Dünyanı aldadan beş fırıldaqçı
30 sentyabr 2012 12:30 (UTC +04:00)

Dünyanı aldadan beş fırıldaqçı

Fırıldaqçı olmaq üçün əlahiddə ağıla malik olmaq vacib deyil. Bunun üçün sadəcə son dərəcə bacarıqlı yalançı olmaq lazımdır. İnsanların çoxu sadəlövh olduğundan, onlar heç bir zaman düşünmürlər ki, kiminsə qalmaqallı bəyanatı yalan ola bilər. Fırıldaqçılar isə bütün uğurlarını məhz bunun üzərində qururlar. Yumşaqürəkli insanlar isə həqiqətən belə düşünürlər: «Belə şeylər barəsində kim yalan danışa bilər?» Əlbəttə ki, fırıldaqçılar.

5. Başqalarının yazdığı 100 albomu öz adına çıxan Coys Hatto

Bu, məhz o hadisələrdən biridir ki, onun süjet xətti sonradan filmin əsası olur və Amerika Kinoakademiyasının mükafatına irəli sürülür. Coys Hatto uzun illər ərzində solo konsertlər verən pianoçu olsa da, tənqidçilər bu qadın haqqında heç bir zaman ulduz kimi danışmayıblar. Həkimlərin onda xərçəng xəstəliyi aşkar etməsi səbəbindən səhnəni tərk etməsinə qədər. Faciə ilə üzləşən Coys Hatto birdən-birə çiçəklənməyə, həmişə arzu etdiyi dahi klassik musiqiçiyə çevrilməyə başlayır.

Elə həmin andan 2006-cı ildə vəfatına qədər Hatto studiyada başgicəlləndirən sayda konsert yazdırır. Bu konsertlər ən müxtəlif stildəki fortepiano musiqisinin 100 kompakt-diskinə çevrilir. Onu hətta indi həyatda olan ən dahi pianoçu adlandırmağa başlayırlar.

İfşa:

Bir dəfə amerikalı klassik musiqi həvəskarı Brayan Ventura Hattonun disklərindən birini qulaq asmaq üçün iTunes mediapleyerinə qoyur. Mediapleyerdə isə yazılır ki, Ventura əslində çox az tanınan Laslo Şimon adlı pianoçunun diskini alıb. Ventura bu dolaşıqlıqdan təəccüblənir və Ced Distler adlı musiqi şərhçisinə qısa məlumat verir. Distler və onun həmkarları kiçik araşdırma apararaq müəyyən edirlər ki, Coys Hattonun adına çıxılan 100 diskdən heç biri əslində onun tərəfindən yazılmayıb.

Parlaq pianoçu və nadir istedad obrazı yaratmağa kömək edən disklərdə ən azı 91 pianoçunun ifasında musiqi əsərləri yazılıb. Ekspertlərin fikrincə, Hattonun adına çıxılan 100-ə qədər diskdən ancaq birində onun öz ifasında musiqi olub. Qalan disklər isə Hatto və onun həyat yoldaşının açıq, son dərəcə kobud saxtakarlığının məhsulu imiş. Yalanlarının həqiqətə oxşaması üçün onlar hətta mövcud olmayan orkestrin adını belə uydurublar. Guya ki, orkestrə İkinci Dünya müharibəsi zamanı Holokostdan qurtulan yəhudi dirijorluq edirmiş.

Hattonun əri Uilyam Barrinqton-Kup fırıldağa əl atdıqlarını etiraf edir. Amma o, yenidən yalan danışaraq bildirir ki, səsyazma zamanı arzuedilməz səsi batırmaq üçün başqa pianoçuların musiqi ifasının parçalarından istifadə edib. Treklərin çoxu orijinal ifa ilə üst-üstə düşdüyündən, məlum olar ki, arzuedilməz səs Hattonun özünün ifası olub.

4. Şərab bilicilərinə saxta şərab sataraq milyonlar qazanan Hardi Rodenştok

Amerikalı biznesmen Bill Kox 1985-ci ildə Tomas Ceffersonun kolleksiyasına məxsus olduğu güman edilən, 1787-ci ildə hazırlanan 4 şüşə Şato Lafit şərabı üçün 500 min dollar ödəyib. Şüşələrin həqiqətən də Ceffersona aid olduğunu onların dibində «T.J.» hərflərinin yazılması da sübut edirmiş.

Bill Koxa bu şərabı bütün dünyada məşhur olan elitar şərab kolleksiyaçısı Hardi Rodenştok satıb. Rodenştok şərabla məşğul olmağa başlayana qədər musiqi prodüsseri və professor olub. O, qeyri-adi şərab məclisləri düzəldirmiş. Bu məclislər zamanı iştirakçılara qiyməti olmayan nadir şərablardan dadmaq və hətta onları almaq imkanı yaradılırmış. İnsanlar Rodenştokun kolleksiyasındakı şərablardan almaq üçün yüz milyonlarla pul xərcləyirmişlər. Nədənsə «pişik sidiyi» dadı verən bu şərabları ancaq «əsl şərab bilicilərinin» qiymətləndirə biləcəyi elan edilirmiş.

İfşa:

Sonradan məlum olub ki, Koxun aldığı butılkalara həqiqətən də pişik sidiyi tökülə bilərmiş. Ceffersonun şüşələrinin içindəki şərabın keyfiyyəti ilə bağlı bir neçə il davam edən şübhələrdən sonra Kox belə qərara gəlir ki, Rodenştok fırıldaqçıdır. O, Rodenştokun axtarışına başlayır və bunun üçün daha bir neçə milyon dollar xərcləyir. Biznesmenin bu vəsaiti xərcləmək üçün ciddi əsasları olur.

Məlum olub ki, Ceffersonun adının baş hərfləri şüşə qablara adi bor maşını vasitəsilə həkk edilib. Bu maşın saxta şərabın istehsal edildiyi elə həmin sexdə tapılıb. Burada saxta şərabı hazırlayaraq, qablara tökürmüşlər.

Rodenştokun keçmişinin də saxta olduğu üzə çıxıb. Məlum olub ki, özünü Hardi Rodenştok kimi qələmə verən bu şəxsin əsl adı Maynhard Qerkedir, o professor deyil, adi mühəndisdir. Onu musiqi ilə bağlayan da ancaq o olub ki, Maynhard gəncliyində ortabab alman qrupunda çıxış edib.

Bəs o uzun müddət ərzində ən incə şərab bilicilərini və mütəxəssisləri necə aldadıb? Əvvəla, Rodenştok-Qerke qədim şərablar barədə elə şeylər danışırmış ki, heç kimin ağlına belə gəlməyib ki, bu sözlər saxta ola bilər. Axı 250 il əvvəl şərabın dadının necə olduğunu haradan bilmək olarmış?

İkincisi, Rodenştok «qeyri-adi» şərablarını dadmazdan əvvəl, mütəxəssisləri elə içirdirmiş ki, onlar 1792-ci ilin Rislinqini adi borudan gələn sudan seçə bilmirlərmiş.

3. Saxta realiti-şounun narkoimperiyaya çevrilməsi

Hamı bilir ki, müasir realiti-şoular saxtadır. O cəhətdən ki, onların yaradılması üçün kreativ montaj və əvvəlcədən qurulmuş səhnələrdən istifadə edilir. Çünki daima bir-birinin üzərinə çığıran realiti-şou iştirakçılarının, bir qrup «qudurmuş» qonağın real həyatı tamaşaçıya maraqlı deyil. Tamaşaçı tamamilə başqa bir şey gözləyir. Amma P.İ.Moms realiti-şousunun arxasındakı fırıldaqçılıq bu verilişi tamamilə yeni səviyyəyə qaldırıb.

Ola bilsin ki, siz hələlik bu barədə eşitməmisiniz. Amma P.İ.Moms 2010-cu ilin pop mədəniyyətinin yeni fenomeninə çevrilibmiş. Daha çox «Düşmənlə yataqda»ya bənzər filmlərə üstünlük verən kanal kimi tanınan «Lifetime» kanalı bu realiti-şounu yeni layihəsi olaraq təqdim edib. Bu şouda əyalətlərdə yaşayan qadınlar ev işi ilə məşğul olmaq əvəzinə lisenziya alaraq özəl xəfiyyəyə çevrilirlər. Onlar şahidləri izləyirlər, şübhəli şəxsləri nəzarət altına alırlar, narkoqrupların fəaliyyətini araşdırırlar və nəhayət, internetdə pedofillərlə söhbət edərək onların iç üzünü açırlar.

İfşa:

Piter Kruks adlı jurnalist realiti-şounun yaradıcısı Batler və şouda iştirak edən qadınlarla bir yerdə onlara yaxından baxmaq üçün redaksiya tapşırığına yollanır. Amma ilk andanca ona hər şey süni görünür. Kruksu qadınlara verilən tapşırıqda iştirak etməyə Batler özü dəvət edir. Jurnalistə ərin öz qadınına xəyanət etməsinin şahidi olmaq təklif olunur. Amma məlum olur ki, həqiqətdə həmin kişini qadınına xəyanət etməyə məcbur etmək istəyirmişlər. Kruks başqa adamları aldatmaq istəmədiyini, oxucularına həqiqəti çatdırmaq niyyətində olduğunu bildirir. O, bəyan edir ki, Batler və qadınlarının həqiqətən hansısa işin üstünü açmasını görmək istəyir. Buna cavab olaraq jurnalisti ertəsi gün «həqiqi» işə çağırırlar.

«İş» Napa vadisində hansısa oğlan və onun sirli sevgilisini izləməkdən ibarət olur. Amma Krusk yenə hiss edir ki, hər şey saxtadır. Cütlük istənilən cümləsində seksə işarə edir. Elə bil ki, onlara qulaq asan qadınları və Kruksu tezliklə sekslə məşğul olacaqlarına inandırmağa çalışırlar. Sonra qadınlar və Kruks xəyanətdə şübhəli bilinən kişini izləyirlər və s.

Kruks anlayır ki, hər şey saxtadır, hər şey tamaşaçı üçün əvvəlcədən qurulub. Tezliklə o, naməlum şəxsdən şübhələrini təsdiq edən elektron məktub alır. Faktlar jurnalistin şübhələrini təsdiq edir. Bir qədər sonra isə məktubu göndərən şəxsin isə bu realiti-şouda xəfiyyə rolunda iştirak edən Karl Marino adlı aktyor olduğu üzə çıxır.

Əslində, burada maraqlı heç nə yoxdur. İstənilən televiziya verilişində kifayət qədər saxta, qurulma səhnələr tapmaq olar. Amma ən maraqlısı bundan sonra baş verir. Marino onu da xəbər verir ki, Batler narkotik satışı ilə məşğuldur. Narkotiki ona sıx əlaqə qura bildiyi naprkoticarətlə mübarizə əleyhinə qrupun üzvləri çatdırırlar. Bu qrup şoudakı qadınlara Napa vadisində izlədikləri oğlanı (onun narkotacir olduğu güman edilib) tora salmağa kömək edib. Oğlanın söhbət etdiyi serli sevgilisi ona yaxşı şam yeməyi, boulinq və qadın paltarının reklamı agentliyinin modelləri ilə qrup seks vəd edirmiş.

Bundan sonra Kruks Marinonu korrupsiyaya bulaşmayan polislərlə tanış edir. Polislər aktyorun ifadəsi əsasında əməliyyat hazırlayırlar. Əməliyyat nəticəsində Batler və onun köməkçiləri həbs edilir və federal həbsxanaya salınır. «Lifetime»nin realiti-şounu bağlamaq barədə qərar çıxarması barədə danışmaq yersizdir. Buna baxmayaraq, hələ də bir çoxları güman edirlər ki, real həyatda yaşananlar, o cümlədən Batlerin həbsi də şounun bir hissəsidir.

Amma indiyə kimi ancaq bir suala cavab tapılmır: Batlerin çirkli işlərini televiziyaya çıxarmaq və bununla da özünü faş etmək nəyinə lazımmış?

2. Lin Çunpin və onun saxta bankı

2010-cu ildə Lin Çunpin maliyyə dünyasının ulduzuna, bir növ «çinli Uorren Baffet»ə çevrilib. Lin Amerikanın 2008-ci ildə maliyyə böhranı nəticəsində ziyan çəkən, mənzil-qərargahı Delaverdə olan «Atlantic Bank»ını almaq barədə razılaşıb. Bankı alandan sonra Lin onun adını da dəyişib: «USA New HSBC Federation Consortium Inc.»

İndi Linin şəxsi hesabına 40 milyon dollar yatırılıb. Amerika bankını alması isə Çin Xalq Siyasi Məşvərət Şurasında yer almasına gətirib çıxarıb. Senzurası ilə məşhur olan Çin KİV-i isə onun işgüzar keyfiyyətlərini «əfsanəvi» adlandırıb.

İfşa:

İnsanın media-sensasiyaya çevrilməsinin əsas problemi ondan ibarətdir ki, bəzən xəbərləri çox şeydən məlumatı olanlar da oxuyur. Bu halda da maliyyə məsələləri ilə məşğul olan və Amerika bankları barədə məlumatlı olan jurnalistlər tənbəllik etməyiblər və Linin bəyanatlarını yoxlamağa başlayıblar. Məlum olub ki, Lin öz bəyanatlarında çox uzağa gedib. O, nəinki Delaverdki bankı almayıb, əslində Delaverdə heç bir zaman belə bank olmayıb.

Lin etiraf edib ki, sosial statusunu yüksəltmək üçün bəzi məsələləri «bir qədər» şişirdib. Axmaq vəziyyət yaranıb. Görünür, Çində emosional sözlərdən istifadə etmək və cümlənin sonunda bir neçə nida işarəsi qoymaq kifayətdir ki, heç kimin sizin bəyanatınızı yoxlamaq ağlına belə gəlməsin.

1. Endryu Veykfild və vaksinləşmə ilə mübarizə

MMR vaksini bizə uşaqlıqda vurulan dərmandır və o, bizi bir çox xəstəliklərdən (qızılca, məxmərək, xənazir) qorumalıdır. Amma bizim günlərdə bəzi valideynlər bu vaksinin fəsadlara səbəb olduğu barədə şayiələrə inanaraq, ondan imtina edirlər. Ola bilsin ki, onlar bunu Cenni Makkarti və ya digər aktyorların dilindən eşidiblər. Amma şayiənin ilkin mənbəyi doktorluğu şübhə altında olan Endryu Veykfilddir.

Veykfild və onun 10 həmkarı 1998-ci ildə əqli cəhətdən zəif inkişaf edən və mədə-bağırsaq sistemi pis işləyən 12 uşaq üzərində aparılan tədqiqatın nəticəsini dərc ediblər. Valideynlərin sözlərinə görə, bu problemlər onların övladlarında vaksindən sonra yaranıb. Kifayət qədər, o cümlədən ən mürəkkəb və ağrılı analizlərdən sonra Veykfild belə bir nəticəyə gəlib ki, vaksin edilmə və müxtəlif xəstəliklərin yaranması arasında əlaqə var.

Bundan sonra o, vaksinləşməyə qarşı mübarizəyə başlayıb. Veykfild valideynləri uşaqlarında müxtəlif xəstəliklər, o cümlədən autizmin yaranacağı ilə qorxudurmuş.

İfşa:

Amma hər şey tərsinə olub. Alimlər sübut ediblər ki, vaksin autizmə səbəb olmur. Buna baxmayaraq, bu mövzu gərgin mübahisələrə gətirib çıxarıb və mübahisə bu gün də davam edir. Ən qorxulusu isə odur ki, vaksin vurulan uşaqların sayı azalır və hər şeydə ancaq bir nəfər – şübhəli reputasiyaya malik Endryu Veykfild günahkardır.

Onunla işləyən alimlərdən biri müəyyən edib ki, Veykfild əldə olan məlumatları saxtalaşdırır. Nəticədə belə təsəvvür yaranıb ki, əslində çoxdan xəstə olan uşaqlar vaksindən sonra xəstələniblər. Onun nəzəriyyəsinə uyğun gəlməyən nəticələr isə bir kənara atılırmış. Və bütün bu müddət ərzində lazımsız, uşaqlar üçün son dərəcə ağrılı olan təcrübə aparırmış.

Bəs o, bunları niyə edirmiş?

Hələ vaksinə qarşı mübarizədən əvvəl Veykfild özünün icad etdiyi yeni vaksin üçün patent almağa çalışıb. Bundan əlavə, o, vaksin istehsalçılarına qarşı iddia qaldırmağa çalışan fonddan maliyyə vəsaiti alıbmış (yəni, onun insanları qorxutmasının arxasında maliyyə maraqları dururmuş).

Yeni tədqiqatların nəticəsi o qədər təəccüblü olub ki, tədqiqatda iştirak edən 10 alim müəlliflikdən imtina edib. Artıq vaxtilə vaksinin zərərli olduğunu iddia edən alimlər, bunun tam yalan olduğunu etiraf ediblər. Amma iş işdən keçib – indi heç də hamını vaksinin zərərli olmadığına inandırmaq mümkün deyil.


Kamal Gürşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5639

Oxşar yazılar