Karantinin tələblərini pozan mehmanxanalar AŞKARLANIB
19 oktyabr 2020 17:47 (UTC +04:00)

Karantinin tələblərini pozan mehmanxanalar AŞKARLANIB

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda mehmanxanaların fəaliyyətinin təşkili qaydaları”na əməl olunması ilə bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birlikdə mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Qurumdan Lent.az-a verilən məlumata görə,  oktyabrın 16-18-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 117 mehmanxanada reydlər keçirilib.

Reydlərin keçirildiyi 12 mehmanxanada Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydaların tələblərinə əməl olunmaması və kobud pozuntu faktları aşkarlanıb. Fəaliyyətində nöqsanlar aşkarlanan mehmanxanalar barədə qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

Keçirilən reydlər zamanı sahibkarlıq subyektlərinə, orada çalışan işçi heyətə qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib və mehmanxanaların ictimai iaşə zonalarına xəbərdaredici, maarifləndirici lövhələr yerləşdirilib.

Qida Təhlükəsizliyi Agentliyi sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara müraciət edərək bir daha bildirir ki, istehlakçıların və işçi heyətin   sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

Hazırda mehmanxanalarda yoxlama-nəzarət, təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və  koronavirusla effektiv mübarizənin davam etdirilməsi üçün hər bir sahibkarlıq subyektinin qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

# 586
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar