“Ermənistan artıq tam təcrid vəziyyətinə düşüb”.
Bu sözləri Lent.az-a açıqlamasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədov deyib. Onun sözlərinə görə, region dövlətlərinin demək olar ki, hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:
“Bununla bağlı onlar artıq açıq şəkildə Azərbaycana dəstək verməyə başlayıblar. Xatırladım ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubla münaqişəni beynəlmiləlləşdirməyə çalışsa da, bu baş tutmadı və Rusiya bunu rədd etdi.
Eyni zamanda İranın ali rəhbəri ayətulla Seyid Əli Xamenei bir neçə gün əvvəl bəyanat yayaraq bildirdi ki, beynəlxalq sərhədlərə riayət olunması zəruridir və Ermənistan işğal etdiyi bütün əraziləri Azərbaycana qaytarmalıdır".
G.Məmmədov əlavə edib ki, Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib:
"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında həm iqtisadi, həm də hərbi baxımdan güclənib. Bunun sayəsində isə artıq Azərbaycanın haqlı savaşı və mövqeyinə dəstək verən ölkələrin sayı çoxalmaqdadır. Ölkələr Azərbaycanın haqqını qoruması üçün kifayət qədər gücə malik olduğunu başa düşüb. Buna nümunə olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar oktyabrın 19-da keçirilən qapalı iclasından sonra hazırladıqları bəyanatın qəbul etməməsini demək olar. Xatırladım ki, sözügedən bəyanatda Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamış və Qoşulmama Hərəkatına üzv olan ölkələrin (İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent, Qrenadin) qətnamələrə istinadın daxil olunması təklifini qəbul etməyən həmsədr ölkələr bəyanatı geri çəkməyə məcbur olmuşdular”.
Professor son olaraq deyib ki, Ermənistanın artıq öz məğlubiyyətinini qəbul etməkdən başqa çarəsi qalmayıb.