“Ermənistandan təzminat üçün xüsusi xidmət yaradılmalıdır” – Müharibədə ikinci cəbhə
03 noyabr 2020 12:56 (UTC +04:00)

“Ermənistandan təzminat üçün xüsusi xidmət yaradılmalıdır” – Müharibədə ikinci cəbhə

Şanlı ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yüksək rəşadət və hünər göstərir. Qoşunlarımız Azərbaycan və dünya hərbi üçün qızıl hərflərlə tarix yazır. Uğurlu əməliyyatlar nəticəsində 4 şəhər, 3 qəsəbə və 180-dən çox kənd erməni işğalçılarından xilas edilib. Lakin cənab Ali Baş Komandanın da xalqa müraciətində dediyi kimi, azad olunan yerlərin əvvəlki halından əsər-əlamət belə yoxdur. Vandal düşmən işğal etdiyi torpaqlarımızın altını da, üstünü də məhv ediblər. Burada yaşayan vətəndaşların mülkiyyətlərinin dağıdılmasından başqa, həm də saysız-hesabsız maddi-mənəvi, mədəni abidələr, binalar yerlə yeksan edilib.

Torpaqlarımız tamamilə azad edildikdən sonra vətəndaşlara və dövlətə dəyən ziyanla bağlı Ermənistandan təzminat tələb edilə bilərmi? Sözügedən proses hansı qaydada yerinə yetirilməlidir?

Tanınmış vəkil Adəm Məmmədov mövzu ilə bağlı Lent.az-a bildirib ki, dəyən maddi, mənəvi ziyanla bağlı, həmçinin mülkiyyət hüququmuzun pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilərik:

“Bundan əvvəl Laçın rayonundan olan Çıraqovlar onlara dəymiş zərər və mülkiyyət hüququ barədə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etmişdilər. Lakin Ermənistan tərəfi öz xislətinə uyğun olaraq, əvvəlcə Xankəndi şəhər məhkəməsinə müraciət edilməsini tələb etmişdi. Azərbaycan isə sübut etmişdi ki, biz həmin torpaqlara daxil ola bilmədiyimiz üçün bu mümkün deyil. Əlbəttə, biz dəyən maddi, mənəvi ziyanla bağlı, həmçinin mülkiyyət hüququmuzun pozulması ilə bağlı AİHM-ə müraciət edə bilərik. Hesab edirəm ki, Vəkillər Kollegiyasında vətəndaşlarımızın bu baxımdan müraciətlərinə baxan xüsusi xidmət yaradılmalıdır. Ümumiyyətlə isə vətəndaşlar öz rayonlarında məhkəmə varsa ilk onlara müraciət etməlidir. Böyük ehtimal ki, AİHM özü bu işi nəzarətə götürəcək. Ancaq birbaşa AİHM-ə müraciət olunması da istisna olunmur”.

Politoloq Xəyal Bəşirli isə saytımıza danışarkən qeyd edib ki, hər bir vətəndaş bu istiqamətdə aktiv olmalıdır:

“Ermənistanın işğal etdiyi ərazilərdə hər yer, torpağın altı da, üstü də dağıdılıb. Azərbaycan Konstitusiyasında mülkiyyətin 3 növü var – dövlət, əqli və xüsusi mülkiyyət. Burada dövlət və xüsusi mülkiyyətdən söhbət gedir. Düşünürəm ki, dövlət özü də vətəndaşlara dəymiş ziyanın qarşılanması üçün tədbir görəcək. Bu məsələdə düşmənin dövlət və vətəndaşlarımıza vurduğu ziyanın ödənilməsi ilə bağlı həm ölkə qanunvericiliyi, həm də Azərbaycanın da qəbul etdiyi beynəlxalq qanunvericiliyə əsasən, hüquqi prosedurlar da mümkündür. Təbii ki, ötən 30 il ərzində Ermənistanın Azərbaycana vurduğu 100 milyardlarla bağlı dövlət öz işini görəcək. Ancaq hər işi dövlətin üzərinə atmaq da olmaz, çünki dövlətin gələcəkdə görəcəyi çox işlər var. Hər bir vətəndaş bu istiqamətdə aktiv olmalıdır. Adi halda Azərbaycanın daxilində hər hansı hadisə ilə əlaqədar öncə yerli məhkəməyə müraciət olunur. Ancaq burada qarşı tərəf Ermənistan və onun cinayətkar rəhbərliyi olduğu üçün birbaşa AİHM-ə müraciət etmək mümkündür”.

Xəyal Bəşirlinin sözlərinə görə, hazırda Qarabağda döyüşlər davam etdiyi üçün həmin ərazi üçün təzminat tələbi mümkün olmasa da, Gəncə, Bərdə, Tərtər və s. kimi şəhərlər üçün bu tələb yerinə yetirilməlidir:

“Qarabağda bir sıra ərazilərimiz işğaldan azad olunsa da, döyüşlər davam etdiyi üçün hansısa təzminat prosesini başlamaq mümkün deyil. Lakin Gəncə, Bərdə, Tərtər və s. digər yaşayış məntəqələrinə ermənilərin atəşi zamanı dəymiş ziyanla bağlı kompensasiya tələb edilməlidir. Bu məsələdə də Ermənistan istəyir ki, Azərbaycanı qabaqlayıb beynəlxalq məhkəmələrə, xüsusən də, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etsinlər. Fikrimcə, insanlar əvvəlcə onlara dəyən zərəri müəyyən edərək, ekspertlərin köməyindən istifadə etməlidirlər. Bundan əlavə, həyatını itirən şəxslərlə bağlı məhkəməyə müraciət etmək mümkündür. Xüsusən, AİHM-də maddi zərər və mülkiyyət hüququnun pozulması ilə bağlı geniş təcrübə mövcuddur. Məndə olan məlumatlara görə, artıq bu işlərlə bağlı iş görən insanlar da var. Ancaq bu, kütləvi hal almalıdır”.

Qeyd edək ki, Laçın rayon vətəndaşları olan Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılov 2005-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə Avropa İnsan Haqları Konvensiyasının özəl və ailə həyatına hörmət hüququ, mülkiyyətin qorunması və effektiv hüquqi müdafiə hüququ barədə maddələrini nəzərə almaqla şikayət göndərib.

Şikayətin ümumi mətnində deyilir ki, yuxarıda qeyd etdiyimiz azərbaycanlı məcburi köçkünlər 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Laçın rayonundakı evlərini tərk etmək məcburiyyətində qalıb və Ermənistan dövləti onların itkilərini kompensasiya etmək üçün hər hansı addım atmayıb.

Ümumilikdə Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri , Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib. Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilib və talanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100

Oxşar yazılar