“Komandante Çaves” - PORTRET
09 mart 2011 16:04 (UTC +04:00)

“Komandante Çaves” - PORTRET

“You are a donkey!”

”Siz bir eşşəksiniz. Bir də pis bildiyim ingiliscə deyim: You are a donkey!”. Bunu ABŞ-ın keçmiş prezidentlərindən birinin ünvanına Venesuela prezidenti Uqo Çaves deyib. Sizə qəribə gəldi, eləmi? Amma bu, hələ hamısı deyil.

Birləşmiş Millətlər Təşkilatında nitqə başlayan Çaves yenə “əbədi düşmənlərindən” birini hədəf alaraq demişdi: “Dünən burda iblis olub, hələ də kükürd iyi gəlir. Həmin iblis bura çıxış etməyə gəlmişdi, sanki o, bütün dünyanın sahibidir”…

ABŞ-da Barak Obama prezident seçiləndən sonra isə bu təhqirləri “Obama, bir də gördün, təyyarəm Ağ Evin yanındakı yaşıl çəmənlikdə göründü”, ya da “Obama, gəl bir qolf oynayaq” kimi atmaca-hədələr əvəz edib. Amma ABŞ-Venesuela münasibətlərini və dəngəsində problem olan Çavesi Obamanın «Bilmək olmaz, qəflətən təyyarəm marşrutunu dəyişə və Venesuelaya enə bilər» kimi zarafatyana jesti də yumşalda bilməz.
Niyə? Bundan ötrü Venesuelanı və «Komandante Çavesi»ni tanımaq gərəkdi!

Venesuela

Bolivarçı Venesuela Cümhuriyyəti. Paytaxtı Karakas. Latın Amerikasının neftlə zəngin olan bu ölkəsi Kolumbiya və Braziliya ilə həmsərhəddir. Ərazi 912 min kv km-dən, əhalisi 26 milyondan çoxdur.

Simon Bolivarın rəhbərliyi altında Latın Amerikasının müstəqilliyi uğrunda aparılan mübarizə 1821-ci ildə nəticə verib, Venesuela İspaniya müstəmləkəçiliyindən müstəqillik əldə edilib. İlk 9 il Kolumbiya, Ekvador, Panama və Venesuela «Böyük Kolumbiya» adlı ölkədə birləşiblər. Lakin materiki bir bayraq və bir dövlət altında görmək arzusu əks-effekt verib: Böyük Kolumbiyanın tərkib hissəsi olan Venesuela 1830-cu ildə ayrılmağa məcbur olub.

Venesuelanın əfsanələşdirilmiş lideri S. Bolivar ittihamlara məruz qalıb və Cənubi Amerikanın diktatorluğuna can atmaqda günahlandırılıb. Vəzifədən alınıb, 47 yaşında vərəmdən ölüb.

Uqo Çaves hakimiyyətə gəldikdən sonra onun xatirəsinə Venesuelanı «Bolivarçı» adlandırmaqla kifayətlənməyib. Bolivarın qəbrini açdırıb, təhqiqatlara başlatdırıb: «Komandante» güman edir ki, S.Bolivar sui-qəsd nəticəsində öldürülüb. Əlli kriminalist və alimin meyitin qalıqları üstündə illərdir apardıqları araşdırmalar hələ də davam edir.


Kimdi Uqo Çaves?


Uqo Rafael Çaves Frias. 1954-cü il iyulun 28-də Venesuelanın Sabanet şəhərində çoxuşaqlı ailədə anadan olub. Qarışıq kökənlidir – yerli amerikan, avro-venesual və ispanyol əsillidir.

Ailəsi uşaqlıqda din xadimi kimi yetişməsini istəyib, özü beysbolçu olmaq istəyib. Şəkillər çəkib, 12 yaşında rəsm sərgisində mükafat almağı da bacarıb.

Ancaq nə ailəsinin dediyini eləyib, nə də öz istəyinin ardınca gedib. 1971-ci ildə hərbi məktəbə daxil olub, 1975-ci ildə Karakasda Simon Bolivar Universitetinə qəbul olunub. Siyasi elmlərə yiyələnmək istəyi alınmayıb, təhsilini yarımçıq buraxıb və 17 illik hərbi xidməti başlayıb.

Ordu Çavesə çox şey verib: Bolivarı və onun siyasi görüşlərini, mübarizə tarixini öyrənib, Bolivarın müəllimləri olmuş Simon Rodrigies və Ezequel Zamoranın düşüncələrini mənimsəyib.

Hələ müdavim ikən Peruda Ayasuço savaşının 150-ci ildönümü tədbirlərinə qatılması və ölkə başçısı, «Peru Beynəlxalq İnqilabı» kitabının müəllifi General Juan Valasko Alkarado və panamalı polkovnik Omar Torrijosla tanış olması siyasi düşüncələrinə əhəmiyyətli təsir edib.

1977-ci ildə 23 yaşlı Uqo Rafael 6 həmkarı ilə birlikdə «Venesuela Xalqının Bolivarçı Ordusu» gizli hərbi təşkilatının əsasını qoydu. Adan Çaves həmin ərəfədə Venesuela Kommunist Partiyasının silahlı qanadı sayılan «Venesuela İnqilab Partiyası»nın rəhbərliyində təmsil olunurdu. A. Çavesin vasitəsilə İnqilab Partiyası ilə əlaqələrin genişlənməsi «Bolivarçı Ordu»nun inkişafını təmin etdi.

1982-ci ildə 2-ci Paraşüt alayında yüzbaşı və təhlükəsizlik yavəri vəzifələrinə yüksələn Çaves orduda dayaqlarını daha da gücləndirdi. Həmin il dekabrın 17-də Çaves üç zabit dostuyla birgə hərbi hissənin yaxınlığındakı dağda Simon Bolivarın vaxtilə İtaliyada, Aventino dağında içdiyi andı təkrarladı.
1983-cü ildə qardaşı ilə birlikdə partiya ilə əlaqələrini tam kəsib «EVR-200» adlı təşkilatın yaradıcıları sırasına qoşuldu. EBR – Ezequiel-Bolivar-Rodriques adlarının abreviaturası, 200 isə Bolivarın anadan olmasının ildönümünə işarə idi.


Çavez ideyalarında sabitləşdikcə, solçu düşüncəsini təkmilləşdirdikcə gizli təşkilatın adı da dəyişirdi. Nəhayət, «Bolivarçı İnqilabi Hərəkat» (BİH-200) adında dayanmağı lazım bildi.

«Komandante» Bolivar-Rodriques-Ezequelin humanist, militan və bərabərlik ideyaları ilə marksizmin radikal şərhini birləşdirməklə özünə yeni ideoloji baza hazırlamışdı. Doğrudur, sosializmin banisi Karl Marksı uzun müddət Latın Amerikasında sevmirdilər. Çünki Marks Bolivarın ünvanına «savadsız», «primitiv», «cılız», «diktator» və s. kimi aşağılayıcı ifadələr işlətmişdi. Ancaq Çe Gevaranın «Mark Bolivar haqda düzgün məlumat almaya bilərdi və biz Marksın Bolivar haqda dediklərini qəbul etmək məcburiyyətində deyilik» sözündən sonra marksizmin Latın Amerikasına yolundakı əsas maneə aradan qaldırıldı, bolivarçılıqla marksizm «barışdı».

Bu siyasi-ideoloji islahatlardan sonra sürətlə genişlənən Çavez ideyaları sonradan ölkəsində «çavizm» olaraq xarakterizə edildi.

”Çavez qiyamı”

1992-ci ilin əvvəlində 37 yaşlı polkovnik Uqo Çaves hakimiyyəti ələ keçirmək üçün gizli hərbi təşkilatı hərəkətə gətirir. Fevralın 4-də 5 hərbi bölümlə (təxminən 1000 əsgər) qiyama qalxan Bolivar İnqilabçıları bir neçə hərbi məntəqəni ələ keçirməyə nail olurlar. Onlara çox az sayda sadə camaat da dəstək verir.

«Komandante» gəmi gəzintisinə çıxan prezident Karlos Andres Peresi geri dönərkən həbs etmək niyyətindəydi. Amma cəmi 1 gündən sonra qiyam yatırıldı. Çaves təslim oldu və televiziya ilə çıxışında ona sadiq əsgərləri silahı yerə qoymağa çağırdı.

Bu teleçıxış Çavesin Venesuelada ilk məşhurlaşmasını şərtləndirən müraciət sayılır. Görmək istədiyi işlərdən, ölkənin hazırkı acınacaqlı durumundan danışan qiyamçı, «Mən qırğınların ola biləcəyini görüb, geri çəkilmək və təslim olmaq qərarı verdim. Biz bacarmadıq. Ancaq hələlik bacarmadıq!» - demiş və uzunmüddətli həbsə yollanmışdı.


”And olsun can verən Konstitusiyaya...”

Çaves uzun müddətli həbs müddətinin cəmi 2 ilini azadlıqdan məhrum oldu. 1993-cü ildə seçkilərə qatılan və Çavesin adından geninə-boluna istifadə edib səslərin əksəriyyətini qazanan Rafael Kaldera qələbədən az sonra «Komandante Çavesi» azad etdi. Əslində, onun azadlığa çıxması hakimiyyətdə təmsil olunan qüvvələr üçün arzuolunan deyildi.
Kaldera 1994-cü il martın 26-da Çavezi əfv etdi.

Çaves Latın Amerikasında silahlı üsyanlar epoxasının keçdiyini həbsdə ikən dərk etmişdi. Artıq dünyanın ikinci qütbü – SSRİ yox idi və ABŞ bölgədə avtoritar diktatorları marionetlərlə əvəz etməyə başlamışdı.

Çaves «marionetlərin» xalqda doğurduğu ikrahdan bəhrələnmək üçün fürsəti əldən vermədi. 1997-ci ildə qurduğu «Beşinci Respublika Hərəkatı» adlı siyasi təşkilatla prezidentlik uğrunda mübarizəyə qoşuldu.

Hətta siyasi mübarizəsində də hərəkatdan əl götürməyən və bunu partiyasının adında əks etdirən Komandante 1998-ci il seçkilərində 56 faiz səslə onu əfv edən prezidentə qalib gəldi.

Andiçmə mərasimində Çaves əlini Konstitusiyanın üstünə qoyub xalqına səsləndi: «And olsun əlimin altında can verməkdə olan Konstitusiyaya…Mən sadə vətəndaşların prezidenti olacağam»…


Çaves bir sıra mühüm strateji müəssisələri milliləşdirə bildi, neft gəlirlərinin böyük hissəsini inkişafa xərclədi, yeni xəstəxanalar, məktəblər, evlər tikildi, iş yerləri yaradıldı.

Ölkənin verdiyi rəsmi statistikaya görə, Çavesin hakimiyyətə gəlişi zamanı dünyanın ən çox neft istehsal edən beşinci ölkəsi olan Venesuelada savadsızlıq 70 faizdən yuxarı idisə, indi bu rəqəm sıfıra yaxınlaşır.
Qısa müddət hakimiyyətdə olandan sonra Çaves Konstitusiyada dəyişiklik edərək, prezidentlik müddətini 5 ildən 6 ilə qaldırdı. 2007-ci ildə isə prezidentlik müddəti ilə bağlı senzin aradan qaldırılması üçün Venesuelada ilk referendum keçirildi. Referendumda xalq bu dəyişikliyi dəstəkləmədi. Ancaq iki il sonra, 2009-cu ildə növbəti dəfə referendum keçirildi və Konstitusiyanın bu maddəsində dəyişikliyinə nail olundu.

ABŞ-ın “Çaves fiaskosu”

Çavesi nə dünyanın neftlə zəngin beşinci ölkəsinin prezidenti olması, nə savadsızlığa qarşı mübarizəsi, nə də özünü solçu düşüncə sahibi kimi təqdim etməsi tarixin yaddaşına saldı. Çaves ABŞ əleyhinə ən sərt açıqlamaların və bənzətmələrin müəllifi kimi tarixdə qalıb.
O, ABŞ-ın Latın Amerikası ölkələrində elədiklərini sadalamağa çox həvəslidi. Məsələn, 1956-cı ildə Qvetamala prezidenti Arbensin ABŞ şirkətlərini özəlləşdirəndə Pentaqonun bu ölkəyə hərbi müdaxilə etməsini, 1981-ci ildə Prezident Torrixos Panama kanalını milliləşdirmək qərarı verəndə «təyyarə qəzasında» həyatını itirməsini, 1989-cu ildə Panamanın yeni prezidenti Noryeqa Torrixasın yolunu getmək istəyəndə ABŞ-ın hərbi müdaxilə edib, prezidenti qoluqandallı apardığını tez-tez xatırladır. Yeri gəlmişkən, Panamanın keçmiş prezidenti Noryeqa hələ də ABŞ-da həbsdədir.
Elə Latın Amerikasında kommunistləri qanına bələyən diktator Pinoçetin illərlə ABŞ-dan dəstək alması da Çavesin dilinin əzbəridir. Buna Çavesin ABŞ-la ideoloji barışmazlığı da demək olar.

Çavesin ABŞ-a əsas “bağışlamadığı” hadisə isə neft şirkətlərini milliləşdirmək istəyərkən, Amerika Ordusunun dəstəyi və neft şirkətlərinin maliyyəsi ilə 2002-ci ildə ona qarşı üsyan başlamasıdı. Üsyançılar Prezident Sarayını ələ keçirdilər, Çavesi həbs etdilər və gözlənilmədən üsyançıların tərəfinə keçən Baş Qərargah rəisi Lukas Rinkon prezidentin istefa verdiyini xalqa bəyan etdi.

Həbs olunan Çaves istefa vermədiyini, yaşadığını tərəfdaşlarına çatdırmaq üçün ona nəzarət edən əsgərlərdən birinin köməyindən yararlandı. Əsgər Çavesin yazdığı məktubu zibil qutusunda çölə çıxarıb, onun istədiyi ünvana çatdırdı. Məktub sadiq əsgərləri mübarizəyə səsləyən çağırış idi!

Bundan sonra Venesuelada vətəndaş qarşıdurması başlandı. «Komandante Çaves»in tərəfdarları qarşıdurmanın qalib tərəfi oldular və 48 saatdan sonra onu hakimiyyətə qaytardılar. Bu, dünya tarixində ABŞ-ın başlayıb, amma uğurla sona çatdıra bilmədiyi nadir qiyamlardan biri sayılır. İlk belə uğursuzluğa Pentaqon Kubada Fidel Kastroya qarşı hazırlanan çevrilişdə düçar olmuşdu.

”Çavesin dostları”

Çaves hakimiyyətə qayıtdıqdan dərhal sonra Latın Amerikasının bütün solçu dövlətləri ilə sıx əlaqələr qurmağa başladı, onlara səxavətlə yardımlar etdi. Məqsəd isə birdi: bu ölkələr təkcə ABŞ-ın iqtisadi asılılığından çıxsınlar. Təbii ki, Kuba bu yardımlar alan ölkələrin önündəydi. Nəticədə, Latın Amerikasında öndərliyə iddialı oldu.

Venesuela gündə 3,2 milyon barel neft istehsal edir. Bu neftin 1,5 milyon bareli ABŞ-a satılır. Neft Çavesin əlində ən dəhşətli silahdır. ABŞ-ın bəyənmədiyi istənilən addımı qarşılığında “ixracı dayandıracağam” hədəsi gəlir. ABŞ-ın Venesueladakı neft şirkətlərini milliləşdirəndən sonra beynəlxalq məhkəməyə müraciət edənlərdən biri – Exson Mobile bu ölkənin 12 milyardlıq bank aktivini dondurmağa nail olsa da, «neft ixracını dayandıracam» hədəsi daha ali məhkəmə instansiyasında öz sözünü dedi və aktivlərin «donu» açıldı.

Sonuncu dəfə bu hədə ABŞ-ın İrana qarşı müharibəyə başlayacağı ilə bağlı xəbərlərin qarşılığı olaraq söylənilib. Çaves «Hücum olsa, dünya bazarı təkcə İran neftini itirməyəcək, Venesuela da neft ixracını dayandıracaq» deyib.

«Komandante Çaves»in sevimli ölkələrinin siyahısı da maraqlıdı: İran, Rusiya, Moldova, Şimali Koreya, Liviya… İsrailin və ABŞ-ın düşməni olmaq, Çavesin dostu olmaq deməkdir. Təkcə İsrail və ABŞ-a antipatiya bildirmək Çavesdən milyardları almaq üçün yetərlidir.

”Alo, Prezident!”

Çox qəribə və nadir hərəkətləri ilə diqqəti cəlb edir. Hakimiyyətə gəldikdən sonra təyin etdiyi nazirlərin heç bir yaşadığı məhəllələri tərk edib Karakasın varlılar məhəlləsinə köçməyiblər. Hamısı orta sinfə məxsus məhəllələrdə yaşayırlar. Bu, onun tələblərindən biridi.

Venesuelalılar hər günü Çaveslə açırlar: “Komandante” illərdir ki, hər gün ala-sabah xalqı çavizm ideyalarıyla oyadır və imperializmin nüvəsi, insanlığın düşməni ABŞ barədə yeni tapıntılarını söyləyir.

Həftədə bir dəfə efirə çıxan «Alo, Prezident» verilişində canlı olaraq 2-3 saat xalqın suallarına cavab verir. Suallardan yorulanda isə başlayır mahnı oxuyub-oynamağa…

Hələ “məsləhətlər” də verir. Məsələn: “Duşun altında 3 dəqiqədən artıq qalıb israfa yol verməyin. Məsələn, mən 3 dəqiqəyə yuyunuram və hamınıza da bunu məsləhət görürəm”. Ya da ki, “Gecə tualetə gedəndə işıqdan istifadə etməyin. Yatanda yanınıza fənər qoyun və tualetə fənərlə gedin. Niyə israfçılıq edək? Mən fənərlə gedirəm!” , “Dieta saxlayın, az yeyin, idmanla məşğul olun! Mən özüm bir müddətdir ki. dieta saxlayıram və 9 kilo arıqlamışam. Bilirsiniz özümü necə gümrah hiss edirəm? Siz də belə edin!”.
Bunlar Çavesin xalqa tövsiyələrindən sitatlardır. Amma bu “tövsiyələr”in sonu yoxdu ki...

Ərəblərin qəhrəmanı!

Çavesin ABŞ-a olan nifrətindən birləşmiş ştatların yaxın müttəfiqləri də nəsibini alıb. O, İsrailə qarşı ən sərt ifadələrin müəllifidir. Onun bu “xidmətlərini” ərəblər də cavabsız qoymaq istəməyiblər. Çavesə “Ərəb Dünyasının Qəhrəmanı” mükafatını vermək üçün dəfələrlə məsələ qaldırıblar. Amma o, hələ bu adı ala bilməyib.


Qıl körpüsü

Tərəfdarlarının «Yeni Gevaramız» dedikləri Uqo Çaves, ya da “Komandante Çaves” ötən seçkidə çox böyük sınaqla üz-üzə qaldı. O, müxalifətdən olan rəqibini bircə faizlik üstünlüklə udub. 46:45!

İndi o, müxalifətlə daha isti münasibətlərdədir. 2002-ci ildə onu qanı bahasına hakimiyyətə gətirən xalq 2012-də səsiylə hakimiyyətdən apara bilərmi? Çaves bu sualın cavabının “yox!” olmasına qəti inanır.
O, İran səfərində demişdi: «ABŞ unudur ki, mənim atoma ehtiyacım yoxdur, çünki ABŞ üçün nüvə silahından da çox-çox təhlükəli silahım var: bu, venesuelalılardır!”

Allah var, venesuelalılar bunu bir dəfə sübut ediblər!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar