hədiyyələri göstərərək onun hansı ölkə nümayəndələri tərəfindən hədiyyə edildiyini deyir. Ən gözəl hədiyyə kimi Azərbaycan xalçası göndərəcəyimə söz verirəm. Bu arada onu ziyarət etməyə gənclər gəlir. Dədə onlarla o qədər səmimi, açıq, savadlı söhbət edir ki… Söhbətlərdən radikallıq, mühafizəkarlıq deyil, aydınlıq, inkişaf qoxusu gəlir… Dədə özü bizi Təkkəni başdan-ayağa gəzdirir və ayrılarkən də, “yenə gəlin” deyərək qapıya qədər yola salır.

Bu nurani Dədədən ayrılıb türk məktəblərinə gedirik. Türkiyənin bu ölkədə açdığı məktəblər həm səviyyəsinə, həm də təhsilin keyfiyyətinə görə ən yaxşı məktəblər sayılır və əhali arasında böyük nüfuza malikdir. Böyük Türk aydını Mehmet Akif Ərsoyun və Türkiyənin sabiq prezidenti Turqut Ozalın adlarını daşıyan bu məktəblərdən albanlar razılıqla danışırlar. Türk məktəblərini bitirən gənclərin həm də iki ölkə (ümumən Albaniya ilə Türk dövlət və topluluqları) arasında inteqrasiyada önəmli rol oynayacağı şübhəsizdir. Məktəbin gözəl kollektivi ilə maraqlı söhbət edirik və onları bu gözəl uğurları ilə bağlı təbrik edib məktəbdən ayrılırıq. Bir iş günü də beləcə başa çatır…

Albaniyanın xarici işlər naziri Lulzim Başa ilə görüşürük. Maraqlı söhbətin sonunda nazir ölkəsinin xoşumuza gəlib-gəlmədiyini soruşur. Müsbət cavab aldıqdan sonra, “Tiranadan başqa haralarda olmusunuz” deyə soruşur. Paytaxtdan kənar bölgələri görmədiyimizi eşidincə, “o zaman siz Albaniyanı demək olar ki, görməmisiniz” deyir və sizə deyim, ölkənin bir sıra digər bölgələrini gördükdən sonra ona haqq qazandırıram. Albaniyanı tanımaq üçün ən azı bir neçə bölgəni görmək lazımdır. Məsələn, tarixi və möhtəşəm Berat şəhərini….

Tarixə meydan oxuyan Berat!

Adı “Ağ” anlamına gələn Osmanlı şəhəri Beratdayıq…

Albaniyanın 2500 yaşı olduğu deyilən və evləri ilə ün qazanan Berat! Tirananın 125 km güneyində yerləşən bu şəhərə gedərkən yol boyu Ənvər Xoca rejiminin inşa etdirdiyi bunkerləri, avtomobil məzarlıqlarını görürük.

Berata çatırıq… Tam bir Osmanlı şəhəridir. Nə vaxtsa Albaniyaya gəlib Beratı görmədən getsəniz, böyük bir xəta etmiş olarsınız! Burada özünüzü sanki XIX əsrdən qalma bir Osmanlı şəhərində hiss edəcəksiniz. Beratda Osmanlını aramağa ehtiyac yoxdur, o hər addımda qarşınıza çıxacaq. Şəhər tarixi camilər və qədim Türk qalası ilə özəl bir görkəm və ün qazanıb.

Şəhərin tam ortasından keçən Osumi çayı üzərində yerləşən tarixi körpünün üzərində dayanırıq. Bu çay şəhərin müsəlman və xristian məhəllələrini biri-birindən ayırır –bəlkə doğru olar desək, birləşdirir – çünki Albaniyada ayrı-seçkilik yox, birlik, birgəlik ruhu hakimdir.

Berat üç məhəllədən ibarətdir. XVII əsrdə tikilmiş evlər ikimərtəbəli, geniş pəncərəlidir. “Min pəncərəli şəhər” adını da burdan alıb Berat… Osmanlıdan sonra belə şəhərin adı dəyişməyib. Şəhərdən yüksələn türk məqamı azan səsi insanı bu gündən dünənə, dünəndən sabaha götürür...

Bu şəhəri gözəlləşdirən həm də çoxlu sayda zeytun ağaclarıdır. Berat özünün zeytun bağları ilə də ün qazanıb. Zeytun ağacları və şam meşələri arasından keçərək tarixi və dünyaca ünlü Berat qalasına, Avropadakı bir (Osmanlı yadigarı) türk qalasına çıxırıq.

Ad-sanıyla, memarlığıyla tipik bir Osmanlı şəhəri olan Berata yolunuz düşsə, (sanki qartal yuvasını xatırladan) Berat qalasını ziyarət etməyinizi tövsiyyə edərdim. Qalaya Osumi çayı üstündəki Dərbəndlər Başbuğu Qurd Əhməd Paşa körpüsündən keçib getdiyiniz zaman yamacdakı evlər sizə Anadolu evləri kimi gələcək. Və insana xoş təsir bağışlayan odur ki, bu evlər son dərəcədə yaxşı qorunmuşdur. Körpüdə Qurd Əhməd Paşanın adını daşıyan bir kitabə vardır ki, üzərində 1784/85 tarixi yazılıdır. Bundan başqa Beratda Qurd Əhməd Paşa Cami Təkkəsi və türbəsi də yerləşir. Qala içərisindəki evlər qədim türk şəhərlərindəki evləri, o cümlədən bizim İçərişəhərdəki evləri xatırladır. (Berat qalasındakı dağılmış məscid isə insanın könlünü yaralayır. Minarəsinin yarısı dağılmış Qızıl (Qırmızı) Cami Albaniyanın ən qədim məscidlərindəndir.)

1600 illik keçmişə sahib olan və yüksək bir təpə üzərində qurulmuş qalada bir məhəllə də salınıb. Qaladan Berat şəhəri çox gözəl görünür. Şəhəri qaladan seyr etməyin ayrı füsunu var… Bu qaladan tarixi Berat şəhərinin mənzərəsini və gözəlliyini seyr etmək insanı tarixin dərin qatlarına aparır. Buradan Təzə və Köhnə şəhər deyilərək ikiyə ayrılan Beratı daha geniş görmək mümkündür. Osmanlılar şəhəri dağın yamaclarında salıblar və düzənlik əraziləri əkin sahələri kimi istifadə ediblər. (Osmanlılardan sonra salınmış yeni şəhərdə isə bunun tam əksi həyata keçirilib.)

Bələdçim deyir ki, buraya yaz aylarında daha çox turist gəlir. Hətta uzaq Yaponiyadan belə çoxlu sayda turist ziyarət edir hər il Beratı… Bu şəhərdə türkcə danışan insanlara rast gəlmək çətin deyil. Bələdçim deyir ki, özləri öyrənirlər və onu da əlavə edir ki, bu bölgələrdə Türkiyə televiziyalarını izləyənlərin sayı kifayət qədər çoxdur. Berat qalasının quzey ucundakı Saint Trinity Kilisəsi bütün Berat Ovasına təpədən baxır. Sultan Bəyazit tərəfindən tikdirilən Qızıl Cami qala içərisindəki ən qədim camidir. Bu qədim Osmanlı şəhərində kilisə ilə cami yan-yana duruşu ilə dinlərin qardaşlığını vurğulayır. (Qaladan enərkən Etnoqrafiya Muzeyini gəzmənizdə də yarar var.)

Berat bir də ...dar küçələri ilə dillərə düşüb. Bu dar küçələr qədim Türk şəhərlərindəki qalaiçi küçələri, bizim İçərişəhərin döşəmə yollarını xatırladır. Doğrusunu deyim ki, bu qədim və gözəl şəhəri gəzdikdən sonra hiss etdim ki, Berat mənim üçün Albaniyanın ən sevdiyim şəhərinə çevrilir... Anadolu evlərini xatırladan evləri, dar küçələri, gülərüz insanları ilə... Turistlərin Berata axınında bir səbəb də Beratlıların gülərüzlülüyü imiş...

XVI əsrdən qalma Qurşunlu Cami, Bəyazit Xan Camisi, Bekar Cami, İbrahim Paşa Camisini ziyarət edib, dualarımızı oxuyuruq. Sonra Xəlvəti Təkkəsini ziyarət edirik. Berata bağlı Bayaka kəndində Osmanlı dövründə (1891-ci ildə) tikilən Məryəm Ana Kilsəsi yerləşir. Osmanlı hökumətinin maddi dəstəyi ilə tikilən bu kilsə, Osmanlı-Türk mədəniyyətinin nə qədər böyük və xoşgörülü olduğunu bir daha əyani şəkildə göstərir.

Bir günü artıq arxada qoymuşduq. Axşamüstü Beratdan qayıdanda tarladan işdən dönən sadə insanlarla qarşılaşırıq. Kövrəlirəm… Vətən üçün darıxdığımı hiss edirəm. Ancaq hələ görəcəyim yeni maraqlı yerlərin olduğunu yadıma salıb toxtayıram. Yol məni tarixi İşkodraya aparır…

Şkoder (İşkodra)

Albaniyanın tarixi şəhərlərindən biri Şkoderdəyik (İşkodra)…

Paytaxt Tiranadan İşkodraya saatyarımlıq yoldur. Ölkənin ən böyük dağlarından olan Alp dağları Şkoderdə yerləşir. Balkanların ən böyük gölü olan İskodra da bu şəhərdə yerləşir. Gölün yarısı Albaniyaya, yarısı isə Serbiya və Qaradağa (Çernoqoriya) ərazisinə düşür. Təbiətin gözəlliyi insanı valeh edir. Saatlarla oturub sakitcə tamaşa etmək istəyirsən təbiət möcüzələrinə…

Şkoder(İşkodra) XIV əsrin sonlarından XX əsrin əvvəlinə qədər Osmanlı hakimiyyəti altında yaşayıb. 1870-ci illərdə bura Osmanlı Məclisinə millət vəkili göndərən 29 seçki bölgəsindən biri olub. Zaman-zaman rusların və serblərin qızışdırılması ilə bəzi üsyanlar olsa da bu bölgənin ən gözəl və rahat günləri Osmanlı dönəmində olub. 1913-cü ildə Osmanlıdan ayrılan Şkoder(İşkodra) qısa bir müddət sonra I Dünya müharibəsi zamanı 1915-ci ildə Avstriya-Macarıstan hərbi birlikləri, II Dünya müharibəsi zamanı isə italyanlar tərəfindən işğal edilib. İşkodra bugünkü Albaniya Respublikasını təşkil edən 10 idarəetmə bölgəsindən birinin mərkəzidir. Onu da vurğulayaq ki, Şkoder (İşkodra) müsəlmanlarının böyük bir hissəsi bu bölgənin Osmanlıdan ayrılmasından sonra Türkiyəyə köç ediblər.

Tarixi Şkoder (İşkodra) qalasına qalxırıq… Qala çox yüksək bir təpə üzərində qurulub. Qalada yerləşən Fatih Sultan Mehmet Camisi hazırda yararsız haldadır. Bu mənzərəni görmək heç xoş deyil...

Qaladan Şkoderin (İşkodranın) çox gözəl mənzərəsini seyr etmək insana ləzzət verir. Makedoniya ərazisindən, daha dəqiq desək, Ohri gölündən başlayan Drina çayı ordan Kosovo ərazisinə daxil olur və burdan qonşu Albaniya ərazisinə keçib burada Buna çayı ilə birləşir. Qaladan baxdıqda bu iki çayın bir-birilə birləşdiyi nöqtəni izləyə bilərsiz. Çaylar birləşdikdən sonra 40 km axıb, Adriatik dənizinə tökülür. İnsanı valeh edən bu mənzərəni seyr etməyə dəyər… Öncə bulaqlar çayları əmələ gətirir, çaylar sınırlar, ölkələr aşır, sonra birləşir, daha sonra isə ümmana üz tuturlar. Sanki təbiət öz sözsüz anlatması ilə, dünyanın vahidliyini, yaradılışın ümumiliyini, ilahi sistemə tabe olduğunu (harmoniyanı), Tanrının birliyini xatırladır insanlara...

Sonuncu Osmanlı paşası Həsən Rza Paşanın bu şəhərdə yerləşən məzarını ziyarət edirik. Məzar daşının üzərindəki yazılar alban dilində yazılıb: “Şkoderdə (İskodrada) Osmanlı ordusunun komandanı, dövrünün böyük əsgəri, qəhrəmanı Həsən Paşaya Albaniyadan və alban xalqından böyük hörmət var”. Həsən Rza Paşanın atası Bağdad valisi olub. Özü isə Quzey Albaniyanın valisi olub. Deyirəm, qərinələr sonra, başqa bir xalq, artıq başqa olmuş bir ölkə səni rəhmətlə anırsa, bundan böyük bəxtiyarlıq olarmı?! Ruhun şad olsun, Paşam!

