18:36
08 Oktyabr 2020

Suqovuşandan üç rayona suyun verilməsinə başlanıldı

Sentyabrın 27-dən başlayan əks hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub.

APA-nın məlumatına görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilib ki, hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub.

Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranmışdır. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq.

Məlumatda bildirilir ki, Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kbm olan Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər rayonunun 24481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 5912 ha, Bərdə rayonunun 12620 ha, Ağdam rayonunun 29886 ha və Ağcabədi rayonunun 2000 ha, ümumilikdə 96217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdır. Bununla yanaşı suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaratmışdı.

Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kbm olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kbm olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi.

Suqovuşandan suyun verilməsinə başlanması barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də “twitter” hesabında paylaşım edib.

“30 illik ekoloji terror Azərbaycanın Suqovuşanı kəndinin işğaldan azad edilməsi ilə sona çatdı. Tərtər çayı bolsulu axır. Ermənistan məqsədli şəkildə su axınını daim dayandırırdı.

Azərbaycanın Tərtər, Goranboy və Yevlax rayonlarında ekotarazlıq təmin ediləcək”, - deyə H. Hacıyev paylaşımında yazıb.

Dİgər xəbərlər