09:10
02 Oktyabr 2020

Dünyada bu gün - VİDEO

XOCAVƏND RAYONUNUN İŞĞALI

(1992)

2 oktyabr 1992-ci ildə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldığı sağalmaz yaralardan sonralar vəfat edib. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürülüb. 43 ailə öz başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər – kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub.1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid olub. Müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilərək dağıdılıb.

MAHATMA QANDİ

(1869-1948)

Hindistan milli-azadlıq hərəkatının lideri, “Qandizm” adı ilə məşhur olan doktrinanın banisi Mahatma Qandi 2 oktyabr 1869-cu ildə Porbandarda anadan olub. İngiltərədə hüquq təhsili alandan sonra bir müddət vəkil kimi fəaliyyət göstərib. Sonra Cənubi Afrikada hüquqşünas işləyib, orada Hind toplumunun vətəndaşlıq haqları uğrunda passiv müqavimət taktikasını hazırlayıb. 1915-ci ildə Hindistana qayıdaraq öz vətənində Milli Konqres Partiyasını yaradıb. Yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrı-seçkiliyə qarşı təşkilatlandırıb, müsəlmanları və hindliləri bir-birinə qarşı qoyan və böyük iğtişaşlara səbəb olan siyasətə qarşı mübarizə aparıb. Onun əsas xidməti hind xalqını müstəmləkədən xilas etməsidir. Mahatma Qandi 30 yanvar 1948-ci ildə Yeni Dehlidə yerləşən evinin bağçasında gecə gəzintisi zamanı sui-qəsdə məruz qalıb və öldürülüb. 2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Mahatma Qandinin doğum günü olan 2 oktyabr - Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd olunur.

FƏRRUX AĞA QAYIBOV

(1891-1916)

Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində hərbçi ailəsində anadan olub. Əliağa Şıxlinskinin məsləhəti ilə 5 illik Tiflis Kadet Korpusuna, 1910-cu ildə isə oranı bitirərək Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olub. 1913-cü ildə podporuçik rütbəsi ilə 39-cu artilleriya briqadasında xidmətə başlayıb və burada “İlya Muromets-16” ekipajına qəbul edilib. Birinci Dünya müharibəsində Qərb cəbhəsində gedən hərbi əməliyyatlarda iştirak edib. İkinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav”, dördüncü dərəcəli "Müqəddəs Anna”, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif edilib. 1916-cı il sentyabrın 12-də Belarusun Borına kəndi ətrafında “İlya Muromets” hərbi hava gəmisinin bombardmanı zamanı artilleriya atəşindən həlak olub.

ÇİNGİZ HACIBƏYOV

(1913-1971)

Azərbaycanın əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov 1913-cü ilin bu günü Şuşada anadan olub. 1921-ci ildə Bakıda fəaliyyət göstərən türk musiqi məktəbində skripka sinfində təhsil alıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyət göstərib. Müxtəlif vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrində işləyib, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Çingiz Hacıbəyov 1971-ci il yanvarın 18-də Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

TURAN CAVİD

(1923-2004)

Dahi Azərbaycan şair Hüseyn Cavidin sonuncu yadigarı, əməkdar mədəniyyət işçisi Turan Cavid 2 oktyabr 1923-cü il Bakıda anadan olub. 1950-ci ildə Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirib və orada müəllim kimi çalışıb. 1950-ci ildən 1983-cü ilədək həmin institutda “Azərbaycan teatrı tarixi”ndən mühazirələr oxuyub. Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi kimi fəaliyyət göstərib. Nizami adına Ədəbiyyat Muzeyində, Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində direktor vəzifəsində çalışıb. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin ev muzeyinin direktoru olub. Turan Cavid 2004-cü il sentyabrın 12-də Bakıda vəfat edib və Naxçıvanda Cavidlər məqbərəsində dəfn olunub.

MƏMMƏD BAĞIROV

(1920-1997)

İkinci Dünya müharibəsinin iştirakçısı, partizan Məmməd Səməd oğlu Bağırov 1920-ci il oktyabrın 2-də İsmayıllı rayonunun Basqal kəndində sənətkar ailəsində doğulub. 1942-ci ildə Gürcüstanın Telavi şəhərindəki artilleriya məktəbini topçu ixtisası və leytenant hərbi rütbəsi ilə bitirib, mart ayında isə cəbhəyə yola düşüb. İkinci Dünya müharibəsi zamanı döyüş yolu Xarkov vilayətindən başlayıb, burada 317-ci diviziyanın 773-cü artilleriya alayı tərkibində döyüşüb. 1944-cü ildə İtaliyada Umberto Fantaççi adına beynəlmiləl partizan dəstəsi tərkibində faşizmə qarşı mübarizə aparıb. Müharibədən sonra öz kəndində hərbi vətənpərvərlik istiqamətində muzey təşkil edib. Cüzeppe Qaribaldi adına medalla təltif edilib, İtaliya Partizanları Assosiasiyasının fəxri üzvü və Pistoya şəhərinin fəxri vətəndaşı seçilib, İtaliya hökumətinin bir neçə yüksək mükafatlarına layiq görülüb. Məmməd Bağırov 9 oktyabr 1997-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

SİMA EYVAZOVA

(1933-2009)

SSRİ və Azərbaycan diplomatı Sima Rəhman qızı Eyvazova 1933-cü ilin bu günü Bakıda həkim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və SSRİ Xarici İşlər Nazirliyi yanında Ali Diplomatiya Məktəbində təhsil alıb. Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsində təlimatçı, SSRİ XİN-in mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. üçüncü katib postundan birinci dərəcəli müşaviri, 1982-1985-ci illərdə Azərbaycan SSR-in xarici işlər naziri, 1985-ci ildən SSRİ dağılanadək BMT-nin Cenevrədəki bölməsində məsul vəzifədə çalışıb. Müstəqil Azərbaycanın tarixində ilk peşəkar diplomat qadın olub, eyni zamanda keçmiş SSRİ-də ilk qeyri-rus qadın diplomat kimi tarixə düşüb. Sima Eyvazova 6 may 2009-cu ildə İsveçrənin Cenevrə şəhərində vəfat edib.

ÇİNGİZ BABAYEV

(1964-1995)

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Adil oğlu Babayev 2 oktyabr 1964-cü ildə Bakıda dünyaya göz açıb. Yasamal rayonundakı 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonra Məşğulluq Mərkəzində aparıcı mütəxəssis işləyib. Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra könüllü olaraq Milli Ordu sıralarına yazılıb, "N" saylı hərbi hissədə qərargah rəisi vəzifəsində çalışıb. 28 oktyabr 1995-ci ildə Bakı metrosunun “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında hərəkət edən qatarda baş verən yanğın zamanı vaqonlarda olan insanları xilas edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra Çingiz Babayev "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

BƏHMƏN AXUNDOV

(1910-1984)

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar iqtisadçı, ilk azərbaycanlı iqtisad elmləri doktoru Bəhmən Yusif oğlu Axundovun anım günüdür. O, 1910-cu il dekabrın 28-də İrəvan şə­hə­rin­də anadan ol­ub. Nax­çıvan Kənd Tə­sər­rüfatı Tex­ni­ku­munda və Daşkənd Orta Asi­ya Dövlət Plan İnsti­tutunda təhsil al­ıb. Azər­bay­can Dövlət Univer­sitetində müəl­­lim, Azər­bay­­can KP MK Partiya Ta­rixi İnstitutunda baş elmi işçi, Azər­baycan Dövlət Universitetində professor, Azər­baycan Xalq Təsərrüfatı İnstitutunda el­mi işlər üzrə pro­rek­tor, 1974-cü ildən öm­rü­nün so­nuna kimi Siyasi iq­ti­sad kafedrasının pro­fes­soru kimi fəa­liy­yət gös­tərib. “Azər­bay­can kom­munisti” və “Azərbay­can SSR EA-nın Xəbərləri” jur­na­lının İqtisadiyyat böl­məsinin re­daksiya he­yə­tinin üzvü, Ali və Or­ta İxtisas Təh­sili Nazirliyinin “Elmi əsərlər” jur­na­lının mə­sul redaktoru olub. O, respublika iqtisadçıları arasında bu mötəbər elm mərkəzinə seçilən ilk alim idi. Bir sıra hökumət mükafatlara layiq görülən Bəhmən Axun­dov 1984-cü il oktyabrın 2-də Bakıda və­fat edib.

HƏSƏNAĞA SALAYEV

(1921-1983)

Azərbaycanın xalq artisti, aktyor Həsənağa Dərya oğlu Salayevin xatirə günüdür. O, 1921-ci il dekabrın 5-də Bakıda anadan olub. Bakı Teatr Texnikumunda təhsil alıb. Akademik Milli Dram Teatrında çalışıb. Romantik üsluba malik olan aktyor əsasən güclü xarakterli obrazların ifaçısı kimi tanınıb. Müxtəlif illərdə "Xanlar", "Fərhad və Şirin", "Vaqif", "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İstintaq davam edir", "Aygün" və başqa tamaşalarda, bədii və televiziya filmlərində yaddaqalan obrazlar yaradıb. Həsənağa Salayev 2 oktyabr 1983-cü ildə dünyasını dəyişib.

CAMAL QAŞIQÇI

(1958-2018)

Səudiyyəli jurnalist və yazıçı Camal Qaşıqçı da bu gün xatırlanır. O, 1958-ci il oktyabrın 13-də Mədinə şəhərində anadan olub. İndiana Dövlət Universitetində təhsil alıb. Müxtəlif illərdə baş redaktor və redaksiya müdiri, Əfqanıstan, Küveyt və Sudan kimi ölkələrdə müxbir kimi çalışıb. 1987-ci ildən 1995-ci ilə qədər “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladendən bir neçə dəfə müsahibə alıb. 2016-cı ildə Donald Trampı açıq şəkildə tənqid etdiyinə görə ona jurnalistika ilə məşğul olmaq qadağan edilib. Məcburiyyətdən Səudiyyə Ərəbistanını tərk edib və 2017-ci ilin sentyabr ayından ABŞ-da yaşamağa başlayıb, burada "Vaşinqton Post" qəzetində köşə yazarı kimi fəaliyyət göstərib. Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və ondan günlərlə xəbər alınmayıb. Türkiyə hüquq-mühafizə orqanları tanınmış jurnalistin konsulluqda işgəncə öldürüldüyünü bəyan edib.

MƏHƏRRƏM ABUŞOV

(1962-1994)

Şəhid Məhərrəm Qubad oğlu Abuşovun anım günüdür. O, 1962-ci il iyulun 7-də Qubadlı rayonunun Əliquluuşağı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Bakı Neft-Kimya Sənayesi Zavodunda mühəndis vəzifəsində çalışıb. 1992-ci ildə könüllülərdən ibarət dəstəyə daxil olaraq, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və baş leytenant rütbəsinə qədər yüksəlib. Məhərrəm Abuşov 1994-cü il oktyabrın 2-də Füzuli rayonunda şəhid olub və Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Dİgər xəbərlər