13:35
29 Sentyabr 2020

Vətəndaşlar yazırlar: Əmr et, cənab Ali Baş Komandan!”

Vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar göndərir.

APA məktublardan bəzilərini təqdim edir:

“Hörmətli cənab Prezident.

Azərbaycan xalqı daim Sizinlə fəxr edib, edir və edəcək də!

Mən bu məktubu Sizə göz yaşları içində yazıram. Allah Sizi qorusun. Siz tək deyilsiniz, son damla qanımıza qədər Sizinləyik. Var olun! Yaxşı ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var.

Allah Sizi bizə çox görməsin.

Hörmətlə,

Şamilzadə Tuncay Adil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

“Cənab Prezident.

Hər bir Azərbaycan vətəndaşı kimi, mən də Sizə güvənir, Sizə inanıram. Sizin siyasətinizi, ölkəmizin gələcəyi, vətəndaşlarımızın rifahı üçün qəbul etdiyiniz qərarları dəstəkləyirəm. İnşallah, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq! Sizə güvənir, sizə arxalanırıq! Allah sizə və Vətənimizə kömək olsun.

Hörmətlə,

Hasanova Aysel Taryel qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

“Hörmətli cənab Ali Baş Komandan.

Bir qarabağlı kimi ordumuzun göstərdiyi şücaətə görə Sizə təşəkkür edirəm. Məhz Sizin düzgün siyasətiniz nəticəsində ordumuz böyük uğur qazanmışdır. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri ilə bərabər, xalqımız da Sizin əmrinizi gözləyir.

İnşallah, Sizin və güclü ordumuzun sayəsində Qarabağı erməni təcavüzkarlarından azad edəcəyik.

Hörmətlə,

İsrafilova Lamiyə Ehtibar oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli cənab Prezident.

Tez bir zamanda xalqımızı qələbə münasibətilə sevindirməyinizi arzu edirəm. Sizə cansağlığı, bu çətin və məsuliyyətli işinizdə yeni uğurlar arzu edirəm. Vətən uğrunda irəli!

Hörmətlə,

Qəhrəman Şirinov

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” Yaşayış Kompleksi”.

“Cənab Prezident.

Sizi və bütün Azərbaycan xalqını, azərbaycansevərləri təbrik edirəm. Ordumuzun şücaəti, Sizin uğurlu rəhbərliyiniz bizi uğura aparır. İşğal altındakı bütün torpaqlarımızın tezliklə azad olunması xəbərini verməyinizi Uca Allahdan arzu edirəm. Mən bir Azərbaycan övladı olaraq daim Sizi dəstəkləyir, uğurlarınızın, uğurlarımızın davamlı olmasını arzu edirəm. Gözün aydın, Azərbaycan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Salmanova Şərqiyyə Ədalət qızı, tələbə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Hörmətli cənab Prezident.

Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatını qətiyyətlə

dəstəkləyirik. Ordumuzun uğurları hər bir azərbaycanlı kimi, bizə də sevinc və sonsuz qürur hissi yaşadır.

Qarabağ bizim doğma dədə-baba torpağımızdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir. Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, Azərbaycan Ordusunun yanındadır və biz əminik ki, Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli zəfər çalacaq, Azərbaycan bayrağı əzəli torpağımız Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər.

Bu haqq yolunda zəfər çalacağımıza inanırıq və bu yolda Sizə, ordumuza yeni uğurlar diləyirik.

Hörmətlə,

Arif Əliyev

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli Prezidentim, cənab Ali Baş Komandanım.

Bu gün ordumuzun düşməni məhv etməsini və uğurlu qələbə qazanmasını məhz Sizin uğurunuz kimi qiymətləndirirəm. Siz ən lazımi anda əks-hücum əmri verməklə bir daha necə böyük bir lider olduğunuzu bütün xalqımıza göstərdiniz. Azərbaycan xalqı Sizinlə fəxr edir və hər zaman arxanızdadır. Mən şəxsən öz adımdan və ailəmin adından Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm.

Hörmətlə,

İbadov Gündüz Sabir oğlu, II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Ağdaş rayonu”.

“Hörmətli cənab Prezident.

Sizin və çox hörmətli Mehriban xanımın Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı bizim gələcəyə ümidimizi daha da artırır.

Cənab Ali Baş Komandan, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ordumuza verdiyiniz tapşırıq nəticəsində Silahlı Qüvvələrimizin Ermənistan ordusunu darmadağın etməsi hər birimizdə tezliklə böyük qələbəyə qovuşacağımıza əminlik yaradıb. İnanırıq ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində az itki ilə qələbə qazanacağıq. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Ağayar Məmmədov

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli cənab Prezident.

Bu gün ordumuzun düşməni məhv etməsi və uğurlu qələbə qazanması Sizin siyasi uğurunuzun davamıdır. Siz lazımi anda əks-hücum əmrini verməklə necə böyük bir Lider olduğunuzu bütün xalqımıza bir daha göstərdiniz. Azərbaycan xalqı Sizinlə fəxr edir və hər zaman arxanızdadır.

Hörmətlə,

Gündüz İbadov

Azərbaycan Respublikası, Ağdaş rayonu”.

“Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Mən bir vətəndaş, bir müəllim olaraq son zamanlarda baş verən hadisələrlə bağlı atdığınız addımları bəyəndiyimizi və Sizi dəstəklədiyimizi bildirirəm.

Biz başa düşürük ki, Siz Azərbaycan xalqının 30 illik nisgilinə son qoymaq üçün, şəhidlərimizin məzarlarında rahat uyuması, torpaqlarımızın işğaldan azad olunması və gələcək nəsillərin xoşbəxtliyi üçün bu addımı atmış, ölkədə hərbi vəziyyət elan edərək əks-hücum əmrini vermisiniz.

Şərəfli mübarizəmizdə sözsüz ki, şəhidlərimiz də olacaq. Ancaq biz bilirik ki, azadlıq bəxş edilmir, qan bahasına alınır. Odur ki, düşmənin amansızlığı, müharibənin dəhşəti Azərbaycan xalqını qorxuda bilməz. Keçən gün ordumuzun apardığı hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, kənd Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərinin azad olunması və Murov yüksəkliyinin ordumuzun nəzarəti altına keçməsi xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və nikbinlik yaradıb.

İnanırıq ki, Sizin apardığınız düzgün siyasətiniz və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv ediləcək, torpaqlarımız bütünlüklə azad olunacaq, şəhid analarının yanan qəlbinə su səpiləcək.

Cənab Ali Baş Komandan, əmin olun ki, bu çətin və şərəfli işdə Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır.

Hörmətlə,

İbadova Leyla Vəli qızı.

Azərbaycan Respublikası, Şirvan şəhəri”.

Dİgər xəbərlər