Albaniyanın ən böyük camisi (bu cami həm də Balkanların ən böyük camisidir) və kilsəsi Şkoderdə (İşkodrada) yerləşir. İşkodranın əhalisi 100 min nəfərdir. Əbu Bəkir Camisi Albaniyada son tikilən camilər içərisində ən əzəmətlisidir. İskodra əhalisinin 60 faizi müsəlmandır. Şkoder eyni zamanda katolik albanların daha sıx məskunlaşdığı şəhərlərdən biridir. Maraqlıdır ki, bu şəhərdəki katolik kilsəsi 1850-ci ildə Osmanlılar tərəfindən tikilib. Ənvər Xoca dövründə isə kilsə idman zalı olaraq istifadə edilib. Camilərin demək olar ki, əksəriyyəti Ənvər Xoca dövründə məhv edilib. Albaniyanın quzeyində katoliklər, güneyində pravoslavlar yaşayır. Müsəlmanlar isə ölkənin bütün ərazisində yaşayır. Bu bölgə Albaniyada katoliklərin ən sıx yaşadığı yerlərdən biridir və Osmanlıların XIX əsrdə çox uğraşdığı bu dağlar, bu bölgə zaman-zaman İtaliya və Avstriya tərəfindən dəstəklənib və Osmanlıya qarşı qızışdırılaraq üsyana təşviq edilib. Yerli müsəlmanlar deyirlər ki, son illərdə başqa bölgələrdən şəhərə gəlib yerləşən katoliklərin sayı sürətlə çoxalır. Eləcə də italyanlar başda olmaqla katolik ölkələrin missionerlik çalışmaları da artmaqdadır… Şkoder (İşkodra) şəhər mərkəzində müsəlmanların sadəcə Böyük Əbubəkir Camisi qarşılığında katoliklərin iki böyük kilsəsi, üç italyan məktəbi, missioner təhsil mərkəzləri vardır. Nobel ödülü laureatı Rahibə Terezanın alban əsilli olması Vatikanın albanlarla bağlı “özəl çalışmalar”ına təkan verən faktorlardan biridir.

Bələdçim deyir ki, Şkoder (İşkodra) Albaniyada Geq (geqaların) mərkəzi kimi tanınır. Bəlli olduğu kimi, Albaniyanın quzeyində yaşayanlara “Geq”, güneyindəkilərə isə “Tosk” (toska) deyilir.

Şkoderin (İşkodranın) bütün dediyimiz və demədiyimiz gözəlliklərinə baxmayaraq, bizi üzən olaylar da oldu. Özəlliklə, tarixi İsgəndəriyyə və Qurşunlu Caminin durumu… Qaladan baxdıqda Qurşunlu Cami ürəkdağlayan hüznü ilə görünür. Təcili təmir və bərpa işlərinə ehtiyacı var bu tarixi camilərin… Bu üzücü mənzərənin tezliklə düzəlməsini Allahdan təvəqqe edərək yolumuza davam edirik. Yenidən üzücü mənzərələrlə qarşılaşmamaq ümidi, diləyi ilə qədim və gözəl Vloraya (Avloniyaya) yol alırıq.

Vlora(Avloniya)

Albaniyanın ən böyük şəhərlərindən biri – keçmiş adı Avloniya olan Vloradayıq…

Vlora Adriatik dənizi sahilində yerləşən gözəl bir sahil şəhəridir. Qaraburun yarımadasının ucunda iki dəniz – Adriatik və İon birləşir. Sahildə qaldığımız oteldən Vlora (Avloniya) sahilləri bütün möhtəşəmliyi ilə görünürdü.

Şəhərin Osmanlı tarixində ayrı bir yeri var. Fatih Sultan Mehmet Romanı almaq üçün məhz bu şəhərdən hücuma keçib, lakin sultanın xəstələnməsi ilə əlaqədar olaraq hücum yarımçıq qalıb.

Osmanlıdan ayrıldıqdan sonra Albaniyanın öz müstəqilliyini elan etməsinin ardından, 1912-ci ildə ilk Albaniya Milli Məclisi bu şəhərdə toplanıb və keçici hökumət də məhz burada qurulub. Ona görə də bu şəhər Albaniya tarixində özəl yerə sahibdir.

Vlora şəhəri ilə İtaliya arasındakı məsafə 74 mildir. Şəhərdə ən çox İtaliya telekanalları izlənilir. Görünür, bu və bu kimi amillərin təsiri ilə şəhərdə az qala hər kəs italyanca bilir. Şəhərdə Osmanlı dövründə tikilmiş iki məscid var. Şəhərin mərkəzindəki məscid Qanuni Sultan Süleyman bu şəhəri ziyarət etdikdən sonra Memar Sinan tərəfindən inşa olunub.

Şəhərdə ilk baş çəkdiyimiz yer möhtəşəm bir Osmanlı camisi... Çinarların altındakı camidə Türkcə bilən imamla danışırıq. Şəhərə hakim təpədə Bektaşi təkkəsi görünür. Tiranada həyatdan köçən Quzu Baba adlı Bektaşi dədəsi də burada dəfn olunub ki, bundan sonra bu bölgə ziyarət mərkəzi halına gəlib. Təpədən Vlora (Avloniya) şəhərinin mənzərəsi sözün həqiqi mənasında görülməyə dəyər bir mənzərədir.

Vlora şəhərində albanların yerli “Lab” musiqisini dinləyə bilərsiniz. Lab musiqisinin özəlliyi insan səsindən formalaşmasıdır. İlk dəfə məhz burada dinləyirəm bu musiqini… Bu musiqi növünü insanlara yerli musiqi qrupu təqdim edir. Bələdçim 1957-ci ildə qurulmuş bu qrupun Albaniyanın ən yaxşı qrupu olduğunu, çoxlu sayda ödüllər aldığını deyir. Qrup üzvləri Vloranın Vranişt kəndindən olduğu və qrup da burada qurulduğu üçün “Vranişt Polifonik Qrupu” adlandırılır. Qrup üzvləri mahnı oxumaqla yanaşı xalq rəqsləri də ifa edirlər. İfa etdikləri musiqilər və rəqslər Albaniyanın güney bölgəsi adlandırılan Labiriya bölgəsinə aiddir. Mahnılarda qəhrəmanlıqlar, şənliklər və savaşlardan bəhs edilir. Bəzən insanı güldürən komik sözlər də oxuyur qrup üzvləri… Qrup öz çalışmalarının gələcəkdə də davam etməsi üçün kiçik yaşlı uşaqlar yetişdirir. Qrupun müxtəlif yaş qrupunda olan üzvləri var. Aldığı uluslararası ödüllərin isə doğrudan-doğruya sayı-hesabı yoxdur. Qrup üzvlərinin istifadə etdiyi və dünyada sadəcə Labira bölgəsində olan taxtadan və ya mərmərdən hazırlanmış Duyara adlı alətləri də var. Bu alət vasitəsilə səsi polifonik formaya gətirmək mümkündür. Vlorada günümüzü bu gözəl musiqini dinləyərək başa çatdırırıq… Lakin burada başa çatan gün, burda yekunlaşan Vlorada səfəri gəzimizin (yolumuzun) ümumən başa çatması anlamına gəlməz. Şair demiş, “Yollar qurtarmayır, yollar dəyişir”.

Yolumuz Elbasanadır

Geniş xurma (biz “karalyok” da deyirik) bağlarıyla zəngin olan Elbasana gəlişimiz tam mövsümə təsadüf edirdi. Xurmanı (elə digər meyvələri də) birbaşa ağacdan dərib yeməyin başqa bir ləzzəti var. Hələ-hələ Elbasan xurmasını… Hündür bir mövqedən mənzərədən Elbasana – Osmanlı yadigarı olan daha bir Albaniya şəhərinə baxırıq. Gözəl bir mənzərəsi var şəhərin: sakin kimi sakin, qaynar kimi qaynar, Osamanlı kimi Olsmanlı, Avropa kimi Avropa havalı…

Elbasan XIV əsrin sonlarında Osmanlı hakimiyyətinə daxil olsa da İsgəndər bəyin üsyanı ilə narahat günlər yaşayıb. Elbasanın həqiqi tarixi Fatehin 1465-ci ildə 150 min nəfərlik ordu ilə Albaniyaya daxil olması ilə başlayır. Fateh İsgəndər bəyin sığındığı Akçahisar (Kurca) qalasında uzun müddət müqavimət göstərə biləcəyini nəzərə alaraq, Albaniyanı, özəlliklə Kurcanı nəzarət altına tutmaq üçün Elbasan Qalasını tikdirir və oranı yetəri qədər əsgər və silahla təmin etdikdən sonra geri dönür. 1467-ci ildə Balaban Mathia Paşa Akçahisara hücum edir və İtaliyadan dönən İsgəndər bəy Balaban Paşanı məğlub edərək öldürdükdən sonra Elbasana hücum edir. Bundan sonra Fateh ikinci dəfə Albaniyaya girir və buranı tamamilə fəth edir. Bununla da Albaniya XX əsrin Balkan savaşına qədər Osmanlının bir parçası olur.

Şəhər mərkəzindəki geniş meydanda bizi bir Osmanlı çinarı qarşılayır. Tarixi Osmanlı camisi sökülərək meydan qurulub. Açılan meydandakı çinar ağacının yanındakı şadırvan keçmişin izlərini, anadolulular demiş, inadına daşıyır. Ənvər Xocanın kommunist rejimi dövründə Elbasanda 28 cami dağıdıldığını öyrənirik. Qala içərisindəki Türk evləri arasından keçərək Hünkar camisinə gəlirik. Elbasanda XV əsrdən qalma Osmanlı qalası, XVII əsrdən qalma iki cami və XVI əsrdən qalma bir cüt hamam var ki, hamısı bu gün yararsız durumdadır. (Bu yerdə onu da vurğulayaq ki, ərəblər qədim Osmanlı əsərlərini təmir etmək yerinə yeni cami tikiblər. Adını da Ərəb Camisi qoyublar...)

Bələdçim mənə yol boyu xristian təmayüllü missioner təşkilatların Albaniyada çalışmalarını getdikcə daha da artırdığını, müsəlman gəncləri öz tərəflərinə çəkmək üçün çeşidli təşəbbüslərdə bulunduqlarını dedi.

Bektaşilərin paytaxtı Akçahisar...

Albaniyada mənim ən çox bəyəndiyim yerlərdən biri bu şəhərdir. Albaniyanın güneyində yerləşən, Osmanlıca adı ilə Akhisar və ya Akçahisar, albanca adı ilə Kurca olan bu gözəl, zəngin şəhər bağı-bağçaları ilə insanı özünə çəkir.

Dəniz səviyyəsindən 1200 metr yüksəkdə yerləşən bir təpədə yerləşən Kurcada mistik bir hava var. Albaniyanın paytaxtı Tiranaya çox yaxın olan Kurca dağ yamacının altında qurulmuş möhtəşəm bir şəhərdir. Bu şəhər alban miliyyətçiliyinin və Bektaşiliyin önəmli mərkəzidir. Artıq yuxarıda vurğuladığımız kimi, Kurca XV əsrdə Osmanlı imperatorluğuna qarşı müqavimət göstərən İsgəndər bəyin anadan olduğu və savaşdığı bir bölgədir. Burada ona çox böyük bir heykəl də qoyulub. Akçahisar (Kurca) da bir çox Osmanlı şəhərləri kimi qala ətəyində salınıb. Baxımlı, gözəl Osmanlı evləri, imarətləri hələ də durur. Evlərin arasındakı küçələr insanı yüz illər öncəyə aparır...

Dar asfalt yol sizi Kurca qalasına aparır. Qalanın arxasındakı dağlara baxınca həyəcanlanmamaq sadəcə mümkün deyil...

XV əsrdən qalma qala divarları içərisində bir də Bektaşi təkkəsi var. Türklərdə mənəvi baxımdan dövləti rəmzləşdirən çinarın (Osmanlı yadigarı çinarın) altında əlif minarəsi ilə Krucanı süsləyən yenə Osmanlı yadigarı camini seyr edirik. Təkkənin türbədarı bizə türkcə Bektaşi nəfəsləri oxuyur. Osmanlı paşalarına aid şeirləri özgü bir türkcə ilə oxuyan Bektaşi dədəsi qala içərisində qurumaqda olan Osmanlı çinarının altında və minarəsi yıxılmış cami xarabalıqlarının yanında bizləri keçmişə yolçuluğa çıxarır.

Akhisar XIX əsrdə Bektaşi təriqəti dərvişlərinin mərkəzinə çevrilib. Təkkənin önündəki zeytun ağacının Akçahisarda Osmanlıya üsyan edən İsgəndər bəy tərəfindən əkildiyini, onun əmri ilə hər evlənən gəncin 20 zeytun, 30 üzüm ağacı əkməsinin məcbur olduğunu deyirlər. Təkkənin bağçasından XV əsrə aid hamam və XVI əsrə aid qədim evləri seyr edirik. Bektaşilik Osmanlı hakimiyyəti zamanı Balkanlarda yayılmış və özəlliklə də Albaniyada qüvvətlənmişdir. İsgəndər bəy, Təpədələnli Əli Paşa, Arif Elbasani Paşa kimi bir çox ünlü albanların da Bektaşi olduğu deyilir. Albaniyadakı təkkələr arasında ən gözəllərindən biri Kurcadadır. Təkkənin süsləmələrinə baxan sanki sehrlənir, böyülənir.

Buradakı qala sözün əsl anlamında görülməyə dəyər. Qalanın möhtəşəm mənzərəsi, içərisindəki Osmanlı evləri bir hiss, qala qapısı girişindəki məscid xarabalıqları başqa bir hiss gətirir, başqa bir rüzgar əsdirir... Arxeologiya muzeyi tam bir Osmanlı imarəti olub, memarlığı ilə Anadolu evlərindən fərqlənmir. Qala bürcündə qurulan tarix muzeyinin türkcə bilən müdiri bizi müşayiət edərkən İsgəndər bəyin Osmanlıya üsyan edərək, buranı ələ keçirməsindən söz salır, elə həyəcanla danışır, deyirsən o dövr olaylarının canlı tanığıdır. Bəlli olur ki, bura Albaniyanı 40 ildən çox dəhşətlər içərisində yaşatmış Ənvər Xoca tərəfindən muzeyə çevrilib. Muzeyin içərisində Osmanlı və türklər əleyhinə bir çox rəsmlər var ki, onların bu gün də sərgilənməsi məni çox məyus etdi. Qala içərisindəki İsgəndər bəy muzeyinə - keçmişdə Tirananın ünlü ailələrindən olmuş Toptanilərin imarəti olan indiki Etnoqrafiya Muzeyinə də baş çəkə bilərsiniz. Burada ənənəvi alban evlərinin quruluşunu, geyimləri, albanların günlük həyatda istifadə etdikləri əşyaları və s. görə bilərsiniz.

Qaladan çıxınca qədim çarşıya uzun vaxt ayırın. Burada yerli geyimlər, yun əyirmə taxtaları, əntiq ev əşyaları, ənənəvi əl toxuması örtüləri, çeşid-çeşid hədiyyəliklər göz oxşayır. Əgər xatirəlik hədiyyə almaq istəyirsinizsə Kurca çarşısına mütləq baş çəkin. Qədim çarşı toxunma əl xalıları və kilimləri ilə də çevrəyə ün salmışdır. Rənglərdə bayraqlarını təmsil edən qırmızı, və qara rənglər daha çox istifadə olunur.

Şəhər mərkəzindəki tarixi cami və tipik Osmanlı memarlığı ilə tikilmiş dükanlar həyəcanınızı artıracaq.

Bəzən sizə elə gələcək ki, bir şəhərə, bir ölkəyə münasibətdə ən həyəcanlı anlarınızı yaşayırsınız; gördükləriniz sizi mifoloji aləmə aparacaq, hərdən sizə elə gələcək ki, yanınızdakılar indiki zamanda qalmış, sizsə əski çağlara dönmüsünüz – o çağlarda yaşamışsınız kimi!

Alpərən Qazi Sarı Saltukun məqamı

Mərkəzi Rumıniyanın Babadağ bölgəsində olan, Bosniya və Kosovada da məqamı olan, Balkanların mənəvi fatehi, Türküstanlı Xoca Əhməd Yasəvinin müridlərindən olmuş alpərən Sarı Saltukun Akçahisar dağının zirvəsində də türbəsinin olduğunu öyrənirik.

Sarı Saltuk baba türbəsinin yanındakı qonaq evi qaladan bir qartal yuvası kimi möhtəşəm görünür. Düşünürəm, “Qartallar yurdu”nda qartal yuvasına bunca çox bənzəyişin olması təsadüfi deyil hər halda... İnsanların (mühəndislərin, inşaatçıların, layihələndirmə işi ilə məşğul olanların) olaylara, əməli çalışma sahələrinə, insana, dünyaya... baxışlarında bir qartal şəkillənməsi (qartal baxışı, başqa sözlə, qartal kimi zirvədən baxış!) “keyfiyyət”i var, yəqin...

Övliya Çələbi bir neçə əsr öncə ünlü “Səyahətnamə”sində bu gözəl şəhər haqqında o qədər detallı bilgilər verir ki, bizə şəhərin indiki görünüşünü, durumunu o dövrlə müqayisə etmək qalır…

Tereza Ananın Vətəni

Xeyirxahlıq çalışmalarına görə Nobel ödülünə layiq görülmüş Tereza Ana da mənşəcə albandır. Bir zamanlar ona vətənə gəlmək izni verilməmişdi. Sən dünyanın işinə bax ki, bu gün Albaniya rəsmiləri onun qalıqlarını geri qaytarmaq niyyətindədir. Katolik kilsəsi tərəfindən müqəddəslər sırasında adı çəkilən rahibənin qalıqları hazırda Hindistandadır. Artıq Albaniya hökuməti onun qalıqlarını geri qaytarmaq üçün Hindistana rəsmi müraciət göndərib.

Əsl adı Aqnes Qonca Boyaciu olan rahibə, çağdaş Makedoniya ərazisində albandilli ailədə dünyaya gəlib. O, Nobel barış ödülünə 1979-cu ildə layiq görülüb.

Məkanı cənnət olsun!

Türklər çayı, albanlar isə qəhvəni sevirlər

Albaniyanın əksər yerlərində, ən müxtəlif təbəqədən olan insanlardan türklərə qarşı müsbət münasibət görəcəksiniz. Qəhvə istədiyinizdə sizə türk qəhvəsi təklif edilir, özü də xalis türk qəhvəsi. Türklərin içdiyi çayı albanlar içmir, yəni onlarda çaya maraq yox dərəcəsindədir.
Alban mətbəxi zəngin və ləzzətlidir. Balıqlar və dəniz məhsulları alban mətbəxində özəl yerə sahiödir. Türk mətbəxinin alban mətbəxinə böyük təsiri olmuşdur, – bu az qala hər süfrə açıldığında hiss olunur. Bir az da italiyan və fransız mətbəxinin təsirini qeyd etmək olar…
Bu yerdə Albaniyanın dadınadoyulmaz bulaq və mədən sularını da unutmuş olmayaq.

Adriatik sahilindəki Osmanlının sancaq mərkəzi

Türkün mədəniyyət tarixində (türk Dünyası sevdalılarının dilində!) gözəl bir söz var: “Çin səddindən Adriatikədək Türk Dünyası coğrafiyası” (“Altaylardan Adriatikədək”, “Tanrıdağdan Adriatikədək” deyilişləri də mövcuddur). Bu sözü bir çox insan səsləndirir, ancaq onlardan neçəsi Adriatik sahillərinə gedib, bu suala cavab vermək o qədər də asan deyil. Adriatik sahillərindəyik… Budur, bir zamanlar Osmanlının Sancaq mərkəzi olmuş Durres! Günəş batarkən gəldiyim Durres! Adriatik sahilindən günəşin batmasına və sahilin möhtəşəm mənzərəsinə baxaraq tarixin dərinliklərinə yolçuluğa çıxıram.

Siseronun heyran qaldığı liman

Adriatik sahilindəki Durres ölkənin ikinci böyük şəhəri və ən böyük limanıdır. Şəhəri piyada gəzə bilərsiniz. Ünlü natiq Siseronun "Heyranlıq oyandıran şəhər" adlandırdığı Durres, 1914-1920-ci illər arasında Albaniyanın paytaxtı olub. Limana baxan, V-VI əsrə aid edilən şəhər qala divarları və qalanın yanından keçərək antik şəhəri seyr edə bilərsiniz. Roma hamam qalıqlarının arxasında m.ö. II əsrdə inşa edildiyi iddia edilən, Balkanların ən böyük (8 min nəfərlik) amfiteatrı sizi heyran edəcək. Bir zamanlar qladiatorların yırtıcı heyvanlarla döyüşləri izlənmişdir burada...

Dəniz sahili boyunca uzanan məkanlarda, sapsarı, incə qumlu, təmiz sahildə oturub çay içərkən, bu səssiz qızılı qumsallığın, mavi dənizin və günəşin sadəcə sizə aid olduğu duyğusunu baş qaldıracaq qəlbinizdə...

Artıq ayrılmaq vaxtı gəlib çatmışdı…

Təyyarədən bu dəfə artıq tanıdığım Albaniyanı seyr edirəm və sağollaşıram:

Hələlik, Albaniya!

Hələlik, Dədə!

Hələlik, Avropadan çəkilməyən türk ruhu!

Görüşənədək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1730

Oxşar yazılar