14:29
05 Oktyabr 2020

Düşmən Gəncə və Beyləqanı raket atəşinə tutdu: yaralılar var - RƏSMİ

Xəbər verildiyi kimi, bu gün səhər saatlarından etibarən Ermənistanın silahlı qüvvələri Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, Beyləqan şəhərinə atılmış 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Dİgər xəbərlər