18:26
17 Oktyabr 2020

Klinik psixoloqların bilikləri təkmilləşdiriləcək - QƏRAR

Nazirlər Kabineti “Klinik (tibbi) psixoloqlara verilən ixtisas attestatının forması və onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarın izahını verib.

APA-nın məlumatına görə, qeyd olunub ki, əhaliyə səhiyyə müəssisələrində peşəkar tələblərə uyğun, təhlükəsiz, əlçatan psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər, klinik psixoloqun peşəkar bilik və bacarıqlarının müasir tələblərə uyğunluğunun mütəmadi olaraq qiymətləndirilməsi zəruridir.

Bu məqsədlə qəbul olunmuş Qərarda klinik psixoloqun səhiyyə müəssisələrində psixoloji yardım üzrə fəaliyyət göstərməsi üçün şərtlər, ixtisas attestatının verilməsi üçün psixoloqun biliyinin yoxlanılması, ixtisas attestatının forması və verilməsi, qüvvədə olma müddətinin dayandırılması və ya ləğv edilməsi halları müəyyənləşdirilib.

Sənəddə klinik psixoloqlar üçün davamedici təhsilə xüsusi diqqət ayrılır. Belə ki, səhiyyə sahəsindəki digər mütəxəssislər kimi klinik psixoloqlar da öz biliklərini təkmilləşdirməlidir. Klinik psixoloqların səhiyyə müəssisələrində psixoloji yardım göstərə bilməsi, onların peşəkar inkişafının müasir standartlara uyğunluğunun dövri olaraq qiymətləndirilməsi, pozuntunun baş verdiyi hallarda fəaliyyətinin dayandırılması və ləğv edilməsi proseduralarını həyata keçirmək onların bilik səviyyələrinin daha da təkmilləşdirilməsinə əsas yaradacaqdır. Bununla əlaqədar olaraq klinik psixoloqun ixtisas attestatının olması psixoloji yardım göstərmək üçün təkcə formal hüquq vermir, həm də onun keyfiyyətinə zəmanət verir.

Dİgər xəbərlər