Sevgi niyə sönür?  - Ailəni məhv edən səhvlər
07 fevral 2026 19:37 (UTC +04:00)

Sevgi niyə sönür? - Ailəni məhv edən səhvlər

0

Bir çox cütlük sevginin zamanla öz-özünə yox olduğunu, bunun təbii bir proses olduğunu düşünür. Lakin psixoloqlar bildirirlər ki, hisslər səbəbsiz yerə itməz. Mütəxəssislərin sözlərinə görə, münasibətləri məhv edən əsas amil təkrarlanan səhvlərdir.

Lent.az xəbər verir ki, cütlüklər çox vaxt ailənin təməlini necə öz əlləri ilə zəiflətdiklərinin fərqinə varmırlar.

Birinci səhv məişət xırdalıqlarını önəmsəməməkdir. Halbuki gündəlik münasibət mühiti məhz bu xırda detallarla formalaşır. Cütlüklərdən biri davamlı olaraq digərinin xahişlərini görməzdən gəldikdə, gərginlik artır və zamanla bu vəziyyət əsəbilik və narazılığa çevrilir. İkinci səhv emosional geribildirişin olmamasıdır. İnsanlar hissləri haqqında danışmağı dayandırır, söhbətlərin yerini isə sükut tutur.

Psixoloqlar qeyd edirlər ki, sükut yaxınlığın ən böyük düşmənidir. O, münasibətlərdə məsafə yaradır və sonradan bu məsafəni aradan qaldırmaq olduqca çətin olur.

Üçüncü səhv tərəfdaşı dəyişdirməyə cəhd etməkdir. Bu, qarşı tərəfdə müqavimət yaradır və etimadı sarsıdır. İnsan qəbul edilmədiyini hiss etdikdə, özünə qapanır və sevgi tədricən ikinci plana keçir.

Dördüncü səhv dəyərsizləşdirmədir. Sən həmişə və ya sən heç vaxt kimi ifadələr düşünüldüyündən daha çox incidir. Bu cür yanaşma insanın özünə hörmətini zəiflədir və münasibətləri toksik hala gətirir. Tərəflər bir-birini artıq həyat yoldaşı kimi deyil, problem mənbəyi kimi görməyə başlayır.

Beşinci səhv ortaq ritualların yox olmasıdır. Cütlüklər birlikdə vaxt keçirməyi dayandırdıqca, emosional bağ da zəifləyir.

Hətta kiçik ənənələr belə yaxınlığı qoruyur. Onlar münasibətlərdə “biz” hissini yaşadır və əlaqəni möhkəmləndirir.

Altıncı səhv münaqişələrdən qaçmaqdır. Həll olunmamış problemlər yığılıb qalır və münasibətlərdə soyuqluq yaradır. Psixoloqlar vurğulayırlar ki, sağlam mübahisə susqun inciklikdən daha faydalıdır. Açıq dialoq tərəflərin bir-birini daha yaxşı anlamasına kömək edir.

Yeddinci səhv təşəkkürün azalmasıdır. İnsanlar yaxşıya tez öyrəşir və tərəfdaşın zəhmətini görməməyə başlayır.Minnətdarlıq itdiyi anda münasibətlərdə istilik də azalır, əlaqələr mexaniki xarakter alır.

Mütəxəssislər bildirirlər ki, sevgi qəfil yox olmur, o, tədricən sönür. Lakin səhvlər vaxtında fərq edilərsə, münasibətləri qorumaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar