Dünyada bu gün - VİDEO
05 noyabr 2020 09:06 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

RÜSTƏM XAN XOYSKİ

(1888-1939)

 

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri Rüstəm xan Xoyski 5 noyabr 1888-ci ildə Gəncə şəhərində çar ordusunun general-leytenantı İsgəndər xan Xoyskinin ailəsində anadan olub. Öncə gimnaziyada, sonra universitetdə təhsil alıb. 1918-ci ilədək hüquq-mühafizə orqanlarında fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qardaşı Fətəli xan Xoyskinin təşkil etdiyi birinci və ikinci hökumət kabinələrində işlər idarəsinin müdiri, sosial təminat naziri, Nəsib bəy Yusifbəylinin təşkil etdiyi birinci kabinədə sosial təminat, ikinci kabinədə isə sosial təminat və səhiyyə nazirinin müavini vəzifələrində çalışıb. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Ali İqtisadi Şuranın rəyasət heyətinin katibi, kooperativ hüququ məsələləri üzrə hüquqşünas işləyib. Sonralar Moskvaya köçən Rüstəm xan Xoyski 1939-cu ildə vəfat edib və Novodeviçye qəbiristanlığında dəfn olunub.

 

 

FARUK SÜMƏR

(1924-1995)

 

Görkəmli türkoloq, professor Faruk Sümər 1924-cü il noyabrın 5-də Türkiyənin Akçapınar kəndində anadan olub. İstanbul Haydarpaşa Öy­rətmən Okulundan məzun olduqdan son­ra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündə təhsil alıb. Türkiyə və xarici ölkələrin müxtəlif universitetlərində çalışıb. Bir çox əsərlərin və kitabların müəllifidir. Oğuzların, Səlcuqların və Qaraqoyunluların tarixinə dair sanballı araşdırmalara imza atıb. Faruk Sümər 1995-ci ildə İstanbulda vəfat edib.

 

 

ELMƏDDİN ƏLİBƏYZADƏ

(1925-2015)

 

Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Elməddin Məhəmməd oğlu Əlibəyzadə 1925-ci ilin bu günü Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. İslama qədərki Azərbaycan mədəniyyəti, Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətləri, dünya dinlərinin mənşəyi və təsir dairələri, xüsusilə ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və digər məsələlərin tədqiqi ilə məşğul olub. Ömrünün sonuna kimi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışan Elməddin Əlibəyzadə 26 mart 2015-ci ildə Bakıda vəfat edib.

 

 

ORUC İBADLI

(1938-2015)

 

AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Oruc Vəli oğlu İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətkarlı kən­din­də anadan olub. Gəncə Pedaqoji Uni­ver­sitetinin Biologiya fakültə­sində təhsil alıb. AMEA Botanika İns­titutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, AMEA Nəbatat Bağının direk­tor vəzifə­lərində çalışıb. 198 elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 15 kitabçanın və 4 dildə 2 hissəli “Nəbatat terminləri və bitki adları” lüğətinin müəllif­lə­rindən biridir. “Tərəqqi” medalı və 2 dəfə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunan Oruc İbadlı 2015-ci il fevralın 23-də Bakıda vəfat edib.

 

 

BABA PÜNHAN

(1948-2004)

 

Azərbaycanın satirik şairi Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabrın 5-də Bakının Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. Paytaxtın Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbində, Bakı Rabitə Texnikumunda təhsil alıb. Bakı Metropolitenində mexanik işləyib. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, daha sonra 25 il metropolitendə işini davam etdirib. 1990-cı illərdə lirikaya satirik ruh gətirməklə məşhurlaşıb. "Acı həqiqət", "Mən nə dedim ki...", "Kim nə götürdü", "Yalan çeynəyə-çeynəyə" və bir çox kitabların müəllifidir. Haqsızlıqlara qarşı dövri mətbuatda çap olunan mübariz qəzəlləri ilə üsyan edib. 2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. Baba Pünhan 17 aprel 2004-cü ildə dünyasını dəyişib.

 

 

MƏLƏKXANIM ƏYYUBOVA

(1962)

 

Azərbaycanın xalq artisti, xanəndə, muğam ifaçısı Mələkxanım Əyyubova 1962-ci ilin bu günü Şamaxıda anadan olub. Bakıdakı 155 saylı ota məktəbdə, qarmon ixtisası üzrə 5 illik musiqi məktəbində və Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil alıb. Əfsər Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun, "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, Cabbar Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb. Dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. Cəfər Cabbarlı mükafatına, Prezident Mükafatına və Heydər Əliyev Fondunun mükafatına layiq görülüb. Mələkxanım Əyyubova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır.

 

 

SƏMƏD ABDULLAYEV

(1920-1943)

 

Sovet İttifaqı Qəhrəmanı Səməd Həmid oğlu Abdullayevin anım günüdür. O, 1920-ci ildə Ağdaş rayonunun Qolqətı kəndində anadan olub. Pedaqoji texnikumda təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb, tibbi xidmət üzrə təlim keçərək Şimali Qafqazda hərbi əməliyyatlar aparan 18-ci ordunun tərkibindəki 318-ci dağ-atıcı diviziyasında xidmətə başlayıb. 1 noyabr 1943-cü ildə Kerç yarımadasına desant çıxarılmasında iştirak edib. Tibb xidmət starşinası Səməd Abdullayev 5 noyabr 1943-cü ildə həlak olub və Kerç şəhəri ətrafında dəfn edilib. 17 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Ağdaşın Qolqətı kənd məktəbinə onun adı verilib.

 

 

BÜLƏNT ECEVİT

(1925-2006)

 

Türkiyənin ən məşhur siyasətçilərindən biri, şair və jurnalist Mustafa Bülənt Ecevit də bu gün xatırlanır. O, 1925-ci il mayın 28-də İstanbulda anadan olub. Kürd əsilli və Kastamonu doğumlu atası Əhməd Fəxri Ecevit Ankara Universitetinin Hüquq fakültəsində professor, boşnak əsilli anası Nazlı Ecevit isə rəssam olub. 1944-cü ildə Robert kollecini bitirib və tərcüməçilik fəaliyyətinə başlayıb. 1961-1965-ci illərdə İsmət İnönü hökumətində əmək və əhalinin sosial müdafiəsi naziri, 1974-2002-ci illərdə isə beş dəfə Türkiyənin baş naziri olub. 1972-1980-ci illərdə Cümhuriyyət Xalq Partiyasının, 1987-2004-cü illərdə Demokratik Sol Partiyasının sədri seçilib. Müxtəlif dövrlərdə Ankara, Zonquldak və İstanbuldan millət vəkili olub. 20 iyul 1974-cü ildə “Kıbrıs hərəkatı” kimi tanınan hərbi əməliyyata başlamaq əmrini verməklə Şimali Kiprdəki türkləri soyqırımı təhlükəsindən xilas edib və tarixə “Kıbrıs fatehi” kimi düşüb. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməyən Bülənt Ecevit 2006-cı il noyabrın 5-də vəfat edib.

 

 

ELDƏNİZ ZEYNALOV

(1937-2002)

 

Azərbaycanın xalq artisti, aktyor Eldəniz Məmməd oğlu Zeynalovun xatirə günüdür. O, 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrında uşaq rollarında çıxış edib. Teatr İnstitutunda aktyorluq təhsili alarkən Eldar Quliyevin "Bir cənub şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Milli Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yaddaqalan obrazlar yaradıb. Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (“Mosfilm”), "Təyyarələr Enmədi" (“Özbəkfilm”) filmlərində çəkilib. Eldəniz Zeynalov 2002-ci il noyabrın 5-də dünyasını dəyişib. O, aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır.

 

 

RAFİQ ALICANOV

(1965-1993)

 

Azərbaycanın Milli Qəhrəmanı Rafiq Cəfər oğlu Alıcanovun anım günüdür. O, 1965-ci il iyulun 11-də Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açıb. Sonradan ailəsi ilə birgə köçdüyü Ağstafa rayonunun Köçvəlli kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olub. 1988-ci ildə təhsilini başa vurub və təyinatla Ukraynanın Dneprodzerjinsk şəhərinə göndərilib. Azərbaycan Milli Ordusu yaradılarkən Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-də baş verən döyüşlərdə iştirak edib, kapitan rütbəsinə yüksəlib. Rafiq Alıcanov 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Köçvəlli kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır, məktəbdə və Ağstafa şəhərində büstü qoyulub.

# 841
avatar

Oxşar yazılar