Bərbər Həcər
25 aprel 2022 16:19 (UTC +04:00)

Bərbər Həcər

“Həm masaj edib , həm də saç kəsənlər var...” – Kişilər bura gizlicə gəlirlər - MÜSAHİBƏ

“Saçını kəsdirməyə gələn müştəri deyir ki, mənə elə söykənirsən ki... Sənin yerinə məhəllədəki bərbər Fazil kişi olsaydı, çoxdan itələmişdim”.

Bir çox sənətin qadınlar tərəfindən də mənimsənilməsi onların qarşı cinsin nümayəndələri ilə müqayisədə nə qədər əzmli, zəhmətkeş olduqlarını sübut edir. Kişilərin qadın bərbəri olması əksəriyyət tərəfindən artıq adi qarşılanır. Amma hələ də, qadınların kişi bərbəri olması niyəsə diqqət çəkir. 

Bu tendensiyaya son qoymağın vaxtı çatmadımı? Bəlkə mümkün qədər kişi bərbəri olan qadınları ön plana çıxararaq bu stereotiplərə son qoymaq olar. Belə bərbərlərdən biri – “kişi işi”nin zərif ustası Həcər xanımdır. 

Lent.az-ın ekipi onun fəaliyyət göstərdiyi məkana baş çəkir. Müsahibəmizi birbaşa iş şəraitinə şahidlik edərək aparmaq istədik. Olduğu məkanı uzun axtarışlardan sonra tapırıq. Tanış olduğumuz bu xanım boş zaman yaradıb əməkdaşımızın üzərində improvizələr edərək bizə kiçik dünyasından maraqlı əhvalatlar, sənətin çətinliklərindən, unikal müştərilərindən, ümumiyyətlə, ürəyindən nə keçdisə, hər şeyi nəql etdi. Onu qeyd edim ki, hər şeyi necə danışıbsa, elə də təqdim edirik. 

-  Həcər xanım, nə qədər zamandır kişi bərbərisiniz?

-  30 yaşım var və bu işlə 2017-ci ildən bəri məşğul oluram. Əvvəl kişi bərbərinin yanında  şagird oldum, sonra yavaş-yavaş, əziyyətlə də olsa, müstəqil kişi bərbəri olmağı bacardım. Bu məkanda işləyən bərbər əvvəl kişi idi. Ondan sonra mən icarəyə götürmüşəm, səliqə-sahmana salıb işlədirəm. Bundan əvvəl fitness məşqçisi işləmişəm, amma istəyirdim qeyri-adi sənətlə məşğul olum, heç kimdən asılı olmayım. İstəyirdim ki, kiçik biznesim olsun. Özümü bu sahədə tapdım. Vallah, gözəl də alınır.

-    Nə qədər zamana tam öyrənmisiniz? 

-    2 il. Bütün saç modellərini öyrənməyim üçün çox zamanımı sərf etmişəm. 

-    Necə oldu ki, qadın bərbəri yox, kişi bərbəri olmaq qərarına gəldiniz? 

-    Düşündüm ki, ölkədə kifayət qədər qadın və kişi saçı kəsən bərbərlər çoxdur, istədim bu fərqi yaradım – niyə də yox?! Mən də bu sənəti öyrəndim, uğurlu da alındığını hesab edirəm. 


 

-    Bəs kişi bərbəri olmağının hansı çətinliklərilə üzləşirsiniz? 

-    Təbii ki, bu sənətə başlayanda çətinliklərim oldu. Kişi saçı kəsmək çətindir, ona görə ki, qadınların saçını kəsən zaman nəyisə korlayanda uzunluğuna görə çox da gözə çarpmır. Amma kişidə elə deyil. Ört-basdır etmək olmur. Müştəri nəticədə ya keçəl qalır, ya da...(gülür) Bunun ülgücü var, başını yumaq, müştərinin istədiyi modelin eynisini etmək və s... 

-    Heç olub ki, müştərinin saçını korlamısınız? 

-    O qədər olub... O qədər saçı məhv eləmişəm ki. Təbii ki, öyrəndiyim zamanlarda. Hər bir peşəkar ustanın müəyyən zamana qədər korladığı saçlar olur. 
 

-    Reaksiyaları necə olub bəs?

-    Qarşısındakı qadın olduğu üçün qəlbimə dəyməsələr də, bir daha gəlməyiblər. 
 

-    Qadın bərbəri olmamağınızın səbəbi nədir? Qadınlarla yola getmirsiniz, ya necə?...

-    Düzünü desəm, bəli, xanımlarla yola getmirəm. Ətrafımda barmaqla sayılacaq qədər xanım dostum var. Kiçik yaşlarımdan idmanla məşğul olduğuma görə qarşı cinsin nümayəndələri ilə yaxşı yola gedirəm. Mənim üçün onlarla işləmək rahatdır. 

-    Bezdiyiniz zamanlar olur? “Bir də qayçıya, darağa əl vurmayacam” dediyiniz məqamlar olur?

-    Təzə-təzə bu sənətə başlayanda olmuşdu. Bəzi saç modellərini bacara bilmirdim, ağlayırdım. Ustam mənə çox əsəbiləşirdi, qışqırırdı. İşi yarımçıq qoyub, çıxıb gedirdim. Ustam da sağ olsun, məni qaytarıb başa salırdı ki, Həcər, sənin bundan sonrakı həyatın bu qayçıdan (əlində göstərir) asılıdır. Sən bunu öyrənmək məcburiyyətindəsən. Öyrənəndən sonra sənə hər şey asan olacaq. Məsələn, kölgə effekti modelini çox çətinliklə öyrəndim. O xüsusi keçidləri, qatların   bilinməməyi, xətlərin səliqəsi və s.    

 - Ölkədə kişi saçı kəsən xanım bərbərlər azdır. Sizcə niyə kişi bərbəri qadınlar cəmiyyətimizdə birmənalı qarşılanmır? 
 

- Kişi işi, qadın işi deyilən şey yoxdur. Deyirlər ey, aslanın dişisi, erkəyi olmaz. O qədər hərbi, güc strukturu, nəqliyyat, tibb və başqa sahələrdə xanım işçilər çalışır ki. Ancaq bizim sahəmizdə buna pis baxanlar çoxdur. Məncə bu, səhv düşüncədir, cinsi ayrı-seçkilik olmaz. Bu, qeyri-etik sahə də deyil axı. Əgər işi həqiqətən bilirsənsə, cins fərq etmir, harada olsan, bacaracaqsan. 
      
Bu dəm Həcər xanım “çörək ağacı” – qayçısına əl atır. Qiymətin soruşanda deyir ki: 

“Bu qayçı 380 manatdır”. Rəng alıb rəng veririk, o isə əli ilə digər alətlərini də göstərərək: “Bu daraq 350 manata, bu “maşinka” 350...” deyib qiymətlərini sadalayır. Niyə belə bahalı alətlərə keçdiyini soruşuram: 

“Keyfiyyət fərqi var. Ucuz alətlərlə bahalısının işləmə mexanizmi eyni deyil. Məsələn, bu, müştərinin saçını “dişləmir”, incitmir. Aşağıdan yuxarı “yağ kimi” gedir. Həm mənim üçün, həm də müştəri üçün rahatdır”. 

Elə istəyirdim soruşam ki, bu sənət onda hansı izləri yaradıb. Birdən gözüm əlinə sataşır və ağlıma “peşə izləri” ifadəsi gəlir. Fikir vermisinizsə, hər peşənin adamında özünəməxsus əlamətlər olur: ya xarakterində, ya görünüşündə mütləq ki, nələrsə büruzə verir. Mən də o əlamətlərdən axtarırdım. Həcər xanımın zərif barmaqlarında qayçının yara elədiyi izlər qalmışdı. Özü danışsın deyə verdiyim suala cavabında deyir ki, əlinin məsamələrinə, dırnaqlarının arasında tük kəsikləri girir, o da onu naqqaşla çıxarırmış:

“Təzə-təzə başlayanda düzgün yanaşma tərzini tuta bilmirdim, tük üzümə, gözümə dolurdu. İyrənirdim, diksinirdim. Normalda tük yumşaq yox, ucu iti olduğuna görə daha çox dərini zədələyir. Sonra tədricən öyrəşdim. Ona görə də makiyaj demək olar etmirəm (əli ilə üzünə toxunur) vəssalam”.

 Bax, müsahibimiz sənətinin bu çətinliyini də izah etdi. Necə deyərlər, gülü sevən gərək tikanına da dözsün... 

-    Heç natəmiz vəziyyətdə gələnləri qapıdan geri qaytardığınız olub? 

-    Yox, geri qaytarmamışam. Amma o qədər olub ki, çimməmiş, çirkli vəziyyətdə gəlib oturublar. Mən də məcbur olub iyrənə-iyrənə də olsa, işimi görmüşəm. Bəzən elə olur ki, müştərinin saçını rezin əlcəklə yuyuram. Düşünür ki, gedirəm bərbərə, hə, yuyacaq da. Bu, düzgün fikir deyil. Bərbərin kəsməsi üçün saç yağlı yox, təmiz olmalıdır. 
      
Təsəvvürümdə qalıb ki, əvvəllər kişilərin saçını yekəqarın, ağxalatlı, şəbə saç dayı qırxardı. Zəmanə dəyişdikcə cavanlar kobud dildə desək, başını, həm də imicini cavan bərbərlərə etibar edirlər. Xanım bərbərimizə bu xüsusda sualımı belə verdim:

- Kişilər həm saçını-başını, həm də imicini qadın bərbərə etibar edə bilirmi? Bu barədə qadınlar güclüdür, yoxsa kişilər?

-  Biri var kişi gözü ilə baxıb nəsə yaradasan, biri də var qadın gözü ilə. Tamam fərqli baxış bucaqlarıdır, anlayırsınız? Necə ki, kişilər qadınlar olan sahədə incə detalları görür, toxunur, qadınlar da elə. Məsələn: masaj işini kişilər çox gözəl bacarır, kişi aşpazlar yemək işində xariqələr yaradırlar və bu kimi bir çox işlərdə. Yeri gələndə qadının gördüyünü kişi görmür və yaxud qadın səliqəsi bəzi kişilərdə olmur. Ona görə də bizim sahədə kişilər istəyir ki, qıraqdan necə göründüyünü qadına etibar etsin. Əsas da zövq məsələsində. 

Bir də müştərilərin öz kaprizləri var. Çoxları elə bilir kişidir də, qadınlarda olan kaprizlər kimdə var?! Ancaq kişilərdə elə kaprizlər gördüm ki... Elə müştəri var deyir ki, saçımı məhv elə, ancaq saqqalıma dəymə! Elə bir müştəri də olub ki, saçında ağ tüklər olub, yaxşılıq etmək istəyib götürüb kəsmişəm. Elə əsəbiləşmişdi ki, iki-üç ay küsüb, gəlmədi. Belə qeyri-adi kapriz görməmişdim. Guya o ağ tükü kəsəndə iflas olacaq...

Tükün içində tanış olmağa cəhd edənlər...

Baxmayaraq ki, əməkdaşımız onun qayçısının altındadır, qıcıqlandırıcı sualımı verməkdən çəkinməyib axır ki, soruşuram: 
 

-    Heç olub sizlə tanışlıq məqsədilə saç kəsdirməyə gəlsinlər? 

-    (Gülür) Olur... O fikirlə gəlib bu stulda oturanlar olub. Pulu ilə öyünüb guya öz aləmində qız “tutmağ”a gələnlər var. Düşünmürlər ki, mənimlə bir insan niyə normal dəvətlərdə, məkanlarda yox, tükün içində tanış olsun ki? Hətta məsələn, yazanlar var ki, sizi yeməyə dəvət edə bilərəm? Yanaşması, düşüncəsi səhv olan məntiqsiz insanlar çoxdur. Mən də kobud cavab vermirəm. 2-3 dəfə gəlir, gözlədiyi reaksiyanı görməyib bir də qapıdan içəri ayaq qoymur, gedir bərbər Fazil dayıya 3 manat verib qırxdırır (gülür).

-    Yaxınlarınızın bu sənətlə məşğul olmağınıza münasibəti necədir? 

-    Bu sənətə başlayanda pis qarşılamışdılar, bəyənmirdilər. Mənə deyirdilər ki, ölkədə heç yanda belə bir şey yoxdur, ağlın xaricə getməsin. Mən də dedim ki, ay mənim əziz valideynim, ölkədə elə işlərlə məşğul olanlar var ki, mən özümü xaricdə hiss edirəm. Bəzilərinə baxanda... Mən halal zəhmətimlə pul qazanıram, burada qeyri-etik bir şey yoxdur. Hətta təzə-təzə müştərilər utanırdı, gizlin gəlirdilər. Qapını açmamışdan əvvəl ora-bura baxırdılar ki, məhəllədən kimsə görməsin. Necə ki, lazer epilyasiyasına pis baxan həmin kişilər gizlin gedirlər...

- Subaysınız bildiyim qədər, heç elçi çıxanlar olur? 

- O qədər elçi çıxanlar, tort və ya güllər göndərənlər, anası ilə görüntülü zəngdə danışdıranlar olur ki... Dəyər verənlər çoxdur. Sağ olsunlar. Amma ürəyimə yatanı yoxdur (gülür).

-    Sonda bir sualla tamamlayaq: Bu sənətin ən sevdiyiniz tərəfi nədir? 

-    Hər cür insan gəlir bu salona. Hər təbəqədən, hər sahədən gələn müştərilərimiz var. Professor, alim, polis, müğənni, həkim və s. Hər kəsin danışdığı söz-söhbətə qulaq asıram, yeni-yeni mövzular öyrənirəm. 
Müştəri məxfiliyindən dolayı müğənnilərin adını çəkməyəcəm. 
Təvazökarlıqdan uzaq olsa da, deyəcəm. Bir məşhur verilişə çəkilməyim üçün məndən 1000 manat istədilər. Halbuki, mənim kimi tək-tük ustanın reklama filan ehtiyacı yoxdur. Qadın kişi bərbərlər çoxalsın deyə ölkəyə məni tanıdan o qədər insan var ki... Sosial şəbəkələrdə çox qadınlar bərbər xidmətləri nümayiş etdirirlər: həm masaj edib, həm də saç kəsən qadın bərbərlərdən söhbət gedir. Bu sənəti çirkinləşdirirlər. Bizim sənət o deyil. Bərbərin işi saçdan ibarətdir. Məsələn, qızlar gəlir yanıma, öyrənmək istəyirlər. Amma mən eqoist insanam o barədə. Çünki bu işi əziyyətlə öyrənmişəm, kişi ustanın əlinə baxıb canlı dərs almışam. İstəmirəm öz zəhmətimi ona təhvil verim. Bir deyim var: “Sənətkar günortaya qədər ac qalar”. İmkanı zəif olanların saçını tam səmimi deyirəm, ödənişsiz kəsirəm, səliqəyə salıram. Bunu bacarıram, ürəyimdən gəlir. Yaxşılıq edirəmsə də, çəkib göstərmərəm. Allah görsün, bəs edir. 

Hə bir də onu deyim gülün. Bəziləri iş zamanı onlara toxunmağıma qəribə reaksiya verir. Saçını kəsdirməyə gələn müştəri deyir ki, mənə elə söykənirsən ki... Sənin yerinə məhəllədəki bərbər Fazil kişi olsaydı, çoxdan itələmişdim.

Məkana ayaq qoyduğumuz andan sonacan Həcər xanımın bizə münasibəti çox səmimi, istiqanlı oldu. Yəqin ki, müştərilərə də belə davranır deyə düşünürdük ki, gözlədiyimiz kimi də oldu. Belə bərbərlərin çox olması diləyilə...

 


 

Bərbər Həcər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11481
avatar

Nigar Qarayeva

Oxşar yazılar