“Xram vozduxa”nı bizim dilə bədii tərcümə edə bilmədiklərindən filmin ilkin adını dəyişib, “Ölsəm, bağışla” qoyublar. Əslində tərcümə olunur “Hava məbədi” kimi, amma kino adına oxşamır. Lent.az-ın “Bizim filmlər” layihəsində bu dəfə Rüstəm İbrahimbəyovun ssenarisi ilə Rasim Ocaqovun ekranlaşdırdığı “Ölsəm, bağışla” filmindən söhbət açırıq.
“Ölsəm bağışla” filminin ssenarisi yazıçı təxəyyülünün məhsulu deyil, real həyat hadisələridir. Rüstəm İbrahimbəyov müharibədən sonra - 1946-cı ildə baş verən hadisələri qələmə alıb.
Filmin çəkilişləri 1988-ci ilin sentyabrında başlayıb. Rasim Ocaqovun əksər filmləri payız aylarında çəkilib. Rejissorlar filmlərini əsasən yay aylarına saldığından payızda kinostudiyanın pavilyonu boş olardı. Rasim Ocaqov da o taktikadan istifadə edib, pavilyonun boş vaxtını tutardı.
Filmin də əksər hissələri kinostudiyanın pavilyonunda lentə alınıb, hərçənd filmə baxanda adam belə zənn etmir.
Filmin rəssamı Rafiz İsmayılov əvvəlcə Kislovodska filmin çəkiləcəyi məkanlara baxmaq üçün yollanır. Ssenariyə görə, filmdə əsas hadisələr 1946-cı ildə “Xram vozduxa” adlı restoranda baş verir.
Rafiz İsmayılov Kislovodskda həmin restoranı tapa bilmir. Məlum olur ki, restoran çoxdan sökülüb. Restoran sahibini tapıb, ondan “Xram vozduxa” restoranının şəkillərini alır. Qalanı rəssamın fırçasının məhsuludur, yəni dekordur.
“Xram vozduxa” restoranı Kislovodskda hündür yerdə, havanın, oksigenin bol olduğu yüksəklikdə yerləşib.
O məkanı Bakıda İçərişəhərdə dekorla həll edirlər. Film əsasən həmin yerdə və Kislovodskda çəkilib. Məsələn, filmin qəhrəmanı Yusifin (Fəxrəddin Manafov) Kislovodskda aldığı evdə olan çəkilişlər həqiqətən orda lentə alınıb. Yusifin öldürüldüyü səhnə də.
Gülya ilə (Gülzar Qurbanova) gəzdikləri yerlər, Lermontovun heykəlinin qarşısı... hamısı Kislovodskda çəkilənlərdir. Qalanları isə Bakıda kinostudiyanın pavilyonunda və İçərişəhərdəki dekorda lentə alınıb.
Yusif obrazına bir neçə aktyor sınağa dəvət edilib. Şəki Dövlət Dram Teatrının aktyoru Fərman Abdullayev hətta sınaqdan keçib. Rasim Ocaqov Fərman Abdullayevi sınaq çəkilişlərindən çox bəyənən operator Rafiq Qəmbərovu dinləyib, amma öz qərarını verib. Baş rolda Rasim Ocaqovun əksər filmlərinin qəhrəmanı Fəxrəddin Manafov çəkilir. Yusifin anasını isə Gəncə teatrının aktrisası Sədayə Mustafayeva oynayıb.
Yusif müharibədə kontuziya alıb, kəkələyərək danışır. Fəxrəddin Manafovun kəkələməsini çox məşq etməli olmayıblar. Aktyor kameranın qarşısına keçən kimi vəziyyətə girib, kəkələməyə başlayıb.
Filmin peşəkar rəssamının əməyi sayəsində Moskvada plyonkaların aşkarlanması zamanı qatar səhnəsinin pavilyonda çəkilməsinə inanmayıblar. Rafiz İsmayılov hardansa köhnə vaqon tapdırıb. Onu söküb, kinostudiyanın pavilyonunda quraşdırıblar. Vaqonun yalnız üstü açıq olub ki, kameralar həm də ordan qurulsun. Onun hərəkəti, pəncərədən görünən, axan mənzərə hamısı dekorun, texnikanın, insan əməyinin məhsuludur.
Eynilə Yusifin müharibədə ZİS-5 maşınının bombardmana düşdüyü səhnə də əl işidir. Pirotexnikin, rəssamın, kaskadyorun və sair.
Maşını Bakıda bir kolleksiyaçıdan kirayəyə götürüb, Xətai rayonunda, indi rayon prokurorluğunun yerləşdiyi ərazidə fəaliyyət göstərən zavodda təmir etdirirlər.
Sözügedən səhnə Güzdək kəndində çəkilib. Moskvadan 4 kaskadyor dəvət olunur. Kabinəni taxtadan quraşdırırlar ki, maşın çevriləndə sürücünü əzməsin.
Çəkiliş zamanı partlayış anı ilə kameranın vəziyyəti üst-üstə düşmür. Yəni partlayış nəzərdə tutulduğundan daha tez olur, həmin anı kamera götürə bilmir. Nəticədə kadrın yenidən çəkilməsi üçün maşın təmirə getməlidir. Bu da uzun prosesdir. İki həftə Moskvadan gələn kaskadyorların da Bakıda qalması filmin büdcəsinə xeyli maddi ziyan gətirir.
Növbəti çəkilişdə həmin səhnə üçün daha iki operator cəlb edilib. Bu dəfə alınır, amma yenə gözlənilən effekt olmur.
Maşın çevriləndə içindəki Fəxrəddin Manafov yox, kaskadyor olur. Aktyorun partlamış maşından çıxdığı səhnə ayrıca çəkilib.
Daha bir səhnə filmə ayrılan vəsaitin əsas hissəsini yeyib.
Gülya evdə ət çəkir, Yusif pəncərədən onu izləyir. Birdən ağ-qara kadr rənglənir, Gülyanın əynindəki xalat qırmızıya dönür. Bu hal filmdə məna kəsb edir. Film dilində gələcəyə ümid, qarşıda işıqlı günlərin olmasına inam var mənasını verir. Bu kadr 6 dəfə çəkilir, heç biri Rasim Ocaqovun ürəyincə olmur. Həmin kadrlar rəngli plyonkaya çəkilir, rəngli plyonka isə çox bahadır. Hələ onu demirəm ki, montaj vaxtı 6 kadrdan birincisi filmə salınır. Həmin kadr çəkiləndə yağışı yağdıran yanğınsöndürən maşındır. Damlaların işığın altında yağış effekti verməsi üçün gül sulayandan istifadə edilib. O qədər gur suyun altında damcı effektini üstəlik suçiləyənin köməyi ilə ala biliblər.
Kino belə nəsnədir. Həmin səhnədə söz yoxdur, yalnız aktyorun cizgiləri sözü əvəz etməlidir. Fəxrəddin Manafovun üzündəki ifadə yağış damlaları ilə birgə dil açıb danışır.
Gülya roluna da sınaqda olan aktrisalar çox olub. Moskva Kinematoqrafiya İnstitutunu yenicə bitirib gəlmiş Gülzar Qurbanova sınaqdan keçir. Gülya onun kinoda ilk roludur.
Filmdəki dava səhnəsi üçün çox yer axtarılıb. Rasim Ocaqov operatorla rəssama “siz tapın, mən baxım” - deyib. Bir gün təsadüfən üçü də İçərişəhər Qala qapısının ağzından keçib, bulvara çay içməyə gedirmişlər. Eyni vaxtda məkan diqqətlərini çəkib və rəssam buradır - deyib, - tapıldı.
Filmdə Muxtar Manıyev, Hacı İsmayılov, Həsən Məmmədov da çəkiliblər. Bəstəkarı Emin Sabitoğludur - Rasim Ocaqovun filmlərindəki əsas “silahdaşı”.
Filmin premyerası 1989-cu il oktyabrın 24-də olub.
"Ölsəm, bağışla" filmi 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin 1-ci festival-müsabiqəsinin mükafatını qazanıb. 1992-ci ildə Türkmənistanda keçirilən 1-ci Regional İpək Yolu kinofestivalında ən yaxşı qadın və kişi roluna görə Gülzar Qurbanova və Fəxrəddin Manafov festivalın baş mükafatı olan "Qran pri"ni qazanıblar.