Karantin tələblərini pozan 57 obyekt CƏRİMƏLƏNDİ
02 noyabr 2020 15:18 (UTC +04:00)

Karantin tələblərini pozan 57 obyekt CƏRİMƏLƏNDİ

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində reydləri davam etdirir.

AQTA-dan Lent.az-a verilən məlumata görə, qurum əməkdaşları oktyabrın 30-31-də və noyabrın 1-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 939 ictimai iaşə obyektində 1569 monitorinq keçirib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 57 ictimai iaşə müəssisəsində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

Unutmaq olmaz ki, koronavirusla effektiv mübarizə tədbirləri nəticəsində əldə olunmuş müsbət tendensiyanın davam etdirilməsi üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.

# 712
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar