PKK terrorçusu, Suriya ermənisi: Qarabağ onlara məzar olacaq
21 sentyabr 2020 15:25 (UTC +04:00)

PKK terrorçusu, Suriya ermənisi: Qarabağ onlara məzar olacaq

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirmək yönündə fəaliyyətini davam etdirir. Artıq mətbuatdan da məlum olduğu kimi Beyrutda baş vermiş məlum partlayışdan sonra yüzdən çox livanlı erməni Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırılıb. Bir qədər əvvəl isə Ermənistan suriyalı erməniləri də Dağlıq Qarabağda yerləşdirmişdi.

Az əvvəl isə Türkiyənin “Cümhuriyyət” qəzeti yazıb ki, Ermənistan hökumətinin təşəbbüsü ilə indi də PKK terrorçularını da Dağlıq Qarabağa gətirir.

Əslində Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətdə olduğu illərdə də Ermənistan Livan və Suriyadan Qarabağa köç təşkil edərək bölgənin ağır demoqrafik problemini həll etməyə çalışırdılar. Bunun isə bir əsas səbəbi vardı: Ermənistandan nə o zaman, nə də indi heç kim Dağlıq Qarabağda yaşamaq istəmir. Ermənistan vətəndaşları əmindirlər ki, Dağlıq Qarabağ ətrafında hər an müharibənin başlaya bilər. Ona görə də özlərini, ailələrini riskə atmaq istəmirlər. Ermənistanının indiki rəhbəri və keçmiş prezidentləri bu problemin yeganə həllini Yaxın Şərq ölkələrində yaşayan erməniləri işğal altındakı torpaqlara yerləşdirməkdə görürdülər.

Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə, PKK-nın dırnaqarası xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir.

Onu da vurğulayaq ki, PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar daha əvvəllər də yayılmışdı.

PKK-nın işğal altındakı torpaqlarda yerləşməsi və ərazimizdə hərbi düşərgələr formalaşdırması gələcəkdə terrorçu təşkilatın Türkiyə ilə bərabər Azərbaycana qarşı da təxribatlarının baş verməsi ehtimalını artırır. Bu durum işğal altındakı torpaqların azad olunması məqsədilə Azərbaycanla Türkiyənin birgə hərbi əməliyyat keçirməsi üçün şərait yaradır.

Ermənilər işğal altındakı ərazilərimizdə süni məskunlaşdırma aparmaqla beynəlxalq hüquq normalarını, prinsiplərini, Cenevrə konvensiyasını, müxtəlif sazişləri ayaq altına atır. Həmin beynəlxalq hüquqi sənədləri qəsdən pozduqlarını bir daha nümayiş etdirmiş olurlar.

Artıq bu köçürmə siyasəti ilə bağlı bir çox beynəlxalq qurumlar, nüfuzlu KİV-lər narahatlıqlarını ifadə ediblər. Azərbaycan da bütün baş verənlərdən narahatlığını bildirərək, Qarabağda baş verənləri diqqətlə izləyir. Orda baş verənlər, adi yerdəyişmələr belə xüsusi xidmət orqanlarımızın tam nəzarətindədir.

Bundan başqa və ən əsası; Qarabağa köçürülən terrorçular bir məqamı unudurlar. Onların Azərbaycan ordusuyla döyüşə girməyə cəsarəti çatmayacaq. Hərbi əməliyyatlar başlarsa, onlar döyüşə girəcəyi halda, o torpaqlar onların məzar yeri olacaq. Azərbaycan əsgəri qarşısında, nə PKK terrorçusu, nə Suriya ermənisi dayanmaq gücündə deyil.

Və nəhayət, bu gün Ermənistanın Azərbaycanla açıq mübarizə edəcək cəsarəti yoxdur. Bu həqiqəti də bilmək lazımdır.

 

# 6253
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar