15:54
13 Oktyabr 2020

Haqqın yanında olanlar: Azərbaycan onları unutmayacaq...

30 il sonra erməni işğalında olan torpaqlarımızın azad olunması üçün Vətən müharibəsi aparırıq. Bütün təzyiqlərə, ədalətsiz mövqelərə rəğmən, bizi bu yoldan heç bir qüvvə döndərə bilməz. Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, “bayrağımızı işğal olunmuş bütün torpaqlarımızda sancacağıq”.

Sentyabrın 27-də erməni hərbi birləşmələrinin mülki əhaliyə hücum etməsinə cavab olaraq başlanan döyüşlər 30 ildir gözlədiyimiz ədalətin bərpası, torpaqlarımızı işğaldan azad etmək hüququmuzun təmin edilməsidir və bu hüququ bizə beynəlxalq qanunlar, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı, eləcə də beynəlxalq münasibətlərdə ən ümdə prioritet olan ərazi bütövlüyü prinsipi verir.

Bu prinsipi heçə sayan, beynəlxalq qanunları tapdalayan, hətta Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərin altına atdıqları öz imzalarına belə hörmət etməyən ölkələr də oldu, amma bizim unutmayacağımız bu haqq mübarizəsində yanımızda olanlardır.

Türkiyə: qardaşın qardaşa dəstəyi

Qardaş ölkə erməni hərbi birləşmələrinin təxribat hücumuna başladığı ilk gündən qardaşının yanında oldu. Bu dəstək davam edir və Türkiyə rəhbərliyi işğala son qoyulana qədər hərbi əməliyyatları dəstəkləyəcəyini bəyan edib.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki,
Azərbaycanın yanındadırlar: “Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”.

Eyni dəstək Türkiyə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər səviyyələrdə də nümayiş etdirilir.

Hərbi əməliyyatların başladığı ilk gündən qardaş Türkiyə “bir millət iki dövlət” kəlamına uyğun davrandı. Amma bu Vətən müharibəsində biz “bir millət üç dövlət” kəlamını da gördük.

Pakistan: “bir millət üç dövlət”


Qardaş Türkiyədən sonra Azərbaycana ən çox dəstək verən ikinci ölkənin məhz Pakistan olduğunu desək yanılmarıq.

“Bir millət üç dövlət”, Pakistan Müdafiə Nazirliyinin bu paylaşımı hər şeyi ifadə edir.

Bu ölkənin baş naziri İmran Xan sona qədər Azərbaycanın yanında olduqlarını bəyan edib.

Pakistan Xarici İşlər Nazirliyi isə Ermənistanın işğalçı və təcavüzkar siyasətinə qarşı bəyanatlar verib.

“Pakistan qardaş Azərbaycan xalqını dəstəkləyir və onun özünümüdafiə haqqını tanıyır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur”, - Pakistanın rəsmi mövqeyi belədir.

Pakistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, xalqı da Azərbaycan xalqının yanındadır.

İsrail: sadiq ölkə

Azərbaycan-İsrail münasibətləri təkcə bu günün hərbi-siyasi əməkdaşlığına yox, tarixi köklərə söykənir. Azərbaycanda yaşayan yəhudi icmasının Vətənimizin bütövlüyü uğrunda mübarizə aparması da tarixi bağlılıqdan irəli gəlir. İsrail dövləti yəhudilərin Azəbaycanı ikinci Vətən olaraq qəbul etməsini unutmur, biz də bu dövlətin ədalətin yanında olmasını unutmayacağıq.

İsrailin sabiq müdafiə naziri, ölkənin ən nüfuzlu siyasətçilərindən və baş nazir postuna namizədlərdən biri olan Aviqdor Liberman bəyan edib ki, Dağlıq Qarbağ həmişə Azərbaycan ərazisi olub.

“Dağlıq Qarbağ həmişə Azərbaycan ərazisi olub və olacaq. Ermənistan Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunu da işğal edib. Münaqişə illərdən bəri həll olunmadığından eskalasiya qaçılmaz idi. İsraildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana münasibətimiz birmənalıdır. Son döyüşlərlə bağlı mövqeyimizə gəldikdə isə Azərbaycan bizimlə çox sıx münasibətlərə malik ölkədir. Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını birmənalı dəstəkləyirik. Bu, İsrailin rəsmi mövqeyidir”, - Liberman bildirib.

Azərbaycan İslam aləmində İsraillə yüksək səviyyəli münasibət quran ilk ölkədir və bəzən bununla bağlı tənqidi fikirlərin də hədəfində olub. Hərçənd, indi Körfəz ölkələrinin İsraillə münasibətlər qurmaq istiqamətində intensiv addımlar atdığını, ikitərəfli əlaqələrin inkişafı üçün anlaşmalar imzaladıqlarını görürük. Bunun fonunda Prezident İlham Əliyevin necə uzaqgörən siyasətçi olduğu və milli maraqlarımız naminə vaxtında addımlar atdığı təsdiqini tapır.

Gürcüstan: etibarlı tərəfdaş

Qonşu Gürcüstan da Azərbaycan kimi ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir və Dağlıq Qarabağ münaqişəsində daim yanımızda olub. İşğalçı Ermənistana silah daşınmasında tranzit olmaqdan imtina edən bu ölkə Prezident İlham Əliyevin də dediyi kimi, “özünü etibarlı tərəfdaş kimi apardı”.

Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda tərəfləri atəşkəsə çağırsa da, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan edib. Gürcüstan hökuməti, eləcə də ictimaiyyəti bu müharibədə Azərbaycanın yanındadır.

Ukrayna: Azərbaycana açıq dəstək

Rəsmi Kiyev hərbi əməliyyatların ilk günündən Azərbaycana dəstəyini ifadə edib.

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyib. Bu ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, “Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”.

Ukrayna prezidenti Vladimir Zelenski də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulayıb.

Bosniya və Herseqovina: işğala son qoyulmalıdır


Bu ölkənin Nazirlər Nazirlər Şurasının sədr müavini, Xarici İşlər naziri xanım Bisera Turkoviç Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdi.

“Dağlıq Qarabağ bölgəsi ilə bağlı məsələdə BMT-nin bütün qətnamələrini və beynəlxalq təşkilatların digər aktlarını dəstəkləyirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eyni zamanda Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasına çağırış edirik. Bu, xarici siyasətə sadiq olduğumuz ümumi mövqeyimizdir. Bosniya və Herseqovina gələcəkdə də beynəlxalq hüququ, ilk növbədə ədaləti, eyni zamanda qəbul edilən bütün beynəlxalq və daxili qətnamələri rəhbər tutacaq”, - bəyanatda bildirilir.

Əfqanıstan: Azərbaycanın ərazi bütövlüyünə dəstək

Əfqanıstan İslam Respublikasının Milli Şurasının Yuxarı Palatası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib. Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistanın Azərbaycana qarşı silahlı hücumunu pisləyir. Bəyanatda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunur.

Kolubmiya: Ermənistanın təcavüz siyasəti qəbuledilməzdir

Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası oktyabrın 1-də qəbul etdiyi bəyanatda sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları, təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.

Sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.

120 dövlət Azərbaycanın yanındadır

BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir.

120 dövlətin üzvü olduğu Qoşulmama Hərəkatının Nazirlər Səviyyəsində Görüşünün xüsusi bəyanatında bildirilir:

“Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlamasını şiddətlə qınayır, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüflənirlər. Qoşulmama Hərəkatının Nazirlər Görüşü Ermənistan və Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) əsasında həllinə dəstəyini bir daha təsdiq edir. Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və Hərəkatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirirlər”.

Bu, 120 dövlətin Azərbaycana dəstəyi, Ermənistanın işğalçı siyasətinə qarşı olması deməkdir.

İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər beynlxalq təşkilatlar da erməni işğalına son qoyulmasını tələb edirlər.

Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyərək, Dağlıq Qarabağ münaqişəsinin təcili olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini bəyan edib. İslam Əməkdaşlığı Təşkilatı da eyni mövqeyi sərgiləyib.

Azərbaycanın ədalətli mövqeyini təkcə ölkələr və beynəlxalq təşkilatlar yox, müxtəlif ölkələrin siyasətçiləri və dövlət xadimləri də müdafiə edir.

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidardakı “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferra deyir: “Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir”.

İtaliyalı senator Ermənistan tərəfindən Azərbaycan mülki əhalisinin yaşadığı məntəqələrə hücumların Cenevrə konvensiyalarının pozulması olduğunu da vurğulayıb.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldi Ermənistanın Gəncədə mülki əhalini hədəfə almaqla “humanitar atəşkəsi” pozduğuna diqqət çəkib.

Xanım senator deyib: “Ermənistan tərəfinin atəşkəs rejimini pozaraq, Gəncəyə raket atması nəticəsində mülki insanların həlak olması və yaralanmasından dərin kədər hiss keçirirəm. Beynəlxalq ictimaiyyət münaqişənin danışıqlar yolu ilə nizamlanması üçün dərhal məsələyə qarışmalıdır”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai də Ermənistanın Gəncə terrorundan danışıb.

“Gəncə şəhərinə böyük hücumun baş verdiyi yerə səfər etdim. Həyatını itirənlərə başsağlığı verirəm, yaralananlara şəfa diləyirəm. BMT Baş Katibliyinin mülki əhali və infrastrukturu beynəlxalq humanitar qanunlar çərçivəsində qorumaq çağırışını yenidən vurğulayıram. BMT lazım olarsa, humanitar ehtiyacları qarşılamağa hazırdır”, - deyə Qulam İsakzai qeyd edib.

Moldova parlamentinin deputatı Serciu Sırbu da Azərbaycana dəstək verib. O, deyib: “Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə riayət edilməsini dəstəkləyirik. Hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə uyğun olaraq, işğal altındakı Azərbaycan zonalarından qoşunların çıxarılması üçün dəqiq plan lazımdır”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri işğalçı Ermənistanın təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat yayıb.

Bəyanatda münaqişənin BMT qətnamələrinə uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd olunur. Ermənistanın mülki əhaliyə hücumu pislənilir.

Bu bəyanata qoşulan arasında Latviya Respublikasının keçmiş prezidenti Varya Vike, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin, Bosniya və Herseqovinanın baş nazirinin keçmiş müavini Zlatko Laqumciya, Monteneqronun keçmiş prezidenti Filip Vuyanoviç, Çex Respublikasının keçmiş baş naziri Jan Fişer, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu, Gürcüstan baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili, Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç, Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, Misirin keçmiş xarici işlər naziri Əmr Musa, Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov və digər nüfuzlu ictimai-siyasi xadimlər var.

Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən, haqqın cəbhəsində yer alan ölkələr, beynəlxalq təşkilatlar, siyasətçilər, ictimai və siyasi xadimlərin sayı kifayət qədərdir. Azərbaycan onlara minnətdardır və bunu heç vaxt unutmayacaq...

Dİgər xəbərlər