Üçüncü humanitar atəşkəs: Məsuliyyət Ermənistanın üzərinə düşür
26 oktyabr 2020 13:03 (UTC +04:00)

Üçüncü humanitar atəşkəs: Məsuliyyət Ermənistanın üzərinə düşür

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü ermənipərəst qüvvələri və bəzi böyük gücləri narahat edir. Belə ki, artıq bəzi xarici dairələr tərəfindən Azərbaycana çoxsaylı təzyiqlər edilir.

Məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər. Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Amma hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozulmuşdu.

Bəyanatların özünə gəldikdə isə ilk olaraq vurğulanmalıdır ki, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur. Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu mənada həm-sədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac vardır. Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən N.Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Artıq N.Paşinyan kompromislərdən danışır. Əgər bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək.

Regionda Azərbaycanın hərbi qələbələri nəticəsində yeni reallıqlar meydana gəlib və əvvəlki status-kvo ləğv olunub. Bunu qəbul etməyən ermənipərəst həmsədrlər Azərbaycanın bu uğurlarını görməzdən gəlməyə, qazanılan hərbi qələbələri sıfırlamağa çalışırlar. 26 ildən bəri Ermənistanın işğalı nəticəsində formalaşmış status-kvo Minsk üçlüyü tərəfindən danışqlar pərdəsi altında rəsmiləşdirilməyə çalışıldığı halda, Azərbaycanın hüquqa əsaslanan sülhə məcburetmə əməliyyatlarının nəticəsi heçə sayılmağa çalışılır. Hətta Minsk üçlüyü həmsədri ölkələri özlərinin bu qeyri-qanuni tədbirlərini BMT-yə daşımaqla, dünyanın ən nüfuzlu, ali təşkilatını bu işdə alət kimi istifadə etməyə çalışdılar. Bununla onlar münaqişənin həllinin "məhək daşı" hesab olunan 4 qətnaməni digər bir qətnamə ilə qüvvədən salmağa cəhd göstərdilər.

Politoloq Nəzakət Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı hazırlanmış həmsədrlərin bəyanatı layihəsində dörd qətnaməyə istinad olunmsması bunun bariz nümunəsi idi. Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsindəki müşavirədəki çıxışında Prezident İlham Əliyev bununla bağlı dedi:

“Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir.

Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir”. ABŞ Dövlət Departamentinin rəsmi yaydığı kommünikedə isə 26 oktyabr səhər saat 08.00-dan etibarən Minsk qrupunun həmsədrlərinin intensiv apardıqları iş nəticəsində humanitar atəşkəs razılaşmasının əldə edildiyi qeyd olunur. Bu, bildiyimiz kimi artıq üçüncü atəşkəs cəhdidir. Politoloqun fikrincə, əvvəlki cəhdlərin uğursuz olduğunu nəzərə alaraq, bu humanitar atəşkəs razılaşmasına da riayət olunmayacağını ehtimal etmək olar. “Ermənistan əvvəlki kimi yenə də atəşkəsi pozmağa davam edə, Azərbaycan isə ona qarşılıq vermək məcburiyyətində qala bilər. Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsindəki çıxışında da qeyd edib ki, iki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdı. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdu.

Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Prezident bildirib ki, bizim atəşkəs üçün qeyd-şərtimiz var. "Atəşkəs qeyd-şərtsiz ola bilməz. Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq".

Lakin Prezident Ermənistan baş nazirindən indiyədək belə bir bəyanat eşitmədiyini, əksinə, xalqların öz müqəddəratı haqqında danışaraq faktiki olaraq danışıqlar prosesini məhv etdiyini qeyd edib. Prezidentin "bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər" fikri ordunun bundan sonra bliskriq yolu ilə əməliyyatlar aparmasına üstünlük verəcəyini, əməliyyatların daha sürətli aparılması taktikasının məqsədyönlülüyü zərurətini vurğuladı. Digər tərəfdən Prezident Ermənistana təyyarələrlə silah daşınmasını qeyd etdi və yüklərin mənşəyinə dair yetərli məlumatın olduğunu bildirdi. “Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var".

Prezident onu da bildirdi ki,hazırda Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik. Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir" deyərkən, ola bilsin ki, Prezident bu məqamları nəzərdə tutub. Və nəhayət, Prezidentin çıxışındakı əminlik, xalqla vəziyyəti açıq şəkildə bölüşmək onu deməyə əsas verir ki, heç bir beynəlxalq güc, təzyiqlər Azərbaycanı yolundan döndərə bilməz. Azərbaycan Prezidenti özü gücünü xalqdan alır, xalq isə yekdilliklə Prezidentin tərəfindədir”.

Ermənistan baş naziri humanitar atəşkəs rejiminə riayət etmək barədə 8.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi barədə açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar. Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Həmçinin, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı mövqelərimiz atəşə məruz qalıb". APA-nın xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, 10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin mülki əhalisini atəşə tutmuşdu. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi kobud şəkildə pozub: "Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanın humanitar atəşkəsi sözdə dəstəkləyir, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir. Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir. Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"

# 1273
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar