Şair, yazıçı, tərcüməçi, ssenarist Cəlil Cavanşir
14 fevral 2021 10:00 (UTC +04:00)

Şair, yazıçı, tərcüməçi, ssenarist Cəlil Cavanşir

“Niyə belə qorxu ilə qarşılayırlar, hamı bir sevişmənin məhsuludur” - Cəlil Cavanşirlə sevgi söhbəti

Əgər indi “sevgililər günündə sevgi söhbətini niyə məhz onunla etdiniz” desəniz  cavabımız çox sadədir. Eşqlə bağlı cəsur danışacaq birini axtarırdıq. Və onu tapdıq.

Lent.az –ın bu dəfəki həmsöhbəti şair, yazıçı, tərcüməçi, ssenarist Cəlil Cavanşirdir.

- İndiyə kimi milyonlarca dəfə verilən sualla başlayaq - Eşq nədir?

-Məncə hər şeydir. Həyat kredosudur. Daha geniş izah etməyə çalışım: hər gün müxtəlif problemlərlə qarşılaşırıq, psixoloji gərginliklər yaşayırıq və bütün bunlardan qurtulmağın yeganə yolu sevgidir. Söhbət burada qadın-kişi sevgisindən getmir. Ümumiyyətlə, insanın içində sevgi varsa, bu hər şeydən xilas edə bilər.

- Söhbət burada elə məhz qadın-kişi sevgisindən gedir. Sizcə də sevgilərin ən gözəli qadın-kişi sevgisi deyilmi?

- Məncə də elədir. Sizinlə də razıyam, sevgidən söhbət düşən kimi hamı mövzunu dəyişməyə cəhd edir. Başlayırlar ilahi sevgi, vətənə, anaya sevgidən danışmağa. Məncə bəşəriyyətin kəşf etdiyi ən müqəddəs və mübarək sevgi məhz qadın və kişi arasında olanıdır. 15-16 illik təcrübəmdə romanım, şerim, hekayəm sevgi üzərində qurulub. Qadın-kişi münasibətlərinə, xəyanət, ayrılıq və bu kimi məsələlərə bizim cəmiyyət çox qəddarca yanaşır. Bunu dəhşətli bir şey kimi görürlər. Xof var, qorxu var, hazırlıqsızlıq var və ən çox müşahidə etdiyim, sevgisizlik var insanlarda... İnsanlar qadınlar və kişilər arasındakı münasibətləri görməkdən, dərk etməkdən qorxurlar.

- Türkiyənin məşhur serialı var, hansı ki, ölkəmizdə də çox izlənənlər sırasında yer alır. Söhbət “ Sadakatsız” dan gedir. Filmin baş qəhrəmanı “Volkan”-ın dilindən bir ifadə səslənir: “Bir kişi eyni anda iki qadını dəlicəsinə sevə bilər”. Bu doğrudur? Sizcə bir insanın həyatında sevgilər paralel gedə bilərmi? Ümumiyyətlə, yeni birini sevə bilmək köhnəyə qarşı sevginin daha az olduğunumu göstərir?

-Sevginin psixoloji və mənəvi tərəfinə baxsaq, bir insanın eyni zamanda həyatında yalnız bir sevgi ola bilər. Amma mənə görə sevgi sadəcə psixoloji və mənəvi məsələ deyil. Həm fizioloji, həm sosioloji, hətta deyərdim siyasi bir məsələdir. İnsanın həyatında, eyni anda bir neçə sevgi ola bilər. Ancaq bu bizim düşündüyümüz, şeirə çevirdiyimiz sevgi deyil. Sadəcə ülvi hislərin, sevgi, sədaqət, ləyaqət, həsrət kimi hislərin təsiri ilə ədəbiyyat yarana bilər. Həyatımda bir neçə qadın olduğu dönəmlərdə mən heç nə yaza bilməmişəm. Özümü sədaqətsiz, etibarsız,  xəyanətkar hiss etmişəm.

- Niyə? Vicdan əzabı çəkirdiniz?

- Çəkmişəm. Yaradıcılığım məhdudlaşıb. Mən bir qadına aşiq və ona sadiq olanda daha məhsuldar oluram, daha çox yaza bilirəm. Şeirlərimin əksəriyyəti bir qadına sadiq olduğum dönəmlərdə yazılıb.

- Elə o şerlərdən birinin iki misrasını deyəsiniz bəlkə...

- Mən şeirlərimi əzbər bilmirəm. Məşhurlaşan bir şeirim var: “Allah haqqı darıxıram, qurban olum qayıt gəl...” Oxucular bu şeiri çox sevirlər. Qadınlar da, kişilər də bu şeiri oxuyur, paylaşır. Sosial şəbəkələrdə ən çox qabağıma məhz bu şeirim çıxır. O şeirdə mən məhz bir qadın üçün  darıxmağı ifadə etmişəm. İnsan eyni anda bir neçə qadın üçün darıxa bilməz. Eyni zamanda qadın da bir neçə kişi üçün darıxa bilməz. Amma yaşın gətirdiyi macərapərəstlik olur adamda. Bu daha çox şairlərə, sənət adamlarına xasdır. Amma onu da deyim ki, məsələn, elə rəngsaz, santexnik var ki, həyatlarında eyni anda 5-6 qadın olur. Heç kəs bu barədə danışmır. Yaxud da ki, iş adamlarını, biznesmenləri, məmurları götürək. Əksəriyyətinin həyatında  bir neçə qadın olur. Hətta el deyimi ilə, kobud ifadə ilə desəm, bir neçə qadın “saxlayırlar”. Bu məsələ heç vaxt ictimai şəkildə müzakirə olunmur. Di gəl ki, şair eyni anda bir neçə qadının ovsununa düşür, cəmiyyət də bunu şişirdir, qabardır. “filan şairin həyatında çoxlu qadınlar olub”. Bəlkə insanlar öz ətraflarına, tanıdıqları başqa sahənin adamlarına da baxsınlar?

- Elə bil axı, şairlər arasında daha çox olur bu məsələ... Yəqin ilham axtarırlar (birlikdə gülürük)?..  

- Məşhur söz var: “Kişi üçün bir qadın azdır, ikisi çoxdur”.  Ancaq mən sədaqətli aşiq olmuşam. Bəzi dönəmlərdə macəralara qapıldığımı da etiraf edirəm. Bütün bunlara baxmayaraq, adətən həyatımda bir qadın olub. Bir qadınla münasibəti bitirməmiş başqası ilə başlamamışam. Bəzən isə bir neçə il boş, mənasız yaşamışam. Bir neçə qadınla eyni anda münasibət yaşamaq, mənə görə yanlışdır. Bir dəfə belə bir səhv olub həyatımda, çox qısa zaman çəksə də, unutmaq istəyirəm onu.

- Baha başa gəldi sizə?

-Hə, elə düşünürəm. Daha sabit yaşaya bilərdim. Sabitliyim pozuldu, həyatım düzənindən çıxdı. Çox ağır şeylər yaşadım. Amma peşman deyiləm. Yaşadığım heç nəyə görə peşman deyiləm.

- Azərbaycan ədəbiyyatında sevgidən cəsur yazanlar kimlərdir?

- Ən gözəl yazanları deyim əvvəlcə. Mənə görə sevgidən ən gözəl yazanlardan biri Vaqif Bayatılıdır. Sevgini onun qədər incə, həssas təqdim edə bilən şair azdır.  Cəsarətli imzalardan söz düşəndə Günel Mövludun, Sevinc Elsevərin yaradıcılığının ilk dönəmlərini xatırlayıram. Ümumiyyətlə, bizim ədəbi nəsil kifayət qədər cəsarətlidir. Sevgi barədə səmimi, cəsarətli yazanlardan biri özümü hesab edirəm. Həmişə düşünürəm ki, bu şeirlərdən sonra hələ də məni bir qadın sevirsə, bu böyük uğurdur. Son dönəmin sevgi poeziyasında Orxan Bahadırsoyun və Bahar Zamanın şeirləri çox uğurlu və cəsarətlidir. Orxanın nəsri də olduqca cəsarətlidir. Ümumiyyətlə, kimlərisə unutsam da, son dönəm ədəbiyyatında cəsarətli nümunələr həddindən artıq çoxdur.

- Siz necə hesab edirsiniz, erotik mövzulara müraciət edənlər məşhurlaşmaq dərdi olanlardı, yoxsa?..

- Bir dönəm bu erotik və epataj tipli bədii ədəbiyyat nümunələri çoxalmışdı. Mən də qələmimi sınamamış deyiləm, yəni mənim də bu mövzuda hekayələrim olub, şeirlər də yazmışam. Bu, bir dönəm idi. Təxminən, 2000-lərin sonu, 2015-ə qədər olan dönəm idi. İndi heç rast gəlmirəm. Bizim gəncliyimizdə bilmirəm buna ehtiyacmı var idi, hansısa bir boşluğumu doldururdu?! Yoxsa bu bir məşhurlaşmaq arzusu idi? Məsələn, mən populyarlaşmağımda xidməti olan  yazılarımdan biri epataj janrında yazdığım  silsilə yazılarım idi – hekayətlər. Onlar məni xeyli məşhurlaşdırdı. Kulis.az portalı təzə açılan vaxtlar yazırdım o hekayətləri. Bu hekayələr çox açıq-saçıq idi və indi yazdığım hekayələr onlar qədər oxunmur.

- Dünya ədəbiyyatında erotik əsərlər var ki, onların  xeyli sevəni olub. Bəs sizin bu mövzuda zövq aldığınız hansı əsərlər var?

- Mən erotik ədəbiyyat həvəskarı olmamışam. Yəni o mövzuda, o janrda kitablar axtarıb oxumamışam. Amma sevgiylə bağlı, içində kişi-qadın münasibətləri olan çox gözəl əsərlər var, məsələn, xəyanətdən bəhs etsə də Floberin "Madam Bovari" romanı çox sevdiyim romanlardan biridir və çox zövq almışam zamanında o əsəri oxuyanda. Nobokovun "Lorita"sı yadımdadır ki, çox maraqlı və fərqli gəlmişdi mənə. Sevgi mövzusunda yazılan şeirlər mənim dünya ədəbiyyatında ən çox  mütaliə etdiyim şeirlər olub. Oxuduğum sevgi romanı sayca çox azdı, sevgi şeirləri daha çox oxumuşam. Avropa şeiri bu mərhələni çoxdan keçib. Şeir yazanda çox rahatlıqla intim hisslərlə ifadə edirlər. Bizdə biraz qeyri-adi gəlir. Məsələn, mən şeirimdə "sevişmək" sözü işlədəndə  tənqid edirlər ki, "bu nədir". Yəni normal kişi-qadın arasında olan münasibətdir. Və heç kəs havadan düşmür. Hamı bir sevişmənin məhsuludur. Niyə belə qorxulu qarşılayırlar başa düşmürəm. Hiss edirəm ki, bu bizim biraz dini və mental dəyərlərimiz ilə bağlıdır. Anlamağa çalışıram. Adamları da başa düşürəm. Mən rahat, səmimi ola bilərəm hisslərimdə və yaxud da mən cəsarətli ola bilərəm. Amma adamlar var ki, hətta məndən daha təhlükəli həyat yaşayırlar, məndən daha macərapərəstdirlər, ancaq özlərini cəmiyyətə ütülü, səliqəli, mötəbər bir ailə başçısı kimi təqdim edirlər. Mən, nəyəmsə, oyam. Şeirlərimdə də nəyəmsə, oyam. Romanımda da nəyi nə cür yaza bilirəmsə, yazıram. Mən özümün səmimi  və cəsarətli imzasına sahibəm.

- Sizcə də normal deyilmi yetkinlik yaşında olan şəxslər sevgini də, şəhvəti də valideynləri ilə normal danışsın. Ümumiyyətlə, sevgi və şəhvətin düz mütənasibləri nədir?  Siz cəmiyyətə nə demək istəyərsiz ? Nə kimi mesajlar vermək istəyərsiz?

- Çox önəmli bir məqama gəldik. Bizdə bax bu sadaladığımız bir sıra problemlərin əsas kökü, əsas səbəbi seksual tərbiyənin olmamasıdır. Bizdə seksual tərbiyəsi olmayan adamlar hamını tərbiyəsiz hesab edir. Məsələn, mən kişi-qadın münasibətlərindən açıq-saçıq yazıram. Amma seksual tərbiyəsi olmayan 24, 25 və yaxud da hansısa yaşda olan hansısa kişi, hansısa qadın girir məni tənqid edir. Bu adam əslində deyilənləri 13-14 yaşında orta məktəbdə müəllimindən, valideyinindən öyrənməlidir. Bizdə anatomiya kitabının insanla bağlı bölmələrini müəllimlər evdə oxumağı tövsiyə edirdilər. Əslində bu mental təfəkkürə ilişib qalmışıq.  Məsələn, mən bir neçə ildən sonra oğlumla bu mövzularda danışmağı düşünürəm. Hətta yəni biz görüşəndə, söhbət edəndə çalışıram o bu mövzuda mənə suallar verməyə cəsarətli olsun. Onu bu mövzularda danışmağa hazırlayıram. Bu bir tərbiyəsizlik deyil, bu bir əxlaqsızlıq deyil, bu oğlumu pozmaq deyil. Mən onun bu mövzularda tərbiyəli olmasını istəyirəm, bilgili olmasını istəyirəm  ki,  o, 15 yaşında bir xanımla sevgi yaşayanda,( hamımız yeniyetməlikdə sevgi yaşamışıq) istəyirəm ki, mənim yaşadığım o təcrübəsizliyi, şoku yaşamasın, yəni bilgili olsun bu barədə. Bunu məktəb etməlidir. Bunu valideynlər etməlidir. Bunu media-televiziya etməlidir. Biz qorxuruq belə şeylərdən, əslində bu gün vermədiyimiz seksual tərbiyə sabah övladlarımızın təcrübəsizliyi və bədbəxtçiliyinə gətirib çıxardır. Nə qədər qadınlarımız, nə qədər kişilərimiz, nə qədər insanlarımız, məhz seksual tərbiyəsi olmadığı üçün  həyatda başını itirir. İnsan 13-14 yaşında, qadın kişi münasibətləri haqqında kamil deməsək də, ortabab səviyyədə bilgisi olsa, bu qədər anlayışsızlıq olmaz.

Məsələn, qızla oğlanı nişanlayırlar 19-20 yaşında 25 yaşında və ya 30 yaşında “baş-göz” edirlər. Mən adam tanıyıram ki, qadın-kişi münasibətləri haqqında heç bir məlumatı yoxdur. Oturub toy günlərin gözləyirlər ki, bunların müqəddəs günləri olacaq. Toya qədər də kişi-qadın arasında normal münasibət yoxdursa, qadınla kişi bir-birini fiziki, mənəvi olaraq tanımırsa, əgər o ilk tanışlıq bizim bu dəhşətli dərəcədə böyütdüyümüz, şişirtdiyimiz toy gecəsində, zifaf gecəsində baş tutursa kim zəmanət verir ki, qadın və kişi bir-birindən diksinməyəcək? Bu ehtimalı çoxdur. Biz təcrübəsiz insanları evləndirib onlardan sədaqətli ailə həyatı yaşamalarını gözləyirik.

- Azərbaycanda bəlkə bunun kökündə bakirəlik və yengəlik inisitutları dayanır. Qızlar sevgi yaşamaqdan qorxur. Oğlanlar "filankəs üstümdə qalar" düşüncəsiylə yaşayır...

- Bu mentalitetimizlə bağlı bir şeydir. İnsanlar, əslində, sevgi münasibətlərini cinsəlliklə birləşdirmirlər. Biz Fizuli oxuyuruq ilahi eşq, uğursuz sevgi, baş tutmayan eşq, nakam sevgi-filan. Bizi illərlə belə tərbiyə ediblər.  Hələ "sevgi müqəddəsdir" nağılı danışırlar.

Sevgiyə o vaxt müqəddəs demək olar ki, onu bütövlüklə yaşıyasan, – həm fiziki, həm mənəvi. Yoxsa ki, mən sevdiyim qızın əlindən ancaq toy gecəsi tutacam düşüncəsiylə yaşamaq zərərlidir.

- Sevgi şəhvəti nə vaxt böyüdür? Ümumiyyətlə, sevgidə şəhvətin rolu nə qədərdi?

- Məncə şəhvət sevginin sadəcə bir detalıdır. Mən şəhvəti fiziki bir istək kimi də qəbul etmirəm. Bu bir az psixoloji, bir az da mənəvi istək olmalıdır. Yəni bizi heyvanlardan ayıran xüsusiyyətlərdən biri də odur ki, biz sevdiyimiz bədənlərlə bir yerdə olmaq istəyirik. Arzuladığımız, sahib olmaq istədiklərimizlə yox. Bu həm qadına, həm də kişiyə aiddir. Bir insan qarşısına çıxan istənilən biri ilə münasibətə girə bilirsə, deməli burada yolunda getməyən nə isə var. Mənə görə şəhvət heyvani instikdir. Bu bizim canımızda var və fizioloji olaraq daşıyırıq. Bunu tərbiyələndirməyin yeganə yolu mənəvi tərəfimizi inkişaf etdirməkdir. Yəni kitab oxumaq, filmə baxmaq, sənətlə maraqlanmaq kimi işlərlə məşğul olsaq onda anlayarıq ki, sadəcə şəhvət hər şey deyil. Bizi heyvandan fərqləndirmək üçün sənət, ədəbiyyat var. Əgər bunlar bizim daxili dünyamıza təsir edib, onu təmizləmirsə, deməli bizim heyvandan fərqimiz yoxdur.

Azadlıqla heyvaniliyin sərhədləri var. Azadlıq normal münasibətlərdə mümkündür. Məsələn, Sevdiyin qadınla birlikdə yaşamaq.

- Cəlil Cavanşir aşiq olduğunu necə anladı?

- Mən həyatımda bir neçə dəfə aşiq olmağı hiss etmişəm. İlk eşq yeniyetməlik dövründə olan ötəri  hisslərlə ilə başlayıb. Bu hamıda olur. Aşiq olduğunu hiss edirsən, bir müddət sonra anlayırsan ki, axtardığın bu deyil. Özümü tam kamil hiss etdiyim yaşda eşqi yaşamışam və deyim ki, adam tam sərsəm, sərməst olur. Tamamilə fərqli hisdir. Onu başqa hislərlə müqayisə etmək olmur. Mənə görə eşq dəliliklə incə bir sərhədi olan məsələdir. İnsanın bütün düzəni pozulur. Həyatla bağları kəsilir hətta. 38 illik ömrümdə özümü ən yaxşı hiss etdiyim vaxt məhz aşiq olduğum zamanlar olub. Mən gənclərə deyərdim ki, aşiq olun. Qorxmayın ki, düzəniniz pozular. Düzənin bu səbəbdən pozulması gözəldir. İnsan ömründə heç olmasa bir dəfə aşiq olmasa, həyatdan zövq ala bilməz.

- Şorgöz kişi ilə aşiq kişinin fərqi nədədir?

-Çox barizdir. Şorgöz kişinin dişidən xoşu gəlir, dişiyə tələbat duyur. Aşiq kişi isə qadını gözəllik olaraq sevir. Kişi üçün hər dişi aşiq olunacaq qadın deyil. Aşiq adamın üzündən, gözündən bəlli olur. Aşiq adamın gözləri işıq saçır, ətrafına pozitiv enerji ötürür. Şorgöz kişi isə mənasızdır, bayağıdır. Aşiq insan özünə də hörmət edir, davranışlarına diqqət edir. Şorgöz də isə bu fərqlidir. Şorgözlük məncə heyvani instik olduğuna görə, o cür insan da yarımvəhşi kimi yaşayar.

- Sizcə sevgidə qadınlar səmimidir, yoxsa kişilər?

-Düşünürəm ki, kişilər. Qadınlar sevgi münasibətində daha ehtiyatlıdırlar. Onlar hər şey haqda çox düşünür, qərar verməkdə çətinlik çəkirlər. Kişilər isə daha cəsarətli və səmimidirlər.

- İmitasiya məsələsində necə? Hansı daha çox imitasiya edir?

- Kişilər sevgini asanlıqla imitasiya edirlər. Qadın sevmirsə, sevirmiş kimi görünə bilmir. Çox nadir hallarda bu baş verə bilər. Amma kişinin hiyləgərliyi var. Eyni zamanda 10-15 qadına özünü “aşk böceği” kimi göstərə bilər. Amma cinsi münasibətlərdə kişinin imitasiya etməsi mümkün deyil. Bu bəlkə də kişilərə təbiətin verdiyi zəiflikdir, qadın qarşısında 1-0 geridə olmaqdır. Təəssüf ki, bizim kimi qapalı cəmiyyətlərdə cinsi münasibətlər barədə rahat-rahat danışılmır. Efirə çıxıb bu mövzunu danışsaq, bizi şiddətlə qınayacaqlar. Ancaq, biz bunları danışmalıyıq. Əgər boşanmalardan danışıb, cinsi münasibətlərdəki o yarımçıqlığı danışmırıqsa, bu böyük səhvdir. Bu gün boşanmaların kökündə seksual münasibətlər də dayanır. Seksual tərbiyə məhz buna görə lazımdır.

 Mümkün deyil ki, bir tərəf müqabili, partnyor insana hər şeyi versin. İstər kişilər üçün, istərsə də qadınlar üçün bu belədir. Mütləq ki, uyğunsuzluqlar olacaq. Bu uyğunluğu əldə etmək üçün bir-birini tanımaq lazımdır. Bu adətən nişanlılıq müddəti olur. Belə deyirlər də, “nişanlanın, bir-birinizi tanıyın”. Bu tanışlıq həm də fiziki olmalıdır. Bu olmasa, bir müddət sonra cütlüklər istədiklərini ala bilmədikləri üçün sıxılacaqlar. Məhz xəyanətlər də belə yaranır. Xəyanət iki insanın bir-birində tapmadığını kənarda axtarmasıdır.

Xəyanət nədir? Niyə xəyanət olur? Niyə bunun adı “yeni eşq” olmur, münasibət olmur xəyanət olur? Xəyanət nə vaxt xəyanət, nə vaxt eşq olur?

-Xəyanətə tərif verə bilmərəm. Bunun düsturu, konkret tərifi yoxdur, müxtəlif səbəbləri, müxtəlif təzahürləri ola bilər. Adam var ki, 30 il bir qadın və ya bir kişi ilə “bir yastığa baş qoyur”, amma 30 ildə beynində başqa bir adamla yaşayır. Mənə görə ən təhlükəli xəyanət budur. 30 il fiziki olaraq bir yerdə yaşadığı adam onun üçün dəyərli, arzuolunan deyil. Çox böyük əzabdır.

Macara axtaran adam var ki, bir qadın onu təmin eləmir başqa birisini axtarır. O, qadınla  istəklərini bölüşə bilmir. Bizim ən böyük komplekslərimizdən biri budur. Öz qadınımızla bəzi məsələləri açıq yaşaya, danışa bilmirik. Bəzi kişilər “həyat qadını” ilə oturub rahat-rahat “qadağan olunmuş” mövzuları danışır, arzuladıqları münasibəti yaşayır. Bu bizim travmamızdır. İnsanları ailədən soyudan, küçələrə salan səbəbin biri budur. Niyə bizim qadınlarımız öz həyat yoldaşlarının yanında belə açıq-saçıq geyinməyə çəkinirlər? Bizdə də kompleksiz, azad ailə modeli olsa, yaxşı olar. Mən demirəm ki, qadın evinə gələn qonağının da qarşısına gecə paltarında çıxmalıdır. Hər insanın bəlli seksual fantaziyaları, bəlli romantik arzuları var. Bu ailədə təmin olunmursa, kişi də, qadın da bunu mütləq kənarda axtaracaq. Çoxlu adamlar tanıyıram ki, kənarda heç nəyin axtarışında deyillər. Eyni zamanda çoxlu adamlar tanıyıram ki, evdən çıxan kimi ac canavara dönürlər. Belə qadın da , kişi də kifayət qədərdir.

İllər əvvəl kişi-qadın münasibətlərində məktub yazmaq, qıza çiçək almaq ehtiyacı olurdu. İndi sosial şəbəkələr hər şeyi o qədər asanlaşdırıb ki, bir dəqiqəlik səs, bir şəkil göndərməklə, bir mesaj yazmaqla hər şey həll olunurmuş kimi görünür. O gözəl eşqlər artıq yaşanmır.

Heç vaxt unutmaram, sevdiyim qadın üçün bir taksinin yük yerini qızılgüllə doldurmuşdum. Taksini sürdürdüm iş yerinin qarşısına, o qızılgülləri verməyə cəsarətim çatmadı. Apardım hamısını dənizə atdım. Bunu indiki gənclər yaşaya bilirmi? Yaşaya bilmirlər, məncə. Çünki çox əlçatandır hər şey. Mən hələ də əlçatmaz, sehrli eşqin tərəfindəyəm. Çünki insanlar bir-birlərinə dəyər verməlidirlər. Birisi üçün çiçək almaq ona dəyər verməkdir. Birisi üçün romantik sözlər düşünüb tapmaq mesajlar yazmaq ona dəyər verməkdir. Çox əlçatan olduğu üçün heç nəyin dəyəri qalmayıb. Mən günlərlə yuxusuz qaldığımı xatırlayıram. Eşqlə, ayrılıq iztirabıyla bağlı kitab yazmışam. Eşq məni intihara qədər sürükləyib. Sevgi üçün yuxusuz qalın, ac qalın, günlərlə baxımsız vəziyyətdə gəzin, amma o gözəl hissi yaşayın. Çox gözəl, möhtəşəm hissdir. Aşiqkən hər şeydən uzaqsan, hər şeydən qopursan, heç kim marağında olmur. Amma çox gözəl bir hiss yaşayırsan. Daxili təmizlik, katarsis başlayır. Tez-bazar əldə olunan, “fast-fud” eşqlərdən  uzaq durmaq lazımdır.

 - Sevgililər günü neyləyəcəksiz?

-Sevgililər günü gəzintiyə çıxacam, sevgililəri, aşiqləri, xoşbəxt cütlükləri müşahidə edəcəm. Sevgililər günü ilə bağlı xüsusi plan quran deyiləm. Mən hər gün sevgili, hər gün sevdalı adamam. İçimdə aşıb-daşan bir sevgi var, yəqin ki, mənimlə də ölüb gedəcək, məni son anıma qədər müşayiət edəcək. Romantik, bir-birinə yaraşan, mütənasib cütlükləri görəndə xoşbəxt oluram. Xoşbəxt, sevgisini üzünə yansıdan cütlüklərdən xoşum gəlir, zövq alıram. Mən illərlə insanlara sevgini,  sevməyi təbliğ eləmişəm, əgər sevgi görürəmsə əziyyətimə heyfim gəlmir. Sevgilər, sevgililər çox olsun, insanlar sevsin ki, cəmiyyət gözəlləşsin.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13833
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar