<b>“İti vurub kəsdik, bir tikə də mən yedim” – <span style="color:red;">XATİRƏ </b>
27 mart 2014 13:00 (UTC +04:00)

“İti vurub kəsdik, bir tikə də mən yedim” – XATİRƏ

Döyüşçü-jurnalist Rey Kərimoğlunun Lent.az-da yeni başladığı “Barıt qoxusu” adlı silsilə yazılar bir qədər əvvəl başa çatan “Kəşfiyyatçının xatirələri” adlı layihədə adı çəkilən döyüşçülərin, müharibəni keçmiş insanların taleyi barədədir.

 

.

 “Barıt qoxusu”nun növbəti qonağı müəlliflə birgə döyüş yolu keçmiş Şamil Məmməd oğlu Əbilovdur...

 

 

...Ağdama getməyi çoxdan planlaşdırırdım. Şamillə görüşüb onu “Barıt qoxusu” üçün danışdırmaq istəyim var idi. Görüşdük, danışdıq, bir gecə də qonağı oldum Şamilin. Haqqında danışmazdan əvvəl qeyd edim ki, Şamillə bir batalyonda, bir çox  döyüşlərdə çiyin-çiyinə vuruşmuşuq. Şamil o döyüşçülərdəndi ki, onun döyüş yolundan bir yazı ilə danışıb qurtarmaq olmaz. Bəlkə heç bir kitab da yetməz. Bu yazıda sizləri onun döyüş yolunun bir neçə məqamından söhbət açacağıq.

 

Baş leytenant Əbilov Şamil Məmməd oğlu 1969-cu ildə Ağdam rayonunun Seyidli kəndində dünyaya gəlib. 50 saylı Ağdam Texniki Peşə Məktəbini bitirib. 1987-1989-cu illərdə keçmiş sovetlər birliyinin raket qoşunları qüvvələrində xidmət keçib. Xalq hərəkatının, 20 yanvar hadisələrinin iştirakçısı olub. 1991-ci ilin sentyabrında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin rəhbərliyi altında Ağdam Ərazi Özünümüdafiə Batalyonunun ilk əsgərlərindən olub Şamil. Bir qədər sonra minaatanlar dəstəsinin komandir müavini, nəhayət dəstə komandiri olub. Daha sonra müdafiə nazirinin əmri ilə 708 saylı hərbi hissədə 4-cü batalyonun komandirinin müavini, sonralar isə daxili əmrlə bir neçə ay batalyon komandiri təyin edilib. 1997-cı ildə ordu sıralarından tərxis olunub...

 

Ağdam, Ağdərə, Əsgəran, Xocavənd, Goranboy istiqamətində gedən  döyüşlərdə dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qalıb, yaralanıb. Ailəlidir, 3 övladı var...

 

Həyatı boyu düz olmağa, düz danışmağa çalışıb Şamil. Elə indi də, saxta qəhrəmanların yağışdan sonrakı göbələk kimi artığı bir zamanda da bunu deyir. Danışa-danışa ayağa durur, otaqda var-gəl edir, arada lap coşur da....

 

 

“Rey, qaqa, düz danışmaq lazımdır, düzün demək lazımdır! Bizə yalançı qəhrəmanlar lazım deyil. Hər kəsə əməlinə görə qiymət verilməlidir. Kitablar, yazılar yazılır, amma çoxu yalandır! Kiminsə haqqını yemək olmaz! Mən anlaya bilmirəm ey, adam eləmədiyi işi necə öz adına çıxa bilər?!”

 

Söhbəti 1990-cı ilin o müdhiş, qanlı yanvar gecəsinə yönəldirəm.

 

“Bakıda əsgərlik dostlarım İlqarla, Şaiqlə və onların tələbə yoldaşı İlqarla görüşdüm. Onlarla birlikdə mitinqlərdə, 19-dan 20-ə keçən gecə isə barrikadalarda olduq. 19-u axşam “Salyanski” kazarmanın yanındaydıq. Tankların necə işə salındığını da eşitdim. Uşaqlara dedim ki, tankları şəhərə çıxardacaqlar. Orada bir hasar evə var idi. Tullanmaq lazım idi. Buradan tullandıq. Tullananda ayağım hasardakı armatura ilişdi, armatur şalvarımı da, ayağımı da cırdı. Qan götürdü...Oradan gəldik, İnşaat institutunun  yataqxanasının yanına. Bir qədər sonra Nemət Pənahlı gəldi ora. Dedi ay camaat, qaçmayın, elə buradaca dayanın görsünlər sizi...Elə bu vaxt bir dənə BMP-2 çıxdı, necər atdısa, yanımızdakı bir kişinin başını apardı...Gecə biz getdik yataqxanada qaldıq. Rus qoşunu gəlib oraları kəsdi. Amma səhəri gün gəldik Elmlər Akademiyası tərəfə, oradan da Azadlıq meydanına. Sonra Şaiqgillə Şəhidlər Xiyabanına getdik. Orada şəhidlərimizə məzar qazılmasında da iştirak elədik. Bütün o proseslərdə biz də olduq. Bacımgil də məni axtarırdılar. Elə bilmişdilər mənə də nəsə olub. O hadisələrdən sonra qayıtdım Ağdama və rəhmətlik Hidayət İbrahimovla, digər Seyidli uşaqları ilə “Qaracı”da postda durmağa başladıq. Şirin Mirzəyev Ağdama gələndə ilk dəfə bizim Seyidli kəndində görüş keçirdi. Seyidlidə bir rota yarandı, eyni zamanda Seyidli uşaqlarından ibarət Minaatanlar batareyası da yaradıldı. Rəhmətlik Natiq Camalov, Hidayət İbrahimov, Fəxrəddin Mamedov (hər üçü şəhid oldu. R.K.) o dəstənin komandiri oldu. Sonra isə mən oldum. Batalyon yarananda Xaçındərbəndə birinci bizim Seyidli rotası, sonra Qiyaslı rotası və digərləri gəlib. Digər rotalar isə sərhəd kəndlərində yerləşdiyinə görə, elə o kəndlərdə olurdular.”

 

Şamil silahdaşları ilə birgə 1991-ci ilin payızında Xocavənd rayonunun Əmralılar, Qaradağlı, Kuropatkin, Muğanlı, daha sonra Ağdərənin  Umudlu kəndinin müdafiəsində iştirak edib...

 

Zəruri qeyd:

27 dekabr 1991-ci ildən 28 fevral 1992-ci ilədək Umudluda Şirin Mirzəyevin batalyonunun 55 nəfərlik heyəti və kəndin könüllüləri işğalçılara qarşı mətanətlə dayanmışdı...Bizim əsgərlər Umudluda olanda bu kəndin Azərbaycanla əlaqəsi yalnız vertolyotla idi. Yanvarın ortalarından isə bu əlaqənin də kəsilmək təhlükəsi yarandı. Çünki ermənilər Umudluya uçan vertolyotlara atəş açırdılar. Bu səbəbdən də Umudluda çox ciddi ərzaq və tibbi ləvazimat çatışmazlığı yaranmışdı. Kəndə uzun müddət idi ki, elektrik enerjisi verilmirdi.

 

Digər mirzəyevçilər kimi Şamil üçün də Umudlu döyüşləri çətin və qan-qadalı hadisələrlə zəngin olub. Umudluda ən çətin və təhlükəli yer 8 və 9-cu postlar sayılırdı. Şamil də 9-cu posta idi.

 

“8 və 9 ən çətin postlar sayılırdı. Mən öz postumuzda çox yaxşı döyüş mövqeyi yaratmışdım. Hətta içərisinə çuğundan bir “peç” da qoymuşdum. O “peç”in turbasını elə yerdən gətirib çıxarmışdım ki, heç kəs baş çıxarda bilmirdi ki, bunu haradan aparmışam, haradan çıxır... Seyidli rotasından Rabil, mən və bir də adını unutduğum iki əsgərlə o postda dayanırdıq. Növbə ilə ətrafı müşahidə edirdik. Bir itim də var idi. Belinə sovet bayrağı bağlamışdım, arada kənddə gəzdirirdim. Gecə səhərə qədər Rabillə mən dururdum postda, digər iki nəfər isə gündüz. Gecə qəti yatmırdım. O müddətdə 8-ci postu da nəzarətdə saxlayırdım.

 

Bir gün axşamçağı idi. Posta yaxınlaşanda qabaqdan səs gəldi. Postun qabağı da “setka” idi. Bilmədim ayaq qoyur, neyləyir, amma şıqqıltı gəlir. Əvvəlcə elə bildim ya Rabildi, ya da bizim uşaqlardan kimsə. İstədim deyəm ki, ayə kimsən? Onda gördüm ki, elə “setka”nın üstündəncə silahı mənə tuşladı. Ta qoymadım ey gözün aça, o an avtomatdan buna atəş açdım...Erməni idi, bağıra-bağıra yıxıldı yerə...Onun anqırtısına, bağırtısına Füzuligil gəldi (Həmin ərəfədə Şirin Mirzəyevin batalyonunun Umudlu kəndindəki dəstəsinin komandiri “Komissar Katani” ləqəbli Füzulini nəzərdə tutur R.K.). Onlara dedim, çox güman ki, ermənilər hücum edəcək. Səhəri gördü ki, vurduğum ermənini apardılar Zəylikdə basdırmağa. Təxminən saat 10 radələrində postu təhvil verib dincəlməyə gəldim. Elə yenicə ayaqqabımı çıxarırdım ki, ermənilər bizə tərəf bir mərmi  atdı. Minamyot mərmisi idi, gəldi düşdü biz tərəfə, amma partlamadı. Ardınca ermənilər kəndi avtomat və pulemyotlardan atəşə tutaraq hücuma keçdilər. Ayaqyalın,  əynimə bir şey geymədən bayıra atıldım. Bayıra çıxanda necə güllə yağışı altına düşdümsə, heç posta da girə bilmədim. Eləcə posta yaxın bir yerdə qarın üstündə uzanıb mövqe tutdum. Burada möhkəm atışma oldum. Bu o vaxta qədər davam etdi ki, artıq gülləmiz tükənməyə başladı. Ya Rabil idi, ya da uşaqlardan biri - indi unutmuşam - yanmış məktəbin yanındakı tualetin içinə girib atışırdı... Erməni də yaxınlaşır...Mənim də otaqda 4 qutu gülləm var. Onlara qışqırdım ki, kimsə getsin otaqdan mənim patronumu gətirsin... Nə isə, məni eşitmədilər. Sürünə, sürünə məktəbin yanına gəldim, oradan da birtəhər otağa gedib 4 qutu gülləni götürüb geri qayıtdım, 8-ci posta. Bir müddət 4 qutu güllə ilə ermənilərin qarşısını aldıq. Az sonra bu güllələr də qurtardı...Ermənilər də artıq, postumuza çathaçatda. Elə bu vaxt məktəbin o başından Füzulinin səsi gəldi, dedi, “Şamil, buradayam, buradayam”. Ermənilər elə postumuza girhagirdə ha...Füzuli ilə “Moskva Mahir” özünü çatdırdı. Patron gətirmişdilər...Yenidən döyüş qızışdı. Bu biri Mahir var ey, Rzayev Mahir, bax o da həmin döyüşdə olub. Təxminən üç saat dayanmadan şiddətli atışma getdi...Nəhayət ermənilər geri çəkildi...”

 

Dediyinə görə, günlərlə ac-susuz qalıblar Umudlu da. Şamil hətta kiminsə bir iti vurub kəsdiyini də xatırlayır. İndi o zaman o it ətindən bir tikə yediyini də etiraf edir, cəsur döyüşçümüz.

 

“Bir ara aclıq o həddə çatdı ki, kimsə it vurub gətirmişdi. Bir tikə də mən yedim. Təxminən bir həftə sonra Şirin Mirzəyev Ağdamdan vertolyotla ərzaq göndərmişdi. O zaman postlara ət payı da düşdü. Heç yadımdan çıxmaz Rabil bizə düşən paydan bir parça əti gözümüzün qabağında çiy-çiy basıb yedi...”

 

Şamil 1992-ci il, martın 4-də olan Qazançı əməliyyatında da yaxından iştirak edib. Bu dəstənin əsgərləri 1992-ci ilin payızında Fərrux istiqamətində  BMP də vurmuşdular. Şamil özü avtomatla yanaşı AQS (Ayaqlı Avtomatik Qumbaraatan), pulemyot və digər silahlardan da məharətlə istifadə edirdi.

 

Fərrux kəndinin azad edilməsində və müdafiəsində yaxından iştirak edən Şamilgilin dəstəsi bir çox ağır döyüşlərdən çıxıblar. 1992-ci il, iyunun 18-də  Şirin Mirzəyev, avqust da isə batalyon komandiri Allahverdi Qəmbərov həlak olandan sonra hərbi hissə Ağdamın Əlmədətli kəndindən digər bir istiqamətə, Ergiyə gətirilir. Ergidə Şamil və döyüşçü dostları yenidən sınaq qarşısında qalırlar. Ermənilər dəfələrlə Ergi istiqamətində mövqelərimizə hücum edir, amma  ağır itki verərək geri çəkilirlər.

 

Düz 9 fevral 1993-cü ilə qədər...Həmin gün ermənilər postlarımızın birinə hücum edir. Batalyondan onlara kömək göndərilir. Kömək bizim posta çatanda məlum olur ki...

 

(ardı var)

 

[email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12299
avatar

Rey Kərimoğlu

Oxşar yazılar