Təkər qaraldan mer, oraq-çəkicli paytaxt və 8 aylıq “sumo güləşçisi”... - REPORTAJ
Günel Mövlud Gürcüstan səfərini yazır
Yeddi rəngdə Gürcüstan
Həəəə, günlər o günlər idi ki, Gürcüstan prezidenti Mixail Saakaşvilini Armerikada yol hərəkəti qaydalarını kobudcasına pozduğuna görə tutub, cərimələmişdilər. Günlər o günlər idi ki, aramsız axan yağışların, ölüvay yaz günəşinin əritdiyi qarın hamısı əl-ələ verib, Gürcüstanın uzaq əyalətlərindən birini selə-suya qərq eləmiş, gürcü xalqının canına əməlli-başlı vəlvələ salmışdı. Günlər o günlər idi ki, Ukraynadan cavan bir rejissor qız basa-basa durub, məşhur gürcü yazıçısı Nodar Dumbadzenin həyat və yaradıcılığı barədə bədii film çəkmək üçün Gürcüstana gəlmişdi. Günlər o günlər idi ki, yaraşıqda və boy-buxunda prezident Saakaşvilini kölgədə buraxan gənc və istedadlı Tiflis meri Gigi Uqulava növbəti dəfə mer seçilmək üçün hər gün bir aşağı xidmət müəssisəsində çalışır, ofisiantlıq, süpürgəçilik, satıcılıq, konduktorluq eləyir, avtomobil şüşələrini yuyub, təkər qaraldır, bir sözlə cani-dildən Tiflis əhlinin qəlbini ələ almağa çalışırdı…
Bəli, günlər o günlər idi ki, Gürcüstanda adam istəsə də, darıxa bilməzdi və günlər o günlər idi ki, mən ömrümdə ilk dəfə şəhərdən sürünüb çıxan qatarlardan birinə minərək, bayaqdan haqqında danışdığım ölkəyə müddəti bəri başdan məlum olmayan səfərə yollanırdım…
Bakı-Tiflis qatarı
Anası tərəfdən Ukrayna əsilli böyük rus yazıçısı Qoqola qohumluğu çatan gürcü rəfiqəm Natia ilə Bakı-Tiflis qatarına mindik. Mənim dostum, Natianın isə sevgilisi, topası birinə dəyməyən üç roman müəllifi Seymur Baycan hələ biz qatara minməmişdən, özünün uğursuz və qaramat ağzını açmışdı ki, «Allah bilir, kupedə hansı kişilərnən gedəcəksiniz?». Kupemizə keçən kimi, aşağı yerlərdən birində ölən yeri rus-yapon müharibəsi veteranı olan bir qocanın uzanıb, xoruldadığını gördük. Natia ilə bir-birimizə baxıb, ağlamsındıq, səfərimiz belə başlamışdısa, görəsən davamı necə olacaqdı?
Vaqon bələdçimiz sifətindən, davranışından hələ işə təzə başladığı bəlli olan cavan qadın idi. Sağ olsun, ona heç nə deməmiş, qadın iki cavan qızın məyusluğunu anlayıb, bizi özümüzdən başqa sərnişini olmayan boş kupeyə keçirdi. Gecənin tən yarısını laqqırtı vurub, arabir də Gəncə darvazası üstündə mübahisə eləyəndən sonra yatmağa hazırlaşırdıq ki, Seymur Baycandan Natiaya mesaj gəldi: «Natia, orada heç kimlə danışma, başını pendir bıçağı ilə kəsərəm»
Səhər sərhəddə bizi oyadan bələdçi qadın qapını açıq qoyub, sənədləri hazırlamağa tələsdirdi.
Mehriban bələdçimizin bizi tələsdirməyinin xeyri olmadı, macal tapıb, hərəmiz bir ayağımıza allahın bir corabını keçirməmiş, iki sərhədçi başımızın üstünü aldı. Onlar sənədlərimizi, əşyalarımızı yoxlayıb getdilər. Natia mənə göz vurub:
- Hələ gözlə. Qarşıda Gürcü sərhədçiləri var. Mənə qalsa, onları da xoşbəxt eləyək, sonra geyinərik – dedi.
Səfər belə naqolay başlamışdı deyə, mənim heç zarafatlıq halım yoxuydu, buna görə də, burnumun altında:
- …rəhmətliyin qızı…- deyə donquldandım.
Gürcüləri «xoşbəxt eləməyə» heç bir ehtiyac qalmadı. Gürcüstan sərhədində bircə nəfər cavan və utancaq sərhədçi oğlan da utana-utana sənədlərimizə, əşyalarımıza gözucu nəzər salaraq, sağollaşıb, getdi. Və qatar asqırıb, yerindən tərpənərək, Gürcüstan sərhədini keçdi…
Və gürcü torpağında bizi ilk olaraq, çiçəkləmiş yabanı yasəmənlərlə dolu xristian qəbiristanlıqları qarşıladı.
Gürcüstan yasəmən rəngində idi.
Tiflisdə ilk gecələr
Ayağımızı gürcü torpağına qoyar-qoymaz, az qala əsrlərdən bəri Azərbaycan ziyalılarının sığınacaq şəhəri olan Tiflisi tufan bürüdü. Külək qopdu, selləmə yağış başladı, şəhər ağaclarının göyə millənən budaqları göy üzünü cızıq-cızıq elədi. Hər şey elə tez, sürətlə baş verdi ki, ilk təəssüratlar üçün şəhərə göz gəzdirmək nədi, heç başımızı qaldırıb, Tiflis səmasına baxmağa macalımız olmadı.
Müasir gürcü şairlərindən olan və həftə səkkiz, mən doqquz gah AYB-nin, gah da AYO-nun qonağı qismində Azərbaycana səfər eləyən Zviad Ratiani ilə ünsiyyətimiz bir neçə il davam edən tanışlığımız olmuşdu. Və o illər ərzində Zviadın şeirləri və davranışı ilə məndə formalaşdırdığı «qəlbi sevgi ilə dolu alicənab gürcü kişisi» obrazını heç cür dağıda bilmirdim. Buna görə də, gürcülərlə azərbaycanlıların çox oxşadığını Natia mənə dəfələrlə desə belə, inadla inanmırdım, daha doğrusu, inanmaq istəmirdim.
Amma elə vağzaldaca Qafqaz xalqlarının bir-birinə nə qədər oxşadığını şahidi oldum. Şən və qırmızıyanaq taksi sürücüləri havanın qəfil pozulmasına baxmayaraq, lap elə bizim taksi sürücüləri kimi, bir-birini itələyə-itələyə, bir-birinin sözünü kəsə-kəsə bizi öz maşınlarına tərəf aparmağa çalışır, biri o birisindən daha az qiymət deməyə çalışırdı.
Bizi isə Natianın rəfiqəsigil gəlib qarşılamalı idilər. Gəldilər də…
Bir azdan gənc gürcü ailəsi qarşımızda peyda oldu. Ər - boyu ən azı iki metri ötən yekəpər bir gürcü kişisi Koba, arvad - cavan, yanaqlarından qan daman, qaraqaş-qaragöz, cantaraq gürcü qızı Tamara və qucaqlarında cəmi səkkiz aylıq olmasına baxmayaraq, üzdən və bədəncə sumo güləşçilərinə oxşayan körpə qız uşağı! O qız uşağı ki, Natia həm də onun xaç anası idi və mən bu cavan ailənin evində bir həftə qalandan sonra, uşağın fərqinə varıb, adını soruşmuşdum - Nana.
Ər-arvad ikisi də bizimlə istiqanlılıqla görüşdülər. Və yubanmadan evə getməyə tələsdirdilər. Maşına minər-minməz Natia və dostları gürcü dilində danışmağa başladılar və mən anladım ki, burada qalacağımız müddətdə vəziyyətim o qədər də ürəkaçan olmayacaq. Evlərində qalacağımız bu ər-arvad çox nadir hallarda rus dilində bir-iki kəlmə tələffüz eləyə bilirdilər.
Evə gedib, səxavətli gürcü süfrəsindən bir-iki qismət dadandan sonra anladıq ki, yuyunmasaq, özümüzə gəlməyəcəyik. Evin kişisi biz ağzımızı açar-açmaz bizi Tiflisin kükürdlü hamamlarından birinə aparmağı təklif elədi, Natianın cantaraq rəfiqəsi isə tez-bazar hamamda lazım olacaq şey-şüyü hazırladı. Və ev sahibləri şəhərdə tüğyan eləyən küləyə, yağışa məhəl qoymadan, bizi hamama apardılar.
Fikrimiz hamamdan qayıdıb yatmaq idi, amma məlum oldu ki, bu axşam ev sahibinin ad günüdür və hələ əsl zırıltı qabaqdadır. Tiflisdə keçirdiyimiz ilk gecəni Kobanın doğum gününü qeyd etməyə gələn gürcü dostlarıyla yeyib-içməklə keçirdik. Hətta mənim başımın üstümdə dayanmadığı bir arada Natia bir azərbaycanlını sevdiyini elan eləyib, rişxəndlərə tuş gələndə, sevgilisini müdafiə etmək kontekstində gürcü kişiləri ilə babat bir dava da saldı. (Tamaranın nəvəsi də, nə demək olar?).
Tiflisdəki növbəti üç günü gündüzlər ayağımızı evdən bayıra qoya bilmədik. Yağış aramsız yağır, külək bir ucdan vıyıldayırdı. Pəncərədən həyətə baxmaq belə adamı elə üşüdürdü ki, Natia ilə aramsız yanan odun sobasının yanına sığınır, ya da sakit, mehriban, qonaqpərvər və nədənsə həmişə kədərli olan Tamaranın hazırladığı türk qəhvəsindən içib qızınırdıq. Yeri gəlmişkən, Koba işlədiyi kazinoda həftənin üç gününü gecə-gündüz işləyir, qalan üç gününü isə evdə keçirirdi. Bizim gəldiyimizin səhəri günü Koba yığışıb, üç günlük növbəyə getmişdi və biz, üç qadın evdə darıxmaqla məşğul idik.
Dadamıza Natianın köhnə dostlarından olan səydəş bir gürcü gədəsi Georgi çatdı. Oğlan Natianın Tiflisdə olduğunu biləndən sonra hər axşam işdən çıxıb, maşını ilə evin yanına gəlir, bizi maşına otuzdurub, «Gecə Tiflisi»ni seyr etməyə aparırdı. «Gecə Tiflisi» isə əyalətləri kasıb və pinti olan bütün ölkələrin mərkəz şəhərləri kimi, çirkli , səliqəsiz küçələrini gecənin qaranlığında izləyib, özünün göz qamaşdıran parıltısı, yanıb-sönən işıqları ilə saxta və gözəl paytaxt həyatını yaşayırdı.
Amma o milyonlarla yanıb-sönən işıqlara baxmayaraq, Tiflis gecələrində Gürcüstan bizim gözümüzə qara rəngdə görünürdü.
Axır ki, Tiflis gündüzləri!
Üç gündən sonra qəfil günəş çıxdı və biz geyinib, bu şəhərdə gündüzün günorta çağı addımlamağımıza inanmayaraq, Tiflisin mərkəzinə yollandıq. Natia məni şəhərin vacib binaları, prezident iqamətgahı, ən gəliş-gedişli ticarət və əyləncə küçələri ilə qısaca tanış eləyir, mənsə qarşımıza çıxan bütün gürcülərin üzünə dostum Zviadın üzünə gülürmüş kimi gülümsəyirdim. Eyni zamanda müşahidələr apararaq, bu şəhərin görünüşü, əhalisi, bir sözlə, Tiflisin həyatı ilə Bakını müqayisə eləyirdim. Və hələ günlərcə davam edən gəzintilərdən, müşahidələrdən sonra bu qənaətə gəldim ki, Tiflisə göz sevindirmək üçün gələn qonaq məyusluğa, könül rahatlığı tapmaq üçün gələn qonaq bu şəhərə ömürlük vurulmağa məhkumdur. Hələ göydələn binalarla, üzərində avara müğənnilərin şəkilləri vurulan yekə-yekə avtobuslarla, qiymətləri bütün əxlaq və məntiq normalarını aşan dükan-restoranlarla zibillənməyən bu şəhər, köhnə binalarının fasadlarındakı qaralmış oraq-çəkic döymələrini qoruyub-saxlayaraq, hələ solçu simasını itirməyib.
Tiflisin ən sadə və ucuz özəlliklərindən olan şərab dükanları, kükürdlü hamamlar, xaçapurili «zabeqalovka»lar – hamısı rahat və kasıbyanadır. Ölkədə baş alıb gedən işsizlik gənclərin əksəriyyətini paytaxta qaçmağa məcbur eləyib. Və onlar «arzuların şəhəri»ndəki iş yerlərində, çalışdıqları xidmət müəssisələrində bir tikə çörəklərini itirməmək üçün dəridən-qabıqdan çıxmaqla, gəncliklərini xərcləməklə məşğuldur.
Gürcü xalqı bizimkilər kimi müğənnipərəst, meyxanaçıpərəst, klippərəst olmadığından və pulunu ulduz yarışmalarındakı avaragor cavanlara sms göndərmək üçün xərcləməyə elə də həvəsli olmadığından, paytaxt və əyalət telekanallarında şoulara, nəğməli qonaqlara, smsliATV-maqazinə-zada rast gəlmək çətin işdir. Əslində Gürcüstanın əsl «şou-biznes»i onların siyasətçiləridir. Bu ölkədə müğənnilərin deyil, siyasətçilərin sifəti məşhurdur. O ki qaldı telekanalların nə qədər sərbəst işləmələrinə…Elə təkcə yerindən duran hər sütül aparıcının yaraşıqlı paytaxt meri Gigi Uqulavanın təkər qaraltmağıyla, ofisiantlıq eləməyiylə məzələnməyi artıq çox şeyi deyirdi. (yeri gəlmişkən, aparıcılar nə qədər məzələnsələr də, mən artıq paytaxt meri ilə cani-dildən bir müsahibə eləmək barədə ciddi-ciddi düşünürdüm).
Əyalətə gedirik
Tiflisdə bir həftə qalandan sonra Natia özünün yaxın qohumları ilə görüşmək üçün əyalətə yollanacağımızı elan elədi. Koba ilə Tamara yenə şey-şüyümüzü rahatlayıb, bizi vağzala gətirərək, buradan avtobusla Senakiyə yola saldılar...
(Ardı var)
Günel Mövlud

799