Kürd Əhməd Türk. Niyə Türk?
23 dekabr 2009 10:14 (UTC +04:00)

Kürd Əhməd Türk. Niyə Türk?

“…İmralıdan sayın Öcalandan parlamentə getmək barədə təkliflər aldıq və parlamentə getmək qərarını verdik…”, “…Partiya qapatmaqla Türkiyə bu problemi həll eləyə bilməz…” və digər bu sayaq açıqlamalarla qardaş ölkədə gündəmi məşğul eləmiş artıq əski millət vəkili və yenə artıq əski Demokratik Toplum Partiyasının başqanı kürd oğlu kürd Əhməd Türkün soyadının niyə, məsələn, “Kürd” deyil, məhz “Türk” olduğu sən demə, tək bizdə deyil, Türkiyədə də dartışma mövzusuymuş. Ancaq Türkiyənin internet saytlarında bu barədə eynən bir-birinin təkrarı olan hekayətdən savayı bir şey tapmaq mümkün deyil. Onu da əlavə edim ki, bu hekayət “kürd açılımı”nın az qala baş qəhrəmanına çevrilmiş Əhməd Türkün siyasi və psixoloji portreti üçün həddən ziyadə səthi yanaşmadır. Di gəl, maraqlıdır ki, 1942-ci il təvəllüdlü Əhməd Türkün siyasi həyatı barədə məlumatlar yox dərəcəsində azdır. Bildiyimiz odur ki, 1942-ci il avqustun 23-də Mərdində doğulmuş Əhməd Türk siyasətə Ədalət Partiyasından Böyük Millət Məclisinə millət vəkili seçilmiş qardaşı Əbdürrəhim Türkün 1970-ci ildə qətlindən sonra gəlib. 1974-cü ildə Cümhuriyyət Xalq Partiyasından millət vəkili seçilən Türk, 1988-ci ildə İran ordusu ilə birləşərək üsyan eləmiş kürdlərə amansız divan tutan Səddam Hüseyn rejiminə qarşı Parisdə düzənlənən kürd konfransına qatıldığı üçün partiyadan xaric edildi. Sonra Xalqın Əməkçi Partiyasını qurdu və apardığı siyasətlə artıq tarix olan olan Demokratik Toplum Partiyasına qədər bir yol gəldi.

Əhməd Türk müxtəlif illərdə terrorçubaşı Abdulla Öcalanla görüşdüyü hər zaman dilə gətirib. Bu günün özündə də “parlamentə getmək qərarını Abdulla Öcalandan aldıq” dediyi üçün Türkiyədə barəsində araşdırmalar başlanıb. Nəsə, məqsədimiz Əhməd Türkün siyasi perspektivini, yaxud perspektivsizliyini dartışmaq olmadığından, qayıdaq soyadındakı “Türk”ə.

Çünki bu kürd oğlu kürdün daşıdığı “Türk” soyadı onun siyasi karyerasından heç də az maraq doğurmur. Bunun kökünə varmaq üçünsə xeyli əvvələ - Türkiyə Cümhuriyyətinin qurulduğu ilk illərə qayıtmaq lazımdır…

…Rəvayətə görə, Mərdinin adlı-sanlı əşirət rəislərindən və Hamdiyyə Alayına bağlı komutanlardan olan Hüseyn Kanco ölümqabağı bütün varidatını Hacı Sinan adlı birisinə vəsiyyət edir və Türkiyə adlı qızını da ona ərə verir. Beləcə, odunçu Sinan Kanco əşirətinin böyüyü olur. Soyad qanunu qəbul ediləndə kürd Kanco əşirətinin rəisi Sinan həmin bölgədə yaşayan bir çoxları kimi Cümhuriyyətə sədaqətini nümayiş etdirmək üçün özü də, arvadı Türkiyə də “Türk” soyadını qəbul edirlər. Sinan Türk bir neçə il sonra Türkiyənin üstünə arvad alır və cavan bir qızla evlənir. Bu evlilikdən narazı qalan Türkiyə ər evindən qaçaraq atasının qohumları olan Necmioğlu əşirətinə sığınır. İllər sonra anasının başqa əşirətə sığınmasını qeyrətinə sığışdırmayan böyük oğul anası Türkiyəni öldürür. Bu zaman artıq Sinan Türkün ikinci arvadından oğlu – Əhməd Türk anadan olmuşdu…

Ümumiyyətlə, Əhmədin atası Sinan kişinin nəyə görə “Türk” soyadını qəbul etməsini müxtəlif cür izah eləmək olar. Birincini yuxarıda dedik. İkinci səbəb kimi bu soyadı 1925-ci ildə Güney Doğunu ağuşuna almış Şeyx Səid üsyanının yatırılmasından sonra bölgədəki kürd əşirətlərinin “İstiqlal məhkəmələri”ndən qurtulmaq üçün əl atdıqları yol kimi də qəbul eləmək olar. Onu da haşiyə kimi xatırladaq ki, Ziya Göyalpın Kanco əşirəti barəsində “xain Kanco” ifadəsindən bəhs edənlər var. Deyirlər, Kanco camaatı heç də sakitliyi sevməyiblər, bir az şuluqluqları olub.

Təbii ki, bu yazıyla sayın Türkün nəsil-nəcabətini araşdırmaq fikrindən uzağıq və fikirlərimiz subyektiv də ola bilər. Hətta o qədər ki, başqa yanaşmalara görə, yazdıqlarımız yanlışdır. Belə ki, qeyrilərinə görə Əhməd Türkün babası türk olduğundan bu soyad da ona babasından qalıb. Düzünü özü bilməmiş olmaz…

İlham Tumas
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar