Cabbar Musayev kimdir?  -  Arvadına görə qardaşı ilə düşmən olan bəstəkar
27 iyun 2024 15:42 (UTC +04:00)

Cabbar Musayev kimdir? - Arvadına görə qardaşı ilə düşmən olan bəstəkar

Lent.az “Bioqrafiya” rubrikasında həzin mahnıları könül oxşayan bəstəkar-müğənni Cabbar Musayevin həyatından bəhs edir.

- Cabbar Musayev harada və nə zaman anadan olub?

Cabbar Musayev 9 avqust 1959-cu ildə İmişli rayonunda anadan olub.

- Cabbar Musayev ailəlidir?

Bəli. Onun iki övladı var.

- Cabbar Musayev Niyaməddin Musayevlə qohumdur?

Niyaməddin Musayev Cabbar Musayevin doğma əmisidir.  Cabbar Musayev yaradıcılığa onun “Röya “ ansamblında sintezator ifaçısı kimi başlayıb.

- Cabbar Musayev  müğənni Musa Musayevlə qardaşdır?

Bəli. Lakin qardaşlar uzun illərdir bir-birlərinə düşmən münasibət bəsləyir. Cabbar Musayevin anası Gülbikə xanım bu barədə belə deyib - Dörd oğlum var idi, biri rəhmətə getdi. Birini də oğulluqdan çıxardıb verdim Təranə Qumrala. Qızım olmayıb. Özümün də yetmiş iki yaşım var. Üç övladımdan razıyam, bir Musadan narazıyam. On səkkiz ildir narazılıq qəlbimi para-para edir. Musa on səkkiz ildir mənimlə əlaqə saxlamayıb. Bir iki dəfə onun-bunun telefonu ilə zəng eləmişəm. Onda da götürməyib. Sadəcə, istəmişəm ki, öyrənim sağdı, yoxsa ölüb. Bir də oğlum rəhmətə gedəndə gəlib. Belə heç vaxt əlaqəm olmayıb. Cabbarın azarı ürəyimə. Cabbar qızıl oğlandır. Allah hamıya belə övlad qismət etsin. Mənim balam da, balaları da mənə diqqətlidir.

- Cabbar Musayevlə Könül Kərimova sevgilidir? Bu barədə sosial şəbəkələrdə tez-tez xəbərlər yayılır...

 Könül Kərimova bütün sənət uğurlarını Cabbar Musayevə borclu olduğunu dəfələrlə qeyd edib. Cabarla iş birliyinə başladıqdan sonra ulduzunun parladığını bildirən müğənni xanım Cabbarın ona hər zaman ən böyük  arxa dayaq olduğunu, aralarındakı münasibətin sadəcə dostluq olduğunu deyib.

Cabbar Musayevin həyat yoldaşı “Cabbarı Könülə qısqanırsınızmı?” sualına ”Yox, qısqanmıram, buna səbəb yoxdur, bu duetin əssasında sənət birliyi var, başqa heç nə. Cabbar qısqanmaq üçün mənə əsas verməyib. Mən onu başa düşməsəm, yoxsa 35 il necə bir yerdə yaşaya bilərdik? Onların birləşməsinə mən vəsilə olmuşam.Cabbarın Könüllə duetinin uğurlu alınacağını bilirdim. Könül Kərimova ilə bacı kimiyik” - deyə cavab verib.

- Cabbar Musayevlə Musa Musayev niyə küsülüdür?

Bu suala tərəflər müxtəlif şəkildə cavab verirlər. Musa Musayevin xanımı Təranə Qumral belə deyib: “Musa Cabbarı silib atıb. Danışırlar ki, guya Musa Cabbarla mənə görə küsülüdür, düşməndir. Yalan söhbətdir, Musa Cabbarla lap çoxdan küsülüdür. Heç onda mən yox idim. Bir ana bətnində iki düşmən saxlayırmış. Çox səbəblər var e, açıb-ağartmaq olmur. Amma söhbət məndən getmir”.

Cabbar Musayevin anası Gülbikə xanım bildirib ki, Təranə Qumral evli ola-ola onun oğlu Musanı yoldan çıxarıb. O zaman Musa da öz xalası qızı ilə evli imiş. Cütlüyün nikahı Musa ilə ailəsi arasında dərin nifaq yaradıb. Cabbar Musayev qardaşı ilə bağlı çox sərt açıqlamalar verib:

“Anasını, qardaşını, bacısını qohum əqrəbasını Azərbaycanda bütün kişilərin tanıdığı qadına dəyişən kişinin boyunu yerə soxum. Təranəni tanıyan kişilərin siyahısında mən yoxam. Onunla tanışlığım ümumiyyətlə olmayıb. O, sadəcə, bizim “Durna teli” ansamblında  oxumağa başlayırdı. Biz də gördük ki, yaman gündə oxuyur, onu rədd elədik, getdi. O da Musadan yapışdı. Elə həmin gündən, iyirmi ildir ki, nə əmim, nə anam, nə də ki mən onunla  danışırıq. Onun kimilərini zibillikdə axtarmaq lazımdır.”  

Musa Musayev isə qardaşı haqqında çox şey bildiyini, o məlumatı açıqlayarsa Cabbarın daha insan içinə çıxmağa üzü olmayacağını deyib. Onun sözlərinə görə, qardaşı həmişə onun ailəsinə nifaq salıb və dağılmasını istəyir:

"Mən Cabbarı gənc yaşlarımdan danışdırmıram. Hər zaman onunla küsülü qalmışam. Lakin bunu yalnız ailəmiz bilirdi. Heç vaxt bu sirri açmaq istəmirdim. O, iki il öncə televiziyada küsülü olduğumuzu təsdiq etdi və bildirdi ki, Təranəyə görə küsmüşük. Bu insan ailə dağıtmaqla məşğuldur. Mənim də ailəmi dağıtmaq istəyirdi, amma Təranənin ağlına qurban olum. Onun ağlı nəticəsində ailəmiz dağılmadı. Nazənini öyrədərək dəfələrlə ailəmdə dava saldılar. Bu yaxınlarda elə bir açıqlama verəcəm ki, bütün xalq onun kim olduğunu biləcək, üzündəki maskanı çıxardacam. Xalq məni qınasa da, illərlə saxladığım sirləri açıqlayacam".

- Cabbar Musayev müğənni Dənizdən nə üçün 10 min manat təzminat alıb?

Cabbar Musayev Dəniz Əsədovadan məhkəməyə şikayət edib. Çünki, Dəniz Əsədova Cabbar Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində Cabbar Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib: “Onlarla “İlkin Music” səsyazma studiyasında tanış olmuşam. Həmin studiyada 13 500 manat verərək çalışmışam və 1500 manatı isə Cabbar Musayevə müəllim kimi məni öyrətməsi müqabilində vermişəm. Bir gün C. Musayev gəlib mənə Nigar Qasımzadənin həyatındakı qadın olduğunu və qısqanclıqla bağlı münaqişələr yaşandığı üçün N.Qasımzadənin də mənlə birgə studiyada oturacağını dedi". 

Cabbar Musayev və Nigar Qasımzadə Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Məhkəmədə D.Əsədovanın həmkarları barəsində səsləndirdiyi təhqir və söyüşlər əsas götürülüb. Məhkəmə Dənizin Cabbara 10 min manat ödəməsi barədə qərar çıxarıb.

- Cabbar Musayev hansı sənətkarlarla küsülüdür?

Dənizdən başqa o Elxan Şirinovla da soyuq münasibətdədir. Könül Kərimova ilə duet ortaqlığına başlayanda isə o müğəninin keçmiş tərəfdaşı Məhəbbət Kazımovla düşmənə çevrildi. Məhəbbət Kazımovun “Könül atdan düşüb eşşəyə mindi” sözünün qabağında Cabbar Musayev “Könül ata çatanacan, eşşəyə minmişdi” polemikası uzun müddət  maqazin gündəmini zəbt etmişdi.

- Cabbar Musayev mahnı satır?

Bəli. Müğənninin hər bir mahnısı hitə çevrilir. Mahnılarının orta qiyməti 5000 manatdır.

- Cabbar Musayev başqa kiminlə duet oxuyub?

 Onun Xalq artisti Nazpəri Dostəliyeva ilə işbirliyi çox uğurlu alınmışdı.

- Cabbar Musayev toylara gedir?

 Bəli. Onun öz ansamblı var. Könül Kərimova ilə duetləri davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126627
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar