60 ilin qaçqınları - REPORTAJ
APA əməkdaşının İordan çayının Qərb sahili və İsrailin Fələstinlə həmsərhəd bölgələrindən reportajı
“Yaxın Şərq dördlüyü”nün ötən ay ciddi səylərinə baxmayaraq Fələstin-İsrail münaqişəsinin nizamlanmasında irəliləyiş əldə olunmadı. Fələstin üçün müstəqillik əldə etmək və uzun illər ərzində ev-eşikdən məhrum olan milyonlarla fələstinli qaçqının taleyi əvvəlki tək aktual qalır. İsrail üçün bir nömrəli məqsəd öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. APA-nın əməkdaşı bir qrup jurnalistlə İordan çayının Qərb sahilində yerləşən fələstinli qaçqınların məskunlaşdığı düşərgələrdən birinə baş çəkib və oradan reportaj hazırlayıb.
Düşərgədəki həyatla tanışlıq göstərir ki, fələstinli qaçqınların problemləri çox kəskin hal almaqdadır. İordan çayının Qərb sahilində 750 min fələstinli qaçqın var, onlar ümumilikdə 19 düşərgədə məskunlaşıblar. UNRWA (BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi) təmsilçisi Yusif Xaşianın sözlərinə görə, Amaari düşərgəsində məskunlaşan fələstinlilər hələ də problemlərin həll olunacağına və öz torpaqlarına qayıdacaqlarına ümidvardır. BMT-nin müvafiq agentliyi qaçqınlara təhsil və səhiyyə sahəsində yardım göstərir. Gənclər qaçqın düşərgəsində orta təhsil alırlar, lakin Xaşianın sözlərinə görə, qaçqın uşaqlarının təhsilini davam etdirmək, ali təhsil almaq imkanları məhduddur, çünki onlar öz hesablarına təhsil almaq imkanına malik deyillər.
UNRWA təmsilçisi qaçqın ailələrinin ən böyük probleminin mənzillə bağlı olduğunu qeyd edib. Baş çəkdiyimiz qaçqın düşərgəsi 22 hektar ərazini əhatə edir və 6,500 qaçqın üçün nəzərdə tutulub. 10, bəzən isə 20 nəfərdən ibarət olan ailələr kiçik evlərdə məskunlaşıblar. Evlər arasında məsafə çox azdır və uşaqlar yol kənarındakı qumluqda oynamaq məcburiyyətində qalırlar. Fələstinli qaçqınlar üçün əsas problemlərdən biri işsizlikdir, bu problemdən daha çox gənclər əziyyət çəkir.
UNRWA sözçüsü Kristofer Qunnesin sözlərinə görə, agentlik fələstinli qaçqınlara yardım göstərməyə başlayan zaman bu proqram bir neçə il üçün nəzərdə tutulmuşdu: “O zaman ehtimal olunurdu ki, münaqişə yaxın zamanlarda həll olunacaq və qaçqınlar evlərinə qayıda biləcəklər. Lakin 60 il keçsə də, hələ də münaqişənin həll yolu tapılmayıb. Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq bütün qaçqınların seçim imkanı var – burada qalmaq, evinə qayıtmaq, yaxud üçüncü ölkəyə köç etmək. Fələstin dövlət olaraq tam müstəqillik əldə etmədiyi üçün fələstinli qaçqınların belə seçim imkanları yoxdur. ”
İsrail də öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək istəyir. Sderot şəhəri Qəzza zolağından endirilən raket zərbələrindən ən çox zərər görən İsrail şəhərlərindəndir. Fələstinlilərin öz torpağı hesab etdikləri ərazidə 1951-ci ildə yaradılan bu şəhərdə İsrail hökuməti əsasən İraq, İran, Rusiya və Şimali Afrikadan olan yəhudi mühacir ailələrini məskunlaşdırıb. Ötən əsrin 90-cı illərindən başlayaraq Sderota Ukrayna, Qafqaz ölkələri və Gürcüstandan da yəhudi ailələri köçməyə başlayıb. 90-cı illərin əvvəllərində 10 minə yaxın əhalisi olan Sderotda hazırda 23 min nəfər yaşayır. İsrail hökuməti onlar üçün yeni rayonlar salıb, zavodlar, fabriklər tikib. Sderot ər bələdiyyəsinin katibi Şalom Alevinin sözlərinə görə, şəhər sakinləri üçün yeganə problem təhlükəsizlik problemidir: “2001-ci ildən başlayaraq şəhərimiz Qəzza zolağından raket atəşinə məruz qalır. 2004-2008-ci illərdə bu zərbələr nəticəsində 10 nəfər ölüb, minlərlə sakin isə yaralanıb. Raket zərbələri 1200-dən çox evi dağıdıb. Bu müddətdə Sderota 8 mindən çox raket atılıb”.
Şalom Alevi bildirir ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi “Tökmə qurğuşun” əməliyyatından sonra belə şəhərə raket zərbələri endirilməsi dayandırılmayıb. Əməliyyatdan sonra Qəzza zolağından Sderota 400-dən artıq raket atılıb. Şəhər öz adi, gündəlik həyatını davam etdirir – insanlar təhsil alır, işləyir, qonaq gedirlər. Buna baxmayaraq bütün sakinlər yaxşı bilir ki, hava həyəcanı siqnalından sonra raket zərbəsindən qorunmaq üçün onların cəmi 15 saniyə vaxtı var. Qəzza zolağından atılan raketlər məhz 15 saniyə sonra Sderot ərazisinə düşür. Şəhərdə ümumilikdə raket hücumundan müdafiə üçün 40 ictimai sığınacaq və şəhər sakinlərinin evlərində düzəldilmiş 1500-dək “təhlükəsizlik otağı” adlanan yerlər var.
Bəs insanlar nə üçün bu təhlükəli yerdə yaşamağa davam edir və Sderotu tərk etmirlər? Şəhər bələdiyyəsinin katibi bu suala cavab olaraq deyir ki, bəzi sakinlər Sderotdan qonşu yaşayış məntəqələrinə köçüblər: “Lakin əhali arasında izahat işləri aparırıq. Sderot sakinləri Aşkelon və digər şəhərlərə köç edirlər. Amma onları başa salmağa çalışırıq ki, o şəhərlər də atəşə məruz qala bilər və sizə o zaman daha uzaqlara, uzaqlara getməli olacaqsınız”.
13 yaşlı Sderot sakini Yaniv Azrov raket zərbəsi endirənləri dəli adlandırır: “Bəli, mən öz ailəmin taleyindən narahatam, amma bu şəhərə, məktəbə, dostlarıma öyrəşmişəm və buna görə də başqa yerə köçmək istəmirəm”.
Fələstin-İsrail münaqişəsinin nə zaman həll olunacağı və Yaxın Şərqdə sülh və əmin-amanlığın nə zaman bərqərar olacağını söyləmək çətindir, lakin bir çox yəhudilər və fələstinlilər hesab edir ki, üçüncü tərəfin köməyi olmadan münaqişəni həlli çox çətindir. Fələstinli mühəndis Əli Əbdülqadir də belə düşünür: “Kənarda müdaxilə olmasa, münaqişəni həll etmək mümkün olmayacaq. Çünki bu münaqişənin tarixi kökləri var”.
Bununla belə beynəlxalq ictimaiyyət, o cümlədən “Yaxın Şərq dördlüyü”nün üzvü olan Avropa İttifaqı bu fikirdədir ki, münaqişənin həllinə iki tərəf – İsrail və Fələstin nail olmalıdır.

882