Koronavirusa yoluxanlar DANIŞIR: "Yanımızda can verdi"
02 dekabr 2020 13:48 (UTC +04:00)

Koronavirusa yoluxanlar DANIŞIR: "Yanımızda can verdi"

Azərbaycanda ümumilikdə 125 602 nəfərin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 47 272 nəfərdir.

Lent.az mövzu ilə bağlı bu dəfə COVID-19-a yoluxan şəxslərlə söhbətləşərək, bəzi məqamlara aydınlıq gətirməyə çalışıb.

32 yaşlı İlahə Nəcəfova:

“Koronavirusa yoluxacağımı heç vaxt ağlımın ucundan belə keçirtməmişdim. Keçən həftənin ikinci günü yuxudan narahat oyandım. Hədsiz özümü halsız, bitkin hesab edirdim. Sonra istiliyimi ölçdüm və 37.5 oldu. Yavaş-yavaş baş ağrılarım başladı. İstiliyim çox olmadığına görə, ağrıkəsici atıb yatmağa çalışdım. Narahatlığım və ağrım isə keçmək bilmirdi. Səhəri gün qızdırmamı ölçdüm və yenidən 37.5 oldu. Dünəndən fərqim isə ağrı və yorğunluğumun artması oldu. Daha sonra şübhələrimə son qoymaq üçün koronavirus testi vermək qərarına gəldim. Nəticəm pozitiv çıxdı. Bunun ardınca isə ağrılarım artmağa başladı, iybilməm və dadbilməm tamamilə itdi. 

İndi yaxşıyam və hal-hazırda müalicəm davam edir. Düşünürəm ki, tez üstünə düşdüyümə görə, indi vəziyyətim daha yaxşıdır. Məni ayağa qaldıran isə kğçürülən sistemlər oldu”.

49 yaşlı Samir Bağırov:

“İlk gündən başımda (orta hissəsində) dəhşətli ağrılarım başladı. Nə qədər ağrıkəsici içsəm də, ağrım keçmək bilmirdi. Daha sonra başgicəllənmə, halsızlıq, ürəkbulanmam oldu. Həyat yoldaşım isə özünü gümrah hiss edirdi. Bununla belə yoldaşım və övladlarımla test vermək qərarına gəldik. Hamımızın nəticəsi pozitiv çıxdı. Evdəkilərə nisbətən mənim vəziyyətim ağır olduğu üçün xəstəxanaya yerləşdirildim və təxminən 3-4 gün sonra özümü yaxşı hiss etməyə başladım”.

26 yaşı olan Xuraman Vəliyeva:

“Mən koronavirusa yoluxanda 3 gün (37-37.5 arası) qızdırmam oldu. Qızdırma ilə yanaşı güclü əzələ ağrılarım olurdu. Xüsusən də belim, ayaqlarım çox ağrıyırdı. Ağrıkəsici isə müəyyən qədər təsir edə bilirdi. İybilmə və dadbilməm itdikdən sonra isə virusdan şübhələndim və test verdim. Nəticəm pozitiv çıxdı və müalicəyə başladım. Müalicədən sonra əvvəlki halıma qayıtdım. Sağalmağımdan 1 ay keçməsinə baxmayaraq özümü yenə də qoruyuram. Həkimim bildirmişdi ki, 6 ay yenidən virusa yoluxa bilmərəm. Ancaq eşitdiklərimə görə, bir-iki ay sonra da virusa yenidən yoluxanlar var”.

25 yaşlı Nigar Atakişiyeva:

“Bu gün 1 həftədir ki, koronavirusa yoluxan atamı itirmişik. Yanımızda can verdi. Heç nə edə bilmədik. Ürəyində xəstəliyi var idi. Çox çalışdıq, amma onu qoruya bilmədik”.

52 yaşlı Nailə İsmayılova:

“Xəstələnəndə qrip olduğumu düşünürdüm. Buna görə əvvəl qəbul etdiyim dərmanlardan aldım və atdım. Qızdırmam aşağı düşsə də, axşama doğru yenidən qalxdı. Sonra isə öskürək, ishal, halsızlıq kimi halları yaşamağa başladım. Övladımın təkidi ilə test verdim və nəticəm pozitiv çıxdı. Evin bir otağını xüsusi ilə özüm üçün hazırlayıb, həkimlə daimi təmasda ola-ola müalicəyə başladım. Dəhşət tərləməm başladığı üçün ilk günlər çox çətin idi. Yavaş-yavaş sağalmağa doğru getdim. Ancaq tam olaraq 1 aya özümə gələ bildim. İndi yaşadıqlarımı xatırlamaq belə məni qorxudur”.

41 yaşlı Oruc Bağırov:

“Koronavirus boğazımdakı ağrı ilə başladı. Yorğunluq, qızdırma, halsızlıq vəziyyətimi hər gün çətinləşdirirdi. Nəhayət üç gün sonra test verdim və nəticə pozitiv gəldi. Buna baxmayaraq, evdəkilər nəticəyə inanmadılar. Sabahı günü isə iybilmə, dadbilməm itdi və güclü bel ağrılarım başladı. Bundan sonra ailə həkimimin müalicəsinə başladım. Yaşadığım, keçirdiyim hissləri indi danışmaq qəribəmə gəlir. Bir anlıq elə bilirdim ki, ayağa qalxa bilməyəcəm. Ancaq yaxşı qidalanma və düzgün müalicə, dərman qəbulu ilə sağaldım. Heç kimə virusa yoluxmağı arzu etmirəm”.

25 yaşlı Sevinc Əliqızı:

“Anamda infeksiya qusma ilə başladı. Eləcə ancaq qusurdu. Qardaşımda isə bel ağrısı dəhşət idi. Elə deyirdi ki, bütün bədənim qırılır. Evdə nənəm də bizimlə qalır. Onun isə ayaqlarına istilik gəlirdi. Nə qədər sulu dəsmal qoysaq da ayağına istilik gəldiyini deyirdi. Mənim özümdə isə yüngül qızdırma oldu. Ailəvi test verdik, bircə atamın nəticəsi neqativ oldu. Nənəmin vəziyyəti pis olduğu üçün xəstəxanaya yerləşdirildi. Bir neçə gün sonra vəfat etdi. Ölməyinə səbəb kimi isə həm də şəkər xəstəsi olduğunu dedilər. O günləri xatırlamaq istəmirəm. Biz karantində ola-ola nənəmizi itirdik. Son sözlərini eşidə bilmədik. Yaşadıqlarıma görə, koronavirusu uzun müddət ağlımdan çıxara bilməyəcəm”.

50 yaşlı Tamilə Mustafayeva:

“Xəstəliyim qızdırma, ishal, baş ağrısı ilə başladı. Nə qədər dərman atsam da, qızdırmam düşmürdü. Ailədə 3 nəfərik, ancaq mənim nəticəm pozitiv çıxmışdı. Onları qorumaq, həm də daha yaxşı müalicə üçün xəstəxanaya yerləşdirildim və zamanla özümə gəlməyə başladım”.

27 yaşlı Elvira İsayeva:

“İlk vaxtlar dəhşətli dərəcədə əzələ ağrısı hiss edirdim. Sonra dəhşətli baş ağrısı, boğaz ağrısı, qızdırma və titrətmə başladı. Təcili yardım çağırdıq və nəticəm pozitiv oldu. Daha sonra dadbilmə və iybilmə də yoxa çıxdı. İndi şükür sağalmışam, amma kəskin iyləri hiss edə bilirəm. 

Müalicə ilə yanaşı həyat yoldaşımla birgə çoxlu maye qəbul etdik, yaxşı yedik. Bu günə qədər belə ağrılı, çətin anlar yaşamamışdım. Yaşadığım baş ağrısını isə heç kimə arzulamıram”.  

34 yaşlı Muxtar Cavadlı:

“İşlə əlaqəli tez-tez test verməli olurduq. Bir gün nəticəm pozitiv gəldi. Buna baxmayaraq, özümü narahat hiss etmirdim. Həkimlə məsləhətləşərək, yüngül dərmanlar qəbul etdim, vitaminli qidalandım. 14 gün özümü təcriddən sonra isə yenidən işə qayıtdım. Ətrafımda mənim koronavirusa tutulduğuma inanmayanlar çox idi, hətta ilk gün özüm də inanmırdım. Ancaq iş yoldaşlarımızla mütəmadi danışırdıq. Onların arasında isə ölənlər də, ölümdən geri dönənlər də oldu”.

30 yaşlı Sevinc Osmanova:

“Cavan qonşumuz koronavirusdan öldü. Arvadı indi də deyir ki, vəziyyəti yaxşı idi. Ancaq ciyərində pnevmaniya çıxan gündən hər gecə diksinib oyanırdı ki, öləcəm. Onun ölümü həyətdə hamını şoka salmışdı. Yoldaşı isə müalicədən sonra sağaldı. Mən və anam da virusa yoluxduq, ancaq o qədər də narahat olmadıq. Düşünürəm ki, sağalmağımıza, vəziyyətimizin yaxşı olmasına əhval-ruhiyyəmizin təsiri çox oldu”.

22 yaşlı Mələk İsgəndərli:

“Ötən ay ailəvi koronavirusa yoluxduq. Qaynanamın 63 yaşı var idi və xəstəlikləri olduğu üçün ondan narahat idik. Biz özümüz sahə həkimi ilə məsləhətləşərək müalicə aldıq, onu isə xəstəxanaya yerləşdirdik. Şükür ki, virusdan tamamilə sağala bildik. Sağalmaq üçün qorxmamaq və özünü itirməmək lazımdır. Ümid edirəm ki, qısa müddət sonra bu bəladan hamı qurtulacaq”.

Qeyd edək ki, yazıda adlar şərti olaraq verilib.

# 2341
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar