Rəfsəncani uduzur, yaxud hakimiyyət yenidən qurulmağa cəhd göstərir
10 mart 2011 23:19 (UTC +04:00)

Rəfsəncani uduzur, yaxud hakimiyyət yenidən qurulmağa cəhd göstərir

Bu qurumun vəzifələri İran Ana Yasasının 8-ci fəslində təsbit olunub. Həmin səlahiyyətlərə əsasən, şura ölkənin ali rəhbərini(hazırda bu vəzifəni ayətullah Xamneyi tutur) - vilayəti-fəqihi seçir.

İran informasiya vasitələrinin məlumatına görə, Rəfsəncaninin bu vəzifəyə yenidən seçməyiblər. O, hazırkı prezident Mahmud Əhmədinejada müxaliflərdən sayılır. 2009-cu ilin prezident seçkisindən sonra o, dəfələrlə mövcud hökuməti tənqid edib. M.Əhmədinejad isə prezident olduğu gündən onu və ailəsini tənqid edir, onların gəlir mənbələrini qapadır, eləcə bu ailənin İranda ən varlı olduğunu bildirir. İran prezidenti Rəfsəncanini korrupsiyada da ittiham edir.

2009-cu ilin prezident seçkisindən sonra Haşimi- Rəfsəncani ölkənin ali rəhbəri ayətullah Xamneyiyə açıq məktub göndərmişdi. O, indiki prezident Mahmud Əhmədinejadın haqqında söylədiyi ittihamlarından şikayətlənmişdi.


Rəfsəncani onu “korrupsioner” adlandıran Əhmədinejadın iddialarını geri götürməsini tələb edirdi. Keçmiş prezident ittihamlara cavab vermək üçün dövlət televiziyasında efir vaxtı verilməsini istəyirdi. Amma onun istəyi təmin olunmadı.

O zaman Əhmədinejad demişdi: “Haşimi Rəfsəncaninin oğlu ölkədə nə işlə məşğuldur? Mənim nazirlərimdən biri onların vaxtında milyarder olub, əmlaklar alıb. Məndə adamların zəbt edilmiş 40 hektar, 50 hektar, 400 hektar torpaq sahələrinin siyahısı var. Səni müdafiə edən adamların bəzilərinin oğlu qanunsuz hərəkətlərlə məşğul olur. Parlamentin keçmiş sədri Natiq Nurinin oğlu necə milyarder olub? Onun özü necə yaşayır? Bu adamların hamısı sənin müdafiəçilərindir”.


Sədr seçkisində Dini Ekspertlər Şurasına mühafizəkarların nümayəndəsi Məhəmmədraz Məhdəvi-Kani seçilib. Rəfsəncani isə onunla rəqabət aparmaqdan imtina edib. Tək namizəd kimi M.M.Kani şuranın yeni sədri olub.

Hazırda 77 yaşlı Rəfsəncani Məsləhət Şurasının sədri vəzifəsini hələ ki qoruyub saxlaya bilib. Bu qurum ali icraedici və ali qanunverici orqanlar arasındakı mübahisəli məsələlərin həllinə yardım edir. Məsləhət Şurası isə Ana Yasadan kənar bir qurumdur. Onu ayətullah Xomeynin məsləhəti ilə yaradıblar. Odur ki, Şura sədrliyinə layiq bilinməyən Rəfsəncaninin hakimiyyət qalacağı şübhə altındadır.

Sonuncu prezident seçkisindən sonra o, başçılıq etdiyi qurumda ölkənin ali rəhbəri ayətullah Xamneyiyə etimadsızlıq məsələsini də qaldırmışdı. Onda belə xəbər yayılmışdı ki, şuranın 89 üzvündən 43-ü məsələyə müsbət cavab verib. Bu baxımdan Rəfsəcanidən sonra Dini Ekspertlər Şurasında da “yenilənmənin” gedəcəyi istisna olunmur. Belə bir durum isə keçmiş prezidentin hakimiyyətdəki mövqelərinin laxlaması kimi də dəyərləndirilir.

Seçkidən bir gün öncə o, Tehranda “Əkinçilər ev”nin mərkəzi şurasının üzvləri ilə görüşündə “totalitar hakimiyyətlər dövrünün artıq başa çatdığını” vurğulayıb: “Bu gün bütün islam dünyası və üçüncü dünya ölkələri ciddi dəyişiklik ərəfəsindədir. Bölgədəki hakimiyyət üsul-idarələri artıq əvvəlki kimi mövcud ola bilmir. Bugünkü dünyada xalqı qorxutmaq və təhdid yolu ilə ona hökmranlıq etmək daha mümkün deyil. Bölgədə baş verənlər insanların ayıq-sayıqlığını, onların oyandığını göstərir. Buna isə dünyada kütləvi informasiya vasitələrinin sürətlə genişlənməsi, dünyadakı informasiya partlayışı səbəb olub. Elə buna görə də hesab edirəm ki, İranda sistemin mənafe və məsləhətini qoruyub saxlamaq üçün ölkədə birlik və vəhdəti gücləndirməli, şəxsi mənafe və maraqlarımızdan vaz keçməliyik”.

Rəfsəncani ailəsi də narahatdır. Onun böyük oğlu Möhsün Haşimi M.Əhmədinejadın yürütdüyü siyasətə “etiraz” əlaməti olaraq, Tehran metropoliteni vəzifəsindən istefa verib. Bunu prezidentin Rəfsəncaniyə qarşı tutduğu münasibətlə də əlaqələndirmək olar.

M.Haşiminin bir müddət öncə Əhmdinejad hökumətindən dəmiryol nəqliyyatının genişləndirilməsi məqsədi ilə milyard dollar köçürülməsini istəyirdi. Onun bu tələbi hökumət tərəfindən rədd edilmişdi.

Yeri gəlmişkən, bu ilin yanvarında İranın Xarici İşlər Nazirliyi Tehranın meri Məhəmmədbağır Qalibaf və onun başçılıq etdiyi nümayəndə heyətinə Vaşinqtona səfərə icazə verməmişdi.


Qalibaf ABŞ-a “İctimai nəqliyyat” beynəlxalq mükafatını almaq üçün getməli imiş.


Tehran merliyindən bildirilirdi ki, mükafatı almaq və Vaşinqtona getməkdən ötrü M.Qalibaf bütün hazırlıq işlərini görübmüş. Bu mükafat Nəqliyyatın inkişafı üzrə Beynəlxalq qurum (“Institute for Transportation and Development Policy”) tərəfindən təltif olunur. Tehran merliyi nümayəndə heyətinin ABŞ-a səfərinin yasaqlanması səbəbi barədə açıqlama yayılmadı.

Ötən həftə Tehran metropoliteninin rəisi postundan “istefa verən” Möhsün Haşimi martın 7-də Tehran merinin müşaviri vəzifəsinə təyin olunub.

Beləliklə, İranda Rəfsəncaninin açıq şəkildə hakimiyyətdən uzaqlaşdırılması prosesinin başladığı ehtimalı artırır. Bundan sonra keçmiş prezident çeşidli yolla mövqeyini və özünü çətin gizlədə bilsin. Çünki yaxın gələcəkdə Rəfsəncani ailəsinin “törətdiyi cinayətlərin üstünün açılacağı” istina edilmir. Bununla rejim həm də ölkə əhalisi arasında etimad qazanmağa çalışacaq. Rəfsəncani isə ona qarşı qaldırılan ittihamları rədd edərək, özünü daha çox demokrat göstərməyə çalışacaq. “Mən rejimi tənqid etdiyim üçün mənə və ailəmə basqılar sürür” - deyə, bəyanat verəcəyini indidən ehtimal etmək olar. Odur ki, onun yeganə çıxış yolu müxalifətə sığınmaqdan keçir. Ancaq İran cəmiyyəti Rəfsəncanini qəbul edəcəkmi? Yaxud hakimiyyət ona müxalifət düşərgəsinə keçərək, rəqiblərinin güclənməsinə imkan verəcəkmi? Bu baxımdan onun həbsi də istisna edilmir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar