Yaşınız artdıqca saçlarınız ağarmağa başlayır. Lakin bəzən gənc yaşlarda da saçlarınız arasında ağaranlar görünə bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, saçların ağarmasını sürətləndirən bir çox amillər mövcuddur: vitamin və mineral çatışmazlığı, stres, zərərli vərdişlər, hormonal disbalans, nizamsız qidalanma kimi səbəblər saçların erkən ağarmasına səbəb ola bilər.
Saçları ağaran bir çox insan saç boyaları ilə bu problemdən xilas olmağa çalışır. Amma saç boyaları çoxlu kimyəvi maddə ehtiva etdiyindən saçlara zərər verir və onların sağlamlığını pozur. Ev şəraitində boya istifadə etmədən ağ saçları təbii yollarla yenidən öz rənginə qaytarmağın bəzi üsulları var.
Saçların ağarması yaşlanma prosesinin təbii nəticəsi hesab olunur. Yaş artdıqca saçlardakı ağ tüklərin sayı artır. Araşdırmalar göstərir ki, bu prosesə saçlara rəng verən melanin piqmentinin azalması səbəb olur. Zaman keçdikcə, saç köklərində melanin istehsal edən hüceyrələr zədələnə və ya ölə bilər. Bu da melanin istehsalının azalmasına və nəticədə saçların ağarmasına gətirib çıxarır.
Saçlarınızdakı ağ tükləri örtmək üçün saç boyasından istifadə edə bilərsiniz. Lakin tez-tez saç boyamaq saç köklərinə zərər verir, saçların tökülməsinə, zəifləməsinə və solğun görünməsinə səbəb ola bilər. Hazırda saçların erkən ağarmasına qarşı təsdiqlənmiş bir müalicə yoxdur. Amma bəzi həyat tərzi dəyişiklikləri və təbii müalicələr bu prosesi yavaşlada və ya qarşısını ala bilər.
Qırmızı çuğundurun suyu
Çuğundur suyu ağ saçların qarşısını almaqda təsirli ola bilər. Həmçinin saç köklərini qidalandırır və saç tökülməsinin qarşısını alır. Bir neçə çuğunduru qaynadın və suyunu soyumağa buraxın. Bu suyu saçınıza çəkin və bir saat saxlayın. Daha sonra su ilə durulayın. Bu su saçlarınıza qırmızımtıl-bənövşəyi ton verə bilər. 15 gün ərzində mütəmadi tətbiq olunduqda ağ saçların azalmasına kömək edə bilər.
Xına
Xına, ağ saçlardan qurtulmaq üçün ən təbii vasitələrdən biridir. Xına saçları gücləndirir və qidalandırır. Xına tozunu isti su ilə qarışdıraraq məcun halına gətirin. Saçınıza çəkin və bir neçə saat saxlayın. Daha sonra su ilə yuyun. Xına saçlara qırmızımtıl-narıncı rəng verə bilər.
Çobanyastığı
Çobanyastığı əsasən saçlara parlaqlıq və işıltı vermək üçün istifadə olunur. Çobanyastığı çayı dəmləyin və soyumağa buraxın. Saçınıza çəkin və bir saat saxlayın. Su ilə durulayın. Bu saçınıza açıq sarı bir rəng verə bilər.