DİN-də şəriət hadisəsi və ya şort po beri...
20 sentyabr 2020 17:27 (UTC +04:00)

DİN-də şəriət hadisəsi və ya şort po beri...

Sentyabrın 14-də Fərid Pərdəşünas adlı bir blogger vətəndaşımızı şort geyindiyinə görə Dövlət Yol Polisində sürücülük imtahanına buraxmayıblar. Fərid barmağını uzadıb soruşub ki, bəs mini ətəkdə və şortda olan o xanımları niyə imtahana buraxırsız? Xanımlar şortda imtahan verə bilər, kişilər isə yox?” Qapıda dayanan polis qərdeşimiz də qayıdıb ki, “yox”. 

Nədən ki... çün “camaatın anası-bayısı var”.  

DİN-də şəriət hadisəsi kimi olan bu hadisəyə DİN rəhbərliyindən cavab istəyən Fərid hadisəni feysbukda işıqlandırıb. Sonra Daxili İşlər Nazirliyinin Baş dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi - polkovnik Kamran Əliyev qaş düzəltdiyi yerdə daha bir qalmaqallı açıqlama verib. Kamran müəllim deyib ki, “sürücülük vəsiqəsi almaq üçün heç bir geyim qadağası yoxdur. Bununla belə qadınlar şortda imtahana gələ bilər, kişilər yox!” 

Bu “pravanı” kim verib?

Kamran müəllim, özünüz deyirsiz ki, qanunda yoxdur, deməli göz görə-görə qanunsuzluq edirsiz? Bildirmisiz ki, bu insanların istəyidir. İndiyə qədər insanların istəyiylə işləmisiz? Bura hüquq-mühafizə qurumudur e, yoldaş polkovnik, arzular-istəklər proqramı yox! 

Restoranlardan misal çəkmisiniz. 

Bəli! Müəyyən təbəqəyə aid restoranlar var ki, orada dress kod əvvəldən müəyyənləşib. O restoranın kontingenti də bilir ki, ora gedəndə kostyumla və ya smokinqlə gəlmək lazımdır. Və belə kübar restoranlardakı geyim qaydası qadınlara da şamildir, kişilərə də.

Fikrinizə əlavə etmisiniz ki, “qadınlar qısa paltar da geyinə bilər, şort da. Bu onların haqqıdır. Amma mentalitetimizdə kişilərin şort geyinməsi yolverilməzdir”. 

Mövcud qanunvericilikdə hər hansı bir qadağa yoxdursa bir qurum rəsmisi üçün gülməli açıqlama deyilmi?

İmtahan verib özü sürücülük vəsiqəsi alan şəxs kimi yadımdadır ki, imtahanın müddəti 15 dəqiqədir. Hərə başını öz monitoruna tərəf çevirib 10 sualdan 9-na cavab tapmağa çalışır, özünə ömür gün yoldaşı yox...

Deyirsiz yəni şortik geyinirlər ki, şparqalkanı qaranlıqdan rahat çıxarsınlar?!

Məni qınamayın. Baş dövlət Yol Polisi rəsmisinin açıqlaması o qədər absurddur ki, adamın da beyninə absurd fikirlər gəlir. 

Qardaş, biz nə vaxt öz qurumumuzun səhvini etiraf etməyi öyrənəcəyik. Gərək elə hər vəchlə xalqı avam yerinə qoyasız? Siz də toyda olmusuz?

Ölkədə sorğu keçirsəniz sürücülərin yarıdan çoxu evdə şortikdə oturanda DYP-də sürücülük vəsiqəsi imtahansız laminasiyadan çıxıb.

Guya insanları narahat edən şort məsələsidir? 

 İnsanları qıcıqlandıran kimin nə geyinib-geyinməyəcəyi deyil. Qıcıq yaradan qaydalar və qanunlar ola-ola özündən qayda icad edən qanun keşikçilərinin olması və bayaq dediyim kimi camaatı avam yerinə qoymağınızdır. 

Haradadır belə dress kod? Qadın şortikdə gələ bilər, kişi yox? Bu çayxana söhbətidir e, bəy, rəsmi yox.  

Bir müddət əvvəl Sumqayıt-Novxanı yolundakı restoranların birində də belə bir hal yaşanmışdı. Xaricilərin yanında biabır olmuşduq. Təsəvvür edin, əcnəbi gedir öz ölkəsinə deyir ki, “ad günümdə də qan-qaraçılıq oldu”. 

Niyə brother? 

Dənizkənarında yerləşən restorana şort geyindiyim üçün buraxmadılar. Dostu da deyir ki, şort po beri, məni də imtahana!

Yekunlaşmaq istədim, amma bir araşdırma fotosu ilə rastlaşdım. Bu kuti, lulubi, turuki dövrünə aid prava almağa gedən əcdadlarımızın rəsmidir. Balıq B kateqoriyası, qoç BC.

Zarafatdır Kamran müəllim, yəqin siz də zarafat eləmisiz...

# 8080
avatar

Orxan Məmmədli

Oxşar yazılar