İran Argentinanı ələ almaq istəyir
30 mart 2011 09:49 (UTC +04:00)

İran Argentinanı ələ almaq istəyir

“MIGnews”-un yaydığı xəbərə görə, Tehran hakimiyyəti rəsmi Buenos-Ayresdən yəhudilərə məxsus səfirlik və mədəniyyət mərkəzində baş vermiş partlayışlarla bağlı araşdırmaya son verməyi istəyib.

Xatırladaq ki, 1992-ci ildə Argentina paytaxtında İsrail səfirliyinin binasındakı partlayışdan sonra 29 nəfər, 1994-cü ildə yəhudilərin mədəniyyət mərkəzi yaxınlığında avtomobilin parladılması nəticəsində 85 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmışdı.

Xəbərə əsasən, “toyuq yaddaşı” xidməti göstərəcəyi halda İslam Respublikası Argentinaya maliyyə vəziyyətini yaxşılaşdırmağı boyun olub.

Argentina KİV-nin yaydığı məlumata görə, Tehran rəsmi Buenos-Ayresdən terror aksiyalarının təhqiqatını dayandırmağı xahiş edib.

Argentina hakimiyyəti ehtimal edir ki, həmin terror olayında İran tərəfindən himayə edilən Livan “Hizbullah”ının da əli var. Bundan başqa, bəhs etdiyimiz terror aksiyasının təşkilində İranın indiki müdafiə naziri Əhməd Vahidinin iştirakı istisna edilmir.

Qeyd edək ki, Əhməd Vahidi nazir olmazdan öncə İnqilab keşikçiləri Qvardiyasının “əl-Qüds” briqadasının komandanı olub. Mahmud Əhmədinejadın prezidentliyinin birinci dövründə o, müdafiə nazirinin müavini vəzifəsində çalışıb. “əl-Qüds”ün “Qüds qüvvəsi” qolu əsasən xarici ölkələrdə fəaliyyət göstərir.

Onunla yanaşı, İranın daha 4 dövlət məmuru bu işlə əlaqədar İnterpol tərəfindən axtarışdadır. Əhməd Vahidinin adı 1996-cı ildə ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi kontingentinin kazarmasının partladılmasında da çəkilir. “Başen Xobra”nın partladılması nəticəsində 19 amerikalı hərbçi həlak olmuşdu.

Avropa xüsusi xidmət orqanlarının məlumatına görə, nazir müavini işlədiyi dövrdə o, İranın atom-nüvə proqramını və pilotsuz uçuş qurğusunun yaradılmasına nəzarət edib.

Yeri gəlmişkən, İnterpol tərəfindən İranın keçmiş prezidenti Haşimi-Rəfsəncani, qvardiyanın keçmiş komandanı Möhsün Rzai və indiki prezident Mahmud Əhmədinejad da axtarışdadır.

Argentinada çıxan “Perfil” qəzeti məsələ əldə etdiyi sənəddən örnək göstərərək, daha sonra yazıb: “Argentina bu iki hücumu araşdırmaqda maraqlı deyil. Bundan başqa, İranla öz iqtisadi əlaqələrini yaxşılaşdırmağa üstünlük verir”.

Ölkə prezidenti Kristina Fernandesi tənqid edən qəzet qeyd edib ki, təklif Argentinanın xarici işlər naziri Hektor Timmermana bu yaxınlarda Dəməşqdə səfərdə olarkən İslam Respublikasının ən yaxın müttəfiqi, Suriya prezidenti Bəşər Əsəd tərəfindən olunub.

Ötən həftənin sonunda, xəbər yayıldığı gün İsrail Argentinadan məsələyə dair rəsmi açıqlama tələb edib. Argentina ilə İran arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair danışıqların başlaması təsdiqlənərsə, o zaman qarşıdan gələn həftə Timmermanın İsrailə səfəri Təl-Əviv tərəfindən təxirə salına bilər.

Baş Prokuror Alberto Nisman isə yerli “Prensa Judia” qəzetinə müsahibəsində “Prefil”-in yazdığını təkzib edib: “Əminəm ki, Argentina hakimiyyəti yayılmış xəbər haqda heç düşünmür. Bu, tamamilə yalandır”. Onun sözlərinə görə, 17 ildən artıq davam edən araşdırma uğurla irəliləməkdədir.

Prokurorun bəyanatı hələ Argentina hakimiyyətinin rəsmi mövqeyi sayılmır. Odur ki, Tehran–Buenos-Ayres anlaşması hələ də beynəlxalq ictimaiyyət üçün qaranlıq olaraq qalmaqdadır.

Nəzərə almaq lazımdır ki, ikinci dünya savaşından sonra faşistlərin bir hissəsi məhkəmədə qaçaraq, Latın Amerikasında, o cümlədən Argentinada gizlənmişdilər.

Bu sayaq məsələləri ört-basdır etmək üçün hakimiyyətlər terror törədənlərlə “qara sövdələşmə”yə də girirlər.

1986-cı ildə Qərbi Berlindəki əyləncə klubunda baş verən partlayış nəticəsində iki amerikalı hərbçi həlak olmuşdu. Onda Mərkəzi Kəşfiyyat İdarəsi teraktda Liviyanı suçladı. 2 il sonra Liviya lideri Qəddafinin əmiri ilə Şotlandiyanın Lokkerbi şəhərində ABŞ-a məxsus sərnişin təyyarəsinin partladılması nəticəsində 270 nəfər həlak oldu.

Ötən il Liviya lideri həmin terror aksiyası nəticəsində həlak olanların ailə üzvlərinə “qan pulu” ödəməklə Qərblə münasibət qurmağa başladı. Görünür, Tehran hakimiyyəti də Argentina rəhbərliyi ilə oxşar sövdələşməyə girərək, mərkəzin və səfirliyin parladılması faktını ört-basdır etməyə çalışır. Hələlik nə rəsmi Tehran, nə də Buenos-Ayres qəzetin yazdığına münasibət bildirməyib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar