Meyxanaçı Kərim kimdir?  – “Ölən və öldürən” susqun MƏRSİYƏXAN
09 sentyabr 2024 20:15 (UTC +04:00)

Meyxanaçı Kərim kimdir? – “Ölən və öldürən” susqun MƏRSİYƏXAN

Lent.az “Bioqrafiya” rubrikasında məşhur meyxanaçı Kərim haqqında maraqlı faktları təqdim edir.


- Kərim harada və nə zaman anadan olub?

Kərim Novruzov (Ağakərim) 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olub. 

- Kərim ali təhsil alıb?

Xeyr. 1981-ci ildə 209 saylı orta məktəbi bitirib. Təhsil illərində onda ədəbiyyat fənninə maraq olub. “Kərim bədii ədəbiyyatı sevdiyini bildirir, daha çox Şərq ədəbiyyatını oxuduğunu deyir: "Şərq klassik poeziyası ilə daha çox maraqlanıram, Füzulinin də, Nizaminin də yaradıcılığını oxumuşam, amma mənim sevimlim Seyid Əzim Şirvanidir. Seyid Əzim dahidir. Bəzi meyxanaçılar adını dahi qoyub. Mən Şirvaniyə dahi deyim, yoxsa meyxanaçıya?"- o verdiyi bir müsahibədə demişdi.

- Kərimin meyxanaya meyli necə yaranıb?

Meyxanaya marağı da qonşusu Ağasəlim Çıldağın audiokasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə Əliağa Vahidə həsr olunmuş qəzəlxan festivalının ən yüksək mükafatını alıb.

- Kərim meyxanada kimi ustad hesab edir?

Ağasəlim Çıldağın ən yaxın iki tələbəsindən biridir.

- Kərimi digər meyxanaçılardan fərqləndirən cəhət nədir?

Kərim uzun illər meyxana deyiləndə ilk ağıla gələnlərdən olub. Meyxana tədbirlərində, televiziya proqramlarında, münsiflər kürsüsündə daim öndə idi. Kərimi meyxanada həmkarlarında xüsusi fərqləndirən cəhət onun avazıdır. Meyxanasevərlər onun deyişmələrini belə mahnı kimi dinləyir.
Məşədibaba deyirmiş ki, deyişmədə Kərim adamı öz avazında məğlub eləmək istəyir. Onun tembrində cavab vermək istəyəndə adam batır. Gərək onun avazına aldanmayasan, öz tembrində deyəsən.

- Kərimin ən məşhur meyxanaları hansıdır?

"Amandı", "Azərbaycanlılar", "Bu gedər, o biri gələr", "Divanə kimi", "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi", "Günahkar mavi Xəzərdir", "Kasıb", "Maştağa", "Nizami", "Pul", "Rədd elə getsin", "Varmı, görəsən?", "Vurulmuşam" mahnı və meyxanaları ilə tanınıb.

- Kərimin meyxanadan başqa sənəti var?

Meyxana ilə yanaşı Kərim gül təsərrüfatı ilə də məşğul olub. Qərənfil, çobanyastığı və başqa növdən olan güllər becərib. Gül ticarəti ilə məşğul olan Kərim bunu həm qazanc yeri, həm də sevdiyi iş kimi qiymətləndirib: "Orucluq, məhərrəmlik aylarında toy az olur, onda təsərrüfatla məşğul oluruq".

- Kərimin tələbələri olub?

Adlarını çəkməsə də 3 tələbəsi olduğunu bildirib. Lakin onlardan biri haqqında yüksək fikirdə olmayıb: "Üç tələbəm vardı. Onlardan ikisi yaxşı öyrəndi, biri isə sənəti öyrəndi, adamlığı yox. Canında olmasa, onun üçün nə isə edə bilmərəm. Gərək istedadı olsun ki, bacardığımdan onu rəndələyim, cilalayım".
Müsahibələrinin birində gənc həmkarı Aqşin Fatehə atmaca ataraq, onun ifrat iddialı təxəllüs götürdüyünü demişdi: "Özünə elə təxəllüs götürüb: "Fateh". Dünyada üç-dörd fateh olub. Çingiz xan, Teymurləng, Sultan Mehmet. Hələ Stalinə də bu adı vermək istəyirdilər, vermədilər. Bu insanlar ölkələr fəth edib, imperiyalar saxlayıblar. Sən kimsən? Götürdüyün ad gərək səni doğrultsun".

- Kərimi nə üçün həmkarının ölümündə günahlandırırlar?

Kərim digər bir neçə həmkarı ilə bir yerdə mərhum meyxanaçı Elçinin ölümündə günahlandırılır. İddiaya görə Məşədibaba Elçini bıçaqla vurduqdan sonra bir neçə meyxanaçı onu xəstəxanaya bilərəkdən gec çatdırıb. Elçin də qanaxmadan dünyasını dəyişib. Lakin bu iddia şayiə olaraq qalır.

- Kərim mərsiyə deyib?

Bəli. Özü deyirmiş ki məni ağladan qəzəllərlə Segah üstündə mərsiyə demişəm. Kərimin avazı mərsiyəyə çox yatqın olduğu üçün Məhərrəm aylarında bu sahədə öz bacarığını göstərib.

- Kərimin oğlu Kamli onun yolunu davam etdirib?

Xeyr. O, övladının meyxanaçı olmasını istəməyib. Övladının ingilis dilini yaxşı öyrənməsini və öz təəbirincə desək, daha yuxarılarda olmasını arzu edib.

- Kərim nə üçün xəstələnib?

Toyxanada yüzlərlə adamın qarşısında hər gün yarışmağın həyəcanı meyxanaçıların səhhətinə ağır təsir edib. Həmin həyəcan Kərimi səhhətinə təsirsiz ötüşməyib. Diabet və təzyiq xəstəsi olan  söz adamı 53 yaşında, 2017-ci ildə insult keçirib. Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürüb. Lakin həkimlər onun sağalmayacağını bildiriblər. Söz adamı, meyxananın nalə çəkən bülbülü o gündən ömürlük susub, danışa bilməyib.
İnsult keçirdikdən sonra bir müddət ayaq üstə dura bilsə də, ardınca dayaq sistemində də problem yaranıb. 

- Kərimin vəziyyəti indi necədir?

Ailəsi onun qulluğunda durur. Oğlu Kamilin dediyinə görə, müalicələr heç bir effekt vermir. Atası heç kimi tanımır, danışmır, nəsə istəyəndə bunu mimikasından, kiçik jestlərindən anlayırlar. Kərim xəstələndikdən sonra onun haqqında dəfələrlə ölüm xəbəri yayılıb. Bu xəbərlərdən ilki yayıldığı zaman anası xəbərdən təsirlənib. Deyilənə görə, anasının ölümünə səbəb də məhz həmin qəfil xəbər olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8385
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar