Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub - RƏSMİ - YENİLƏNİB
27 sentyabr 2020 19:31 (UTC +04:00)

Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub - RƏSMİ - YENİLƏNİB

Sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən Lent.az-a verilən məlumata görə, telefon danışığı zamanı Ermənistan tərəfinin yeni təcavüz aktını qətiyyətlə pisləyən M. Çavuşoğlu Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mübarizəsində Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov qardaş Türkiyənin hər zaman olduğu kimi bugünkü gündə də nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə edib. Nazir 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə atılan cavab həmlələri barədə Türkiyəli həmkarını məlumatlandırıb. O, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulması olduğunu vurğulayıb.

Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının zəruri olduğu vurğulanıb.

***

16:17

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazirlər bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini intensiv atəşə tutmasını müzakirə ediblər.

Eyni zamanda Azərbaycan tərəfinin müvafiq addımları barədə də fikir mübadiləsi aparılıb.

M. Çavuşoğlu deyib ki, Türkiyə bütün məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar