Münasibətlər yalnız uğur, ideal uyğunluq və ya taleyin işi deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, amerikalı psixoloq Mark Travers Forbes üçün yazdığı məqalədə bildirib ki, güclü və sabit əlaqələr əsasən tərəfdaşların müəyyən vərdişləri inkişaf etdirməsi nəticəsində yaranır.
Onun sözlərinə görə, bu bacarıqlar insanlar bir-birinə necə reaksiya verdiyini, ehtiyacları necə ödədiyini, streslə necə mübarizə apardığını və yaxınlığı necə qoruduğunu müəyyən edir. Travers vurğulayır ki, bu keyfiyyətlər hər cütlüyün birlikdə yaşadıqca inkişaf etdirə biləcəyi praktikalardır. Psixoloq münasibətləri daha sağlam və dayanıqlı edən üç güclü bacarığı açıqlayıb:
1. Qayğıkeş sevginin gücü
2021-ci ildə aparılan araşdırma göstərib ki, tərəfdaşın qayğısını hiss edən insanlar daha çox nəvazişli toxunuşlar göstərir. Bu toxunuşlar isə qarşı tərəfin diqqət və qayğını daha çox hiss etməsinə gətirib çıxarır.
2023-cü ildə aparılan digər araşdırma isə qayğıkeşliyi “münasibətlərin ümumi valyutası” adlandırır. Yəni məhz qayğıkeşlik münasibətdə edilən hər diqqət jestinin əlaqəni gücləndirib-gücləndirməyəcəyini müəyyən edir.
2. Birgə emosional tənzimləmə bacarığı
Tərəfdaşların emosional vəziyyəti bir-birinə təsir edir və ondan asılı olur. Araşdırmalar göstərir ki, münasibətlərdə emosiyalara birlikdə nəzarət etmək həm kritik vacibdir, həm də ən çətin sahələrdən biridir. 2025-ci ildə yayılan tədqiqat sübut edib ki, emosiyaları idarə etməkdə çətinlik çəkən cütlüklər daha çox emosional yorulma, uzaqlaşma və münasibətlərdə tükənmə yaşayır. Xüsusilə uşaqlı ailələrdə bu risk daha yüksəkdir. Digər 13 illik araşdırma isə göstərib ki, münaqişə zamanı neqativ reaksiyaları azalda bilən cütlüklər evliliklərindən daha çox məmnunluq hiss edirlər.
3. Birgə pozitivlik və mənanın gücü
Bu bacarıq tərəfdaşın səylərini dəyərləndirmək, “biz hekayəsi” yaratmaq və dəyişiklikləri birlikdə aşmaq qabiliyyətidir. Digər tədqiqat göstərib ki, cütlüklərin münasibətlərindən daha çox məmnun olması birgə stressə tab gətirmələrindən deyil, qarşılıqlı minnətdarlıq hissindən qaynaqlanır. Lakin sadəcə pozitivlik kifayət etmir, cütlüklərin ümumi baxış bucağı və ortaq məqsədləri də olmalıdır.
2025-ci ildə aparılan başqa bir araşdırma təsdiqləyir ki, tərəfdaşların “ümumi reallıq” hissi nə qədər güclü olarsa, onların həyatdakı məna duyğusu da o qədər yüksək olur.