Böyük Hindistan və Əsl Məhəbbət nağılının qəhrəmanı - HEKAYƏT
24 fevral 2011 15:55 (UTC +04:00)

Böyük Hindistan və Əsl Məhəbbət nağılının qəhrəmanı - HEKAYƏT

O, nüfuzlu “Forbes” dərgisi tərəfindən 2004-cü ildə dünyanın 3-cü ən güclü qadını, 2007-ci ildə isə dünyanın 6-cı ən güclü qadını elan olundu. 2010-cu ildə isə “Forbes” onu dünyanın ən nüfuzlu adamları siyahısına daxil etdi.

O, 2007-ci və 2008-ci illərdə “Tayms” dərgisinin dünyanın 100 ən nüfüzlü insanı siyahısında ön sıralarda yer alıb.

O, “Newsweek” dərgisinin 2008-ci ildə tərtib etdiyi dünyanın ən nüfuzlu şəxslərinin siyahısında 17-ci yeri tutmuşdu.

Bu LİDER QADIN Hindistanın keçmiş baş naziri İndira Qandinin gəlini, keçmiş baş nazir Raciv Qandinin italyan əsilli həyat yoldaşı, Hindistanın ən güclü və nüfuzlu partiyalarından olan Milli Konqresin prezidenti, hakimiyyətdə olan Birləşmiş Proqressiv Alyansın sədri, bütün dünyada tanınmış ictimai-siyasi xadim olan Sonia Qandidir! (Sonia Gandhi)

Onun həyatı sözün əsl mənasında bir hind nağılı, bir hind filmidir.

Hindistan dövlətinin siyasi həyatında uzun illərdir ki, böyük rol oynayan Sonia Qandi əslən italyandır. O, 1946-cı ilin 9 dekabrında İtaliyanın Veneto bölgəsində doğulub. Stefano və Paolanın sevimli qızı Sonianın uşaqlıq illəri ailəsi ilə birlikdə Turin yaxınlığında yerləşən Orbassanoda keçmişdir. (Atası 1983-cü ildə vəfat etmiş, anası və iki bacısı isə hələ də Orbassano yaxınlığında yaşayırlar).

Qatı katolik ailəsində böyümüş Sonia təhsilini də katolik məktəbində alıb. 1964-cü ildə 18 yaşlı Sonia Kembricə ingilis dili öyrənməyə gedir və bu addımı onun bütün həyatını dəyişir. Bir tanışlıq onun həyatını elə dəyişir ki, İtaliyada olduğu zaman bunu heç ağlına belə gətirə bilməzdi! Ağlına belə gətirə bilməzdi ki, o, həyatının böyük bir hissəsini başqa bir ölkənin, başqa bir dini-mədəni mühitin və dünyanın ən ünlü nəsillərindən biri Nehru-Qandi sülaləsinin bir parçası olaraq yaşayacaq... Bir görüş, bir tanışlıq onun bütün həyatını dəyişdi. Tale, Qismət ona Ömrünün ən maraqlı (və gerçəklik dolu) nağılını yaşatdı; “film kimi həyat” ifadəsini ona doğma qıldı. O, sevgi və öhdəliyin, kədər və sevincin, faciə və uğurların qırmızı xətlərlə keçdiyi filmin qəhrəmanı oldu...

Sonia 1965-ci ildə Kembric Universitetinin Triniti Kollecində oxuyan Raciv Qandi ilə tanış olur. (Adını Hindistan tarixinə qızıl hərflərlə yazmış Cəvahirləl Nehrunun nəvəsi, İndira Qandinin oğlu). Bu tanışlıq, Böyük Hindistan və ya Əsl Məhəbbət nağılının əsasını qoyur. Bu, elə böyük bir məhəbbət idi ki, Sonia onun arxasınca öz ailəsindən çox uzaqlara – Hindistana gedərək, bütün həyatını bu ölkəyə bağlayır. Hindistan - sevgilisinin vətəni! - sözün əsl mənasında onun Vətəninə çevrilir!

Bu, ilk baxışdan, ilk tanışlıqdan yaranmış dəlicəsinə bir sevgi idi. Sonia təkcə gözəlliyi ilə fərqlənmirdi, onu fərqli qılan bir çox özəlliklərə sahib idi və Raciv Qandi ilk baxışdan bu gözəl italyan qızının onun taleyinə yazıldığına inandı. Sonia da ona aşiqdi. O, qarşısındakı uca boylu oğlana (böyük və mənalı gözləri, insanı özünə cəlb edən təbəssümü ilə babası Cəvahirləl Nehrunu xatırladan) – Raciv Qandiyə elə ilk baxışdan aşiq olmuşdu və elə ilk tanışlıqdan bu adamla bütün həyatını paylaşmağa hazır idi.

Fərqli mədəni-dini və sosial mühitdə böyümələri onları qorxutmurdu. Onlar bu barədə heç düşünmürdülər də… Onlar üçün əsas olan yaşadıqları böyük sevgi idi.

Onlar Hindistana getmək və orada ənənəvi hind toyu etmək qərarına gəldilər. Sonianın bu qərarından xəbər tutan valideynləri ondan İtaliyaya, evlərinə dönmələrini tələb etdilər. Əslində Raciv Qandinin ailəsi də başlanğıcda bu evliliyin lehinə deyildilər. Onlar Racivin bir xarici ilə deyil, bir Hindistanlı ilə evlənməsində maraqlı idilər. Amma gec idi… Gənclər qərarlarını vermişdilər və bu məsələdə ailələrinə güzəştə gedəsi deyildilər...

***

1968-ci ildə Raciv Qandi ilə Sonia ailə qururlar və Sonia həmin dövrdə Baş nazir olan qaynanası İndira Qandinin evinə köçür. 21 yaşlı Sonia qırmızı rəngli gözəl sari geymişdi və gələnəksəl hind gəlinləri kimi bəzənmişdi. Onu bu cür dostları da çətin tanıya bilərdilər… Gözəl italyan qızı hind gəlini kimi “müsibət” görünürdü və Racivin yanında, onun ailəsində, Hindistanda özünü çox xoşbəxt hiss edirdi.

Yeni bir həyat, yeni bir başlanğıc, yeni bir vətən, yeni bir mədəniyyət… Amma onu heç nə qorxutmurdu. Çünki yanında sevdiyi və onu çox sevən bir insan var idi.

Nehru ailəsinə aid olmalarına baxmayaraq, onlar siyasətdən uzaq olmağa çalışırdılar. Raciv hava yollarında pilot işləyir, Sonia isə ailəsinin qayğısına qalırdı. Hindistanın siyasi həyatında ailəni Racivin qardaşı Sancay Qandi təmsil edirdi. Bu gün nə qədər qəribə səslənsə də, Sonia uzun müddət siyasətə maraq göstərməmiş, üstəlik, Racivin də siyasətə qoşulmasının əleyhinə olmuşdu. Məlumatlara görə, hətta siyasətə qoşulduğu təqdirdə ondan boşanacağı barədə həyat yoldaşına xəbərdarlıq da edibmiş. Raciv Qandi illər sonra buna cavab olaraq deyirdi: “Sonia məni itirəcəyindən qorxurdu.” Tariq Ali adlı müəllif yazır ki, Sonia bir dostuna “Racivin siyasətlə məşğul olmağındansa uşaqlarının küçədə dilənməyinə razı olaram” - deyib...

Yeni Hindistanın lideri Mahatma Qandinin qətlə yetirilməsi səhnəsi ona çox təsir etmişdi və o, hesab edirdi ki, Hindistanda siyasətçi olmaq insanın həyatı üçün təhlükəlidir. O, rahat bir ailə istəyirdi və böyük sevgi bəslədiyi həyat yoldaşı Racivi siyasətə qurban vermək istəmirdi.

Əslində Sonia hisslərində, rahatsız olduğu məsələlərdə haqlı idi. Çünki, məhz siyasət üzündən o, çox əziyyətlər çəkəcək, qurbanlar verəcək, həyat yoldaşını, dəli kimi sevdiyi insanı – Raciv Qandini vaxsız itirəcəkdi...

1977-ci ildə İndira Qandi hakimiyyətdən uzaqlaşdırılanda Raciv Qandi ailəsi ilə birlikdə qısa müddətə xaricə köçməli oldu. Amma yenə də siyasətlə məşğul olmadı. O, siyasətə yeganə qardaşı Sancay Qandinin təyyarə qəzasında həlak olmasından sonra, 1982-ci ildə qoşuldu. Raciv Hindistan siyasi tarixində böyük rol oynamış ailənin artıq yeganə davamçısı idi! O siyasətdən qaçmağa çalışmış, siyasət ondan qaçmamışdı... Ancaq Sonia yenə də, mümkün olduğu qədər siyasətdən uzaq qalmağa çalışırdı.

***

1984-cü ildə Hindistan kimi Qandilər ailəsinə də böyük faciə üz verdi. Baş nazir İndira Qandi sui-qəsd nəticəsində həlak oldu. Anasının faciəli ölümündən sonra Raciv Qandi (Nehru-Qandi sülaləsinin yeganə varisi kimi) Hindistanın baş naziri elan olundu. Ümumiyyətlə, Sonia Qandinin ictimaiyyətdə görünməsi qayınanasına sui-qəsddən və ərinin Baş nazir olmasından sonra başladı. Baş nazirin arvadı kimi o, rəsmi törənlərdə əri ilə birlikdə iştirak edir, Baş nazirlə birlikdə səfərlərə gedirdi. Amma Sonia Qandi həyat yoldaşının Baş nazirliyi dövründə yenə siyasətə qoşulmur, incəsənətlə məşğul olur və artıq özünü bir parçası hesab etdiyi Hindistanın incəsənət örnəklərini qorumağa çalışırdı.

Cəmi 3 il sonra Sonia eşidəcəyi yeni bəd xəbərlə bir daha sarsılacaqdı və onun Raciv Qandini itirəcəyi qorxusu bundan sonra gerçək kabusa dönəcəkdi. 1987-ci ildə Raciv Qandi ona qarşı təşkil edilmiş sui-qəsddən xilas ola bilsə də, artıq Soniaya olan olmuşdu… Raciv Qandinin onu sakitləşdirmək, təskinlik vermək cəhdləri də uğurlu alınmırdı. Sonia hiss edirdi ki, nəsə baş verəcək və o, Racivi hər an itirə bilər.

O, Raciv Qandinin ölkədaxili səfərlərində onunla bərabər olmağa başladı. Baş nazir insan kütlələri ilə görüşən zaman fotoaparatların yaddaşına Sonianın həyat yoldaşına heyranlıqla baxdığı və ətrafa narahatlıqla göz gəzdirdiyi anları köçəcəkdi…

1991-ci ildə Hindistan da, Sonia da növbəti sarsıntını yaşayacaqdı… O, siyasətdən uzaq saxlamaqla qorumaq istədiyi və böyük məhəbbətlə sevdiyi həyat yoldaşı Raciv Qandini itirdi. Raciv sui-qəsdlə qətlə yetirildi!

O, oğlu Rahul və qızı Priyanka ilə birlikdə dünyalar qədər sevdiyi həyat yoldaşının yandırılan cənazəsinin yanında dayanıb, ona baxır və vidalaşırdı… Bu çox dəhşətli vida səhnəsi idi. Hətta fotolara keçən bu vidalaşma səhnəsində, Sonianın duruşundan, üzünün, gözlərinin ifadəsindən nələr hiss etdiyini bu gün də görmək və hiss etmək çətin deyil…

Bu, Sonia üçün həyatın bir mərhələsinin başa çatması demək idi... O, düz yeddi il əvvəl də Racivlə birlikdə İndira Qandinin hind gələnəklərinə uyğun yandırılan cənazəsinin yanında dayanmışdı və elə həmin zaman onun içərisinə Racivi böyük siyasətdə itirəcəyi qorxuları daha da artmışdı… Hiss etdiyi başına gəlmişdi… Sonya böyük məhəbbəti ilə vidalaşırdı və ona elə gəlirdi ki, artıq həyat onun üçün bitib. Vaxtı ilə onu eşq odunda yandıran əziz insanın doğrudan-doğruya yanmasına tamaşa edirdi...

Raciv Qandinin ölümündən sonra o, ictimaiyyət arasına çıxmadı, müsahibə verməkdən imtina etdi. Onun ölümündən sonra Soniaya Konqres Partiyasının lideri olmaq təklif olundu. Ancaq o, buna etiraz etdi. O, həmçinin ona təklif olunan Baş nazirlik kürsüsündən də imtina etdi. Həyat yoldaşının qətlindən sonra Sonianın Baş nazir postundan imtina etməsi Konqresin Nraşima Raonu Baş nazir seçməsi ilə nəticələndi. Ancaq növbəti illərdə Konqresdə davam edən ziddiyyətlər, çoxlarının partiyanı tərk etməsinə və Konqresin çoxlu fraksiyalara bölünməsinə səbəb oldu. Partiyanı dağılmaqdan xilas etmək üçün 1997-ci ildə partiyaya qoşulan italyan əsilli hind gəlini, 1998-ci ildə partiyanın lideri oldu. Cəmi bir il sonra isə o, artıq müxalifətin lideri idi!

Fermerlərə və işsizlərə yönəlik seçki kampaniyası Konqres Partiyasına seçkilərdə qalib gəlməyə kömək etsə də, partiya parlamentdə mütləq çoxluğu əldə edə bilmədi. Buna görə partiya Birləşmiş Alyans Partiyası adlanan koalisiya yaratdı və Hindistan siyasətindəki gücünü bu minvalla özünə qaytarmağa başladı.

Onun hind dilində danışması və tez-tez hind məbədlərini ziyarət edərək dualar etməsi sadə hindlilərin gözündə onu daha da yüksəldirdi. Bir çoxları onun italyan əsilli olması barədə artıq heç düşünmür, bunu anlamsız sayırdılar. Gələnəksəl hind geyimləri geyməsi, hind dilində danışığı, bir sözlə, bütün hərəkətləri ilə Sonia artıq Hindistanın və hind mədəniyyətinin bir parçası idi. O, getdikcə İndira Qandiyə oxşayırdı (və ya buna çalışırdı). Geyim tərzi, çıxışlarındakı hökmran(lıq) və təsirli intonasiya, partiyaya ciddi nəzarət üsulları ilə o, İndira Qandini xatırlatmağa başlayırdı…

O, Konqresdə davamlı şəkildə 10 il prezident olmasına görə rekord sahibidir!

2004-cü il seçkiləri və sonrası

Sonia Qandi 2004-cü il seçkilərində fəal surətdə kampaniyaya başladı. Onun şüarı çox sadə idi – “Adi İnsan”! Seçkilərdə böyük fərqlə Milli Demokratik Alyansa (MDA) qalib gələn xanım siyasətçi mayın 15-də yekdilliklə çoxpartiyalı koalisiya hökuməti tərəfindən Hindistanın Baş naziri seçildi.

Seçkilərin nəticələrindən sonra məğlub olmuş MDA lideri Suşma Svarac, Sonianın əcnəbi əsilli olmasına diqqət çəkərək, onun Baş nazir təyin ediləcəyi təqdirdə saçlarını qırxaraq küçələrdə yatacağına and içdi. MDA, onu Baş nazirlik postundan uzaqlaşdırmaq üçün hüquqi səbəblərin olduğunu iddia edirdi. Amma bu iddialar əsassız oldu. Onu, Hindistan vətəndaşlıq aktının 2-ci bölməsinə görə məhkəməyə versələr də, Ali Məhkəmə bu şikayətlərə baxmaqdan imtina etdi.

Amma o, Qandilərə layiq addım atdı və hər kəsə ilk öncə özünü deyil, Hindistanı, onun sabitliyini düşündüyünü sübut etdi. Yenə qurbanlar verərək! O, Baş nazir olmaqdan imtina etdi! Onun bu qərarı partiya üzvləri üçün də, elə Hindistan üçün də əsl sensasiya idi. O, açıqlamasında deyirdi: “Mən daxilimdən gələn səsi eşitməyə qərar verdim. Bu gün o səs mənə deyir ki, mən bu vəzifədən imtina etməliyəm. Sizdən xahiş edirəm, məni başa düşəsiniz və qəbul edəsiniz. Mən qərarıma yenidən baxmaq niyyətində deyiləm.” Onun səsi uzun illərdən bəri ilk dəfə idi ki, bir az titrəyirdi. Amma o, qərarının səbəblərini izah etmədi… Onun bu açıqlaması həm partiya üzvləri, həm də sadə tərəfdarları arasında şok yaratdı. Üç saat ərzində onlar liderlərini Baş nazir olmağa razı salmağa çalışsalar da nəticə əldə edə bilmədilər. Parlamentin və evinin qarşısına toplaşan tərəfdarları isə onu bu addımı atmamağa çağırırdılar. Hətta sadə tərəfdarlarından biri əlindəki silahı göstərərək, Sonia Qandinin tərəfdarlar qarşısına çıxıb Baş nazir olacağı ilə bağlı vəd verməyəcəyi təqdirdə özünü öldürəcəyini bildi. Əli silahlı çılğını tərksilah etmək mümkün oldu, amma Sonia Qandini qərarından döndərmək mümkün olmadı. Bəzi ekspertlər Sonia Qandinin Baş nazirlikdən könüllü imtinasının onun əcnəbi kökənli olmasından irəli gəldiyini, yəni ölkədə siyasi ziddiyyətlərin yarana biləcəyindən narahatçılıq keçirməsi ilə izah etdilər. Belə düşünənlər deyirdi ki, Hindistanda onun Baş nazir olmasının tərəfdarları ilə yanaşı əleyhdarları da var və bir çox siyasətçilər yaxud sadə vətəndaşlar, əcnəbi kökənli olmasına vurğu edərək onun Hindistanın Baş naziri olmasını doğru saymadıqlarını bildirirdilər.

Və nəhayət, Sonia Qandi Baş nazir postunda görmək istədiyi şəxsin adını açıqladı. O, Baş nazir vəzifəsini yerinə yetirməyi yaxın tərəfdarlarından biri və partiyanın veteranlarından sayılan Manhoman Sinqhə tapşırdı. Bu, çox uğurlu bir seçim idi. Hindistanın iqtisadi islahatlara və inkişafa, yoxsulluqla daha geniş mübarizəyə böyük ehtiyacı vardı. O, öz yerini Hindistanın iqtisadi möcüzələrinin atası sayılan Manhoman Sinqhə verdi, o isə Sonia Qandinin bu etimadını ən yüksək səviyyədə doğrultdu. Onun Baş nazirliyi ilə Hindistanın inkişafı üçün ciddi addımlar atılmağa başladı.

2006-cı ilin martında Sonia Qandi Lok Sabhadan (Parlamentin aşağı palatası) və Milli Məsləhət Şurasından istefa verdiyini açıqladı (Sanki illər öncəki “siyasət qorxusu” onu yenidən sarmışdı). Ancaq bir neçə ay sonra o, tərəfdarlarının təkidi ilə yenidən vəzifəsinə qayıtdı.

Diqqətcil, qənaətcil və ürəyiyumşaq Sonia

Sonia Qandidə bir zahidlik sifəti (keyfiyyəti) də var desək, yanlış olmasın gərək. O, parlamentin bütün üzvlərinə də bunu məsləhət görür. Məsələn, Dehlidən Mumbaya “qənaətcil klass”da (ekonomi klass) səyahət edərək onlara, mütəvazilik örnəyi oldu. (Ünlü xanım bu sadə hərəkəti ilə 10 000 rupiyə qənaət etmişdi.) Parlament üzvlərinin maaşlarının 20 faizinin susuzluqdan əziyyət çəkən hindlilərə verilməsi təşəbbüsünün də müəllifidir xanım Qandidir.

Sonia Qandi Baş nazir olmasa da onun Hindistandakı çox yüksək nüfuzu dünyada da bəllidir. Hindistana səfər edən dünya liderləri onunla görüşməyə böyük önəm verirlər. Çünki o, bu gün də Hindistan siyasətində böyük təsiri olan LİDERdir. Hindistanın ilk qadın prezidenti, Pratiba Patilin seçilməsində də onun dəstəyinin böyük rol oynadığı hər kəsə bəllidir!

Bütün bu qısa özətlədiyimiz yanaşmaları da kifayət edir, deyək ki, Sonia Qandi daşıdığı soyadın energetikasını öz üzərində hiss etdiyinin; Nehru ailəsinin gəlini olduğunun; özü Qərbli olsa da, qədim bir Şərq ölkəsində yaşadığının, habelə, partiya başçısı olmaqla yanaşı məhz qadın olduğunun fərqində olan bir nəcib insandır.

Qəhrəmanımızın oğlu Raul Qandi (1970) 2004-cü ildə parlamentə seçilib. Onu Hindistan siyasətində Nehru-Qandi sülaləsinin, Raciv Qandinin varisi olaraq görənlərin sayı kimi, onun nüfuzu da həm partiya həm də ölkə daxilində getdikcə artır. O, ailənin davamçısı kimi indi anası ilə çiyin-çiyinə həm parlamentdə, həm partiyada, həm də ölkə siyasətində aktiv iştirak edir.

Qızı Priyanka Qandi (1972) isə heç bir dövlət orqanına seçkilərdə iştirak etməmiş, sadəcə olaraq Konqresin kampaniya meneceri kimi çalışmışdır.

Sonia Qandi vaxtı ilə həyat yoldaşının siyasətə qatılmasına (atılmasına) qarşı idi. Sonra necə ki, özü siyasətin içinə girdi (və siyasi olimpin zirvəsinə qalxdı); göründüyü kimi, indi də övladlarını (soyadlarında “Qandi” sözü keçən, Cəvahirləl Nehrunun geninin, İndira Qandinin südünün vücudlarında dönüb-dolaşması, italyan kodları ilə zənginləşərək yeni bir şəkillənmə qazanması baxımından portretləri tamamlanan övladlarını) da siyasətdən kənar tuta bilməmişdir...

İntellektual qərb qızı, eşqli şərq qadını

Beləliklə, onun – İtaliyada doğulub, İngiltərədə oxuyub, Hindistanda hakimiyyətə gələn bir qadının həyat hekayətini vərəqləməyə çalışdıq. Bu həyat hekayəti nə deyir? İlk növbədə, siyasətdən uzaq dura-dura, siyasətlə, başqa sözlə, əldə edilməsi mümkün olana yiyələnmək bacarığı ilə Milli Konqresin rəhbəri olmağı bacaran bir siyasi xadimdir o! O, ünlü hind ictimai-siyasi və dövlət xadimi, Baş nazir İndira Qandinin gəlini olmaq etibarı ilə bir praktik məktəb keçmiş; habelə, Kembricdə nəzəri məktəb keçməklə öncədən, ictimai-siyasi inkişafının möhkəm bazasını yaratmışdı.

O, Qərbli qızı, Şərqli gəlini (qadını) mənəvi keyfiyyətlərini daşımaqda, onları harmoniyaya tabe tutmaqdadır!

O, incəsənətlə, ümumən mədəniyyətlə maraqlanmaqla zərifliyini, xanımlığını; idarəçi, rəhbər kimliyi ilə, keçdiyi məktəbləri ən yaxşı yönləri ilə şəkilləndirməkdə, təzahür etdirməkdədir!

Onun yuxarıda sadalanan keyfiyyətləri, ilk növbədə, Qandi, Nehru isimlərinin haqqını verməyə çalışdığını göstərməkdədir, deyə düşünürəm. Nəzərə çarpan nöqsanları ilə də təbii bir mənzərə canlandıran xanım Sonia Qandi(nin) həqiqətini, mədəniyyətlər buluşması; fərqli düşüncələrin (ümumən həyata, dünyaya fərqli fəlsəfi yanaşmaların) kəsişmə nöqtəsində axtarmaq lazımdır, bəlkə... Hər halda, o, Hindistanlı olmağı bacardığını (ən azından bir italyanın ola biləcəyi ən maksimum səviyyədə Hindistanlı olmağı) göstərməkdədir! Bu isə alqışa layiqdir!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712

Oxşar yazılar