İzzət Bağırov kimdir?  – 2 dəfə evlənən, rahat yaşaya bilməyən küskün müğənni
12 iyul 2024 20:15 (UTC +04:00)

İzzət Bağırov kimdir? – 2 dəfə evlənən, rahat yaşaya bilməyən küskün müğənni

Lent.az “Bioqrafiya” rubrikasında müğənni İzzət Bağırovdan bəhs edir.

- İzzət Bağırov harada və nə vaxt anadan olub?

İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən balaxanılıdı. 

- İzzət Bağırov harada təhsil alıb?

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar, xanəndəlik sinfini və İncəsənət Universitetinin musiqili teatr fakültəsini bitirib.Xanəndə sinfində ona Əlibaba Məmmədov, vokalda isə Ziya Bağırov dərs deyib.

- İzzət  Bağırovun sənət yolu necə başlayıb?

15 yaşı olanda "7-17" Dövlət müsabiqəsində iştirak edib və qalib olub. 1995-ci ildən daha da populyarlaşıb. 

-  İzzət Bağırov dindardır?

Dəfələrlə Həcc ziyarətində, Məşhəddə olub. Oruc tutub, ehsanlar verir. Çox vaxt da Cümə məscidində namaz qılır.

- İzzət Bağırovun ən populyar mahnıları hansılardır?
“Səni sevməyən ölsün”, ”Bəs neynəyim?”, “Dost”, “Söylə”, “Yaradanım”, “Bu gözəlin xətrinə”, “Səndən ayrı” mahnıları ilə sevilən sənətçi 1995-ci ildən populyarlaşıb.

- İzzət Bağırov ailəlidir?

2 dəfə ailə qurub. İlk evliliyi uzun sürməyən müğənnin birinci evliliyindən övladı olmasa da, ikinci evliliyindən 3 oğlu olub. 

- İzzət Bağırov filmə çəkilib?

İfaçı müxtəlif illərdə “Yaz yuxusunun işığı” (1996), “Yanmış körpülər” (2003), “Şans” (2004), "Moskva-Bakı" qatarı” (2005), “Ayrılıq imiş” (2008), “Oyunçu” (2008) kimi filmlərdə rol alıb. Ssenari müəllifi olduğu və baş rolunu canlandırdığı “Ümidlər puç olanda” filminin afişasını yayımladıqdan sonra ekran işi barədə müxtəlif fikirlər səsləndirilib. Çoxları İzzət Bağırovu “müğənni yaxşı film çəkə bilməz” deyərək tənqid edib.
İfaçı tənqidlərə cavab olaraq bildirib:
“Mən rejissor deyiləm, film də oyuncaq deyil. Adi mahnı yazdıranda həftələrlə vaxt sərf edirsən. “Ümidlər puç olanda” filminin ssenarisini 1 ilə yazmışam. Rejissor kimi kamera arxasına keçsəydim, məni tənqid etmələri normal idi. Rejissoru Samir Qulamovdur. Ona ssenari haqqında danışdım. Dedi ki, görüşək, danışaq. Ssenari ilə tanış olandan sonra çox bəyəndi, əl-ələ verib, çəkməyimizi təklif etdi. Beləcə çəkilişlər başladı. Ssenarini hər kəs yaza bilər. Azərbaycanlılar romantikdir, xəyal qüvvəmiz genişdir. İkinci sinif şagirdi də maraqlı, kiçik ssenari yaza bilər. Bu məsələni şişirtmələri normal deyil. Təəccübləndim ki, baxmadıqları film haqqında necə fikir yürüdürlər? Filmi izlədikdən sonra kimsə bəyənməsəydi, tənqid etsəydi, normal qarşılayardım”.

- İzzət Bağırov populyarlıqdan əziyyət çəkir?

Müğənni 2021-ci ildə maraqlı açıqlaması ilə gündəmə gəlib. İfaçı sənətinin hər şeyini əlindən aldığını etiraf edib:
“Müğənnilik məndən hər şeyimi aldı. Əgər bu sənəti deyil, başqa bir peşəni seçsəydim, rahat həyatımı yaşayardım. Müğənni rahat yaşaya, rahat ola bilmir”.

- İzzət Bağırov nə üçün həmişə kədərli görünür?

Efirlərdə çox vaxt qəmgin görünən, ifa etdiyi mahnıların əksəriyyəti kədərli olan sənətçi verilişlərdən birində bu haqda danışarkən bunun sırf şəxsi problemlərlə bağlı olduğunu bildirib:
“Bu barədə danışmağı heç xoşlamıram. Çünki bunlar mənim şəxsi problemlərimdir və heç kimi buna şərik etmək fikrim də yoxdur”,- deyib.

- İzzət  Bağırova musiqiçilər niyə hücum edib?

2019-cu ildə şadlıq evlərindən birində keçirilən ad günü mərasimində müğənni İzzət Bağırova hücum olunub. Sonradan İzzət Bağırova hücum çəkən məclisdəki bir qrup qonaq və ev sahibi Novruz Aslanlı müğənni ilə görüşüblər. Görüşdə tərəflər bir-birini dinləyib və ədavətə son qoymağa qərar verilib. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. İ.Bağırov sözügedən şəxslərdən şikayətçi olmayacağını söyləyib. Hər iki tərəf mübahisənin anlaşmazlıqdan baş verdiyini bildirib və barışıq əldə olunub.
- İzzət Bağırov varlıdır ya kasıb? Bir neçə il öncə İzzət Bağırovun pulsuzluqdan evdən çıxmadığı barədə mediada xəbərlər yayılıb.
 Müğənni bu məsələyə belə aydınlıq gətirib:
“Pulsuzluqdan evdən çıxmadığım barədə yayılan xəbərlər yalandır. Toylarımız var, zəhmət çəkib, qazanıram. “Ümidlər puç olanda” adlı film çəkmişəm, bütün xərcləri cibimdən vermişəm. Filmdən sonra məni itirib-axtarmayanlar dostlarımdan nömrələrimi istəyir. Deyirəm ki, sözünü sizə desinlər. Mən elə populyarlıq qazanmışam ki, heç kim mənim işığımı söndürə bilməz. Allah istəmədən kimsə məni yıxa bilməz”.
- İzzət Bağırov kimə əsəbiləşib, telefonunu dənizə atıb?
İfaçı laqeyd münasibətlərinə görə, ətrafındakı insanların çoxunu həyatından silib. Hətta bir dəfə telefonu əlinə alıb nömrələri silməyə başlayıb. Bu cür alınmadığını görüb bulvara gedib, telefonu dənizə atıb.

- İzzət Bağırov toylara neçəyə gedir?

Onun toy qonorarı 2500 manatdır.

- İzzət Bağırova fəxri ad verilib?

 “Siyahıda adlar çıxdıqca baxıram, pis oluram, küsürəm. Özümə sual verirəm ki, “Axı niyə?” Elə bir tamaşaçı yoxdur ki, bu fikrimlə razılaşmasın. Bu çıxışı ona görə etmirəm ki, mənə fəxri ad versinlər. Sadəcə mənə qarşı olan bu laqeydliyə münasibət bildirirəm”- deyə o bir dəfə müsahibə zamanı bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 43311
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar