Qızılağac Milli Parkının və Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının sentyabrın 16-da birgə keçirdikləri növbəti nəzarət tədbirləri zamanı milli parkın ərazisində, Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib.
“Araşdırma zamanı brakonyerin Lənkəran rayon Nərimanabad qəsəbə sakini Sabir Hüseynov olduğu və təbiətə 1056 manat ziyan dəydiyi məlum olub. Qanun pozucusundan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda istintaq aparılır”.