28
12:53
28 Oktyabr 2020

"Ermənistan Avropanın enerji təhlükəsizliyini risk altına atır" - Pərviz Şahbazov

Beynəlxalq Enerji Xartiyası və Azərbaycan Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın sədrliyi ilə “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başlayıb.

"APA-Economics"ə verilən məlumata görə, onlayn formatda təşkil olunan tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkənin hazırda olan əsas məqsədlərindən biri 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq və istilik effekti yaradan qazların emissiya səviyyəsinin 1990-cı illə müqayisədə 35 faiz azaltmaqdır. Ölkədə neft-qaz hasilatından danışan nazir onu da qeyd edib ki, indiyədək 560 mln. barel Azərbaycan nefti və 7 mlrd. kubmetr qaz ixraca yönəldilib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir onu da qeyd edib ki, Ermənistan neft və qaz borularını vurmaqla, təkcə Azərbaycanı hədələmir, həm də Avropanın enerji təhlükəsizliyini də risk altına atır. İşğalçıların planlarına bununla birlikdə boruları nəzarətə keçirilməsi də daxil idi.

Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək.

Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edir.

Dİgər xəbərlər