111
13:15
12 Noyabr 2020

“Mənə arxalana bilərsiniz”: İndi Azərbaycan münaqişəsiz, müharibəsiz xoşbəxt bir dövrə daxil olur

“Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”.

Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birgə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə növbəti görüşündə dedi.

Əvvəlcə onu qeyd edək ki, görüş olduqca səmimi atmosferdə keçdi. Ən azı bir məqamı xüsusi qeyd etmək istərdik: Prezidentin Vətən müharibəsində əldə edilən parlaq qələbədə hərbiçilərin zəhmətini və fədakarlığını xüsusi qeyd etməsi, onların müalicəsi və xəstəxanadan sonrakı həyatı üçün bütün lazımi tədbirlərin görüləcəyini elan etməsi, hətta onlardan tibbi maskaları çıxarmağı xahiş edərək hamının bu qəhrəmanları üzdən tanımasını istəməsi Ali Baş Komandan kimi İlham Əliyevin hərbiçilərə olan dərin hörmətini və həssas münasibətini ifadə edən mühüm göstəricilərdir.

Dövlətimizin başçısı şəhidlərə bu dəfə də xüsusi ehtiramını bildirdi, onların xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Bu yerdə bir məqamı da xüsusi qeyd edək ki, elə Şuşanın azad edilməsi xəbərini də Ali Baş Komandan məhz Şəhidlər xiyabanında çatdırmışı da təsadüfi deyildi. Ali Baş Komandan ilk dəfə idi ki, hərbi formada Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edirdi. Yaralı hərbçilərlə görüşdə Prezident Şuşa şəhərinin azad edilməsi ilə bağlı məqamlara xüsusi toxundu.

Sitat: “O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən, sadəcə olaraq, bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar”.

Prezidentin beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların, maddi və mənəvi ziyanın hesablanacağını, həm fərdi, həm də mütəşəkkil qaydada düşmənin beynəlxalq məhkəmələrə veriləcəyini, təzminat ödənilməsinin tələb ediləcəyini bildirməsi Ermənistanın bütün əməllərinə görə cavab verəcəyinin mesajıdır, Azərbaycan heç nəyi unutmayıb və unutmur deməkdir: “İşğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.

Paşinyan da onunla eyni mahiyyətli Hitlerin əlaltıları kimi kapitulyasiya aktını hamının gözünün qarşısında imzalamalı idi. Rusiya Prezidenti Vladimir Putinin şəxsi xahişindən sonra Prezident İlham Əliyev bu məsələdə çox da təkid etməyib. Prezident bu məqamla bağlı fikr bildirib: “Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan?”

Prezident həmin görüşdə bir anons da etdi. O bildirdi ki, indi Azərbaycanın həyatında yeni və xoşbəxt dövr başlayır. Münaqişəsiz, müharibəsiz, xoşbəxt bir dövr. Müzəffər Ali Baş Komandanın, Qəhrəman Azərbaycan Əsgərini əsasını qoyduğu bir dövr…

Dİgər xəbərlər