17:46
12 Oktyabr 2020

Qripə qarşı peyvəndləmə ilə bağlı YENİ MƏLUMAT

Hazırda dünyada və Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artan tendensiyada davam edərək epidemik vəziyyəti gərginləşdirməkdədir. Eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, sözügedən xəstəliklərlə epidemik vəziyyətin gərginləşmə ehtimalının minimuma endirilməsi məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü olaraq qrip əleyhinə peyvəndləmə tədbirləri oktyabrın 12-dən başlayaraq bir ay müddətində həyata keçiriləcək.

Ölkəmizə gətirilən Abbott Biologicals şirkəti tərəfindən Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. ÜDS təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur . Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Bu peyvəndin dozallanmasında və aseptik şəraitdə vurulmasında ən uyğun qablaşdırmadır. 6 aydan başlayaraq uşaqlara da vurula bilər.

Peyvənd mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır.

Peyvəndləmə ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində həyata keçiriləcək.

Dİgər xəbərlər