Tehranın “ədalət”inə Qumdan də üsyan eşidildi
31 yanvar 2011 19:42 (UTC +04:00)

Tehranın “ədalət”inə Qumdan də üsyan eşidildi

Avropa Birliyinin təmsilçisi Ketrin Eşton həftənin sonunda bəyanat yayaraq İranda edamların artmasına kəskin etiraz bildirmişdi.

Lent.az-ın «euronyus»a istinadən məlumatına görə, o bildirib ki, İrandakı edamlar faciə həddinə çatıb: “Avropa Birliyi İranda müttəhimlərə qarşı edam cəza növündən geniş istifadə edilməsinə görə dərindən narahatlığını bildirir. Hazırda İrandakı edamların sayı xəbərdarlıq həddinə çatıb. İranda ölümə məhkum olunanların ictimaiyyət qarşısında dar ağacından asılması kimi iyrənc və çirkin hərəkət davam etdirilir. Bu isə İranın insan hüquqlarına riayətlə bağlı beynəlxalq öhdəliklərinə ziddir”.

Yanvarın 27-də İranın Kərəc şəhərinin “Qızıl hasar” zindanında saxlanan 7 nəfər dar ağacından asılıb. Tehran məhkəməsi edam edilənləri müxtəlif narkotik maddələrin satışında və qaçaqmalçılığında təqsirli bilmişdi.

Kərəc şəhərinin prokuroru Əli Fərhadi jurnalistlərə açıqlamasında deyib ki, İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olanlarla daha kəskin və amansız davranılmasına göstəriş verib: “Bu 7 nəfərə çıxarılan ölüm hökmü də ayətullah Sadıq Laricaninin təsdiqindən sonra icra edilib”.

Urmiya zindanında 4 nəfər - Rüstəm Mirzayi, İsmayıl Rüstəmi, Məhəmməd Çinari və Fərhad Hatəmi dar ağacından asılıb. Urmiya məhkəməsi edam edilən hər dörd şəxsi narkotik maddələrin satışında və qaçaqmalçılığında təqsirli bilmişdi.

İrandakı hüquq müdafiəçiləri bəyanat yayaraq son vaxtlar edamların sayının kəskin artmasından, ölümə məhkum edilənlərin məhkəməsinin qapalı keçirilməsindən və vəkildən məhrum edilməsindən narahat olduqlarını bildiriblər.

Bir müddət öncə Zəhra Bəhrami adlı Niderland və İran vətəndaşı barəsində İslam Respublikasının İnqilab Məhkəməsi ölüm hökmü çıxarmışdı.

Həftənin sonunda 45 yaşlı bu qadın narkotik maddələrin qaçaqmalçılığında günahlı bilinərək, dar ağacından asılıb.

Xatırladaq ki, «HRANA» -nın («Human Rights Activists News Agency») məlumatına əsasən, o, 2009-cu ilin «Aşura» günü keçirilən etiraz aksiyası zamanı tutulanların arasında olub. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş həmin toqquşmada 15 nəfər həlak olmuş, 300 nəfər isə tutulmuşdu.

Niderland hakimiyyəti Zəhra Bəhraminin həbsindən bir il sonra xəbər tutub. Məhkumun vəkili Jinus Şərifrazi məsələ ilə bağlı məlumatın yayılmasına icazə verməyib. «HRANA» qeyd edib ki, İran məhkəməsi vəkilə israrla «məsləhət» görüb ki, informasiya vasitələri ilə təmaslardan imtina etsin, Niderlandın Tehrandakı səfirliyi ilə əlaqələri məhdudlaşdırsın.

Məhkəmənin qərarına əsasən, müttəhimin əmlakı, o cümlədən şəxsi avtomobili və maliyyə vəsaiti müsadirə olunsun. Niderland səfirliyinin məsələyə müdaxilə etmək cəhdi uğursuzluqla başa çatıb. İran hakimiyyəti Zəhra Bəhraminin ikili vətəndaşlığını tanımaqdan imtina edib. İslam Respublikasının qanunlarına əsasən, eyni zamanda başqa dövlətin vətəndaşı olanlar yalnız İran vətəndaşı kimi tanınır.

Edam hökmünün icrasından sonra Niderland İranla bütün əlaqələri kəsdiyin bəyan edib.

Edam hökmlərindən göründüyü kimi dar ağacından asılanların hamısı eyni maddə ilə ittiham olunub. Bu isə hökmlərin ədalətli olmasına şübhə yaradır. Həmin məhkəmə proseslərinin qapalı keçirilməsi, oxşar hökmlərin sayının az qala hər gün çıxarılması İran hakimiyyətinin, o cümlədən ədliyyə sisteminin «ədalətindən» xəbər verir. Zəhra Bəhraminin mövcud hakimiyyətə müxaliflərdən olması da bunu təsdiqləyir.

İranda baş verən bu halları elə ölkədəki din xadimlərindən birinin bəyanatı xarakterizə etmək olar.

Qum dini-siyasi-ideoloji mərkəzinin tanınmış ruhanisi Mahmud Əmcədin İran İslam Respublikasındakı mövcud duruma verdiyi qiymət fikrimizcə gerçəkliyi daha çox əhatə edir. O, islam dini altında ölkə vətəndaşlarına edilən zülm və zorakılığa ruhaniləri laqeyd qalmamağa çağırıb: «Bunu necə qəbul etmək olar ki, din alimi olsan, həmişə islamdan danışasan sonra da ölkədə baş verən bu acınacaqlı duruma susasan? Gecəyarısı tələbə yataqxanalarına hücum çəkildiyin, günahsız tələbələrin döyüldüyünü eşidib, buna necə dözmək olar?

Bütün işlərimi dayandırmışam heç yerə çıxmağa üzüm gəlmir. Çünki xalqın mənə verdiyi suallara cavabım yoxdur. Onlara nə deyim? Deyim ki, islam budur? Ölkədə baş verənlərin insani olduğunu deyim? Ruhanilərin əsas işi xalqın mənafeyini müdafiə etməkdir. Ancaq indi vəziyyət başqadır. Onu düzəltmək üçün əlimizdən bir iş gəlmir. Vəziyyət o yerə çatıb ki, gənclərin qarşısında dilimiz qısalıb və özümüzü belə müdafiə edə bilmirik.

Biz ruhanilər haqqın səsi olmalıyıq. Amma hazırda dilimiz tutulub. İran İslam Respublikası televiziyasında mənə danışmaq üçün bir neçə dəqiqə vaxt versələr xalqa, cəmiyyətə deyərəm ki, bu əmmamə tarixən ədalətin himayəçisi olub. Əslində onun fəlsəfəsi budur. Əgər əmmamə bundan sonra ədalətin tərəfində dayanmayacaqsa, onu başdan çıxarıb yerə qoymaq lazımdır.

Respublika üsul-idarəsi xalqın həmişə siyasi səhnədə olması, informasiya vasitələrinin işi xalqın mənafeyinə dəstək verməsi, tənqid etməsi deməkdir.

Şərait elə gətirib ki, üzümüzdəki təbəssümdə saxtalaşıb. Ürəyimizin dər-qəmlə dolu olduğunu hər kəs bilməlidir. İnqilaba özünü o qədər ziyalı-həkim, mühəndis fəda etdi. Ancaq elə bir vəziyyət yaratmışıq ki, az qalıb xalq gəlib, üzümüzə tüpürsün Gör, nə vəziyyət yaratmışıq. Axı, xalqın ürəyini xoş edəcək nə var?»

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar