Göy köynəkli “Peyğəmbər” və ya Papanı vuran “Məsih”
13 May 1981. Vatikan öz adi günlərindən birini yaşayırdı. Bu günü digərlərindən fərqləndirən sadəcə havanın daha günəşli olması və günorta saatlarında qısa müddətli yağış yağması idi... San Pietro meydanı insanlarla dolub-daşırdı. Dünyanın müxtəlif bölgələrindən gələrək, bu meydana toplaşan insanlar bir azdan Papa II İohan Paveli (Karol Jozef Wojtyla) yaxından görəcəkdilər və bu həyəcan onların üzlərindən hiss olunurdu. Papa əslən polşalı idi, 16 oktyabr 1978-ci ildə sələfi I Jean Pavelin müəmmalı şəkildə ölümündən sonra bu vəzifəyə layiq görülmüşdü. Papa İohan Paveli özündən əvvəlki papalardan fərqləndirən əsas cəhət isə onun italyan olmaması idi. Vatikanın qurulduğu tarixdən etibarən bu cür hal müşahidə olunmamışdı, adətən papalıq italyan kardinallar tərəfindən bir-birinə ötürülürdü...
Saat təxminən 17.00-da ağ geyimli Papa II İohan Pavel ağ rəngli avtomobili ilə San Pietro meydanına daxil oldu. İzdihamın “Yaşasın Papa” deyə alqışladığı Papa II İohan Pavel izdihama gülümsəyərək dini mənsəbin verdiyi qürur və vüqar hissi ilə insanları salamlamağa başladı. Bir gənc qadın izdihamı yararaq, qucağındakı sarışın körpəni Papaya doğru uzatdı. Papa onu görmüşdü və əyilərək uşağı nəvazişlə qucağına aldı. Ananın gözlərindən xoşbəxtlik oxunurdu. Papa uşağın başını sığallayaraq, onu anasına geri verdi. Yenidən üzünü izdihama çevirdi və qəflətən ona sarı tuşlanmış tapança lüləsinin fərqinə vardı. Amma artıq gec idi. Dalbadal iki atəş səsi meydanın genişliyində əks-səda doğurdu. İzdiham sanki gözləri önündə baş vermiş hadisənin mahiyyətini qavramaq üçün bir anlıq səssizliyə qərq oldu və hərəkətsiz qaldı. Hərəkət edən tək şey isə Papa II İohan Pavelin ağ libasındakı qan ləkəsi idi, get-gedə böyüyürdü...
Bir anlıq sükut yerini fəryad səslərinə və çaxnaşmaya buraxdı. Papa mühafizəçilər və mülki polislər tərəfindən əhatəyə alındı...
Tapançasını yerə atıb qaçmağa çalışan göy köynəkli sui-qəsdçini onun yaxınlığında dayanan Lusia adlı rahibə görmüşdü və o, meydandakı digər insanlardan fərqli olaraq özünü itirmədi. Arxadan sui-qəsdçiyə yetişərək, onu möhkəm qucaqladı. Köməyinə polislər yetişdi. Sui-qəsdçini Vatikandakı ən yaxın polis məntəqəsinə apardılar. Vatikanın 2000 illik tarixində ilk cinayəti törətməsinə, dünya tarixində ilk və son Papa sui-qəsdinin baş aktyoru olmasına baxmayaraq, soyuqqanlılığı ilə seçilən sui-qəsdçi polisin “haralısan” sualına cavab olaraq, qandallı əlləri ilə bir kağıza Yunanıstan sözünü yazdı...
Çox keçmədən sui-qəsdçi əsl kimliyini etiraf etdi - Məmməd Əli Ağca...
5 saatlıq əməliyyatdan sonra ağır Papa özünə gəldi. Bütün qüvvəsini toplayaraq qurduğu ilk cümlə sual şəklindəydi: BUNU NECƏ ETDİLƏR?...
Bu sual uzun müddət sui-qəsdlə əlaqələndirilməyə calışılan dövlətlərin xüsusi xidmət orqanlarını, hadisəni araşdıran istintaq orqanlarını, dünya ictimaiyyətini düşündürdü. Amerika və SSRİ təhlükəsizlik xidmətləri bir-birlərinə qarşılıqlı ittihamlar yağdırdı. Jurnalistlər gecələrini gündüzlərinə qatıb hadisəni ən incə detalına qədər incələdilər. Saysız-hesabsız araşdırmalar aparıldı, onlarla kitablar yazıldı. Amma heç bir zaman sui-qəsdin üzərindən sirr pərdəsi qalxmadı. Aradan 30 il keçməsinə baxmayaraq, hələ də yeni-yeni iddialar ortaya atılmaqdadır. Burası da həqiqətdir ki, bu sui-qəsd indi baş versəydi, bütün şübhələr islami terror təşkilatlarının üzərində cəmlənəcəkdi və bütün islam dünyası qınanacaqdı...
Gəlin birlikdə Papa sui-qəsdinin pərdə arxasını nəzərdən keçirək. Bunun uçun də 53 il geriyə gedərək, 23 yaşına qədər 2 sui-qəsdə imza atan, tapançasından çıxan mərmilərlə nəinki Türkiyəni, hətta dünyanı silkələyən Məmməd Əli Ağcanın keçdiyi həyat yolunu bərabər addımlayaq. Kim idi Məmməd Əli Ağca? Onu bu sui-qəsdlərə vadar edən nə idi? Ona kim və ya kimlər kömək edirdi?
O, 9 yanvar 1958-ci ildə Türkiyənin Malatya şəhərində çox kasıb və ucqar məhəllələrindən birində, yoxsul fəhlə ailəsində dünyaya göz açmışdı. Atası kömür mədənində fəhlə idi. Gün-güzəranları elə atasının çıxardığı kömür kimi qara idi desək, tam yerinə düşər. Demək olar ki, ac-yalavac dolanırdılar. Evdar qadın olan anası yaşadıqları daxmanın uçuq-söküyünü düzəltməyə çalışırdısa da, yenə də qışın amansız soyuğu elə daxmanın içindəcə iliklərinə işləyirdi. Ağca 6-7 yaşlarına gəldikdə anası ona bir neçə kitab, dəftər, qələm aldı və balaca Ağca böyük həvəslə məktəbin yolunu tutdu. Amma nümunəvi şagird kimi seçilə bilmədi. Səssiz və qaraqabaq bir uşaq idi. Müəllimləri onu işə yaramaz bir şagird kimi dəyərləndirirdilər.
1967-ci ilin yaz aylarında birdən-birə mədəndə işləyən atası yoxa çıxdı. Bir neçə gün sürən səssizliyin ardından atasının işlədiyi kömür mədənində qəza baş verdiyini öyrəndilər. Atası ölənlər arasında deyildi. Yaralı halda xəstəxanaya çatdırılan işçilərin arasındaydı. Birinci xəbərin təlaşı, ikinci xəbərin isə sevinci ilə Zonquldaqdakı xəstəxanaya doğru yola çıxdılar. Özlərini xəstəxanaya çatdıranda artıq gec idi. Atası gözlərini əbədi yummuşdu.
Dəfn mərasiminə də heç kim gəlmədi. Yaxşı ki, bələdiyyə dəfni öz boynuna götürdü. Ağca ətrafdan bir taxta parçası taparaq, üzərinə “Ahmet Ağca” deyə yazdı. Bu da atasının baş daşı oldu.
Onsuz da çətin olan güzəranları atasının vaxtsız ölümüylə daha da pisləşdi. 10 yaşlı Ağca başa düşürdü ki, işləməlidir və bir müddət sonra dəmiryol vağzalında su satmağa başladı. Dəmiryol vağzallarında axşama qədər “soyuq su, soyuq su” deyə qışqırmağına baxmayaraq, cüzi qazanc əldə edirdi. Yenə de evlərində aclıq və səfalət hökm sürürdü. Bir gün evdəki qazı yandırmaq istəyəndə əlindəki qaz yağı təsadüfən üzərinə töküldü və alışdı. Balaca Ağca bir an içində alovlar içində qaldı. Səsinə anası yetişdi, üstünə yorğan ataraq odu sönürdü. Dəhşətli qorxu hissi öz yerini dözülməz ağrılara buraxdı.
13 yaşına gəldikdə isə su satmaqdan vaz keçərək, inşaatda fəhlə işləməyə və Malatyanın ən böyük meydanlarının birində gündəlik iş üçün bura üz tutan insanların sırasına qoşulmağa başladı. Burada 13 yaşdan tutmuş 60 yaşa qədər insanlara rast gəlmək mümkün idi. Müxtəlif yaş qruplarına aid bu insanları burada birləşdirən tək şey ehtiyac idi.
İnsanlar ehtiyacları təmin olunmayanda özlərini ümidlə aldadırlar. Ümidlər isə hər zaman gərçək olmur. Ehtiyacı olan insanların ən böyük bədbəxtçiliyi ümid tacirləri ilə qarşılaşmasıdır. Çünki onları aldatmaq asan olur.
Ehtiyac içində çırpınan Ağca elə bu dövrdə Türkiyə Kommunist Partiyası ilə tanış oldu. İnsanların azad və bərabər olması, kapitalizmin və burjuaziyanın fəhlə sinfini istismar etməyə son qoyması və sair kimi qulağa xoş gələn ideyalar onun da TKP-yə rəğbətinə səbəb olmuşdu. Onun kimi yüzlərlə insan sosializmə maraq göstərirdi. Ümumiyyətlə, bu dövrdə jurnalist Çətin Altanın da yazdığı kimi Malatya Türkiyədə sosializmin “baş şəhəri” sayılırdı.
Amma Ağca “kommunistlər dinsizdir” düşüncəsinə inandığı üçün TKP ilə məsafə
saxlayırdı. Dindar biri olmasa da, şüur altında Allah qorxusu var idi.
1976-cı ilin yaz aylarında poçtalyon ona o zamana qədər həyatının ən sevindirici xəbərini gətirdi. Ankara Universiteti Tarix-Coğrafiya fakültəsinə verdiyi imtahanlar uğurla nəticələnmiş və universitetə qəbul olunmuşdu. Bütün yay boyu əynindən fəhlə paltarını çıxarmadı. Yolpulu və bir qədər də cib xərcliyi düzəldib Ankaranın yolunu tutdu. Burada təsadüfən qarşılaşdığı bir həmyerlisi ona tələbə yataqxanasında qalmağı məsləhət gördü. Elə də etdi və bu, onun həyatında dönüm nöqtəsi oldu. Çünki bu tələbə yataqxanası türk millətçilərinin nəzarətində idi. Ağcanın ülküçülərlə tanışlığı buradan başladı və qısa müddət sonra ülkücülərlə qaynayıb-qarışdı...
Ağcanın Ankaraya daha sonra isə İstanbula getdiyi illər Türkiyənin siyasi atmosferində fırtınaların qopduğu dövrlərə təsadüf edirdi. Vətəndaş qarşıdurması get-gedə dərinləşir, siyasi mübahisələr münaqişələrlə nəticələnirdi. Təkcə 1977-1986-cı illər ərzində Türkiyədə 5388 adam siyasi düşüncəsinə görə öldürülmüşdü.
Ordu hadisələri izləyir və Türkiyə addım-addım 12 sentyabr çevrilişinə doğru gedirdi...
Ağcanın siyasi dünyagörüşü və mübarizə metodları bu cür şərtlər altında formalaşırdı. O, məşhur terrorçu “Çaqqal Karlos”a heyranlıq duyurdu və qəhrəman olmaq istəyirdi. Qəhrəman olmaq üçün isə düşmənə və vətən xainlərinə qarşı amansız olmaq lazım idi. Bu dövrdə Türkiyədə fərqli siyasi dünyagörüşünə mənsub insanlar bir birlərini düşmən, vətən xaini olaraq adlandırırdı (təəssüf ki, sivil müstəviyə daşınsa da, bu ənənə hələ də davam edir).
Silahla doğru-dürüst rəftar edə bilməyən, zəif cüssəli Ağcanı başqalarından fərqləndirən həddindən artıq cəsarətli olması idi. O başa düşürdü ki, tanınmaq və heç olmasa, öz ətrafında məşhur olmaq üçün daha öncə başqalarının edə bilmədiklərini etməlidir. Ağca bunları düşündüyü zaman gözləri parıldayırdı və bu parıltı ətrafındakıların diqqətini cəlb edirdi...
Axşam saatlarında Ankara-İstanbul reysi ilə hərəkət edən təyyarə İstanbul Atatürk Hava Limanında yerə endi. “Milliyet” qəzeti baş yazarı Abdi İpəkçi də təyyarədən enənlər arasındaydı. O, Türkiyənin ən tanınmış jurnalistlərindən idi və 1954-cü ildən etibarən “Milliyet” qəzetində çalışırdı. Yorğun olduğu üzündən hiss olunurdu. Ankarada çox önəmli görüşlərdə iştirak etmiş , baş nazir Ecevitlə 2 saat təkbətək görüş keçirmişdi. Hələ də beynində o söhbətinin detallarını götür-qoy edirdi. Ecevitlə uzun bir dialoqun ardından müxalifət lideri Süleyman Dəmirələ zəng etmişdi. Bəzi məsələlərə aydınlıq gətirdikdən sonra isə İstanbula geri dönmüşdü. İndi isə aeroportun otoparkında saxladığı avtomobilinə minərək, ofisinə gedəcəkdi. Ayaqüstü ofisə baş çəkəcək, oradan isə evə yollanacaqdı...Evi Nişantaşında Karakol küçəsindəydi. Demək olar ki, çatmışdı. Tıxac olduğu üçün sürəti azaltdı. Bir anda həyat yoldaşı Sibel və qızı Nükhet üçün darıxdığını hiss etdi. Gülümsədi və bu onun son gülümsəməsi oldu. Ard-arda 9 dəfə silah səsi eşidildi və Abdi İpəkçi nə olduğunu belə anlamadan sükanın üstünə yıxıldı.
Hadisədən 5 ay sonra - 25 iyun 1979-da İstanbul polisinə aşağıdakı məzmunda anonim zəng gəldi: İstanbulun Bəyazid səmtində, Mərmərə çayxanasında əyləşən uzun boylu, göy köynəkli bir şəxsin Abdi İpəkçinin 5 aydır, axtarılan qatili olduğu deyilir. Polis ildırım sürətilə çayxanaya basqın etdi. Təsvir edilən əlamətlərə uyğun gələn Kamal Mıxlıoğlu adlı şəxs həbs olundu və ilkin istintaqda əsl kimliyini etiraf etdi – Məmməd Əli Ağca...
Polisi ilk növbədə düşündürən məsələ Malatyadan Ankaraya oxumaq üçün gələn bir gəncin necə əli qanlı qatilə çevrilə bilməsi idi.
Amma heç kimin ağlına gəlməzdi ki, 2 il sonra bu gənc dünyanın diqqətini öz üzərinə çəkmək üçün daha bir ağlagəlməz sui-qəsdə imza atacaq.
Hələlik isə Ağcanın istintaqı davam edirdi. Soyuqqanlılığı ilə müstəntiqləri belə heyrətləndirən Ağca özünə aşağıdakı sözlərlə haqq qazandırdı: “İpəkçini öldürdükdən sonra nələr olacağını təxmin edə bilirdim. Bütün qəzetlər qaraya boyanacaqdı. Dəfn mərasimində nə qədər dövlət adamı varsa, birlikdə yas mərasiminə qatılacaqdı. Beləliklə bir-birinin qanına susamış, bir-birinə düşmən xalqım həqiqəti görəcəkdi. Minlərcə sadə vətəndaşın ölümünə laqeyd qalanların, bir insanın dəfnində necə hay-küy qoparacaqlarını görəcəkdi...”
Ağca əslində İpəkçini 1979-cu il yanvarın 31-də öldürməyi planlaşdırmışdı. Amma İpəkçinin qəfildən Ankaraya getməsi onun bütün planlarını alt-üst etdi və İpəkçinin ömür təqviminə daha bir gün əlavə olundu. Ağca ertəsi gün, yəni 1 fevralda sui-qəsdi reallaşdırdı. Sonradan Ağca sui-qəsd anını belə xatırlayırdı: “Silahımı çıxardım və sağ ön şüşədən əlimi içəri soxaraq, atəş açdım. Əslində bir dəfə atəş açaraq, işi bitirməyi planlaşdırmışdım. Amma özümə nəzarəti itirdim, dalbadal atəş etdim...”
Ağcanın məhkəmə prosesi davam edirdi. Onun bağlantıları araşdırılır, hər gün yeni adlar ortaya çıxırdı. Ağca isə bir-birinə ziddiyyətli ifadələr verərək İpəkçi sui-qəsdinin ssenari müəlliflərini qorumağa çalışırdı. Ağca verdiyi ifadələrin əksəriyyətində “mən burada çox qalmayacağam” cümləsini işlədirdi. Zaman onun haqlı olduğunu sübut etdi. Çünki onun ülkücü təşkilatının rəhbərlərindən olan Abdulla Çatlı və Oral Çəlik kimi dostları artıq həbsxanadan qaçış planını hazırlamışdılar. Ağca hələ Abdulla Çatlının işinə çox yarayacaqdı...
Ağca həbs olunduqdan sonra Səlimiyyə həbsxanasına yerləşdirilmişdi. Bir müddət sonra isə öz istəyi ilə Kartal-Maltəpə hərbi həbsxanasına köçürüldü. Bu həbsxana ciddi nəzarət sistemi ilə digərlərindən seçilirdi və bir hərbi hissənin daxilində yerləşirdi. Amma burada ülküçü məhbuslar üstünlük təşkil edirdi. Bu da Ağcanın həbsxanadan qaçışını asanlaşdıracaqdı.
5 noyabrda Ağca həbsxanadan qaçmağa cəhd etsə də, düzgün hesablanmamış qaçış planı uğursuzluqla nəticələndi. İkinci plan daha dəqiq işləməliydi. Abdulla Çatlı və Oral Çəlik həbsxana keşikçilərindən Bünyamin Yılmaz adlı bir əsgəri ələ almağı bacardılar. Bünyamin Yılmaza növbətçi olduğu gecə bir dəst əsgər paltarı, 100 min lirə və tapança ilə mərmi verildi. O da əsgər paltarını gecə Ağcaya geyindirdi. İkisi birdən çox rahat bir şəkildə həbsxanadan çıxdı.
Ağca artıq azad idi və azadlıqda onu gözləyirdilər. Azadlığın ikinci günündə Ağcanın ilk işi “Milliyet” qəzetinə aşağıdakı məzmunda məktub yazmaq oldu: “Türkiyənin qardaş islam ölkələri ilə yaxın şərqdə yeni bir siyasi, hərbi və iqtisadi güc mərkəzinə çevrilməsindən qorxan qərbli imperialistlər, belə həssas bir zamanda Papa II İohan Paveli Türkiyəyə göndərirlər. Bu zamansız və mənasız səfər ləğv olunmasa, Papanı vuracağam. Həbsxanadan qaçmağımın tək səbəbi budur”.
Bu təhdid nəinki Türkiyədəki qəzetlərin, eyni zamanda dünyanın aparıcı qəzetlərinin də manşetinə çıxdı. Bu barədə Papaya sual verildiyi zaman isə - “Mən o kasıb gənc üçün dua edirəm” cavabını verdi...
Papa yüksək təhlükəsizlik tədbirləri altında İstanbula gəldi və səfər zamanı heç bir xoşagəlməz hadisə baş vermədi. Sonradan Ağca bu məktubu sadəcə iz azdırmaq üçün yazdığını etiraf etmişdi. Papanın İstanbula səfəri isə təyyarədən enər-enməz diz çöküb torpağı öpməsi ilə yadda qaldı. Papanın bu davranışı çoxları tərəfindən təqdirlə qarşılansa da, bəziləri bunu onun hələ də İstanbulu xristian torpağı hesab etməsi ilə əlaqələndirdi.
Həbsxanadan qaçdıqdan təxminən 2 ay sonra Nevşehir polis idarəsindən Ağca üçün saxta pasport alındı. Artıq Ağca xaricə çıxa bilərdi. Bu işi də Abdulla Çatlı öz boynuna götürdü. O vaxtın məşhur ülkücülərindən olan Timur Səlcuqdan (Azərbaycanlıların Dayanışma Dərnəyinin sədri) bu məsələdə kömək istəndi. Bölgədə (Qars, Ərzurum) ülküçülərin lideri olmaqla yanaşı, böyük bir nüfuza da sahib olan Timur Səlcuq bu işin öhdəsindən asanlıqla gəldi (məhz buna görə sonradan həbsə məhkum edildi).
Ağca nəinki həbsxanadan qaçmış, hətta asanlıqla ölkəni də tərk edə bilmişdi. O, axtarışda olmasına baxmayaraq, sərhədi qeyri-qanuni yolla keçərək İrana getmişdi. Burada növbə ilə Təbrizdə və Tehranda zamanını keçirən Ağca hətta bir dəfə türk jurnalistlərlə bərabər McDonaldsda yemək də yedi. Əlbəttə ki, onun kim olduğunu bilmədilər. 80 gündən sonra burada duruş gətirə bilmədiyi üçün qaçaq yollarla geri dönən Ağcanın ilk eşitdiyi xəbər ölüm hökmünə məhkum olunduğu oldu.
Özünü çarəsiz və xəyanətə uğramış kimi hiss edirdi. Çünki dostları bu barədə onu xəbərdar etməmişdilər. İrana geri qayıtmağı düşündü. Amma o, fəaliyyətsiz qalmaq və tədricən yaddaşlardan silinib getmək istəmirdi. Ağca axşama qədər tərəddüd içində qaldı. Ya bir TIR avtomobili ilə sövdələşib İrana keçməli, ya da burada qalıb edam qorxusu ilə gizlənməli idi. Lakin axşam Oral Çəlik, Timur Səlcuq və daha 4 nəfər Ağcanın qaldığı kəndə gəldi. Ağca onların köməyi ilə Ankaraya, oradan isə saxta Hindistan pasportuyla Bolqarıstana keçdi...
Sofiyada bir otelə yerləşən Ağca şərtləşdikləri kimi 40 gün sonra Türkiyə sərhədinə gələrək Abdulla Çatlı ilə görüşdü. Çatlı ona bəzi dostlarından və Brejnevi öldürmək planlarından danışdı. Ağca heç düşünmədən razılıq verdi və təyin olunmuş vaxtda görüşmək şərti ilə Çatlıdan ayrıldı...
Ağca qəhrəman olmaq üçün tələsirdi. Artıq Abdi İpəkçinin qatili kimi xatırlanmaq ona bəs eləmirdi. O, nəinki Türkiyədə hətta dünyada qorxulan adam olmaq istəyirdi və olacağına da inanırdı. Elə buna görə də Avstraliyada bir evdə Çatlıyla görüşən kimi bu inamını dilə gətirdi:
- Rəis , bir gün məni bütün dünya tanıyacaq!
Çatlı gözlərini əlindəki kağızdan ayıraraq, onu diqqətlə süzdü və üzərində 40 nəfərin adı yazılmış kağızı ona doğru uzatdı:
- Birincidən başlaya bilərsən.
Birincinin kim olduğu isə artıq hamımıza aydındır. Bəs Çatlıya bu əmri kim vermişdi. Avropada Asalanı məhv etməsiylə tanınan Abdulla Çatlını Papaya sui-qəsd hazırlamağa vadar edən nə idi? Hadisə ilə yaxından-uzaqdan əlaqəsi olan insanların demək olar ki, hamısının ortaq qənaəti sui-qəsdin sadəcə şöhrət qazanmaq üçün həyata keçirildiyi idi. Amma “CIA” Türkiyə bürosunun sədri Paul Henze fərqli düşünürdü. Henzenin fikrincə, sui-qəsd “KQB” tərəfindən hazırlanmışdı. Səbəb isə Polşada SSRİ-yə etiraz edən müqavimətçilərə, özü də əslən polşalı olan Papanın verdiyi dəstək idi. Silah ticarəti ilə məşğul olan bolqarlar vasitəsi ilə də Türkiyənin yeraltı dünyası ilə əlaqə yaradılmış və nişançı kirayələnmişdi. İohan Pavelin yaralanmamışdan bir müddət əvvəl SSRİ-nin ünvanına səsləndirdiyi sərt ittihamlar Henzenin iddialarının həqiqət olma ehtimalını artırırdı. Bu məntiqlə belə çıxırdı ki, “KQB” bolqarlardan, bolqarlar Abdulla Çatlıdan, Çatlı isə Ağcadan istifadə etmişdi.
Sui-qəsddən sonra ilkin istintaqda Ağcanın verdiyi ifadəyə görə sui-qəsdi hazırlamaqda ona 3 bolqar - Teodor Ayvazov, İvan Antonov ve Jelio Vassiliev kömək etmişdi. Teodor Ayvazov Bolqarıstan Respublikasının Roma səfirliyində mühasib, İvan Antonov isə Bolqarıstanın İtaliyada hərbi attaşesi idi. Ağca sui-qəsd təlimatını birbaşa onlardan aldığını, hətta sui-qəsddən 2 gün əvvəl San Pietro meydanına gedərək ərazini gözdən keçirdiklərini, onun üçün qaçış planı hazırladıqlarını iddia edirdi. Bu ifadələrin mətbuata sızması nəticəsində Ayvazov ve Vassiliev həbs olunmaqdan canlarını qurtara bildilər. Antonov isə elə aeroportdaca həbs edildi. O, 3 il həbsdə saxlansa da sui-qəsdlə əlaqəli olduğu isbat edilmədi. Antonovun həbs olunması və digər bolqar diplomatlarının da İtalyan hökuməti tərəfindən sui-qəsddə günahlandırılması, Bolqarıstanla İtaliya arasında diplomatik böhrana səbəb oldu. İtaliya Bolqarıstanı Sovet İttifaqı ilə əlbir olmaqda ittiham edirdi.
Sovet İttifaqı isə var gücü ilə bu iddiaları təkzib edirdi. Bu dövrdə Moskvada nəşr olunan “Pravda” və “İzvestiya” qəzetlərində Ağca faşistlərlə və “CIA” ilə əlaqələndirilirdi.
Sonradan Ağca Papa sui-qəsdinin arxasında Vatikanın dayandığını iddia edəcəkdi. Onu da qeyd edim ki, Ağca Papa sui-qəsdi ilə əlaqədar aparılan istintaqda 158 dəfə ifadə dəyişmişdi. Onun həbsxanadan çıxdıqdan sonra qələmə aldığı “Papanı nədən vurdum” adlı kitabında açıqladığı faktlara inansaq, sui-qəsdin sxemi belə hazırlanmışdı: Çatlı Sürixdə Ağcanı Maykl adlı biri ilə tanış edir. Məqsəd Brejnevə qarsı sui-qəsd hazırlamaqdır. Sui-qəsdin tarixi 1 may 1981-ci il olaraq təyin olunur. Çatlı geri döndükdən sonra da Mayklla Ağcanın təmasları davam edir. Ağca antikommunist olduğu üçün lazım gəlsə, hətta kamikadze hücumu ilə Brejnevi öldürməyə hazır olduğunu bildirir. Maykl Ağcaya bir villa kirayələyir və boş zamanlarında italyanca öyrədir. 1980-ci il oktyabr ayının əvvəllərindən isə Maykl daha çox Vatikandan və Papadan bəhs etməyə başlayır. 13 oktyabrda Maykl Ağcaya Fatimənin sirləri haqqında məlumat verir (iddiaya görə Portuqaliyanın Fatimə qəsəbəsində 13 may 1917-ci ildə 3 balaca uşaq Müqəddəs Məryəm ilə qarşılaşır. Sonra isə Məryəm Ana 6 ay ərzində hər ayın 13-ü bu uşaqların gözünə görünərək onlara bəzi sirlər verir. Sürətlə yayılan bu iddiaların nəticəsində minlərlə insan Fatimə qəsəbəsinə axışır. 13 oktyabr 1917-də isə Müqəddəs Məryəm son dəfə görünür. Müqəddəs Məryəmin ilk dəfə qarşılaşdığı 3 balaca uşaq onlara söylənmiş 3 sirri hər kəsə yayır. Birinci sirr - Qiyamət günündə hər kəsin cəhənnəmə gedəcəyi lakin ona inananların və tövbə edənlərin cənnətə layiq olacağı, ikinci sirr - dünyada sülhün yalnız Sovet İttifaqının süqutundan və rusların katolikliyə keçməsindən sonra bərqərar olacağı, üçüncü sirr isə bir gün Papaya sui-qəsd ediləcəyidir) və Ağcaya: “Bizim gözlədiyimiz Məsih sənsən, sən Müqəddəs Məryəmin üçüncü sirrini gerçəkləşdirməlisən. Tanrı səni bunun üçün yer üzünə göndərib” -deyir. Ağca eşitdikləri qarşısında şoka düşür, düzdü o qəhrəman olmaq eşqi ilə alışıb-yanırdı, ancaq sən demə, Tanrı onun üçün peyğəmbərlik nəzərdə tutubmuş. Ağca Mayklın “KQB”, “MOSSAD” və yaxud “CIA” agenti ola biləcəyindən şübhələnir və ona “mənim Məsih olduğumu haradan bilirsən?” –deyə sual verir. Maykl 13 may 1979-da Müqəddəs Məryəmin yenidən göründüyünü və onun adını çəkdiyini izah edir. Ağca buna inanmaq istəməsə də, daxilində bir səs ona Məsih olduğunu pıçıldayır. Sadəcə, bir qaranlıq məqam var idi. Axı necə ola bilərdi ki, Məsih Papanı öldürmək istəsin. Bu qədər şər qüvvə və qaranlıq güc olduğu halda Məsih Ağcanın öz gücünü Papa II İohan Pavelin üzərində sınamasının nə mənası var idi? Maykl diqqətlə dinlədikdən sonra etiraf edir ki, o, Vatikanın elçisidir və Vatikanın tapşırığını yerinə yetirir. Tapşırıq isə Fatimənin üçüncü sirrini reallaşdırmaq yəni Ağca vasitəsi ilə Papaya sui-qəsd hazırlamaqdır. Çünki sui-qəsd reallaşdığı təqdirdə Sovet İttifaqının süqutu labüddür. Qısacası, Vatikan ondan Papanı güllələməsini, amma öldürməməsini xahiş edir. Əvəzində isə Ağcanın peyğəmbərliyi sübut olunacaq və ən gec 1983-cü ilə qədər həbsdə qalacaqdı. Sonra Papa Ağcanı bağışlayacaq və Vatikan İtaliya hökumətini Ağcanı azadlığa buraxmaq üçün razı salacaqdı (Doğrudan da sui-qəsddən sonra Papa Ağcanı bağışladı). Vatikan bunları etməyə söz verirdi…
Ağca sui-qəsddən əvvəl dəfələrlə Mayklla birlikdə San Pietro meydanına gedərək ərazini gözdən keçirir və atəş açacağı nöqtəni müəyyənləşdirir. Təyin olunmuş gündə sui-qəsd uğurla həyata keçir. Amma Vatikan verdiyi sözə tam şəkildə əməl etmir və yaxud da edə bilmir. Nəticədə Ağca 1983-cü ildə ömürlük həbs cəzasına məhkum olunur.
Ağcanın kitabında açıqladığı faktlar o qədər də inandırıcı görünmür. Məsələ burasındadır ki, Ağca bu iddiaları 30 illik həbsxana həyatından sonra irəli sürür. İnsanlardan təcrid olunmuş şəkildə keçən 30 il Ağcanın sağlam düşünməsinə və sağlam mühakimə yürütməsinə mane olduğu kimi, onun digər insanlar tək cəmiyyətə normal şəkildə adaptasiya olmasına əngəl olur. Ağca başqa bir dünyada yaşayır və özünü dünyanın qurtarıcısı - Məsih hesab edir. O, 2012-ci ilin dünyanın sonu olacağına, özünün isə ilahi qurtarıcı olduğuna şübhə etmir.
Ağcanın 30 illik həbsxana həyatında yaşadığı mühüm hadisələri sıralasaq, ilk üç yeri aşağıdakı hadisələr tutar - Papanın onu əfv etməsi, Ağcanın sərbəst buraxılması tələbi ilə naməlum şəxslər tərəfindən iki azyaşlı qızın (Emanuela Orlandi və Mirella Greogori) qaçırılması və Papanın onu ziyarətə gəlməsi. Qızları qaçıranlar İtaliya hökumətindən Ağcanı buraxmalarını tələb etmişdilər. Əlbəttə ki, hökumət bu tələbi yerinə yetirmədi, amma qızları kimlərin qaçırdığını da müəyyən edə bilmədi. Əsir tutulan qızlar onları qaçıranlarla bərabər məchula qarışdılar. Aradan 37 il keçməsinə baxmayaraq, bu hadisə hələ də öz əsrarəngizliyini qorumaqdadır. Papa II Pavelin Ağcaya rəhmi gəlirdi. O, 17 may 1981-ci ildə Ağcanı əfv etdiyini açıqladı. Bir gün sonra isə Vatikanın rəsmi qəzeti “Lossevatone Romano” Papanın Ağcanı bağışladığını ilk səhifəsində manşetə çıxardı. Maraqlıdır ki, Papa 13 may 1982-ci ildə onu bıçaqlamaq istəyən bir rahibi həbs etdirmiş və şikayətini geri çəkməmişdi. Rahibi bağışlamayan Papa nəinki Ağcanı bağışladı, hətta 1983-cü il dekabrın sonlarında Roma həbsxanasına gələrək Ağcanı ziyarət də etdi. Bu ziyarətə dünya mətbuatı geniş yer verdi. Papa ilə Ağca 21 dəqiqə baş-başa söhbət etdilər. Sonradan Ağcanın söylədiyinə görə Papa ona katolikliyi qəbul edərək Vatikanda qalmağı təklif etmişdi.
Əslində Papanın bu mərhəmətinin arxasında siyasi səbəblər də var idi. Onsuz da Ağcanı əfv etməsiylə kifayət qədər təqdir olunan Papa Ağcanın katolikliyi qəbul etməsi ilə daha da məşhurlaşacaqdı. Əli qanlı qatili mömin bir xristiana çevirmək Papanın nüfuzunu daha da artıracaqdı. Ağ libaslı Papa II Pavellə heç bir zaman göy köynəyindən vaz keçməyən, hətta insanların yaddaşında göy geyimi ilə bütünləşən Məmməd Əli Ağcanın iki səmimi dost kimi əl-ələ tutuşduqları fotoqraf 9 yanvar 1984-cü ildə “TIME” jurnalının üz qabığında özünə yer tapdı. Ağca artıq məşhur idi. O, arzusuna çatmışdı. Bu məşhurluğun müqabilində onu qarşıda 30 illik həbsxana həyatı gözləyirdi.
30 iyun 2000-ci ildə Ağcanın vəkili ona heç gözləmədiyi xoş xəbəri gətirdi. İtalyan hökuməti onu bağışlamışdı. 19 il, 1 ay dörd divar arasında həyatını davam etdirən Ağca azadlığa layiq görülmüşdü. Hazırlaşmaq üçün bir necə saat zamanı var idi. Onu Türkiyəyə aparacaq təyyarə artıq aeroportda gözləyirdi. İtalyan hökuməti Ağcanı bağışlandıqdan sonra Türkiyəyə göndərmək qərarını almışdı.
İki və ya üç saatlıq yolçuluqdan sonra Ağca 20 il əvvəl tərk etdiyi İstanbulun havasını ciyərlərinə çəkirdi. Burada onu gözləyən bir bəd xəbər var idi. Ağca Türkiyədə törətdiyi cinayətlərə görə məhkum olunduğu həbs müddətini tamamlamadığı üçün yenidən həbsə girməli idi. Elə də oldu.
Həbsxanada keçirdiyi illərin düzgün hesablanmaması və qanundakı müəyyən boşluqların ucbatından Ağca 2006-cı il yanvar ayının 13-də bir günlük azad edildi. Daha doğrusu azad edilən kimi yenidən həbs edildi. Nəhayət 18 yanvar 2010-cu ildə Ağca birdəfəlik azadlığa çıxdı. Bu, onun həbsxanadan dördüncü çıxışı idi. Ağca həbsxanadan çıxarkən onu bayırda media ordusu gözləyirdi. Hətta əksər xarici telekanal Ağcanın həbsxanadan çıxışını canlı yayımladı. Ağcanın üzündəki ifadədən məşhurluqdan zövq aldığı hiss olunurdu. O, bunun uçun 30 ilini qurban vermişdi. O, həbsxana çıxışında jurnalistlərə öncədən hazırladığı kağızları payladı. Kağızlarda yazılanlar Ağcanın mənəvi aləmini, psixoloji durumunu və düşüncə tərzini anlamaq üçün yetərli idi. O, özünü belə təqdim edirdi: “Mən tanrı deyiləm. Men tanrının oğlu da deyiləm. Mən sadəcə kainatı yaradan və idarə edən tək Allahın kainat tarixində yaratdığı ən üstün varlıq olaraq, onun birinci, bəşəri və əbədi xidmətçisiyəm”…
İndi o, sakit və gözdən uzaq bir həyat sürür. Peyğəmbər olduğuna inanır və ona ilahi əmrin gələcəyi günü gözləyir. Bəzi günahkarlar kimi, günahını yumaqdansa, ona haqq qazandırmaq istəyir. Qatıldığı televiziya proqramlarında peşman olmadığını söyləyir. Eyni zamanda var gücü ilə Papa sui-qəsdinin digər iştirakçılarını inkar etməyə, sui-qəsd əmrini birbaşa Vatikandan aldığını isbat etməyə çalışır. Qazandığı “şöhrəti” heç kimlə bölmək istəmir.
Belə ucuz şöhrət xətrinə öz ömrünü və başqalarının ömrünü puç etməyə dəyərdimi? Əminəm ki, Ağca hər zaman bu sualı cavabsız buraxacaq…
[email protected]

1329