65
09:11
09 Noyabr 2020

Dünyanın bu günü - VİDEO

DÖVLƏT BAYRAĞI GÜNÜ

9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günüdür. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını qəbul edib. Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

28 aprel 1920-ci ildə endirilən üçrəngli bayraq 70 il bir ay sonra – 28 may 1990-cı ildə endirildiyi yerdə, Xalq Cümhuriyyəti parlamentinin fəaliyyət göstərdiyi AMEA Əlyazmalar İnstitutunun binasına xatirə lövhəsinin vurulması mərasimində milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy tərəfindən yenidən qaldırılıb.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayraq muxtar respublikanın dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq, "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanunu qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkiz guşəli ulduz təsvir edilib. Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

İVAN TURGENEV

(1818-1883)

Böyük rus yazıçısı İvan Turgenev 9 noyabr 1818-ci ildə Rusiyanın Oryol şəhərində anadan olub. 1833-cü ildə 15 yaşında ikən Moskva Universitetinin Filologiya fakültəsinə daxil olub. Bir il sonra Peterburqa köçdüyü üçün təhsilini Peterburq Universitetində davam etdirməli olub. “Rudin”, “Ərəfə”, “Tüstü”, “Atalar və oğullar” kimi məşhur roman və povestlərin, “Ovçunun xatirələri” kitabının, eləcə də məşhur “Mumu” hekayəsinin müəllifidir. Ömrünün xeyli hissəsini mühacirətdə keçirən İvan Turgenev 3 sentyabr 1883-cü ildə Paris yaxınlığındakı Bujival şəhərciyində vəfat edib və öz vəsiyyətinə əsasən Peterburqda dəfn olunub.

DAVUD KAZIMOV

(1926-2015)

Azərbaycanın xalq rəssamı, boyakar Davud Mehdi oğlu Kazımov 1926-cı il noyabrın 9-da Bakıda anadan olub. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1947-ci ildən respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi çalışıb və rəngkarlıq fakültəsində pedaqoq kimi fəaliyyət göstərib. "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr, "Xəzərin təkində", "Sağıcılar", "Yollar", "Neft daşları" əsərlərinin müəllifidir. 1979-cu idə Bolqarıstanda, 1980-ci ilin sonunda İspaniyada səfərdə olub, bu səfərlərin nəticəsi olaraq yaradıcılığında xüsusi yer tutan "Bolqarıstan silsiləsi" və "İspaniya silsiləsi"nə daxil olan əsərlərini yaradıb. Davud Kazımov 14 fevral 2015-ci ildə Bakıda dünyasını dəyişib.

SİYAVUŞ KƏRİMİ

(1954)

Azərbaycanın xalq artisti, bəstəkar, professor Siyavuş Əşrəf oğlu Kərimi 1954-cü ilin bu günü Bakı şəhərində anadan olub. 1961-1969-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969-1972-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972-77-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, “Azkonsert”in, “Aşıqlar” qrupunun, “Cəngi” estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin musiqi rəhbəri, “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Siyavuş Kərimi 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektoru, “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının professorudur. 2014-cü ildə ”Şöhrət” ordeni ilə təltif olunub.

İLQAR MURADOV

(1957)

Azərbaycanın xalq artisti, müğənni İlqar Əliməmməd oğlu Muradov 9 noyabr 1957-ci ildə Naxçıvanda anadan olub. Naxçıvan Pedaqoji İnstitutunda təhsil alıb. 1982-ci ildən 1995-ci ilədək pianoçu-bəstəkar Rafiq Babayevin rəhbərlik etdiyi studiyada işləyib. Norveçdə “Skruk” xoru ilə Azərbaycan xalq mahnılarından ibarət kompakt-disk yazdırıb. Muğamat, təsnif, el mahnılarının, eləcə də dünya xalqlarının və müasir bəstəkarların əsərlərinin gözəl ifaçısıdır.

İRADƏ TUNCAY

(1959)

Azərbaycanın əməkdar jurnalisti, yazıçı-publisist İradə Tuncay 1959-cu il noyabrın 9-da Bakıda xalq şairi Məmməd Arazın ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb, bir neçə filmin ssenari müəllifi və rejissoru olub. 2006-cı ildən “Ədalət” qəzetinin baş redaktorudur. Mətbuatın inkişafında xidmətlərinə görə “Media açarı” və “Cəfər Cabbarlı” mükafatlarına layiq görülüb. İradə Tuncay yazıçı-jurnalist Aqil Abbasın həyat yoldaşıdır.

ŞARL DE QOLL

(1890-1970)

Fransanın dövlət, hərbi və siyasi xadimi Şarl de Qollun anım günüdür. O, 22 noyabr 1890-cı ildə Fransanın Lill şəhərində dünyaya gəlib. 1908-ci ildə Sen-Sire şəhərində yerləşən hərbi məktəbə daxil olub və oranı 1912-ci ildə leytenant rütbəsində başa vurub. İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı Fransa Müqavimət hərəkatına rəhbərlik edib və Fransanın alman faşizmi əsarətindən xilas edilməsində böyük xidmətləri olub. 1959-1969-cu illərdə Fransa Prezidenti olan Şarl de Qoll 9 noyabr 1970-ci ildə Kolombe şəhərində vəfat edib və burada da dəfn olunub.

RZA ƏFQANLI

(1899-1973)

Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı Rza Əfqanlının xatirə günüdür. Rza Rüstəm oğlu Cəfərzadə 15 may 1899-cu ildə Bakıda doğulub. Bakı Teatr Məktəbində təhsil alıb. Səhnə fəaliyyətinə 1920-ci ildə fəhlə teatrında başlayıb. Aşqabaddakı Azərbaycan Musiqili Teatrında rejissor kimi çalışıb, sonra Bakıya qayıdaraq Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib. Bir çox tamaşalarda və “Azərbaycanfilm” kinostudiyasında çəkilən bir sıra filmlərdə yaddaqalan obrazlar yaradıb. Rza Əfqanlı 1973-cü noyabrın 9-da Bakıda dünyasını dəyişib. O, Azərbaycanın xalq rəssamı Bədurə Əfqanlının həyat yoldaşı, xalq artisti Ofeliya Aslanın atasıdır.

BAYRAM BAYRAMOV

(1918-1994)

Azərbaycanın xalq yazıçısı Bayram Salman oğlu Bayramov da bu gün xatırlanır. O, 1918-ci il dekabrın 11-də Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Yeddi illik kənd məktəbində, Ağdam Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Orta məktəbdə müəllim, tədris hissə müdiri və müdir vəzifələrində çalışıb. İkinci Dünya müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak edib, ağır yaralanıb. Bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlayıb. Kitabxanaçılıq texnikumunda müəllim, Azərbaycan radiosunun Ədəbi dram verilişləri redaksiyasında məsul redaktor, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib. 1988-ci ildə Qarabağ hadisələri başlayanda Qarabağa Xalq Yardımı Komitəsinin sədri olub. Bir neçə romanın, eləcə də “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir. "Şərəf nişanı", "Xalqlar dostluğu", "Böyük Vətən müharibəsi", "Qırmızı Əmək Bayrağı" ordenləri və medallarla təltif edilib. Bayram Bayramov 1994-cü il noyabrın 9-da Bakıda vəfat edib.

MİRƏLƏSGƏR MİRQASIMOV

(1924-2003)

Azərbaycanın xalq rəssamı, heykəltəraş, əməkdar incəsənət xadimi, professor Mirələsgər Mirəsədulla oğlu Mirqasımovun anım günüdür. O, 1924-cü il fevralın 9-da Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Heykəltəraşlığın müxtəlif janrlarında, xüsusilə monumental heykəltəraşlıq janrında bir sıra yüksək bədii dəyərli əsərlər yaradıb. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ucaldılmış tunc abidəsinin, Mirzə Ələkbər Sabirin büstünün və başqa əsərlərin müəllifidir. Mirələsgər Mirqasımov 2003-cü il noyabrın 9-da Bakıda vəfat edib. O, Azərbaycan EA-nın ilk prezidenti Mirəsədulla Mirqasımovun oğlu, xalq artisti Oqtay Mirqasımovun qardaşıdır.

Dİgər xəbərlər