“Türk qəhvəsi” hazırlayanda bu qaydalara riayət etməsəniz... - VİDEO
24 noyabr 2020 16:49 (UTC +04:00)

“Türk qəhvəsi” hazırlayanda bu qaydalara riayət etməsəniz... - VİDEO

Hansı şəkildə hazırlanmasından asılı olmayaraq şöhrəti dünyaya yayılmış qəhvə içki növündən hər gün 2,25 milyard fincan içilir. "Türk qəhvəsi” də bunlardan biridir, üstəlik hazırlanması, təqdim edilməsi, içilmə tərzi və hətta içildikdən sonrakı fala baxılması ilə maraqlıdır. Elə ona yaraşıq verən bu xüsusiyyətlərinə görə “Türk qəhvəsi” adlanır.

Lent.az Türkiyə mətbuatına istinadən qəhvənin hazırlanma qaydasını təqdim edir:

"Türk qəhvəsi" təxminən 70 millimetrlik kiçik fincanlarda içilir və bu fincanlar ölçü olaraq qəbul edilir. Qəhvə hazırlamaq üçün bunlar lazımdır:

* 1 çay qaşığı toz və ya hazır çəkilmiş qəhvə,  

* 1 qəhvə fincanı qədər su,

* zövqə görə yarım və ya 1 çay qaşığı şəkər tozu.

Əgər toz halında deyilsə, təzə qovrulmuş, keyfiyyətli qəhvə dənələrini toz halına gətirmək lazımdır. Sonra qəhvə kiçik xüsusi birəlli qəhvə bişirmə qabına – cezveyə tökülür. Əgər sizdə bu qab yoxdursa, o zaman süd isitmək üçün istifadə edilən uzunsov təkəlli qab da götürə bilərsiniz.

Bişirmə qabına tökdüyünüz qəhvənin üzərinə soyuq su və şəkər əlavə olunur.

Qəhvədə şəkər mövzusuna xüsusi toxunmaq istəyirik. Çünki “Türk qəhvəsi”nin şəkəri bişirilərkən qoyular, sonra əsla nə şəkər, nə də süd əlavə olunmamalıdır.

Qəhvələr əlavə olunan şəkərə görə 4 cürdür - sadə, az şəkərli, orta və şəkərli:

1. Sadə qəhvəyə şəkər əlavə olunmaz,

2. Az şəkərli üçün çay qaşığının 3-də biri,

3. Orta şəkərli qəhvə üçün çay qaşığının 3-də ikisi,

4. Şəkərli qəhvə üçünsə 1 çay qaşığı, hətta bir az artıq şəkər qoymaq lazımdır.

İndi qəhvəmizi bişirməyə qaldığımız yerdən davam edək. Qəhvəbişirmə qabına tökülən qəhvə şəkər və su ilə yaxşıca qarışdırılır və qazın üzərinə qoyulur. Kiçik odda səthindəki köpük yüngülcə qabarana qədər təxminən 3-4 dəqiqə bişirilir. Qəhvə köpüklənincə köpüyün bir hissəsi fincana tökülür. Bu, “qəhvə nə qədər köpüklüdürsə, o qədər yaxşıdır” deməkdir.

Qəhvəbişirmə qabı yenidən qazın üzərinə qoyulur və qəhvə qaynayınca fincana tökülür. Artıq “Türk qəhvəsi” hazırdır, yanında bir stəkan su və rahathülqumla (lokum) birlikdə içə bilərsiniz.

Lent.az qəhvə resseptinin videosunu da təqdim edir:

 

 

# 3802
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar