Koronavirus xəstələrinin küçəyə çıxmağının qarşısını yalnız belə almaq olar - AÇIQLAMA
03 dekabr 2020 17:39 (UTC +04:00)

Koronavirus xəstələrinin küçəyə çıxmağının qarşısını yalnız belə almaq olar - AÇIQLAMA

Daxili İşlər Nazirliyi hər gün 20-dən çox koronavirus xəstəsinin olduğu yeri tərk etməsi barədə məlumat yayır. Ancaq təəssüf ki, mediada bununla bağlı kifayət qədər məlumat və ya xəbərdarlıq paylaşılmasına baxmayaraq, əksər COVID-19 xəstəsi məsuliyyətsizlik edərək, küçəyə çıxır və  cəmiyyətə aşkar təhlükə yaradır. Görəsən, onların evdən və ya müalicə aldıqları yerdən çıxması nə ilə əlaqədardır? Bəzi koronavirus xəstələrinin bu məsuliyyətsizliyinin qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Lent.az-a danışan hüquşünas Şamil Paşayev bildirib ki, COVID-19 xəstələri əsasən ərzaq və ya dərman almaq üçün olduqları yeri tərk etməyə məcbur olurlar:

"Koronavirus xəstələrinin olduqları yeri tərk etməsi Cinayət Məcəlləsinə əsasən, məsuliyyətə səbəb olur. Cinayət Məcəlləsində həmin xəstələrin hansı halda evi, yaxud müalicə olduğu yeri tərk etməsi, hansı halda nə qədər müddətə məsuliyyətə cəlb olunması barədə daha detallı qeyd olunub. COVID-19-a yoluxan şəxslər də ərzaq, yaxud dərman almaq üçün, adətən evdən çıxırlar. Sərt tədbirlər görməklə yanaşı, yerli icra orqanları, bələdiyyələr də onlara xidmət göstərməlidir ki, həmin xəstələrin olduqları yeri tərk etmək zərurəti olmasın. Aptek və marketlərdə çatdırılma sistemi lazımi qaydada fəaliyyət göstərməlidir.

Ancaq darıxdığı üçün evdən çıxanlarla maarifləndirici söhbətlər etmək lazımdır. Hətta onlara koronavirus xəstələrinin müalicə aldığı xəstəxanalardan da videolar təqdim etmək lazımdır ki, məsuliyyəti dərk etsinlər".

Qeyd edək ki, bu il martın 17-də Milli Məclisin qərarı ilə Cinayət Məcəlləsinə 139-1.1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi əlavə olunub.

Həmin maddəyə əsasən, qaydanı pozan şəxs iki min beş yüz (2500) manatdan beş min (5000) manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

# 3061
avatar

Mehman Nəbiyev

Oxşar yazılar