244
10:45
13 May 2009

“Bu səhifələri yazan əllər Türkiyədədir”

Mayın 12-də Türkiyənin “Ulusal” televiziya kanalında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin müsahibəsi yayımlanıb. Azərbaycan-Türkiyə münasibətlərinin indiki durumu üçün maraqlı fikirlərin yer aldığı həmin müsahibəni diqqətinizə çatdırırıq.

- Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycana gələcək. Sizin bu ziyarətdən gözlədikləriniz nədir? Məsələn, Qarabağ məsələsi ilə bağlı siz nə gözləyirsiniz, Türkiyə nə təklif edir?

- Öncə biz hörmətli baş nazirdən Dağlıq Qarabağ məsələsinin hazırda “Yol xəritəsi”ndə yer alıb-almaması barədə açıqlama verməsini gözləyirik. Sual oluna bilər ki, iş bununla bitirsə, cənab baş nazir dəfələrlə açıqlama verib. Amma məsələ burasındadı ki, xarici işlər naziri, istərsə də digər diplomatlar bunun əksinə açıqlamalar verib və Ermənistanla konkret anlaşmanın mövcudluğunu söylədilər. Bilirsiniz ki, son dəfə Praqada Türkiyənin prezidenti cənab Abdulla Güllə Ermənistan prezidenti Sarkisyan arasında görüş oldu və bu görüşdən dərhal sonra Sarkisyan açıqlama verdi. Bildirdi ki, Türkiyə ilə normallaşma məsələsində hər hansı bir ön şərt yoxdur, xüsusilə də Dağlıq Qarabağ məsələsində hansısa şərt yoxdur, yəni biz hər hansı ilkin şərt olmadan sərhədlərin açılmasının və əlaqələrin qurulmasının tərəfdarıyıq.
Bundan sonra isə cənab Gül Sarkisyanın bu açıqlaması ilə bağlı heç bir bəyanat vermədi. Məhz buna görə də bizim bu məsələdə tam rahat olmağımız mümkün deyil.

- Açıqlama verilə bilər, yəni cənab Ərdoğan həmin yerdə danışar. Amma sizcə danışmaq lazımdır, yoxsa addımların atılması lazımdır?

- Əlbəttə, öncə açıqlama ona görə lazımdır ki, Sarkisyanın verdiyi açıqlamalara konkret olaraq münasibət bildirilməyib. İkinci, əlbəttə ki, bizim üçün önəmli olan bu istiqamətdə konkret addımların atılmasıdır. Bizə söyləyirdilər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ məsələsinin çözülməsinə də gətirib çıxaracaq. Biz böyük bir şəkildə Ermənistanın davranışını hiss edəcəyik. Amma son Praqa danışıqları bunu göstərmədi, Ermənistan öz işğalçı niyyətindən də əl çəkmədi. Bizdə də belə bir fikir formalaşıb ki, Türkiyə ilə münasibətlərini tam normallaşdığını hiss edən Ermənistan bundan sonra mövqeyini daha da sərtləşdirəcək və Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun ərazisindən qoşunların çıxarılması ilə bağlı bir anlaşma saxlamayacaq. Çünki bu gün Minsk qrupunun həmsədri olan ölkələr Ermənistanı dəstəkləyir, amma bizim təbii dostumuz və tərəfdaşımız olan Türkiyə yanımızdadır. Əgər bundan sonra Türkiyə Azərbaycanın maraqlarını arxa plana qoyub Ermənistanla münasibətlər yaradarsa, əlbəttə ki, bu işğalçı dövləti daha da gücləndirəcək.

- İyulda bir toplantı olacaq. Bu bir Minsk qrupu toplantısıdır, yoxsa Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında keçirilən hər hansı toplantıdır?

- İyulda Sankt-Peterburqda belə görüşün keçirilməsi gözlənilir, amma burda hansısa anlaşmanın imzalanacağı ilə bağlı bir bilgi yoxdur. Burda Rusiya tərəfi təşəbbüsü ələ almaq üzrədir. Hələ ötən ilin oktyabr ayında prezidentlər görüşdülər və onlar arasında bir deklarasiya imzalandı. Bu deklarasiyanın iyulda davamı olması gözlənilir. Amma onun nə qədər davamı olacağı hələlik məlum deyil. Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ABŞ və Rusiya ilə də razılaşmaq lazımdır. ABŞ-dan olan həmsədr Metyu Brayza bəyanatla çıxış etdi və bu bəyanat daha çox ermənilərin mövqeyini əks etdirirdi. Əlbəttə, bütün bunlar Azərbaycan xalqına pis təsir etdi. Burada aydın olaraq ikili standartların ortada olduğunu görməkdəyik. Türkiyənin mənafeləri də bizimlə bağlıdır. Bilirik ki, Türkiyənin Qafqazdakı yeganə təbii müttəfiqi Azərbaycandır. Əgər bu məsələdə Azərbaycan qırılırsa, bu zaman hesab edirəm ki, Türkiyənin də çıxarlarına təsir edər. Rusiyanın bu məsələdə hansısa mövqe tutacağını söyləmək çox çətindir, çünki Rusiya hazırkı dövrə qədər Ermənistanı çox ciddi şəkildə dəstəkləyir. Bu həm iqtisadi, həm də hərbi cəhətdən belədir. Proseslərin hansı məcraya yönələcəyini öncədən demək çətindir, çünki Rusiyanın hansı mövqe tutacağını öncədən bilmək olmur.

- Azərbaycan məsələsində Rusiya ilə Türkiyə bir rəqib olur. Türkiyədə belə deyim var ki, Azərbaycanlı səlahiyyətli şəxslər Rusiya ilə danışdıqları zaman onlar deyir ki, Rusiya Azərbaycanı Türkiyədən qoparmaq istəyir. Sizcə, durum həqiqətən elədirmi, yoxsa birlikdə hərəkət edərək Qarabağ məsələsini çözə bilərlər?

- Burada iki məsələni bir-birindən ayırmaq lazımdır. Azərbaycan və Türkiyə təbii müttəfiq və qardaş dövlətdir. Bu tək deyimlə bitmir reallıqda, gerçəklikdə bu var. Amma Rusiya ilə Türkiyə bu bölgə uğrunda hələ tarixən mübarizə aparmış, bir-birinə düşmən olmuşlar. Mən ona görə də bu iki dövlətin yaxınlaşmasını gözləmirəm. Çünki Rusiya bu məsələdə oyun oynaya bilir, buna görə də Türkiyənin Rusiya ilə münasibətlərində ehtiyatı davranmalıdır. Amma bununla yanaşı, cənab Baş nazirin Bakıdan sonra Moskvaya səfəri var. Bu səfər çərçivəsində Rusiya və Türkiyə Qafqazla bağlı anlaşarlarsa, bu Azərbaycanın çıxarlarına uyğun ola bilir. O ki, qaldı Rusiya ilə Azərbaycan arasında əlaqələrin qurulmasına, bunu mən açıq söyləmək istəyirəm, Dağlıq Qarabağ məsələsinin həllində Rusiyanın çox böyük təsiri var. Əgər Rusiya yenə də Ermənistanı dəstəkləyərsə, bu onları arxayınlaşdırar. Yox, əgər Ermənistan bu siyasətindən əl çəkərsə, zaman-zaman uzanan problem Azərbaycanın xeyrinə öz həllinə qovuşar. Əgər bu belə olarsa, Rusiyanın Azərbaycana təsiri artar və inanıram ki, bu əlaqələrin artması Türkiyə-Azərbaycan əlaqələrinə təsir etməməlidir. İnanıram ki, inşallah, bu belə də olacaq, əgər bu xəta Türkiyə tərəfindən edilməzsə. Yəni bu dövrdə bizim münasibətlərimizdə yeni səhifələr açılır. Bu səhifələri yazan əllər Türkiyədədir. Bunlar qara, yaxud qırmızı hərflərlə yazıla bilər. Əgər Ermənistanla sərhədlər açılırsa və Azərbaycanın maraqları göz ardı edilirsə, bu çox üzücü bir hal olar. Hesab edirəm ki, bu tarix qarşısında bizim yapdığımız ən böyük xətalardan olar. Mən inanıram ki, Türkiyə hökuməti, Türkiyə xalqı Azərbaycanlın maraqlarının əleyhinə gedəcək hansısa addım atmayacaq.

P.S. Bu gün Bakı vaxtı ilə saat 18.00-da Azay Quliyevin Türkiyənin digər nüfuzlu telekanalı “Haber Türk”ə müsahibəsi efirə veriləcək.