Məlum olduğu kimi, Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir.
Belə ki, dünən Azərbaycan Respublikasında koronavirusa (COVID-19) 1175 yeni yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər isə vəfat edib.
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən həkim-infeksionist Nazxanım Qasımova bildirib ki, payız-qış mövsümünün gəlişi və havaların soyuması ilə əlaqədar koronavirusa yoluxanlar arasında artımın olması gözlənilən olub:
“Ancaq rəqəmlərin 1 000-i keçməsinə səbəb birbaşa insanların məsuliyyətsizliyi ilə bağlı oldu. Belə ki, insanların sosial məsafəni gözləməməsi, maska taxmaması və ya maskadan düzgün istifadə etməməsi, əl gigiyenasına, eləcə də gigiyenaya diqqət etməməsi virusa yoluxma hallarını artırdı.
Koronavirusa yoluxmanın digər bir səbəbi də insanların hava dəyişimi dövründə immunitetlərinin zəifləməsidir. Soyuqlamış və zəifləmiş orqanizmlərdə koronavirusdan başqa digər kəskin respirator viruslara da yoluxma halları tez baş verir və çoxalır”.
N.Qasımova qeyd edib ki, koronavirusa qarşı vaksinasiya aparılanadək yoluxmaların sayında artım və azalmanın olması normaldır:
“Ancaq kütləvi vaksinasiya aparıldıqdan sonra yoluxma sayı tamamilə azala bilər. Bununla bağlı konkret vaxt demək isə çətindir”.
Həkim-infeksionist son olaraq virusdan qorunmaq üçün məsləhətlər də verib:
“Koronavirusdan qorunmağın 50 %-i gigiyenaya diqqət etmək, digər 50 %-i isə sosial məsafənin gözlənilməsidir. Bununla yanaşı immuniteti gücləndirmək də vacibdir. Unutmamalıyıq ki, tək özümüzü qorumaqla, həm ailəmizi, həm də ətrafı qoruya bilərik”.