Dünyada bu gün - VİDEO
17 noyabr 2020 09:05 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

MİLLİ DİRÇƏLİŞ GÜNÜ

(1988)

 

17 noyabr - Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu günün tarixi 1988-ci il noyabrın 17-də başlayan “Meydan hərəkatı” ilə bağlıdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatına gətirib çıxarıb. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsası qoyulub. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

 

 

MİR ƏSƏDULLA MİRQASIMOV

(1883-1958)

 

Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, ilk azərbaycanlı tibb elmləri doktoru, əməkdar elm xadimi Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. Odessada Novorossiysk İmperator Universitetinin tibb fakültəsində təhsil alıb. Elə həmin il əmək fəaliyyətinə başlayıb və Novo­rossiysk İmperator Universitetinin terapevtik hospital klinikasında ordinator, Odessa şəhər Yevangeliya Alman xəstəxanasında isə cərrah vəz­i­fəsində çalışıb. Bakıda əvvəlcə hərbi lazaretdə cərrah-ordi­nator, Mixaylovski xəstəxanasında baş ordinator vəzifələrində işləyib, sonra Bakı Universitetinin tibb fakültəsinə dəvət alıb, hospital cərrahiyyəsi kafedrası­na assistent təyin olunub. 1926-cı ildə Berlinə - Münhen Universiteti klinika­sına uzunmüddətli elmi ezamiyyətə göndərilib. 1931-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Hospital cərrahiyyəsi kafedrasının müdiri seçilib və ömrünün sonunadək bu vəzifədə fəaliyyət göstərib. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiya­sının həqiqi üzvü və bu Akademiyanın ilk prezidenti seçilib. 90-a qədər çap olunmuş elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi, 6 doktorluq, 20 namizədlik dissertasiyası işinin elmi məs­ləhətçisi və elmi rəhbəri olub. I, II və III çağırış SSRİ Ali Sovetinə deputat seçilib, iki dəfə “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz”, “Lenin” ordenləri və müxtəlif medallarla təltif olunub. Mir Əsədulla Mirqasımov 19 iyul 1958-ci ildə Bakıda vəfat edib və Fəxri Xiya­ban­da dəfn olunub. Səhiyyə Nazirliyinin Respublika Xəstəxanasına onun adı verilib və xəstə­xananın həyətində büstü qoyulub. 2014-cü ildə ilk dəfə AMEA-nın “Aka­demik M.Mirqasımov adına mükafatı” təsis edilib.

 

 

LƏTİF KƏRİMOV

(1906-1991)

 

Azərbaycanın xalq rəssamı, xalçaşünas Lətif Hüseyn oğlu Kərimov 17 noyabr 1906-cı ildə Şuşa şəhərində anadan olub. 1912-ci ildə ailəsi ilə birlikdə İranın Məşhəd şəhərinə köçüb. Burada kalliqrafiya üzrə təhsil alıb, Mirzə Hüseyn Ələkbərzadənin xalça emalatxanasında təlimatçı köməkçisi, təlimatçı və rəssam kimi fəaliyyət göstərib. 1928-ci ildə Şuşada “Qarabağxalça” artelində təlimatçı kimi fəaliyyət göstərib, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənib. 1930-cu ildən “Azərbaycanxalça” birliyində rəssam-təlimatçı, sonralar bədii-texniki rəhbər vəzifəsində çalışıb. 1932 və 1936-cı illərdə Bakıda və Qubada xalça məktəblərinin açılmasında böyük xidməti olub. 1932-ci ildə onun eskizləri əsasında “Əfşar” xalçası toxunub. Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalça 1934-cü ildə Parisdə ümumdünya sərgisində nümayiş etdirilib. Eyni zamanda Azərbaycan Radiosunda fars redaksiyasının diktoru olub, uzun illər Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə sənətşünaslıq elmləri namizədi alimlik dərəcəsi alıb. Onun təşəbbüsü ilə Bakıda Mərkəzi boyaqçılıq emalatxanası, 1967-ci ildə Azərbaycan Xalça Muzeyinin əsası qoyulub və 26 il sonra muzeyə onun adı verilib. 1950-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülən Lətif Kərimov 8 sentyabr 1991-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

GÜLARƏ ƏLİYEVA

(1933-1991)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, musiqiçi və pianoçu, sənətşünaslıq elmləri namizədi Gülarə Əziz qızı Əliyeva 1933-cü ilin bu günü Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında çalışıb. 1966-cı ildən özünün təşkil etdiyi "Dan Ulduzu" instrumental ansamblının rəhbəri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasının müdiri olub. "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-Kürd" və "Şur" fantaziyalarının müəllifidir. Gülarə Əliyeva 1991-ci il iyulun 27-də Bakıda baş verən bədbəxt hadisə nəticəsində vəfat edib. O, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin qızı, əməkdar elm xadimləri Zərifə Əliyevanın, Tamerlan Əliyevin və Cəmil Əliyevin bacısıdır. "Dan Ulduzu" ansamblına onun adı verilib.

 

 

HİDAYƏT ƏLİYEV

(1957-1992)

 

Şəhid Hidayət Məcid oğlu Əliyev 1957-ci il noyabrın 17-də Göyçə mahalının Ardanış kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub. İnstitutu bitirib təyinatla Aşqabad şəhərində iki il işlədikdən sonra doğma kəndlərinə qayıdıb. 1991-ci ilin oktyabrında milli orduya könüllü yazılıb. Baş leytenant rütbəsində taqım komandiri kimi Xocavəndin Qaradağlı kəndində fəaliyyətə başlayıb, 28 gün kəndi müdafiə edib. Hidayət Əliyev 26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatında qəhrəmancasına həlak olub və Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

SERGEY MURTUZƏLİYEV

(1963-1993)

 

Azərbaycanın Milli Qəhrəmanı Sergey Murtuzəli oğlu Murtuzəliyev 17 noyabr 1963-cü ildə Bakının Pirallahı qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olub, daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbində təhsil alıb. Qarabağa ilk uçuş edən Azərbaycan şahinlərindən biri olub. Dəfələrlə döyüş zonasına uçuşlar edib, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərib. Sergey Murtuzəliyev 30 avqust 1993-cü ildə kursantlara təlim uçuşu zamanı təyyarənin qəzaya uğraması nəticəsində həlak olub və Dərbənd şəhərinin Darğuş kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

 

 

VÜQAR NİFTƏLİYEV

(1966-1994)

 

Şəhid Vüqar Cavanşir oğlu Niftəliyev 1966-cı ilin bu günü Laçın rayonunun İmanlar kəndində anadan olub. İmanlar kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarına yollanıb. Hərbi xidmətini başa vuraraq doğma kəndinə qayıdıb və təsərrüfatda çalışıb. Laçın rayonunun işğalından sonra ailə üzvləri ilə birlikdə əvvəlcə Cəbrayıl rayonunda, bir müddət sonra Qobustan rayonunun Şıxzərli kəndində məskunlaşıb. 1993-cü ildə könüllü olaraq cəbhəyə gedib. Ağdam və Füzuli uğrunda gedən döyüşlərdə ermənilərə qarşı vuruşub. Vüqar Niftəliyev 1994-cü ildə Ağburun istiqamətindəki döyüşlərdə həlak olub. Bir vaxtlar təhsil aldığı İmanlar kənd orta məktəbi şəhidin adını daşıyır.

 

 

MİR MÖVSÜM AĞA

(1883-1950)

 

Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olan şəxs kimi tanınan Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadənin anım günüdür. O, 1883-cü ildə Bakıda anadan olub. Fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından onda qeyri-adilik olduğu müşahidə edilib. Bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət ediblər. Uzun illər İçərişəhərdə Firdovsi küçəsindəki mənzilində yaşayıb. Mir Mövsüm Ağa 1950-ci il noyabrın 17-də vəfat edib və Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq" deyilən ərazidə dəfn olunub. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.

 

 

ƏLİÖVSƏT SADIQOV

(1906-1970)

 

Azərbaycanın xalq artisti, muğam operalarında baş rolların mahir ifaçısı Əliövsət Şirəli oğlu Sadıqovun xatirə günüdür. O, 21 dekabr 1906-cı ildə Şəki şəhərində doğulub. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. "Leyli və Məcnun", "Koroğlu", "Şahsənəm", "Nərgiz", "Arşın mal alan", "Məşədi İbad" və başqa operalarında, operettalarında yaddaqalan obrazlar yaradıb. Ömrünün son illərində teatrda məsləhətçi pedaqoq kimi çalışıb. Əliövsət Sadıqov 17 noyabr 1970-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

GÜLŞƏN QURBANOVA

(1950-2016)

 

Azərbaycanın xalq artisti, aktrisa Gülşən Ağadadaş qızı Qurbanova da bu gün xatırlanır. O, 1950-ci il dekabrın 19-da Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 16 fevral 1979-cu ildən 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. ANS telekanalında “Qaynar qazan” verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa sonralar “Lider” telekanalında “Mikser” verilişini aparıb. Gülşən Qurbanova 17 noyabr 2016-cı ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. O, aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ögey bacısıdır.

 

 

MAHİR İMAMQULİYEV

(1972-1992)

 

Şəhid Mahir Cəlil oğlu İmamquliyevin anım günüdür. O, 15 oktyabr 1972-ci ildə Ağdərənin Çaylı kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Qarabağ müharibəsi başladıqdan sonra silaha sarılıb, Tərtər batalyonunda döyüşüb. Əsgər Mahir İmamquliyev 1992-ci il noyabrın 17-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

# 1201
avatar

Oxşar yazılar