Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu tikinti zamanı baş verən fəhlə ölümləri ilə əlaqədardır.
Belə ölüm faktlarına mediada vaxtaşırı rast gəlirik. Çox vaxt fəhlələr hündürlükdən yıxılaraq, yaxud alətlər və ağırtonnajlı maşınlarla iş zamanı həyatını itirir. Görəsən, onların ölümünə görə kimlərə hansı cəza verilir?
Rubrikamızın sualına hüquqşünas Şamil Paşayev cavab verib. Onun sözlərinə görə, ekspertizanın rəyindən asılı olaraq, təqsirli bilinən şəxs 3 ildən 7 ilədək, yaxud 5 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır:
“Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın, eləcə də mədən və digər işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Belə cinayət işlərində əsas fakt texniki təhlükəsizlik ekspertizasının keçirilməsidir. Ekspertiza nəticəsində məsul şəxsin ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan hadisənin törədilməsini özündə ehtiva edirsə, əməl Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə tövsif olunur. Burada vəzifəli şəxslərin hərəkətlərində də cinayət ola bilər. Məsələn, vəzifəli şəxs tərəfindən səhlənkarlıq, biganəlik və vicdansızlıq nəticəsində şəxsin ölümünə və ya ağır nəticələrə səbəb olduqda 5 ilədək azadlıqdan məhrumetmə tətbiq olunur.
Ancaq texniki təhlükəsizlik ekspertizası nəticəsində şəxsin təhlükəsizlik qaydalarına riayət etməməsi və özünün ehtiyatsızlığı səbəbilə ölməsi təsdiqini taparsa, heç kim məsuliyyətə cəlb olunmur”.