Ombudsman Aparatı: Ermənistanın qeyri-insani hərəkətlərinə son qoyulsun!
02 oktyabr 2020 17:37 (UTC +04:00)

Ombudsman Aparatı: Ermənistanın qeyri-insani hərəkətlərinə son qoyulsun!

Sentyabrın 27-i saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrini, xəstəxanaları, inzibati binaları, yanacaqdoldurma məntəqələrini, avtovağzalları və digər sosial obyektləri müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan intensiv şəkildə atəşə tutmaqda davam edir.

Ombudsman Aparatından Lent.az-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri davamlı olaraq ağır artilleriya atəşinə tutması nəticəsində mülki əhali arasında çoxsaylı ölən və yaralananlar var

Ümumilikdə, bu günə qədər mülki əhalidən ikisi uşaq, ikisi ahıl olmaqla, 19 nəfər həlak olub, bir ailə tam qətlə yetirilib, 55 nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Bu gün səhər saatlarında isə Ermənistan silahlı qüvvələri məcburi köçkünlərin məskunlaşdığı Tərtər şəhəri Şıxarx qəsəbəsində yerləşən uşaq bağçasına ağır artilleriyadan zərbələr endiriblər.

Təcavüzkar Ermənistan tərəfindən Azərbayanın mülki əhalisinə qarşı qeyri-insani hərəkətlər hazırda da davam etdirildiyindən bu rəqəmlər hər an arta bilər. 

Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozması ilə bağlı çoxsaylı faktlar tərəfimizdən davamlı olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılır, Ermənistanın qeyri-insani hərəkətlərinə son qoyulması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçünün götürülməsi tələb edilir.

# 556
avatar

Oxşar yazılar